Onu bağIŞla tarix təkrar olunur



Yüklə 78,12 Kb.
tarix24.05.2018
ölçüsü78,12 Kb.
#51266



ONU BAĞIŞLA


Tarix təkrar olunur..

Sakit bir yaz günü idi. Belə gözəl havalarda adətən ailə üzvləri şəhər kənarında yerləşən iki mərtəbəli gözəl evin dörd tərəfdən rəngarəng qızılgüllərlə əhatə olunmuş yamyaşıl həyətində süfrə arxasında yığışar, müxtəlif mövzularda fikir mübadiləsi aparar, gecəni şən əhval-ruhiyyədə başa vurardılar. Bugün isə hər şey çox fərqli idi, sanki hər kəs süfrə başına sadəcə bu ənənəni pozmamaq üçün yığılmışdı. Ailə üzvlərinin üzündə əvvəlki təbəssüm görünmürdü, çünki hadisələrin belə cərayan edəcəyini heç kim ağlına belə gətirə bilməzdi, indi isə hamı çaşqınlıq, şübhə içində idi. Bəlkə də səbəbini bilsələr, bu qədər çətin olmaz, bu qədər çaşqınlıq, təəccüb doğurmazdı, amma indi hər kəs baş vermiş müəmmalı hadisələri anlamağa, səbəbini tapmağa çalışsa da bu mümkün deyildi. Ailə üzvlərinin hər birinin ağlında müxtəlif fikirlər dolaşır, cavablandırmaqda çətinlik çəkdikləri suallar formalaşırdı.

Aylinin yaşadıqları, indiki vəziyyəti valideynlərini çox narahat edirdi, bu hadisələrin ona çox ağır gələ biləcəyindən qorxurdular. Heç zaman zarafatlarından qalmayan qardaşı Murad belə bu gecə susqun idi. Tale özü Aylində elə bir zarafat etmişdi ki, artıq qardaşının edəcəyi zarafatlar bu gecə ona çətin ki, təsir edə bilərdi. Baş verənlər valideylərini də çox çətin vəziyyətdə qoymuşdu, nə atası Yusif, nə də anası Fəridə necə davranacaqlarını bilmirdilər. Aylin sanki bu olanlarda özünü günahkar hesab edirdi, hətta valideynlərinin üzünə baxmağa belə çəkinirdi. O, özü ilə tək qalmaq, bu vaxta qədər yaşadıqlarını saf-çürük etmək istəyirdi. Təbii ki, bu onun üçün çox çətin olacaqdı, çünki demək olar ki, bu onun həyatında aldığı ilk böyük zərbə, ilk xəyal qırıqlığı idi. Xüsusilə də, hər şeyin yaxşı getdiyini hesab etdiyi, nağıllar aləminə düşən balaca uşaq kimi xoşbəxt olduğu bir zamanda..

* * *
Aylin qardaşı Muraddan iki il sonra dünyaya gəlmişdi, ailənin son beşiyi idi. O, tibb universitetinin dördüncü kursunu başa vurmağa hazırlaşırdı, Murad isə yeni atıldığı iş həyatının bir ilini tamamlayacaqdı. Şəhərdən kənarda yerləşən evi valideynləri uzun illər yaşanan çətinliklərdən sonra böyük zəhmətlə tikdirdikləri üçün bu ev onlara çox doğma idi. Qaranlıq gecələrdə həyətlərində yanan işıqlar, güllərin bihuşedici ətri, ailə üzvlərin üzlərindən əksik olmayan təbəssüm, maraqlı söhbətlər sevgi və həyat dolu yaz gecələrinə xüsusi ahəng qatırdı.

Bir il öncə bu vaxtlar isə yaxın qohumlar, tanışlar bir həyətə yığışmışdılar, çünki Aylinin nişan mərasimi idi. Valideynləri onun belə tez bir zamanda nişanlanmasını planlaşdırmadıqlarına baxmayaraq, onun seçiminə hörmət etdikləri, düzgün qərar verəcəyinə inandıqları üçün müəyyən müddətdən sonra öz razılıqlarını vermişdilər. Lakin atası Yusif əvvəlcədən qızının universiteti bitirmədən ailə qurmasına razılıq vermədiyini bildirmişdi, çünki övladının təhsili onun üçün böyük əhəmiyyət kəsb edirdi. Yusif ağlı, savadı, çalışqanlığı sayəsində çoxları arasında böyük hörmət qazanmış, illərlə yorulmadan hüquq sahəsində çalışmış məhşur və təcrübəli hüquq müdafiəçisi idi. Oğlu Muradın onun yolunu davam etdirməsi, ixtisasına yaxşı yiyələnməsi, işini çox sevməsi, məsuliyyətlə yanaşması atasını çox fərəhləndirir, oğlunun bu yolu layiqincə davam edəcəyinə və yaxşı mütəxəssis olacağına qətiyyən şübhə etmirdi.

Uşaq vaxtlarından valideynləri Muradın və Aylinin tərbiyəli, savadlı, mədəni, xoşxasiyyətli insan kimi yetişmələri, hər kəsə anlayışla, hörmətlə, qayğıyla, sevgiylə yanaşmaları üçün əllərindən gələni əsirgəməmiş, iş rejimlərinin gərgin olmasına baxmayaraq, övladlarına çox zaman, diqqət ayırmağa çalışmış və demək olar ki, istədiklərinə nail olmuşdular. Valideynləri zəhmətlərinin bəhrəsini görmüşdülər, övladları ilə fəxr edir, onların yalnış hərəkət edəcəklərinə inanmırdılar. Lakin başqalarının övladlarına qarşı edə biləcəkləri yalnış hərəkətlərin, yalnış davranışların qarşısını almaq, bunu qabaqcadan müəyyən etmək iqtidarında deyildilər.

Aylin nişanlısı Aqşinlə təhsil aldığı tibb universitetində rastlaşmışdı. Müxtəlif fakültələrdə təhsil almalarına baxmayaraq, tez-tez univeritetin ictimai fəaliyyəti ilə bağlı tədbirlərdə görüşərdilər. Aylin boş vaxtlarını, marağını sırf dərslərinə yönəltdiyi üçün digər qızlar kimi gizli görüşlər, sevgi, əyləncə barəsində çox düşünməz, cəmiyyətə layiqli vətəndaş və yaxşı mütəxəssis kimi yetişmək üçün öz üzərində işləyər, daim mütaliə edər, elmi diskusiyalarda iştirak edib vaxtını bu şəkildə dəyərləndirərdi. Bəlkə də Aqşinin diqqətini daha çox bu cəlb etmişdi. O, Aylinlə çox maraqlanmağa başlamış, getdikcə ona daha yaxın olmaq, onu daha yaxşı tanımaq istəmişdi. Aylin, ona qarşı olan bu diqqət və marağa qarşı əvvəllər çox laqeyd yanaşmasına baxmayaraq, Aqşinin geri çəkilməməsi getdikcə onda da bəzi hisslərin yaranmasına səbəb olmuş, onu daha çox düşünməyə başlamışdı. Vaxt keçdikcə Aylin onu həqiqətən sevdiyini və onun buna layiq olduğunu düşündüyü üçün ona bir şans vermək qərarına gəlmişdi. Onların münasibətləri inanılmaz dərəcədə yaxşı idi. Aylin bu xoşbəxtliyi düşünmədiyi, ağlından belə keçirmədiyi vaxt dadmışdı və hərdən özünü sehrli aləmə düşmüş uşaq kimi hiss edirdi. Bir neçə aydan sonra Aqşin nişanlanmaları üçün təkid etdiyinə görə Aylin söhbəti anasına açmışdı. Bu gözlənilməz xəbər Aylinin valideynlərini çox təəccübləndirsə də, Aqşinin ailəsi ilə tanış olmağa razılıq vermiş, bir ayın içində nişan mərasimi keçirmişdilər. Bu isə Aylinin sevincini birə-beş artırmışdı.

Aqşin ziyalı ailədə dünyaya göz açmış, mədəni, nəzakətli, tərbiyəli oğlan idi. Lakin zaman keçdikcə Aqşinin xasiyyətindəki bir sıra zəifliklər, mənfi xüsusiyyətlər özünü büruzə verməyə başlamışdı. Aylin əsasən tez-tez nişanlısının soyuq münasibətini hiss edir, bu isə çox vaxt onun qəlbinin qırılmasına səbəb olurdu. Bunlara baxmayaraq, Aylin özünü münasibətdəki soyuqluğun, durğunluğun Aqşin tərəfdən qəsdən edilmədiyinə, olanların onun xasiyyətindən, soyuqqanlı olmasından irəli gəldiyinə inandırmağa çalışır, yaşadıqları sevginin bunların aradan qaldırmasına kömək olacağını düşünür, hər dəfə ona güzəştə getməyə çalışır; çox şeyə göz yummaq, nişanlısının müsbətləri üstələyən mənfi xüsusiyyətlərini görməmək üçün əlindən gələni edirdi. Çünki artıq ciddi bir qərar almışdı, geri yol almağı ağlından belə keçirmirdi. Bəlkə də belə etməklə Aylin öz-özünü aldadır və ən pis yalanın insanın özünü aldatması olduğunu başa düşmürdü.

Beləcə bir il su kimi axıb keçmişdi. Bir yaz səhəri Aqşin nişanlısına zəng edərək onu görmək istədiyini bildirdi.

- Aylin, sənsən? Salam.Necəsən?

- Salam. Pis deyiləm.-deyə Aylin incik səslə cavab verdi.

- Nəsə baş verib? Niyə incik danışırsan?

- Daha nə olsun?! – deyə səsini heç vaxt bu şəkildə yüksəltməyən Aylin davam etdi. - Bütün gecəni yata bilməmişəm, çox narahat qaldım, telefonun da söndürülmüşdü. Dünən niyə zəng etmədin? Aqşin, niyə belə edirsən? Bilirsən axı mən necə narahat oluram.

Aqşin onun narahatçılığını, fikirlərini qətiyyən önəmsəmədən mövzunu dəyişdi. Həmişəki kimi bu şəkildə söhbəti başqa məcraya çevirib qızın qəlbini ələ almağa bacaracağına ümid edərək: - Mən bugün mütləq səninlə görüşmək istəyirəm, həm də tez bir zamanda, bir saata dəniz kənarındakı həmişə getdiyimiz restorana gələ bilərsən?

- Sən niyə həmişəki kimi bizə gəlmirsən ki?

- Yox, belə daha yaxşı olacaq. Üzürlü hesab elə, mən indi gəlib səni götürə bilməyəcəm, həm də vaxt itirməyimizi istəmirəm, sən tez hazırlaş, bir taksiyə min gəl, yaxşımı?

- Yaxşı, bir saata ordayam.

Aylin telefonun dəstəyini asıb, anasının yanına mətbəxə getdi. Aqşinlə dənizkənarında görüşmək istədiklərini bildirdi və hazırlaşmaq üçün otağına qalxdı. Bu təklif Aylinin biraz təəccübünə səbəb olmuşdu, çünki həftə sonlarını evdə keçirmələrinə adət etmişdi. Həftə sonları Aqşin Aylingilə qonaq gələr, və ya onlar ailəliklə Aqşingilə gedərdilər. İki ay əvvəl Aqşinin ailəsi xaricə köçdükləri üçün Aqşin özü Aylingilə qonaq gələrdi. Aylin nişanlısının gəlişinə xüsusi hazırlaşırdı. Hər dəfə ona müxtəlif yeməklər hazırlayar, süfrə düzəldər, həyacanla onun gəlişini gözləyərdi. Ailəvi yemək yedikdən sonra gənclər gecə düşənə qədər yelləncəkdə oturar, söhbət edərdilər. Aylin nişanlısının bugün dünənki incikliyi aradan qaldırmaq üçün dəyişiklik etmək istədiyini düşünərək, sevinclə bəzənməyə başladı.

Bir saatdan sonra dənizkənarındakı restoranda həmişə əyləşdikləri masada əyləşmişdilər. Aqşin əlindəki zərfi stolun üstünə qoydu. Aylin nişanlısının üzündəki qəribə ifadəni oxumağa və o müəmmalı zərfi niyə stolun üstünə qoyduğunu, onun içində nə gizləndiyini anlamağa çalışırdı.

Aqşin onu çox intizarda saxlamadı.


  • Bu zərfin içindəki biletdir. Bəlkə də məni anlamayacaqsan, amma mən bir saatdan sonra xaricə uçuram.

Aylin onun sözlərini əvvəl zarafat kimi qəbul etdi, bəlkə yenə də sadəcə özünü aldatmağa çalışırdı. Aqşin zərfi açıb bileti göstərərək onun şübhələrinə son qoydu.

- Xahişim odur ki, səbəbini soruşmayasan. Çox güman ki, bir daha bura heç qayıtmayacağam. Sən yaxşı, eyni zamanda da çox saf qızsan, Aylin. Onu bil ki, mən səni sevmişəm, hələ də sevirəm, amma bu belə olmalıdır və bu mənim son qərarımdır.

Anası həmişə “kişi çox hirsli olduğu və sərt fikirlər səsləndirdiyi zaman belə sevdiyi qadının onun sərt sözlərinə qarşı yönəltdiyi məsum baxışları qarşısında aciz qalar.” deyərdi. İndi Aylin də susqun və məsum baxışlarla nişanlısına baxırdı, restorana daxil olarkən gözlərində olan sevinc artıq qeyb olmuşdu. Lakin belə həyatının bir parçası hesab etdiyi insanın sözləri, fikirləri onun bu baxışları qarşısında nəinki aciz qalmadı, heç yumşalmadı da.

Aqşinin bu sözlərindən, fikirlərindən, verdiyi qərardan qız qəlbinin cilik-cilik olduğunu hesab edirdi, əslində isə cilik-cilik olan onun qəlbi yox, nişanlısına verdiyi dəyər idi, çünki insanın qəlbi sevgisinə layiq olmayan biri üçün sızıldamaz, lakin insan qəlbinin sızıldadığını sanar. İnsan qəlbi yalnız sevdiyi və sevgisinə layiq olan insana dediyi sərt sözdən və ya sevdiyinin ona dediyi ağır sözdən həqiqətən sına, sızıldaya bilər. Sevgiyə layiq olmayan insanları isə özümüz gözümüzdə böyütdüyümüz kimi özümüz də kiçiltmək iqtidarındayıq.


-Mənə deyəcək son sözün varmı? –deyə Aqşin soruşdu.

Aylin hələ də susurdu, bunların yuxu olduğunu zənn edirdi, bəlkə də Aqşinin “zarafat edirəm, heç mən səni qoyub gedərəm, sadəcə dünən yaşadığın gərginliyi atmaq istədim” deməsini gözləyirdi. Göz yaşları daxilinə axırdı, belə soyuqqanlı bir insanı necə sevdiyini düşünür, lakin qüruru onu ağlamağa qoymur, ondan heç bir səbəb soruşmasına imkan vermirdi. Aqşin, artıq qərarını vermişdi, gedirdi, gedəni isə saxlamazlar. Amma o, hər şeyin üstündən xətt çəkib gedirdi, Aylini müəmmalarla baş-başa qoyub gedirdi.

“Axı mən Aqşinə nə pislik etmişəm? Bu qədər sevginin qarşılığında o mənə qarşı niyə belə davrandı? Yəni hər şey yalan idi, sevgi deyilən bir anlayış heç yoxdur? Yaşadıqlarımız, hiss etdiklərimiz onun üçün bu qədərmi dəyərsiz idi? Əgər nə vaxtsa yenidən rastlaşsaq, necə baxacaq üzümə? Bəs səhv etdiyini anlayıb qayıtsa, bu ayrılığa dözə bilmədiyini desə, görəsən bağışlaya bilərəm onu? Bəlkə bütün bu baş verənlərin əsaslı bir səbəbi var, mən onu nahaq yerə mühakimə edirəm? Nə səbəb ola bilər axı? Olmayacağını, məni yarı yolda qoyacağını bilirdisə, niyə bunların yaşanmasına, qəlbinə girməyə çalışmışdı? Həqiqətən sevən insan sevdiyi insanın bu qədər əziyyət çəkməsinə razı olarmı?”

Bu sualların cavabını ondan soruşmaq istəsə də, bu qədər duyğusuz bir insandan bunları soruşamağı özünə sığışdırmadı, özünü çətinliklə ələ alaraq ayağa qalxdı və Aqşinə:



  • Sənə yaxşı yol!-deyərək restoranı tərk etdi.

Özündən çox sevdiyi insanın buna dəymədiyini görən Aylin həyatının ən hüzünlü anını yaşayırdı. Buna baxmayaraq, hələ də ümid qığılcımları onun tərk etməmişdi, ürəyindən Aqşinin onun arxasınca qaçaraq “yox getmə, dayan, mən sənsiz necə gedərəm axı, sənsiz qala biləcəyimi necə düşünürsən?” deməsi keçirdi və taksiyə mindiyi ana qədər Aqşinin ayaq səslərini eşidəcəyini güman edirdi, amma bu baş vermədi.

* * *
Yusif sükütdan qətiyyən xoşlanmazdı. İndi süfrə arxasında davam edən əzabverici sükuta, gərginliyə, Aylinin bir nöqtəyə zillənmiş kədərli baxışlarını görməyə tab gətirməyən ata iştahasının olmadığını bildirərək stolun arxasından qalxdı və ən çox hüzur tapdığı yerdə - bir xeyli aralıda qoyulmuş yelləncəkdə əyləşərək dərin düşüncələrə daldı. Uşaqlar da bunu gözləyirmiş kimi stolun arxasından qalxaraq hərəsi öz otağına çəkildi. Fəridə dərin düşüncələrə dalmış həyat yoldaşının nə qədər əzab çəkdiyini, bu vəziyyətdən doğru çıxış yolu tapmaları, övladlarına dəstək ola bilmələri üçün ilk öncə ona dəstək olmalı olduğunu da anlayırdı. Fəridə də çox əzab çəkirdi, lakin bunu büruzə verməməyə çalışırdı, yenə də heç nə olmamış kimi süfrəni yığışdırdı, sonra isə həyat yoldaşının yanında əyləşdi, başını onun çiyninə qoydu və bu zaman gözlərindən qeyri-ixtiyari olaraq yaşlar süzülməyə başladı. Hər ikisi vəziyyətin çətinliyini dərk edir, harada səhv etdiklərini anlamağa çalışırdılar. Bu onların əsas ailə prinsiplərindən biri, özlərinin formalaşdırdığı ən gözəl xüsusiyyətlərdən biri idi- belə ki, heç vaxt uşaqların və ya başqalarının yanında mübahisə etməz, məsələlərə təklikdə aydınlıq gətirməyə çalışardılar. Əyləşdikləri yelləncək isə hər ikisinin ən çox hüzur tapdığı, yorğun olduqları zaman dincəldikləri, küsülü olarkən barışdıqları məkan idi. Söz-söhbət, problem, çətinlik yarandığı zaman beş dəqiqə ayrılıqda düşündükdən sonra ortaq nöqtəyə gəlmək üçün fikirlərini müzakirə edər, nədə səhv etdiklərini araşdırar və beləliklə, bütün problemləri asanlıqla, çox böyütmədən həll edərdilər. Bunu da həll edəcəklərinə inanırdılar, amma bu dəfə həmişəki qədər asan olmayacağı açıq-aşkar görünürdü. Bir gün burada övladlarının həyatı ilə bağlı fikir yürütməkdə, ona dəstək olmaqda bu qədər çətinlik çəkəcəklərini üçün əyləşəcəklərini isə heç düşünməmişdilər.
Yusifin “Tarix təkrar olunur” deməsi ilə bir-birinə sarılaraq əyləşən cütlüyün sükutu pozuldu, bu an Fəridə bu sözləri tam anlamasa da, yarım saat ərzində axıtdığı sakit göz yaşlarının həyat yoldaşının köynəyini nə qədər islatdığını hiss etdi, ona başqa köynək gətirmək üçün evə tərəf yollandı, lakin birdən nə isə xatırlamış kimi geri qayıtdı və Yusifə:

- Aylinlə sən söhbət etməlisən. Sən onun bu vəziyyətdən çıxmasına kömək ola bilərsən.

Yusif bunu Fəridənin edəcəyini düşünərkən onun bu sözləri Yusifdə çox təəccüb doğurdu, çünki qızını nə qədər çox sevsə də, hər zaman ata-övlad arasında müəyyən pərdə olmuşdu və qızının bəzi şeyləri anası ilə bölüşməsini daha doğru hesab edirdi.

- Axı mən onun daha da sıxılmasını, çəkinməsini istəmirəm. Bunu mənim etməyim nə dərəcədə düzgün olar? Onunla sənin söhbət etməyin daha yaxşı olmazmı?

- Bəlkə də bu sənin üçün çox qəribə səslənir,amma inan ki, bu vəziyyətdən çıxış yolu ola bilər, -deyə Fəridə sözünə davam edərək fikrini əsaslandırmağa çalışdı.- Mən hər zaman onunla belə söhbət etdiyim, bu məsələlərdə daha yaxın olduğum üçün mənim dediklərimi sadəcə təsəlli kimi qəbul edəcək, amma onun bu vəziyyətdə sənin təsəllinə, fikirlərinə daha çox ehtiyacı olduğundan əminəm. Çünki sənin müəyyən məsələlərdə mühafizəkar fikirli olmağın da ona təsirini göstərir və sənin nə düşünəcəyini, bu məsələyə necə yanaşdığını, nə olursa olsun yanında olacağını bilməsi ona öz müsbət təsirini göstərə bilər. Ən əsası isə bir zaman sən də onun keçirdiyi hisslərə bənzər duyğular keçirmisən, yanılmısan, xəyal qırıqlığı yaşamısan, özün dediyin kimi “Tarix təkrar olunur”.. Sən bütün yaşadıqlarını olduğu kimi, hiss etdiyin kimi ona danışmalısan. Mənə elə gəlir ki, bizim səhvimiz övladlarımızı düzgün tərbiyə etmək üçün bütün pisliklərdən, çətinlikdən qorumağımız idi. Bəlkə də belə olmasa idi, Aylin indi bu baş hadisələrə görə daha az əziyyət çəkərdi. Həyat yollarının aynatək hamar olmadığını, bəzən insanların gözləmədikləri hadisələrlə üzləşdiklərini daha yaxşı başa düşər və rast gəldikləri çətinliklər, pisliklərlə mücadilə aparmaq ruhuna sahib olardı. Amma hələ də gec deyil. Əminəm ki, sənin onunla söhbət etməyin, hər şeyi olduğu kimi danışmağın ona çətinliklərlə mücadilə apara bilməsi üçün çox faydalı olacaq. Bütün insanların həyatda çətinliklərlə rastladıqları, hətta ona ideal görünən valideynlərinin belə nə vaxtsa onun keçirdiyi duyğuları yaşaması, yalnış seçim etməsi ona həyatın gerçəklərini aşılaya bilər.

Yusif həyat yoldaşının fikirlərini ağlında götür-qoy etdi və onun haqlı olduğunu düşünərək “Aylini iş otağında gözləyəcəm, çağıra bilərsən.” dedi və onlar hər ikisi bu söhbətin çox şeyi dəyişəcəyinə böyük inam hiss edərək evə daxil oldular.



* * *
Fəridə Aylinin yataq otağının qapısını döyərək içəri girdi və yatağında uzanmış qızına yaxınlaşaraq dedi:

- Qızım, atan səninlə söhbət etmək istəyir. İş otağında səni gözləyir.

- Məni? Ana, sən ki mənim günahkar olmadığımı, baş verənlərin səbəbini bilmədiyimi, nə hisslər keçirdiyimi, fikirlərimin cəngəlliyindən çıxmaqda çətinlik çəkdiyimi bilirsən. Bəs atamın məni sual-cavab etməyinə niyə icazə verirsən? Mən atamla səninlə danışdığım qədər açıq danışa bilməyəcəyəm, nə olar ana, sən atama bu söhbətə ehtiyac olmadığını de.

- Hər şey sən düşündüyün kimi deyil. Atanın səni mühakimə etmək fikri yoxdur, səninlə sadəcə söhbət etmək istəyir. Heç bir valideyn övladının pisliyini istəməz. Atanın deyəcəkləri sənin üçün çox önəmlidir, ona görə də sənin bu xahişini yerinə yetirməyəcəm. Özün yaxşı bilirsən ki, atan heç zaman lüzumsuz söhbətlərə yol verməyib, hər zaman aradakı pərdəni qoruyub saxlayıb. Əgər bugün səninlə baş-başa söhbət etmək istəyirsə, demək buna həqiqətən ehtiyac var.

Aylin atasının bəzi məsələlərdə mühafizəkar fikirli olduğunu yaxşı bildiyindən içində müəyyən suallar, qorxu və həyəcan yaranmağa başladı. “Axı atam mənimlə nə danışa bilər? Özüm bir çox şeyləri anlaya bilmədiyi halda, atamın suallarını necə cavablandıracağam? Çox güman ki, atam məni bir daha tələsik qərarlar verdiyim, yalnış seçim etdiyim üçün danlayacaq. Əslində buna haqqı da var. Valideynlərim hər zaman yaxşı örnək olduqları, düzgün qərarlar qəbul etdikləri halda, mən yalnış seçim edərək onlara belə zərbə vurmamalı idim. Hamı bundan xəbər tutandan sonra atam, anam başqalarının üzünə necə baxacaqlar, bunu necə izah edəcəklər? Axı mən niyə bu qədər tələsik qərar qəbul etdim, niyə belə səhv etdim?”

Bu fikirlər, suallar onu rahat buraxmadığından pilləkənləri necə düşdüyünü, iş otağına daxil olması üçün bir addım qaldığını belə hiss etmədi və astaca qapını tıqqıldadaraq içəri keçdi. Atası həmişəki kimi öz kreslosunda əyləşmişdi, amma bu dəfə kitab oxuyaraq qızının ona çay gətirməsini, kitabdan oxuduqlarını müzakirə etmələrini deyil, onunla başbaşa ciddi söhbət etməyi gözləyirdi. Otaqdakı sükut Aylini sıxır, nə qədər çətin olmasından asılı olmayaraq atasının bir an öncə söhbətə başlamasını gözləyirdi.

“Başlayaq lap əvvəldən.” deyə Yusif bir dəqiqəlik sükutdan sonra sözə başladı.

“Səhvsiz insan yoxdur. Ən önəmli məsələ səhvləri anlamaq və onlardan çəkinməkdir. Bunu hər kəs bacarmır, gücü, səbri çatmır, zəif iradəsi buna imkan vermir. Səhvləri anlamaq, onlardan çəkinmək, düzgün yol almaq çox çətindir, amma imkansız deyil. İnan qızım, inan mənə... Nə sənə, nə də Murada bu haqda heç vaxt danışmamışam, amma artıq amma artıq bunları danışmağın zamanı yetişib. Özümü dərk edəndən, yəni universitetə hazırlaşandan və universitetin üç ilini qızlarla yaxın münasibətlərdən uzaq olmağa çalışmış, nə sevgi, nə evlilik barədə düşünməmişdim. Əsas oxumaq və dərslərim barədə düşünərək təhsilimi davam etdirmək istəyirdim. Buna baxmayaraq mən də böyük səhvlər etmişəm. Adi bir oğlan üçün bu normal həyat tərzi olsa da mən bunun səhv olduğunu hesab edərək, günah etdiyimi anlamışam.”

Bir neçə saniyə susdu tərəddüd etdi. Axı ata öz qızı ilə bu şəkildə danışa bilməz, bu düz deyil deyə fikirləşdi. Lakin qərarlı idi. Bilirdi ki, qızı ağıllı olduğu üçün atasının bu danışacaqlarını düzgün anlayacaq, nə demək istədiyini çox gözəl başa düşəcək.

- İndi haqqında danışacağım qızı tez-tez universitetdə görürdüm, sadəcə simpatiyam var idi. Təhsil aldığım bu illər ərzində onun kimi bir neçə qıza qarşı simpatiyam vardı. Təhsilimi hər hansı başqa bir müdaxilə, yəni fikirlərimi təhsildən uzaqlaşdıra biləcək müdaxilə olmadan davam etdirmək istədiyim üçün daha yaxın münasibəti arzulamır, bunun üçün çalışmırdım. Amma özümü tənha hiss edirdim. Əlbəttə ki, bunun bütün olacaqlara böyük təsiri oldu. Dördüncü kursun sonlarına yaxın o qızı yenidən avtobusda gördüm və təsadüfən baxışlarımız toqquşdu. Birdən baxışlarımızın kəsişməsi nəticəsində qəlbimdə bir qığılcım saçdı, kimsə get yaxınlaş, bu qız sənin axtardığındır, taleyindir dedi. Daha sonra adının Günel olduğunu öyrəndim, onunla əlaqə yaratmaqda qrup yoldaşlarım da mənə çox kömək oldu. Hər şey yaxşı getməyə başlamışdı. Guya bir birimizi sevirdik, çox yaxşı anlayırdıq... – deyə Yusif gülümsədi, başını yellədi – Mənə elə gəlirdi ki, o, mənim həyatımın çatışmayan bir hissəsidir. Özümü yerlə göy arasında hiss edirdim, onun mənə qəti şəkildə “səni sevirəm” deməsindən sonra yerimi dəyişib göylərə qalxacağımı düşünürdüm. Tanışlığımızdan iki ay keçməsinə baxmayaraq, evlənəcəyimizi qərarlaşdırmışdıq. İlin sonunda o, imtahanlarını verib rayona getdi, mən isə universiteti başa vurub əsgərliyə getdim. Əsgərliyə gedənə kimi telefonla danışırdıq, hər şey çox gözəl görünür, onu bilmirəm amma mən özümü çox xoşbəxt hiss edirdim. İlk dəfə idi ki, belə bir qərar qəbul etmişdim, buna ötəri və ya keçici bir hiss kimi baxmırdım, fikirlərimdən, hisslərimdən əmin idim.”

Aylin atasının danışdıqlarına böyük maraqla və diqqətlə qulaq asır, ağlında bir sıra suallar formalaşırdı. Atası bunu ona niyə danışırdı? Bu qız kim idi? Niyə bu vaxta kimi bu barədə heç nə eşitməmişdi? Görəsən anası bunları bilirdimi? Belə bir şey yaşanmışdısa bəs niyə atası anası ilə ailə qurmuşdu?

“Əsgərlikdə hər gün də olmasa bir gündən bir onunla danışırdım... Kaş danışmazdım..Onun mənə qarşı soyuq hislərini duyur, bunu uzun müddət ayrı qalmağın nəticəsi hesab edirdim. Yəqin keçər deyə özümü aldadır, bununla özümə təsəlli verirdim. Bəzən onun mənə qarşı soyuq münasibəti məni yorur, qəlbimi qırır, lakin o, mənə bunun onun xasiyyətindən irəli gəldiyini bildirirdi, mən isə bunların keçəcəyini, sevginin hər şeydən üstün olduğunu düşünürdüm. Əsgərlikdən qayıtdıqdan sonra yenə telefonla danışırdıq. Neçə dəfə rayona onun yanına getmək istəsəmdə alınmadı. Bir gün o mənə xəbər etmədən özü gözlənilmədən bura bibisigilə gəldiyini bildirdi. Çox sevinirdim, dərhal ona hədiyyə almağa getdim. Xüsusi bir gün deyildi, lakin ürəyimdən ona hədiyyə almaq keçmişdi. Çox diqqətlə seçdiyim qolbağı aldıqdan sonra tələsərək görüşəcəyimiz yerə getmək üçün yol aldım. Demək olar ki, görüş yerinə çatmağıma az qalmışdı, birdən qolbağın cibində olmadığını gördüm, sanki qəlbimin bir hissəsini haradasa düşürmüşdüm. Özümü toparlayaraq onu harada düşürə biləcəyimi düşündüm və beləliklə gəldiyim yolu bir də geri qayıtdım. Yanılmamışdım, qolbağı həmin yerdə düşürmüşdüm. Necə olmuşdu ki, onu düşürdüyümü hiss etməmişdim? Bəlkə bu da təsadüf deyildi, baş verəcəklərə dair bir işarə idi..

Səbrsizliklə gözlədiyim an yetişdi. Onunla görüşdük, görüşən kimi – “səninlə ciddi söhbətim var” dedi. Məsələnin nə yerdə olduğunu dərhal anladım. Bu ana kimi qurduğum xəyallar sanki darmadağın oldu. Mənim üçün yalnız özünün inandığı nağılı danışmağa başladı, ayrılmaq istədiyini bildirdi, “Allah səni xoşbəxt eləsin. Sənə məndən daha çox layiq olan biri ilə qarşılaşasan...” dedi. Metroda tapdığı andan etibarən görüş yerinə çatana qədər möhkəm saxladığım qolbağı cibimdən çıxararaq “Bu qolbağı, sənin üçün almışdım, istəyirsənsə qoy elə səndə qalsın” deyərək ona uzatdım.. nə isə... belə bir şəkildə ayrıldıq. Bu ayrılıq məni həm kədərləndirir, həm də hərdən anlamadığım bir şəkildə sevindirirdi. Səbəbini tam anlaya bilmirdim. Bəlkə heç sevmirdim, özümü aldadırdım. Axı onun soyuq münasibəti məni bezdirmişdi.

Bəzən sadəcə susub kənardan izləməli olduğun anlar yaşanır, mən də bu anları yaşayırdım. Amma nə yalan deyim, ayrılandan sonra bəzən onun mənə etdikləri yadıma düşür və baş verənlər mənə çox pis təsir edirdi. Axı mən ona bir pislik etməmişdim. Onun gedişi ilə hər şeyin bittiyini sanmışdım, amma əslində belə deyilmiş, insan həyatda sevdiyi, layiq olduğu qədər sevilirmiş.”

Atasının danışdıqları onun marağının və təəccübünün daha da artmasına səbəb olurdu. Bəlkə bunlar heç yaşanmamışdı, atası bunu ona təsəlli vermək üçün uydururdu? Axı bu vaxta qədər atasının səhv qərar verdiyinin şahidi olmamışdı, yəni atası nə vaxtsa yalnış seçim edə bilərdimi?- deyə düşünürdü, çünki lap uşaqlığından etibarən valideynlərinin bir-birinə olan xoş münasibətinə, sevgisinə şahid olmuş, bu isə onda bütün münasibətlərin bu cür olduğu və əvvəldən belə qurulduğu təsəvvürünün yaranmasına səbəb olmuşdu.

“Xəyal qırıqlığına uğramışdım, zaman keçdikcə özümü toparlamağa çalışır, lakin bacarmırdım. Naşükür insan deyildim, amma hərdən bezirdim, pessimizmə qapılırdım, darıxırdım, nifrət edirdim, günah edirdim. Bəlkə də hər gün biraz daha çox uçuruma yuvarlanırdım. Böyük günahlar, səhvlər edirdim. Qızlara nifrət edirdim. Bax bu nifrət hissi günah etməyimə, səhvlərimi təkrarlamağıma səbəb olurdu. Bunun bu şəkildə davam etməsinin səbəbi nə idi...??? Səbəbini daha sonra anladım. Anladım ki, qəlbini, həyatını peşmanlıq, üzüntülərlə doldursan, bugün sahib olduqlarının qədrini bilməz, şükr edə bilməzsən. Anladım ki, istədiyimiz bir şey olmursa ya daha yaxşı olacağı üçün, ya da olmaması labüd olduğu üçün olmur. Anladım ki, ALLAH doğru insanlarla qarşılaşmazdan öncə yalnış insanlarla qarılaşmağımızı istəmişdir ki, onu tanıdığımızda daha minnətdar olaq. Anladım ki, insan ayağı qırıldığı üçün kədərlənməməlidir, bəlkə Allah ona qanad verəcək. Bəs anlamağıma kim səbəbkar və kim vasitəçi oldu...?”

Aylin nağılın maraqlı sonunu öyrənmək üçün yuxuya dalmaq istəməyən uşaq kimi atasını dinləyir, getdikcə onun danışdıqlarında səmimiyyəti daha çox hiss edir və bu ona öz problemlərinin çərçivəsindən kənara çıxaraq başqa gerçəklikləri görməsinə kömək olurdu.

“Həyatımda nə isə çatmırdı.. Allaha qurban olum, insanı heç vaxt tək, darda qoymur, məsləhət gördüyünü verir. Fəridə də həyatıma gözləmədiyim halda qəfildən gəldi. Hər şey ani baş vermişdi, bu münasibətin necə qurulduğunu, niyə birdən söhbətimizin mövzusunu dəyişdiyimi tam anlaya bilmirdim, amma bunu ürəkdən istəyib etmişdim. Qısa müddət tanışlıqdan sonra söhbətimizin mövzusunu dəyişməyimizə baxmayaraq, üstüörtülü danışmağa, bir-birimizə sətiraltı mənalar daşıyan suallar yönəltməyə davam edirdik, Fəridə açıq danışmaqdan çəkindiyi, mən isə yenidən yanıla bilməkdən, bəlkə də yenidən sevməkdən qorxduğum üçün... Cavabını ondan eşitmək istədiyim sualları yenidən mənə yönəltdiyi zaman bu sualları cavablandırmaqda çətinlik çəkirdim. Etiraf edirəm ki, heç vaxt sualdan yayınmasam da bu tanışlıqdan sonra yayınırdım. Səbəb hər zaman tələsməyim, insanları tanımadan inanmağım, sonradan isə yanılmağım idi. Amma onu da başa düşürdüm ki, söhbəti mən açmışdım, nöqtəni də mən qoymalı idim və ya nöqtə deyil, vergül qoymalı və yeni daha uzun ömürlü bir həyat hekayəsi yazmağa başlamalı idim. Mən onun haqqında hər gün daha çox düşünməyə başlamışdım, nəyə doğru getdiyimi anlayırdım. Lakin içimdə qorxu var idi, mən hər şeyi açıq danışmaq istəyirdim, amma içimdə yaşanan təlatümlər hələ tezdir, tələsmə deyirdi. Fəridə mənim bu halımı başa düşməyə bilərdi, çünki bunu yaşamaq lazım idi. Mən həqiqətən əzab çəkirdim, həqiqətən mənim üçün çox çətin idi, özümdən qorxurdum həm də lap çox, hərdən isə nə edəcəyimi bilmirdim, heç düşünə də bilmirdim. Özümü tanımırdım, mən heç vaxt belə olmamışdım, ya davam ya tamam deyən insan olmuşdum, indi isə nə olduğunu anlaya bilmirdim. Bir tərəfdən də hər şeyin yaxşı getməsi məni narahat edirdi. Niyə hər şey belə tez, problemsiz gedir kimi suallar ağlımdan çıxmayana qədər rahatlıq tapmayacağımı bilirdim. Çünki həyatımda hər şey problemlərlə həll olunurdu, onunla münasibətimin müsbət olması məni çaşdırırdı. Zaman keçdikcə bir-birimizi daha yaxından tanımağa, bir-birimizə daha çox bağlanmağa başladıq. Şükür ALLAHA zamanın çox yaxşı məhfum olmasını, yaraların dərmanı, açıq olmayan qapıların açarı olmasını başa düşmüşdüm. Allahım qəlbimi aydınladıb ən Fəridəyə qarşı ən saf, təmiz hissləri dadmağıma, icazə vermişdi. Tanrının dərgahında bu sevgini imanla yüksəltmək üçün əlimizdən gələni edir, bir-birimizə layiq olmağa çalışdıq. Buna asan, səhvsiz nail olmadıq, lakin səhvlərimizi başa düşdüyümüz, çətinliklərə səbrlə yanaşdığımız üçün Tanrı layiq olduğumuz saf sevgini yaşamağımıza imkan verdi.

Bu münasibətlər, təmiz duyğular, saf hisslər mənə çox şeyi öyrətdi. Öyrəndim ki, əslində insanlar sevmək, sevilmək istər, bəzən layiq olmadığı duyğuları yaşamaq istər, lakin hər kəs tərtəmiz duyğular bəsləməyi bacarmaz. Bunu yaşamaq istəyirsənsə, həqiqi sevginin yalnız ehtiras üzərində deyil, ilk növbədə, inam, hörmət, qarşılıqlı anlayış, sədaqət üzərində qurulduğunu dərk etmək lazımdır.

Aşiq olmaq və sevmək- bu anlayışların fərqini də öyrəndim. Bu anlayışlar bir-birinə nə qədər yaxın olsalar da, bir o qədər də fərqlənirlər. Aşiq olmaq ilkin mərhələdir. Bir çox insanlar bu mərhələni yaşayır, bu dəfələrlə yaşana bilər, lakin bu mərhələni sevgi ilə bərabərləşdirmək olmaz, çünki sevmək daha dərin, ilahi bir duyğudur. Mən bunların fərqini həqiqi sevgini duyduqdan sonra anlaya bildim, bu vaxta qədər sevmədiyimi, sadəcə nə vaxtsa aşiq olduğumu duydum. Kiminsə gülüşünə, baxışına, adi bir hərəkətinə, bəzən isə heç bir səbəb olmadan da aşiq ola bilərik, lakin yalnış şəxslə yalnış xəyallar qurmağımız həyatımıza çox böyük zərbələr vura bilər. Aldığımız zərbələr mücadilə ruhumuzu zəiflədər, mücadilə ruhu olmayan insanların isə uçuruma yuvarlanmasına səbəb olar. Əksər hallarda insanlarda yalnış düşüncələrin formalaşmasına, bu düşüncələr isə yalnış hərəkətlər etməyimizə və nəticədə adi hal alan səhvlərə gətirib çıxarar. Ona görə də, hər bir insan birinci növbədə düşüncələrinə diqqət etməlidir ki, düşüncələri duyğularına, duyğuları davranışlarına, davranışları adət halı alaraq dəyərlərinə, dəyərləri xarakterinə, xarakteri isə taleyinə çevrilməsin.

Qızım, həyat bir mübarizədir, sınaqdır və mən sənin bu mübarizədə məğlub olmayacağına, sınaqdan alnıaçıq, üzüağ çıxacağına inanıram. Unutma ki, hər şey keçicidir, hər şeyin bir başlanğıcı, bir sonu var və başımıza gələn hər hadisə artıq bitmişdir. Nə baş verməsindən asılı olmayaraq, həyat davam edir və biz rastlaşdığımız çətinliklərə yenilməməliyik. Sadəcə nəticə çıxararaq irəliləmək lazımdır. Onu da bil ki, hər şey biz gördüyümüz kimi deyil, amma biz gördüyümüz də ondan artıq deyil... Səbəb isə görə bildiklərindən artıq bir şey görmək istəməməyindir. İstəməməyinin səbəbi isə - pis nəticələrlə qarşılaşmaq qorxusudur. İnsanlar onları kədərləndirən hadisələrin onları digər tərəfdən sevindirə də biləcəyini bilməlidirlər, çünki hər bir işin həm də faydalı tərəfi vardır, sadəcə biz çox vaxt aysberqin digər tərəfini görə bilmirik. Bizim üçün nəyin yaxşı, nəyin pis olduğunu isə yalnız Böyük Yaradan bilir, ona görə hər bir məsələdə Tanrıya sığınmalıyıq, bizə doğru yol göstərməsi, şeytana uyaraq hərəkət etməyizin qarşısını alması üçün dua etməli, bunun üçün mübariz olmalıyıq.
Səninlə söhbət etməkdə məqsədim səni mühakimə etmək, cavablandırmaqda çətinlik çəkdiyin suallarla səni sıxmaq deyildi. 50 illik ömür ərzində yaşadıqlarım, gördüklərim, etdiyim səhvlər, qazandığım həyat təcrübəsindən çıxardığım nəticələri səninlə bölüşmək istəyirdim. Nə olursa olsun, həyatda olduqca bütün məsələlərdə yanında olacağımızdan, lazım gəldikdə məsləhət verəcəyimizdən, doğru yol göstərəcəyimizdən, dəstək olacağımızdan əmin ola bilərsən. Lakin 50 illik həyat təcrübəm mən onu da öyrədib ki, özü-özünə yardım edə bilməyənə, heç kim yardım edə bilməz. Hər bir insan etdiklərinə, səhvlərinə, həyatına görə ilk növbədə özü məsuliyyət daşıyır.

Mənim deyəcəklərim bu qədər.. Sonda isə səndən bir xahiş etmək istəyirəm - Onu bağışla.”


Bayaqdan atasının fikirləri, məsləhətləri ilə özünə daha çox inam hiss etməyə başlayan Aylin bu sözləri eşitdikdə yerə zillənmiş baxışlarını yerdən ayıraraq təəccüb dolu donmuş, məsum baxışlarla atasına baxdı. Atası axı niyə onu bağışlamasını istəyirdi? Məgər Aqşinin Aylinə qarşı etdiklərinə nə haqq qazandıra bilərdi? Bu cür şübhə dolu suallar yenidən Aylinin beyninə dolanmağa başlayırdı ki, atası əyləşdiyi kreslodan qalxaraq divanda qızının yanında əyləşdi və sözünə davam etdi.
“Çünki nifrəti məğlub etmənin yeganə yolu bağışlamaqdır. Nifrət hissi başqa insanların da gözəl tərəflərini görməyimizin qarşını alar, həyatdan zövq alamağımıza mane olar, insanı şübhə, depressiya, ümidsizlik dənizində boğar. Nifrət dolu insan heç zaman xoşbəxt olduğunu hiss edə bilməz. Bil ki, bağışlamaq o adamı günahsız görmək deyil, o adamı haqlı da görmək deyil. Bağışlamaq o adamın verdiyi zərərləri düzəltmək üçün səy göstərmək deyil. Onu sadəcə içində olan gözəl duyğuları nifrət hissi ilə kirlətməmək, incikliyin, əsəbin həbsxanasından azadlığa çıxmaq üçün bağışla..Unutma ki, bəzən ala biləcəyimiz ən yaxşı intiqam bağışlamaq, qarşındakına verə biləcəyin ən yaxşı cavab isə gülüb keçməkdir.”

Aylin atası ilə söhbət etdikdən, xüsusilə də son sözləri dinlədikdən sonra valideynlərinin övladlarına nə qədər dəyər verdiyini, anlayışla yanaşdıqlarını, təmkinli, dərin düşüncəli olduqlarını daha çox anladı və yanında əyləşmiş atasının boynuna sarıldı. Atası isə qızının tərtəmiz alnından öpdü və onlar hüzünlə daxil olduqları iş otağını təbəssümlə tərk etdilər.

Fəridə bir neçə saat əvvəl yığışdırdığı süfrəni yenidən hazırlamış, Muradla birgə bağçada əyləşib söhbətin nə vaxt bitəcəyini, sonra isə onların vaxtından gec olsa da yenə əvvəlki kimi şam edəcəklərini, gecəni şən müsbət əhval-ruhiyyədə başa vuracaqlarını gözləyirdi, çünki həmişə olduğu kimi bu dəfə də hər şeyin yaxşı bitəcəyindən, həyat yoldaşının bunun da öhdəsindən gələ biləcəyindən əmin idi.

Bahar hələ yenicə gəlmişdi, kim bilir bu baharda Aylinin həyatında nə çiçəklər açacaqdı. Açıq olmayan qapıların arxasında onu nə gözlədiyini yalnız ALLAH bilirdi..



Müəllif: Aygün Əsgərova




Yüklə 78,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin