Qeyri – təmərküzləşmə müəyyən funksiyaların, səlahiyyətlərin və maliyyə
cavabdehliklərinin mərkəzi icra orqanından aşağı icra hakimiyyəti orqanlarına
ötürülməsini nəzərdə tutur. Bu zaman mərkəzi hakimiyyət müəyyən məsələlərə görə
cavabdehliyi yerlərə ötürür və ya dövlət fəaliyyətini yerinə yetirmək üçün yeni
qanunlar yaradır.
Devolyusiya isə özünü idarəetmə orqanlarına (bələdiyyələrə) müstəqil qərar
qəbul etmək, maliyyə və idarəetmə fəaliyyəti ilə məşğul olmaq hüququnun
verilməsini nəzərdə tutur. Bu halda yerli özünüidarəetmə orqanları qanunvericilikdə
müstəqil status alır. Bu orqan inzibati səviyyə kimi baxılır ki, hökümət bunların
üzərində yalnız dolayısı yolla nəzarəti həyata keçirə bilər. Yerli özünüidarəetmə
orqanları dövlət hakimiyyət orqanları sisteminə daxil olmurlar. Dövlət
idarəetməsinin devolyusiyası vahid dövlət siyasətinin yeridilməsinin tələb
olunmadığı sferalarda və məsələlərdə daha səmərəli ola bilər.
Qeyri-mərkəzləşdirmə dövlət funksiyalarının , mülkiyyətinin və maliyyəsinin
bir qisminin müxtəlif yollarla yerli özünüidarəetmə orqanlarına verilməsini nəzərdə
tutur ki, bu orqanlar da qeyri-mərkəzləşdirilmiş funksiyalar çərçivəsində yuxarı
hakimiyyət orqanlarına müraciət etmədən öz adından müstəqil şəkildə çıxış edə
bilərlər. Bu yolla yerli muxtariyyət təmin olunur.