228
Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə,
mənliyinə hörmət edilməlidir. Amma çox vaxt belə olmur. Müəyyən bir münaqişə
fonunda tərəflərdən biri başqasına qarşı qaba və nalayiq sözlər, ifadələr (məs.:
qotur, yaramaz, alçaq, ləçər, əclaf, tülkü, bayquş, qoyun, eşşək, donuz, heyvərə və
s.) işlədir ki, bununla da onu təhqir edir, şəxsiyyət və mənəviyyatını alçaldır.
Başqasına qarşı hər hansı bir münasibətlə qaba və təhqiredici sözlər işlətməsi
həmin adamın özünün lazımi əxlaqi keyfiyyətə sahib olmadığını göstərir.
Tanışlarımdan biri haqsız təhqirə məruz qalmışdır. Soruşduqda ki, niyə cavab
vermədin, o dedi ki, bu mənim üçün çətindir, tərbiyəm buna yol vermir.
İnsanlar arasında müxtəlif səbəbdən konfliktlər, narazılıqlar, mübahisələr
və s. ola bilər. Bütün hallarda
etik normalar gözlənilməli, təhqiramiz sözlərə,
ifadələrə yol verilməməlidir. Bunları işlədənlər tənbeh olunmalıdır. Nitqə verilən
bu tələb məktəb praktikasında xüsusi əhəmiyyət kəsb edir. Nitqin etik
normalarını şagird və tələbələr daha çox müəllimin danışığı ilə mənimsəyir, əxz
edirlər. Bu cəhət nəzərə alınmalı, hər hansı bir səbəbdən əsəbilik keçirən müəllim
şagird, tələbə və digərləri ilə ünsiyyətdə özünü dərhal ələ almağı, danışığında
heysiyyətə toxunan, şəxsiyyəti təhqir edən söz və ifadələr (məsələn, qanacaqsız,
tərbiyəsiz, alçaq, yekəbaş, başdan xarab, qanmaz, heyvərə, kütbeyn, tupoy və s.)
işlətməkdən çəkinməlidir
Müəllim-şagird, müəllim-tələbə münasibətində müəllimin davranışı,
rəftarı, şəxsi mədəniyyəti, ən başlıcası isə davranış tərzi hər zaman önəmli rola
malik olmuşdur. Son psixoloji ədəbiyyatda təlimin humanistləşdirilməsi şəraitində
müəllimin xarakteri aşağıdakı cəhətdən səciyyələndirilir: hər şagirdə hörmətlə
yanaşmaq, onun taleyi ilə yaxından maraqlanmaq,
şagirdin qabiliyyət və
istedadına optimistcəsinə hörmət etmək, şagirdlə partnyor kimi əməkdaş olmaq,
stimullaşdırma yolu ilə şagirdlərdə daxili motivlər yarada bilmək, şagird
nöqsanlarına dözümlülük göstərməyi bacarmaq, ünsiyyət mədəniyyətinə sahib
olmaq. Rusiya məktəblərində bu məqsədlə “Ünsiyyət mədəniyyəti” adlı fənn
tədris olunur. Həmin fənnə təkcə nitq mədəniyyəti deyil,
dilxarici aspektlər də
daxil edilmişdir.
229
Göründüyü kimi, ünsiyyət, danışıq mədəniyyəti ziyalı - müəllim
portretinin əsas cizgilərindən biridir. Nitqin etik normalarının daşıyıcısı və
qoruyucusu kimi müəllim bu sahədə valideynlərlə müntəzəm söhbət aparmalıdır.
Bəzən valideynlər, ata-ana, ailənin digər yaşlı üzvləri evdə bir-birinə qarşı normal
olmayan münasibət zəminində kobud, təhqiramiz sözlər işlədirlər. Belə sözlər
dərhal uşaqların danışığına keçir, başqaları ilə kiçicik ixtilaf zamanı həmin sözləri
işlədirlər. Valideynin uşağa hər hansı bir münaqişə zəminində bu cür sözlər
işlətməsi daha dözülməzdir. Uşağa məhəbbət, uşaq şəxsiyyətinə hörmət hal-
hazırda qabaqcıl ölkələrin tərbiyə sistemində çox
əhəmiyyətli məsələ hesab
olunur. Amerika pedaqoqu məşhur Benciamin Spok özünün “Analarla söhbət”
kitabında uşaqlara, onların şəxsiyyətinə hörmət və ehtiramdan bəhs edərək
göstərir ki, uşaqlar hər hansı bir səbəbdən intizamsızlıq edirsə, qayda-qanunu
pozursa, biz, adətən, özümüzü həmin şagirdi vaxtında nəzarətdə saxlamamaqda və
ya ona qarşı lazımi cəza tədbiri görməməkdə məzəmmət edirik. Əslində isə heç də
belə olmamalıdır. Bunun səbəbini uşağa, onun şəxsiyyətinə müəllimin, valideyn-
lərin və digərlərin hörmətinin, məhəbbətinin,
sevgisinin, nəvazişinin azlığında,
etinasızlıq və biganəliyində axtarmaq lazımdır (58, 27).
Natiqin nitqi, danışığı onun şəxsiyyətini, mədəni səviyyəsini, dünya-
görüşünü müəyyənləşdirən, ətrafdakılarla münasibətini nizamlayan başlıca amil-
dir. Təcrübədə olduğumuz məktəblərdə divardan asılmış davranış qaydalarının bir
neçəsində müəllim nitqinə verilən tələblərdən bəhs olunur.
Çalışın, nitqinizdə
qüsurlara yol verməyəsiniz. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alıb onlarla
danışmaqda ehtiyatlı olun. Şagirdlərə müraciət edərkən pedaqoji qayda və
tələblərə riayət edin
və s. Bu tələblərdə aydınlıq və konkretlik az olsa da, hər
halda müəllim nitqinin etik normalarına əməl olunmasının vacibliyi qeyd edilir,
nəzərə çarpdırılır.
Nəzakətli danışıq qaydalarının şagirdlər, eləcə də tələbələr üçün tərtib
edilib divardan asılması və ya dərs vəsaitinin (məsələn, dəftərlərin) üz qabığında
nəşr edilməsi və s. formada nəzərə çatdırılması ancaq fayda verə bilər. Vaxtilə
məktəblərimizdə belə bir təcrübə olmuşdu. Məsələn, 60-cı illərdə məktəblilər