Bitkinin tarixi və yayılması. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O, çinlilərə
bizim eradan 6 min il əvvəl məlum olub sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və
İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq
Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər.
Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində
soya dünyada birinci yeri tutur. Dünya əkinçilik sistemində
2003-cü ildə onun əkin sahəsi 83 mln hektar olmuşdur.
Soya bitkisi təxminən 50-yə yaxın ölkədə becərilir. Soyanın
əkin sahəsi ABŞ-da təxminən 30 mln, Çində 15 mln,
Braziliyada 3,0 mln hektardır. Bu bitki Hindistanda,
Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada,
Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada,
Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və
Azərbaycanda becərilir. Dünya üzrə orta məhsuldarlıq 14-
15 sentnerdir.
Rusiyada soyanın əkin sahəsi yarım milyon hektardan
çoxdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən
məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə
250-300 sentnerə çatır.
Botaniki təsviri. Soya
(Gilisine hispida L.) – 40 -
dan çox növü əhatə edən birillik bitkidir. Mil kök sisteminə
aiddir. Gövdəsi möhkəm, dik dayanan, güclü budaqlanan
1,5 m - ə qədər hündürlüyündə kol əmələ gətirir. Yarpaqları
üçlüdür, yığım zamanı tam tökülür. Çiçəkləri xırda, yarpaq
qoltuğunda salxım şəklində oturan (3 – 5 çiçək) ağ yaxud açıq-bənövşəyi rənglidir. Soya bitkisində
öz-özünü tozlama üstünlük təşkil edir, çiçəkləmənin qapalı getməsinə görə təbii hibridlər nadir
hallarda olur. Paxlalarının forması və rəngi müxtəlif, 1-5 toxumlu olur. Soyanın gövdəsi, yarpaqları
və paxlaları sıx sərt tükcüklərlə örtülüdür. Toxumları oval yaxud girdə formalı olmaqla sortdan asılı
olaraq sarı, yaşıl, qonur yaxud qara rəngli olur.
Mədəni soya növü aşağıdakı coğrafi-ekoloji yarımnövlərə ayrılır.