ƏLLİNCİ DӘRS YEMӘK VӘ İÇMӘYİN QAYDALARI YEMӘK YEMӘYİN QAYDALARI
Süfrə arxasında oturduqda başqalarının qarşısından deyil, əl çatan ən yaxın yerlərə qoyulan yeməklərdən istifadə etmək lazımdır. Həzm və çeynəməyin asan olması, həmçinin üzün xoşagəlməz hala düşməməsi üçün ağıza qoyulan tikələr balaca olmalıdır. Tikələr yalnız yaxşıca çeynəldikdən sonra udulmalıdır. Yeməyə qabın ortasından deyil, qırağından başlamaq lazımdır və ağızdakı tikəni udmayınca, ağıza növbəti tikə qoyulmamalıdır. Yemək zamanı imkan daxilində başqalarının üzünə nəzər salınmamalı və yemək yedikdə tələsməmək lazımdır. Süfrə arxasında bir qədər çox oturmalı və süfrəyə qoyulan yeməklər dadlı olmadıqda onlara məzəmmətlə yanaşılmamalıdır.
İmam Həsən Müctəba (ə) buyurur:
«Hər bir müsəlman yemək yeməzdən əvvəl bu on iki şeyi bilməlidir. Onlardan dördü vacib, dördü sünnə, dördü isə əxlaq və ədəb-ərkan qaydalarından ibarətdir. Vacib olan dörd şey bunlardır: 1. Tanışlıq. 2. Razılıq (yə᾿ni, ruziyə qane olmaq). 3. [Yeməyə başlamazdan əvvəl] Allahın adını çəkmək. 4. [Yeyib qurtardıqdan sonra] Allahın şükrünü yerinə yetirmək.
Sünnəyə aid olan bunlardır: 1. Yeməyə başlamazdan əvvəl dəstəmaz almaq. 2. Sol tərəfi üstə oturmaq. 3. Üç barmaqla yemək. 4. Yedikdən sonra barmaqları yalamaq.
Әxlaq və ədəb-ərkan qaydalarına aid olanlar isə bunlardır: 1. Qarşıda olanlardan yemək. 2. Tikələri kiçik götürmək. 3. Həzmi asanlaşdırmaq üçün çoxlu çeynəmək. 4. Süfrə arxasında oturanlara nəzər salmamaq».1
İmam Cə᾿fər Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Yemək yediyiniz zaman qarşınızda olanlardan yeyin».2
Başqa bir hədisdə buyurur:
«Hər bir şeyin müəyyən həddi-hüdudu vardır». Bu zaman ortaya süfrə salındı. Səhabələrdən biri süfrənin həddi-hüdudunun nədən ibarət olduğunu soruşduqda buyurdu: «Süfrənin həddi-hüdudu bundan ibarətdir ki, oraya əl uzatdıqda «Bismillah», qurtardıqda isə «Әlhəmdulillah» deyilsin və süfrə arxasında oturan hər bir şəxs başqaların qarşısından deyil, yalnız öz qarşısındakı yeməklərdən istifadə etmiş olsun».3
«Süfrə arxasında oturmaq insanın ömründən hesab olunmadığı üçün orada bacardığınız qədər çox oturun».
«Qarşınıza isti yemək qoyulduqda soyumasını gözləyin. Peyğəmbər (s) üçün isti yemək gətirdikdə buyurardı: «Gözləyin bir qədər soyusun. Allah-taala yeməklərimizin oddan olmasını sevməz. Bərəkət varsa, o da soyuq yeməklərdədir».1
Başqa bir hədisdə atasından nəql edərək buyurur: «Peyğəmbər (s) dadsız yeməkləri yeməyi yasaq edərdi».2
ÇOX YEMӘMӘLİ
Yemək və içməkdə riayət olunması zəruri olan məsələlərdən biri də ifrata yol verilməməsidir. Çox yemək bədən sağlamlığına ziyan vurmaqla yanaşı, ibadət və mə᾿nəvi saflığa lazımı diqqətin yetirilməsinə mənfi tə᾿sir göstərir.
Nəql olunmuş rəvayətlərdə mö᾿minlərə çox yeməyin zərərli olduğu haqda xəbərdarlıq etməklə yanaşı, yemək vaxtlarının zamanı və lazımı miqdarı barədə dəyərli tövsiyələr edilmişdir.
Peyğəmbər (s) buyurur:
«Әkin sahələrinə çox su verməklə məhv olduğu kimi, çox yeyib-içməklə qəlblərinizi məhv etməyin».3
Başqa bir hədisdə buyurur:
«Qarnı dolu olanlar yerin və göyün hikmət və sirlərindən agah olmazlar».4
«Allah-taala yanında bəyənilməyən şeylərdən biri də dolu qarınd5ır».
«Çox yeyib-içməkdən çəkinin, belə etməklə qəlbləriniz süstləşəcək, bədən üzvləriniz Allaha itaət etməkdə süstlük edəcək və nəsihətamiz tövsiyələri eşitməkdən nakam qalacaqsınız».6
Әli (ə) buyurur:
«Çox yemək və çox yatmaq insanı süstləşdirir, zərəri zərər ardınca gətirir».7
Başqa bir hədisdə buyurur:
«Çox yeyənlərin səhhəti pozular və gündəlik xərcləri də çox olar».8
«Çox yeməməyi sizlərə tövsiyə edirəm. Bu, sizləri namaz qılmaqdan soyudacaq, qəlblərinizi süstləşdirəcək və səhhətinizin pozulmasına səbəb olacaqdır».9
«Zirəklik və cəldliyə çox yeməklə nail olmaq olmur».10
«Toxluq təqvanı məhv edir».11
«Toxluq günahlar üçün necə də gözəl sirdaşdır».12
Peyğəmbər (s) buyurur:
«Yeməyi az olanların qəlbi saf, bədəni sağlam, yeməyi çox olanların bədənləri xəstə, qəlbləri isə daşdan daha möhkəm olar».13
«Yeməyi az olanların [qiyamət günü] sorğu-sualı da az olar».2
Әli (ə) buyurur:
«Yeməyin azlığı nəfsin kəraməti və səhhətin sağlamlığı deməkdir».3
«Allah öz bəndəsinin islah olunmasını istədikdə ona az yeməyi, az danışmağı və az yatmağı ilham edər».4
Başqa bir hədisdə buyurur:
«Yeməyin azlığı iffət, çoxluğu isə israf deməkdir».5
Peyğəmbər (s) buyurur:
«Yeməyə meyliniz olduğu zaman süfrə arxasına oturun və yeməyə meyliniz olduğu halda yeməkdən əl çəkin».6
Әli (ə) buyurur:
«Yeməyə meyliniz ola-ola yeməkdən əl çəkin. Belə etsəniz yediyiniz yemək sizlər üçün daha ləzzətli olar».7
CӘM HALDA YEYİLMӘLİ
Yaxşı olar ki, yemək cəm halda yeyilsin. Lakin ailə birlikdə olduqda başqalarını yemək süfrəsinə də᾿vət etməyin heç bir lüzumu yoxdur.
Peyğəmbər (s) buyurur:
«Allah-taalanın, yediklərinizi daha da bərəkətli etməsi üçün süfrə arxasına cəm halda əyləşin».8
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
Yeyilən şeylər bu dörd xüsusiyyətə malik olarsa onu tamam-kamal hesab etmək olar:
1. Halal şeylərdən hazırlanmış olsun;
2. Cəm halda yeyilmiş olsun;
3. Yeməyə başladıqda Allahın adı çəkilmiş olsun;
4. Yedikdən sonra Allaha şükr edilmiş olsun.9
CӘM HALDA YEMӘK YEMӘYİN QAYDALARI
Yaş və şəxsiyyət baxımından kiçik olanlar böyüklərdən əvvəl yeməyə başlamamalı, yaşca böyük olanlar da eyni zamanda onları gözləməyə vadar etməməlidirlər. Xüsusilə ağızda yemək olarkən yaxşı olar ki, az danışılsın. Süfrə arxasında oturanlar başqalarını da nəzərə almalı, ortalığa qoyulan yeməklərdən istədikləri kimi istifadə etməyə mane olmamalıdırlar.
Süfrəyə yemək qoyulduqdan sonra kiminsə təklif etməsini gözləməməli, ev sahibi də eyni zamanda öz təklifləri ilə qonaqları utandırmamalıdır. Yemək yeyərkən başqalarının üzünə baxmamalı və onları utandıraraq doymazdan əvvəl süfrədən əl çəkmələrini vadar etməməlidir.
Yaşca böyük olanlar, xüsusilə ev sahibi yemək yeyərkən tələsməməlidir. Çünki belə olduqda bə᾿ziləri doymadan yeməkdən əl çəkməli olarlar.
Süfrə arxasında oturarkən xoşagəlməz səslər çıxarmaqla başqalarının narahatçılığına səbəb olunmamalıdır. Məsələn, tikəni çeynəyərkən ağızı marçıldatmamalı, dişləri bir-birinə toxundurmamalı, süfrə arxasında gəyirməməli və s. bu kimi xoşagəlməz hərəkətlərə yol verilməməlidir.
Qonaqları yeməyə daha da sövq etmək üçün ev sahibi hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır. Qonaqlar ev sahibi ilə yaxın dost və tanış olsalar belə, onu yemək tədarükü görməyə vadar etməməlidirlər. Belə ki, ev sahibinin buna imkanı çatmadıqda çıxılmaz vəziyyətə düşərək onların qarşısında xəcalət çəkməsinə səbəb olur.
Yemək süfrəyə qoyulduqdan sonra başqa heç bir şey gözləməməli və süfrəyə qoyulanlarla kifayətlənmək lazımdır.
Peyğəmbər (s) bu haqda buyurur:
«Çörəyi əziz tutun. Səhabələrdən biri-Çörəyi necə əziz tutmalı?-deyə soruşduqda buyurur: «Çörək süfrəyə qoyulduqda artıq başqa şey gözləməyin».1
SUALLAR VӘ TAPŞIRIQLAR
1. İslamın yemək yeyərkən riayət olunması lazım olan tövsiyələrini izah edin.
2. İmam Həsən Müctəba (ə)-ın nöqteyi-nəzərindən süfrəyə xas olan on iki xüsusiyyəti izah edin.
3. Peyğəmbər (s) çox yemək haqda nə buyurur?
4. Süfrə nə zaman tərk olunmalıdır?
5. Süfrə arxasında cəm halda yemək yeməyin qaydalarını ixtisarla izah edin.
Dostları ilə paylaş: |