Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 268,35 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix31.12.2021
ölçüsü268,35 Kb.
#112935
1   2   3   4   5
Tabeli mürəkkəb, mübtəda

1. Tabeli mürəkkəb cümlələr 

Tabeli  mürəkkəb  cümlə  haqqında  məlumat.  Sadə  cümlənin  üzvləri  bir-biri  ilə 

tabesizlik və tabelilik yolu ilə əlaqələndiyi kimi, mürəkkəb cümlənin tərkib hissələri də 

tabesizlik və tabelilik yolu ilə əlaqələnir. Buna görə də mürəkkəb cümlələr, qeyd etdiyimiz 

kimi, tabesiz və tabeli olmaqla iki böyük növə ayrılır.  

İki və daha artıq cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid bir 

tam kimi birləşməsi nəticəsində əmələ gələn cümlələrə tabeli mürəkkəb cümlələr deyilir. 

Tabeli və tabesiz mürəkkəb cümlələrin oxşar cəhətləri. Tabeli və tabesiz mürəkkəb 

cümlələrin bir sıra oxşar cəhətləri vardır:  

1.  Hər ikisi iki və daha artıq cümlənin birləşməsi ilə formalaşır.  

2.  Hər  ikisində  tərkib  hissələr  məna  və  qrammatik  cəhətdən  birləşərək  bir  tam 

təşkil edir.  

3.  Hər  ikisinin  tərkib  hissələrində  müəyyən  fərqlərlə  zaman,  yer,  şərt, 

qarşılaşdırma və s. kimi məna əlaqələri olur.  

4.  Hər ikisinin tərkib hissələri intonasiya və bağlayıcılarla əlaqələnir.  

5.  Bunlardan əlavə, tabesiz və tabeli mürəkkəb cümlələri yaxınlaşdıran cəhətlərdən 

biri də budur ki, tarixən tabeli mürəkkəb cümlələrin bir qismi tabesiz mürəkkəb 

cümlələrdən  əmələ  gəlmişdir.  Məs.:  Hərçənd  Hacı  dövlətlidir,  amma  yenə 

qəssabın övrəti günü üstünə qız verməz. Doğrudur, bir az tezdir, amma zərəri 

yoxdur.  Hərçənd  arvad  məsəlidir,  amma  çox  göyçək  məsəldir.  Doğrudur, 

Hümmət az yazırdı, amma redaktor demişkən saz yazırdı və s. kimi misallarda 

tərkib hissələrinin bir-biri ilə nisbətən zəif əlaqələnməsi, tərkib hissələri arasında 

amma  tabesizlik  bağlayıcılarının  işlənməsi  göstərir  ki,  bu  tabeli  mürəkkəb 

cümlələr  tarixən  tabesiz  mürəkkəb  cümlələrdən  əmələ  gəlmişdir  və  hələ  də 

əmələ gəlmə prosesi başa çatmamışdır.  

Tabeli və tabesiz mürəkkəb cümlələrin fərqli cəhətləri. Tabesiz və tabeli mürəkkəb 

cümlələrin oxşar cəhətləri ilə yanaşı, mühüm fərqləri də vardır:  




 

1.  Tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələri  bərabərhüquqlu  olduğu  halda, 



tabeli mürəkkəb cümlələrdə isə belə hüquq bərabərliyi olmur və tərkib hissələrindən biri 

(budaq cümlə) o birindən (baş cümlədən) asılı olur. Məsələn: Səhər açılır, hava işıqlanır, 

gün çıxır cümləsi ilə Hamıya aydın idi ki, irəlidə onları gözəl günlər gözləyir cümləsini 

müqayisə  etdikdə  aydın  olur  ki,  birinci  cümlənin  tərkib  hissələri  bərabərhüquqludur, 

tərkib  hissələri  bir-biri  ilə  qarşılıqlı  surətdə  əlaqədardır.  Həm  də  üç  hissədən  ibarət  bu 

tabesiz  mürəkkəb  cümlənin  hissələri  bir-biri  ilə  mənaca  əlaqələnmiş,  intonasiya  ilə 

bağlanmış  və  müəyyən  ardıcıllıqla  düzülmüşdür.  İkinci  mürəkkəb  cümlə  isə  birinci 

mürəkkəb cümlədən onunla fərqlənir ki, onun tərkib hissələri arasında qarşılıqlı asılılıq 

yoxdur. Tərkib hissələri arasında birtərəfli asılılıq vardır. Ona görə də irəlidə onları gözəl 

günlər  gözləyir  tərkib  hissəsi  (ikinci  tərkib  hissə)  Hamıya  aydın  idi  tərkib  hissəsinə 

(birinci tərkib hissəyə) tabedir.  

2.  Tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələri  fikrin  ifadəsində  eyni  dərəcədə, 

bərabər şəkildə iştirak edir. Tabeli mürəkkəb cümlədə isə tərkib hissələrdən biri dolayı 

yolla baş cümlədəki fikri aydınlaşdırmaqla fikrin ifadəsinə xidmət edir.  

Deməli, tabesiz mürəkkəb cümlənin tərkib hissələri fikrin ifadəsində eyni dərəcədə 

iştirak edir. Tabeli mürəkkəb cümlədə isə tabeedici hissə (baş cümlə) aparıcı rol oynayır. 

Belə  ki,  əsas  fikir  baş  cümlədə  ifadə  olunur,  budaq  cümlə  isə  həmin  fikri  izah  edir, 

aydınlaşdırır, tamamlayır. Ona görə də tabeli mürəkkəb cümlənin baş cümləsindən budaq 

cümləsinə  (əksər  vaxt)  sual  vermək  olur.  Ancaq  tabesiz  mürəkkəb  cümlənin  tərkib 

hissələrinin (komponentlərinin) birindən o birinə sual vermək olmur.  

3. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün tabesizlik, 

tabeli  mürəkkəb  cümlələrin  tərkib  hissələrini  əlaqələndirmək  üçün  tabelilik 

bağlayıcılarından  istifadə  olunur.  Hətta  intonasiya  ilə  əlaqələnən  bu  cür  cümlələrdə 

tabesiz və tabeli xarakter olduğu özünü göstərir.  

Deməli,  tabesiz  mürəkkəb  cümlənin  tərkib  hissələrini  əlaqələndirən  bağlayıcılar 

tabesiz (məs.: və, lakin, amma, ancaq və s.), tabeli mürəkkəb cümlənin tərkib hissələrini 

əlaqələndirən  bağlayıcılar  tabeli  (məs.:  ki,  çünki  və  s.)  bağlayıcılardır.  Məsələn: 



 

Canavarın burun pərələri titrəyirdi, heyvan qan iyi almışdı, amma bu iydə nəsə başqa bir 



şey vardı: ac heyvanın iştahası küsmüşdü.

 

 (“Qətl günü” romanı, Y.Səmədoğlu) Kişi atalıq 



məhəbbətinin bütün qüvvəsi ilə bu mövqeyi qoruyurdu, lakin, buna baxmayaraq, Tərlanın 

ölümünə  razı  olardı,  şəriətə  müxalif  iş  tutmasına  razı  olmazdı.  (“Aləmdə  səsim  var 

mənim”, Ə.Cəfərzadə) Sona sıxılmış mələfəni Nisəyə verəndə gəlinin gözlərində elə bir 

dərd, elə bir ələm var idi ki, bu gənc qızın nəzərlərindən qaçmadı, ağır daş kimi qəlbinə 

çökdü. Qız təəssüfləndi.

 

(“Aləmdə səsim var mənim”, Ə.Cəfərzadə).  



Tabeli mürəkkəb cümlənin özünəməxsus xüsusiyyətləri. Tabeli mürəkkəb cümlələr 

baş və budaq cümlələrdən ibarət olur. Tabeli mürəkkəb cümlələrdə qrammatik cəhətdən 

müstəqil olan cümləyə baş cümlə, baş cümlədən asılı olan, onu izah edib aydınlaşdıran 

hissəyə budaq cümlə deyilir. Baş cümlə tabeli mürəkkəb cümlələrin təşkiledici mərkəzi 

hesab  olunur.  Baş  cümlə

 

tabeli  mürəkkəb  cümlənin  yalnız  qrammatik  cəhətdən  deyil, 



mənaca  da  formalaşması  üçün  təşkiledici  mərkəzdir.  Baş  və  budaq  cümlələri 

fərqləndirərkən  onların  mənasına  yox,  qrammatik  müstəqilliyinə  əsaslanmaq  lazımdır. 

Məna baş və budaq cümlələrdə

 

müxtəlif şəkildə paylana bilir. Bəzən baş cümlə, bəzən də 



budaq cümlə daha mənalı olur. Bəzən də məna yükü baş və budaq cümlədə bərabər şəkildə 

paylanmış olur. Odur ki, budaq cümləni müəyyənləşdirmək üçün məna əsas olmamalıdır. 

Əgər  məna  əsas  götürülsəydi  onda  "Danışığından,  sənət  və  ordenlərindən  görünür  ki, 

qoçaq  adamdır"  cümləsində  ikinci  tərkib  (qoçaq  adamdır)  baş,  birincisi  budaq  cümlə 

olmalı idi. Çünki ikinci tərkib daha bitkin fikir ifadə edir. Oxucunu, dinləyicini intizarda 

qoymur. Əslində

 

isə bu cümlədə birinci tərkib baş, ikincisi budaq cümlədir. Ona görə ki, 



baş  cümlənin  bir  üzvü  (mübtədası)  buraxılmış  və  o,  ikinci  tərkibi  əmələ  gətirmişdir. 

Deməli, mahiyyət etibarı ilə ikinci tərkib birincinin bir üzvünə bərabərdir. Bunu həmin 

cümləni  sadələşdirməklə  də  görmək  olar:  Danışığından,  sənət  və

 

ordenlərindən  qoçaq 



adam olduğu görünür.  

Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr. Tabeli mürəkkəb 

cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün bağlayıcılardan, bağlayıcı sözlərdən və 

şəkilçilərdən (-sa, -sə; -mı

4

) istifadə olunur. Bu vasitələr baş və budaq cümlələrin yerinin 




 

müəyyənləşməsində  mühüm  rol  oynayır.  Tabeli  mürəkkəb  cümlələrin  tərkib  hissələri 



bağlayıcılarla əlaqələndikdə adətən, əksərən (doxsan faiz) baş cümlə əvvəl budaq cümlə 

sonra  işlənir.  Məsələn:  Peyğəmbər  nəsihətini  onu  eşidənlərə  deyil,  qulaq  asmayanlara, 

ağzına  daş  vuranlara  eləyib,  çünki  dininin  həqiqiliyinə,  öz  xalqına  xidmət  etiqadına 

inanıb, öz gözlərində tir görməyənlər, sənin gözündə tük axtaracaq. Elə bilirsən bilmirik 

ki, axır vaxtlar kimin üçün oynayırsan, kimin üçün ah-uf eləyirsən? (“Aləmdə səsim var 

mənim”, Ə.Cəfərzadə).  

Budaq cümlə baş cümləyə bağlayıcı sözlə, şəkilçi ilə bağlandıqda  əksinə, budaq 

cümlə  əvvəl,  baş  cümlə  sonra  işlənir.  Məs.:  Bir  qədəh  olsaydım  o  şərabdan  mən, 

təmənnam qalmazdı iki aləmdən.  

Tabeli mürəkkəb cümlənin birözəkli və ikiözəkli olması. Tabeli mürəkkəb cümlələr 

bir  özəkli  və  iki  özəkli  olmaqla  fərqlənir.  Tabeli  mürəkkəb  cümlələrin  böyük 

əksəriyyətində budaq cümlə baş cümlənin bir üzvü ilə bağlı olur. Baş cümlədəki bir üzvün 

mənasını izah edir. Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə bütövlükdə baş 

cümlənin məzmunu ilə bağlı olur. Məs.: Doğru deyiblər ki, yengəni, yuyucunu razı yola 

sal,  ağzına  sirr  vermə,  bədnamçıdı  -  evlər  gəzir.

  (“Aləmdə  səsim  var  mənim”, 

Ə.Cəfərzadə). Evin burada qalmasa, sənə kim qulluq verər.  

Birinci  cümlə  tarixən  bir  tərkibdən,  bir  sadə  cümlədən,  yəni  bir  özəkdən  ibarət 

olmuşdur. Sonrakı inkişaf prosesində həmin özəkdən bir üzv, yəni tamamlıq buraxılıb və 

ikinci  tərkibi  əmələ  gətirib.  Beləliklə,  ikinci  tərkib  əslində  birincinin  bir  üzvü 

mahiyyətindədir. İndiki halda da ikinci tərkibi sadələşdirib bir üzv kimi birinci tərkibdə 

yerinə qoymaq olar və cümləni bir özək şəklinə salmaq olar: Yarağın yaman şey olduğunu 

doğru deyiblər.  

İkinci  cümlə  bundan  fərqli  inkişaf  yolu  keçmişdir.  İkinci  cümlə  tarixən  iki  sadə 

cümlədən, yəni iki müxtəlif özəkdən ibarət olub. Bunlar tədricən nitq prosesində ardıcıl 

işlənməklə, bərabər hüquq formasında birləşib və tabesiz mürəkkəb cümlə əmələgətirib. 

Sonrakı inkişaf prosesində onun tərkib hissələrindən biri (birincisi) öz müstəqilliyini itirib 

budaq cümləyə çevrilib və nəticədə tabesiz mürəkkəb cümlədən tabeli mürəkkəb cümlə 




 

əmələ gəlib. Bu cür cümlələr iki özəkdən ibarət olduğu üçün bunları sadələşdirmək, budaq 



cümləni baş cümlədə bir üzv yerinə qoymaq olmur. Şərt, qarşılaşdırma, qoşulma və nəticə 

budaq cümlələri belə cümlələrdir. 

Birinci cümlə tarixən bir sadə cümlədən ibarət olduğu üçün bir özəkli, ikincisi iki 

cümlədən qurulduğu üçün iki özəkli cümlə hesab olunur.  

Tabeli  mürəkkəb  cümlədə  budaq  cümlənin  baş  cümləyə  aidliyi  məsələsi.  Tabeli 

mürəkkəb cümlələrdə budaq cümlə adətən bir baş cümləyə aid olur. Məsələn: İndi Sona 

artıq dərk edirdi ki, onun üçün namus qorxusu keçib; indi qorxu balasının başı üzərində 

hərlənir, indi yalnız o bir ana kimi narahat idi, indi o bir qırt toyuq kimi balasını qanadı 

altına  almalı,  yaxına  gələnin  gözünü  dimdikləməli,  balasından  qovmalı  idi,  indi  o  bir 

çalağan idi ki, körpəsinin yuvasına yaxınlaşanı dimdikləyib gözünü tökməli idi. (“Aləmdə 

səsim var mənim”, Ə.Cəfərzadə). 

Bəzən budaq cümlə başqa bir budaq cümləyə də aid ola bilir. Məs.: Əgər bilsəydi 

ki, atası inciyəcək köhnə dostlarını qonaq çağırmazdı.  

Hətta bəzən budaq cümlə feili sifət, feili bağlama və məsdər tərkiblərinə də aid ola 

bilir. Məs.: Naşükür övlad deyəndə ki, məni üzü sulu yola sal əsib coşurdun. Mən əvvəllər, 

əvvələr deyəndə ki, iki il qabaq, gecə gördüyüm yuxularımı arvada danışanda o, yamanca 

əsəbiləşirdi. (“Qətl günü” romanı, Y.Səmədoğlu). Arvada demək lazımdır ki, bu gündəliyi 

hələlik, yubiley əhvalatlan qurtarana qədər heç kəsə göstərməsin. (“Qətl günü” romanı, 

Y.Səmədoğlu). 

Qeyd:  Türkologiyada  feili  sifət,  feili  bağlama  və  məsdər  tərkibləri  bəzən  budaq 

cümlə hesab olunur. Lakin belə deyildir, tərkiblər sadə cümlə hesab olunmamalıdır. Bu 

baxımdan feili sifət, feili bağlama və məsdər tərkibli sadə cümlə ilə tabeli mürəkkəb cüm-

ləni fərqləndirmək lazımdır. Ona görə də aşağıdakıları bilmək vacibdir: 

1. Feili sifət, feili bağlama və məsdər tərkibli sadə cümlələr yalnız formal cəhətdən 

mürəkkəb  cümləyə  oxşasalar  da,  yəni  bu  tərkiblər  tabeli  mürəkkəb  cümlələrin  budaq 

cümlələrinə  bənzəsələr  də,  onları  budaq  cümlə  hesab  etmək  olmaz.  Çünki  bu  oxşarlıq 




 

formal oxşarlıqdır. Həm də sadə cümlənin içərisindəki tərkiblərin müəyyən qismini tabeli 



mürəkkəb cümlənin budaq cümləsinə çevirmək mümkündür. 

Sadə cümlələrin içərisindəki feili sifət, feili bağlama və məsdər tərkibləri xəbər kimi 

formalaşmır, yəni mübtədanın icra etdiyi işi bildirmir. Ancaq tabeli mürəkkəb cümlənin 

budaq  cümləsinin  xəbəri  tam  şəkildə  formalaşır  və  mübtədanın  icra  etdiyi  işi  bildirir. 

İkinci  bir  tərəfdən,  tabeli  mürəkkəb  cümlədə  budaq  cümlə  baş  cümləyə  bağlayıcı, 

bağlayıcı söz, şəkilçi ilə bağlanır.  

2. Tərkibində ara söz və ara cümlə olan sadə cümlələr tabeli mürəkkəb cümlələrə 

oxşayır. Bu formal oxşarlığın səbəbi vardır. Belə ki, ara söz, ara cümlələr genetik cəhətdən 

tabeli  mürəkkəb  cümlənin  tərkib  hissələri  (komponentləri)  olmuşdur.  Sonralar 

transformasiya nəticəsində tədricən sadə cümləyə çevrilmişdir. Ona görə də tərkibində ara 

söz və ara cümlələr olan sadə cümlələri tabeli mürəkkəb cümlələrdən fərqləndirmək üçün 

aşağıdakıları bilmək vacibdir:  

a)  Ara  sözlər  və  ara  cümlələr  cümlədə  ifadə  olunan  fikirlə  mənaca  bağlı  olur, 

bununla belə, nisbətən müstəqillik təşkil edir. Məsələn: Deyəsən, gecikmişik cümləsində 

deyəsən  ara  sözünü  və  Yox,  əmi,  –  narazı  halda  başını  bulayaraq  davam  etdi,  –  mən 

düşmənlərimin  yolu  ilə  gedə  bilmərəm.  (Ə.Cəfərzadə)  cümləsində  Narazı  halda  başını 

bulayaraq davam etdi ara cümləsini işlətməsək, cümlənin mənasına və quruluşuna xələl 

gəlmir. Ona görə ki, qeyd olunan ara söz və ara cümlə danışanın öz fikrinə münasibətini 

bildirmək  üçün  işlədilmişdir.  Onlar  işləndikləri  cümlələrə  qrammatik  cəhətdən  təsir 

göstərə bilmir.  

b) Ara söz, ara cümlə ilə mürəkkəb cümlənin komponentlərinin daşıdığı vəzifə və 

funksiya bir-birindən fərqlənir. Belə ki, ara söz, ara cümlə ekspressiv, emosional, çağırış, 

təkid  və  s.  funksiyalar  daşıyır.  Mürəkkəb  cümlənin  komponentləri  isə  kommunikativ 

vəzifə daşıyır. Odur ki, “Elə bil mənə yalvarırdı, telefonun dəstəyindən gələn səs o qədər 

hüznlü çıxırdı ki, adamın ürəyi üzülürdü.” (“Qətl günü” romanı, Y.Səmədoğlu), “Mən 

indi anladım ki, gənclik öz əlvan rənglərini bu insanlara bəxş etmişdir” (Ə.Cəfərzadə) və 

s. tipli mürəkkəb cümlələr “Adama elə gəlirdi ki, nəzərləri ilə yerin yeddi qatına nüfuz 



10 

 

etmək istəyir”. (Y.Səmədoğlu) tipli cümlələrdən fərqlənir. Birinci və ikinci cümlələr heç 



bir  mübahisə  doğurmadan  tabeli  mürəkkəb  cümlə  kimi  qəbul  olunur.  Ancaq  üçüncü 

cümlənin (Adama elə gəlirdi ki, nəzərləri ilə yerin yeddi qatına nüfuz etmək istəyir) adama 

elə gəlirdi hissəsi müstəqil işlənə bilmir, modallıq məzmunu daşıyır, danışanın ifadə etdiyi 

fikrə münasibəti əks etdirir və ona görə də ara söz (və ya ara cümlə) funksiyası daşıyır. 

Bu  qəbildən  olan  cümlələrin  tabeli  mürəkkəb  cümlə  olub-olmaması  barədə  qəti  fikir 

söyləməyin vaxtı çatıbdır. Hər halda bu qəbildən olan cümlələrin tabeli mürəkkəb cümlə 

olmamasını söyləməyin vaxtı çatıbdır. Onu da qeyd edək ki, bu qəbildən olan cümlələrin 

müstəqil cümləyə bənzəyən ara söz, ara cümlə olan hissələrini müvafiq sinonimləri ilə 

əvəz etmək olur.  

Tabeli  mürəkkəb  cümlənin  növləri.  Tabeli  mürəkkəb  cümlənin  növləri 

aşağıdakılardır:  

I. Mübtəda budaq cümləsi;  

II. Xəbər budaq cümləsi;  

III. Tamamlıq budaq cümləsi;  

IV.Təyin budaq cümləsi;  

V. Zərflik budaq cümləsi. Zərflik budaq cümləsinin növləri isə aşağıdakılardır:  

1. Tərzi-hərəkət budaq cümləsi;  

2. Dərəcə budaq cümləsi;  

3. Zaman budaq cümləsi;  

4. Yer budaq cümləsi;  

5. Kəmiyyət budaq cümləsi 

6. Səbəb budaq cümləsi;  

7. Məqsəd budaq cümləsi;  

8. Qarşılaşdırma budaq cümləsi;  

9. Şərt budaq cümləsi;  

10. Nəticə budaq cümləsi.  

11. Qoşulma budaq cümləsi. 



11 

 


Yüklə 268,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin