Becərilmə aqrotexnikası. Növbəli əkində paxla gübrələnmiş məşğullu heriyə əkilən
buğdadan sonra yerləşdirilir. Özü bir çox bitkilər üçün yaxşı sələf və yaxşı herik bitkisidir.
Taxıllardan sonra əkiləcəksə kövşənlik 6-8 sm dərinlikdə üzlənməli, sonra alaq toxumlarını
cücərtmək üçün aldadıcı suvarma aparılmalıdır. Səpinə bir ay qalmış cücərtilər sahədə göründükdə
28-30 sm dərinliyində şum edilir. Sahə malalanmalı və səpinə 10-15 gün qalmış arat edilməlidir.
Sahəyə çıxmaq mümkün olduqda arat malalanmalı və kultivatorla başdan-başa becərilməlidir.
Paxla bitkisi gübrələrə çox həssasdır. Peyinin sələf bitkilər altına verilməsi məsləhətdir.
Adətən, sələf bitkisi altına 15-20 ton çürümüş peyin verilir. Təsir edici maddə hesabı ilə əsas şum
altına 60-70 kq, fosfor və 30-40 kq kalium gübrəsi verilir. Səpinlə birlikdə cərgələrə yandan 15-20
kq superfosfat verilir.
Səpin üçün xəstəlik və zərərvericilərlə sirayətlənməmiş toxumlar seçilir.
Səpindən əvvəl toxumlar dərmanlanır, mikroelementlər və rizotorfinlə işlənilir. 1 ton toxuma
1 kq fentiuram və ya 4 kq TMTD sərf olunur.
Ən yaxşı səpin müddəti oktyabr ayının ortaları və noyabrın əvvəlləridir. Paxla yazda da
səpilir, lakin, məhsuldarlıq payızlığa nisbətən aşağı olur. Yazda fevral və mart ayında səpilir.
Paxla gencərgəli nöqtəvi üsulda səpilir. Cərəgə arası 60 sm götürülür. Toxumun iriliyindən
asılı olaraq hektara 100-300 kq toxum səpilir. Toxumlar 6-8 sm, ağır, qaysaqlı torpaqlarda 4-5 sm
dərinlikdə basdırılır.
Cücərtilər göründükdə rotasiya toxası ilə cərgələrin əksinə və diaqonal istiqamətində, günün
2-ci yarısında mala çəkilir. Vegetasiya müddətində 1-2 dəfə kultivasiya çəkilməli və suvarma üçün
şırımlar açılmalıdır.
Birinci suvarma budaqlanma başlandıqda, 2-ci qönçələmə – çiçəkləmə fazasında, 3-cü
suvarma isə paxlalar əmələ gəlməyə başladıqda aparılır.
Alaqlarla mübarizə məqsədi ilə səpinqabağı kultivasiya altına prometrin verilir.
Cərgələrarası qovuşduqda – yəni paxla kütləvi əmələ gəldikdə ucvurma aparılması müsbət
nəticə verir.
Yığıma 2-3 həftə qalmış ammonium şorasının 10-15% -li məhlulu ilə defolyasiya aparılması
yaxşı nəticə verir.
Paxla hissə-hissə üsulla yığılır. Kütlə torpaqdan 6-8 sm hündürlükdə biçilir. Biçilmiş kütlə
quruduqda və dəndə 16-18% nəmlik olduqda adi döyüm maşınları ilə döyülməlidir. Təmizlənməli
və anbarlarda saxlanılmalıdır.