NAXÇIVAN
İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MONITORİGİ (http://nakhchivan.org.az/)
PRESS-RELİZ
22 Noyabr 2010-cu il
Naxçıvan, Azərbaycan
-
QANUNSUZ HƏBSDƏ SAXLANILAN SABİT ƏLİYEV SƏRBƏST BURAXILDI
-
“NAXÇIVANDA MƏLUMAT ƏLDƏ EDİLMƏSİ ÜZRƏ JURNALİST TƏŞƏBBÜSLƏRİ” LAYİHƏSİ ÜZRƏ İLKİN HESABAT
QANUNSUZ HƏBSDƏ SAXLANILAN SABİT ƏLİYEV SƏRBƏST BURAXILDI
Məhkəmə hökmü olmadan 12 noyabr tarixdən Şərur Rayon Polis Şöbəsində saxlanılan və taleyi haqda heç bir məlumat verilməyən “AXCP-Müsavat” seçki blokunun 7 noyabr parlament seçkilərində vahid namizədi olmuş Səxavət Əliyevin qardaşı Sabit Əliyev dünən (21.10.10) evə buraxılıb. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirlərinə Sabit Əliyevin qardaş Çapay Əlisoy məlumat verib.
“Noyabrın 21-də günorta saatlarında qardaşım evə buraxılıb. Bu gün (22.11.10) o, yenidən polisə gedəcək. Müstəntiq onu şikayətçilərlə birlikdə qəbul edərək məsələni çözməyə çalışacağını bildirib ”, - deyə qeyd edən Çapay Əlisoy bundan sonra hansı hadisənin baş verəcəyini, qardaşının buraxılacağı və ya yenidən həbs olacağı haqda heç nə deyə bilməyəcəyini də vurğulayıb.
Xatırladaq ki, 7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qohumlarına qarşı təzyiqlər başlayıb. Namizədin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi də başda olmaqla bir neçə məmur tərəfindən təxribata çəkilib. Noyabrın 12-si o, heç bir əsas olmadan Şərur rayon Polis Şöbəsinə aparılıb. Şikayətçilər İddia edirlər ki, guya Sabit Əliyev kəndin icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin Mahmudovu və kəndin mollası Yasin Əliyevi təhqir edib,
Günahlandırılan Sabit Əliyev isə deyilənləri təkzib edib. Bildirib ki, onun şikayət yazanlara qarşı heç bir qərəzi olmayıb. Sadəcə hər kəsin qarşısında seçkilərin saxtalaşdırılmasını və səslərin oğurlanmasını bildirib.
“NAXÇIVANDA MƏLUMAT ƏLDƏ EDİLMƏSİ ÜZRƏ JURNALİST TƏŞƏBBÜSLƏRİ” LAYİHƏSİ ÜZRƏ İLKİN HESABAT
Layihə barədə ümumi məlumat.
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəklədiyi layihə Naxçıvanda vətəndaşların, xüsusilə də jurnalistlərin məlumatlara çatımlıq imkanlarının genişləndirilməsi ilə bağlıdır. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının bütün dövlət qurumlarına böyük ictimai maraq kəsb edən məsələlər üzrə informasiya sorğuları göndərilir, onlara verilən cavablar qiymətləndirilir və cavablandırılmayan sorğular üzrə müvafiq məhkəmələrə müraciətlər edilir. İki ay (sentyabr-oktyabr) müddətində həyata keçirilən layihəyə artıq start verilib.
Layihə çərçivəsində 2 hesabatın – ilkin və yekun hesabatların hazırlanması nəzərdə tutulur ki, hazırkı sənəd ilkin hesabat kimi çıxış edir.
Hüquqi çərçivə.
Azərbaycan Respublikasının qanunvericiliyində məlumat əldə edilmə azadlığı ilə bağlı geniş müddəalar ehtiva edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
“İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
“İnformasiya əldə etmək haqqında” Qanunun 30-cu maddəsində deyilir ki, ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır. Həmin Qanunun 32-ci maddəsi isə ictimai informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatlarının yaradılması vəzifəsini dövlət orqanları və bələdiyyələrin üzərinə qoyur.
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün” Dövlət Proqramı (“Elektron Azərbaycan”) Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Proqramda dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda sənədin 4.2-ci maddəsi dövlət və yerli özünüidarəetmə orqanlarında İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi kimi istiqamət fəaliyyətini təsbit edir.
Görülən işlər nəticəsində əldə edilən ilkin nəticələr.
Ən ilkin nəticə ondan ibarətdir ki, Naxçıvan MR-da mövcud olan dövlət qurumlarının İnternet resurs ehtiyatları, başqa sözlə desək, veb-səhifələri yox səviyyəsindədir. Belə ki, 45-dən artıq dövlət qurumunun1 mövcud olmasına baxmayaraq onlardan cəmi 5-nin veb-səhifəsi mövcuddur:
-
Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - http://www.ritn.nakhchivan.az/;
-
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR İdarəsi - http://dmfa.nakhchivan.az/;
-
Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti - http://www.mi.nakhchivan.az/;
-
Naxçıvan MR Ali Məhkəməsi - http://www.supremecourt.nakhchivan.az/;
-
Naxçıvan Mərkəzi Seçki Komissiyası - http://msk.naxcivan.info/.
Əlavə araşdırmalar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının dövlət qurumlarının dövlət qurumlarının veb-səhifələrində müvafiq olaraq Naxçıvan MR-nın dövlət qurumunun veb-səhifəsində olmalı olan məlumatlar yoxdur. Bu veb-səhifələrin bəzilərində Naxçıvan MR-dakı dövlət qurumunun ünvanı və əlaqə vasitələri, həmin dövlət qurumu ilə bağlı olan azsaylı qərarlara və məlumatlara rast gəlmək mümkündür.
Dövlət qurumlarının veb-səhifələrinin olmaması nəticədə ən sadə sualların da həmin qurumlara ünvanlanması zərurəti yaradır. Bununla belə biz layihə çərçivəsində yuxarıda göstərilən dövlət qurumlarından 31-ə böyük ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı informasiya sorğuları ünvanlayırıq. Bu sorğularda istənilən məlumatların əksəriyyətini digər resurslar (ümumi internet axtarış sistemi, kitab və digər nəşrlər) vasitəsilə də tapmaq mümkün deyil. Məs, Naxçıvan MR-da olan cəzaçəkmə müəssisələrində məhbusların ümumi sayı və vaxtından əvvəl azadlığa buraxılmış məhkumların sayı, kütləvi aksiyalar üçün nəzərdə tutulmuş yerlərin siyahısı, dövlət qurumlarının ştat cədvəlləri, digər ümumiləşdirilmiş statistik məlumatlar və s.
Görüləcək işlər.
Dövlət qurumlarına göndərilmiş informasiya sorğularının cavablandrılmaması və ya kifayət qədər cavablandırılmaması hallarında onlara qarşı məhkəmə iddiaları qaldırılacaq. Ən strateji məsələlər üzrə göndərilmiş informasiya sorğuları üzrə 10-a qədər iş barədə Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək (yerli məhkəmələr iddialrımızı təmin etmədiyi halda).
Naxçıvan MR-nın dövlət qurumlarının İnternet ehtiyat resurslarının olmaması və bunun mövcud qanunvericiliyə zidd olması barədə Naxçıvan MR Ali Məclisinə, Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciətlər göndəriləcək.
Bu hesabatın təqdim edilməsi üçün Naxçıvan MR-da oktyabr ayında dəyirmi masa keçiriləcək, dövlət qurumlarının nümayəndələri dəvət ediləcək və hesabata daxil edilmiş ilkin tövsiyələr müzakirə ediləcək.
İlkin tövsiyələr.
Naxçıvan MR-da məlumat əldə edilməsi azadlığının təmin edilməsi və informasiya sorğularının sayının azalması məqsədilə aşağıdakı təkliflər irəli sürülür:
-
Naxçıvan MR-da dərhal dövlət qurumlarının İnternet ehtiyat resurslarının yaradılmasına başlanılsın;
-
Mövcud olan və gələcəkdə yaradılacaq resurslar müntəzəm olaraq təkmilləşdirilsin;
-
Məlumat əldə edilməsi azadlığı ilə bağlı Naxçıvan MR-nın dövlət qurumlarının təşəbbüsü ilə xüsusi tədbir keçirilsin və vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərinin ifadə olunması üçün şərait yaradılsın.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Əlaqə üçün e-mail: nakhchivan.org.az01@gmail.com
Dostları ilə paylaş: |