II. Pensiya sisteminin idarə olunması
Ortamüddətli perspektivdə pensiya islahatı siyasəti üçnövlü pensiya təminatı sisteminin təşkilinə yönəldilməlidir. Birinci növ pensiya təminatı məcburi dövlət sığorta sistemini təşkil edən əmək pensiyasını nəzərdə tutur. Əmək pensiyası islahatına aşağıdakı prinsipial tələb qoyulmalıdır:
pensiyanın məbləği sığortanın davamiyyətindən və sığorta haqqının miqdarından asılı olan və verilmə şərtləri hər bir konkret şəxsin sosial sığortada iştirakı zamanı ödədiyi vəsaitin həcminə uyğun olmalıdır;
pensiyanın miqdarı və vətəndaşın pensiya hüququ müəyyən edilərkən sığorta haqqının ödənilməsi ilə bağlı olmayan dövrlər nəzərə alınmamalıdır;
dövlət sosial sığorta sistemində vaxtından tez pensiyaya çıxmaq üzrə güzəştlər məhdudlaşdırılmalıdır. Vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı əlavə xərclər işəgötürənlər tərəfindən maliyyələşdirilməlidir.
Pensiya təminatı sisteminin ikinci növü birinci növlə əhatə olunmayanlara, yaxud əmək pensiyası almayanlara sosial kömək göstərməsini nəzərdə tutur. İlk iki növ pensiya qocaların, əlillərin və ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin həyata keçirilməsi məqsədinə xidmət edir.
Pensiya təminatı sisteminin üçüncü növünü qeyri-dövlət pensiyaları təşkil edir. Qeyri-dövlət pensiya sisteminin formalaşmasını və inkişafını dövlətin nəzarəti altında həyata keçirmək nəzərdə tutulur.
Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi, pensiyaların tə`yin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilatı, statistik mə`lumatın yığılması işlərini həyata keçirəcəkdir.
Dostları ilə paylaş: |