“Qərb dövlətləri müasir cəmiyyətə malik olmalarına baxmayaraq qərbli insan çökür”
Fəlsəfə elmləri doktoru Könül Bünyadzadə: “Bunu bir fransız, ya bir alman gözəl dərk edir və hələ ayaq üstə dura bilən şərqlinin köklərini öyrənmək istəyir”
Layihə çərçivəsində müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. K.Bünyadzadə ilə dəyərlər mövzusunda söhbət açdıq.K.Bünyadzadə düşünür ki, elmin, hikmətin, yüksək həqiqətlərin nə milliyyəti var, nə dini, nə dili: “Onlar bəşəriyyətindir. Elə şeylər də var ki, millət ancaq onun sayəsində bir millət kimi mövcuddur. Onlar ümumbəşəri ola bilməz. Bunlar bəşəriyyətə qazanc gətirə bilən şəxsin sabitliyini, orijinallığını təmin edən dəyərlərdir. Bəli, bəşəriyyət hazırda iki böhran yaşayır: iqtisadiyyatda və düşüncələrdə. Düzdür, Cübranın fikrinə görə, “xaos həmişə xeyir gətirir, çünki sərxoş yuxu ayılma ilə, hissiyyatsızlıq fəaliyyətlə əvəz olunanda millətin gizli imkanları aşkarlanır… Hər dəfə təbii təməlini qoruyub saxlamış milləti xaos bürüyəndə, bu, onun fərdlərində yaradıcılıq gücünün, cəmiyyətində isə hazırlığın əlamətinə çevrilir”. Cübranın sözlərində iki fikir üzərində xüsusi dayanaq. Əvvəla, məhz xaosda bir ayılma, başqa sözlə desək, yeni bir nizam formalaşdırmaq imkanı var. İkincisi, bu imkan məhz öz kökünü, təbii təməllərini qoruyub saxlaya bilmiş millətə verilə bilər, çünki Əbu Turxanın da bildirdiyi kimi, millilik özündə ümumbəşəriliyi ehtiva edir və bu ümumbəşəriliyə çatmaq üçün millilikdən keçmək lazımdır. Milli dəyərlər özününküdür, onlar bölüşülmür, xərclənmir, onlar etibarlı kapitaldır”. Alim qeyd edir ki, mənəvi dəyərlər millətlə bərabər doğulmur. Tarix boyu millətin mənliyini təsdiq edən, ən dərin xaosda belə onun özəlliyini qoruyan, digər millətlər arasında ona yer ayıran keyfiyyətlər zaman-zaman üst-üstə gəlir və dəyərlər sistemini yaradır: “Bunlardan bəziləri alt qata keçməklə daha dayanıqlı və sabit, tarixə davamlı olur. Bəziləri isə müəyyən təsir və təzyiqlər altında qırılır, aşılanır, dəyişir, yeni keyfiyyət və anlam qazanır. Mənəvi dəyərləri daha çox və sabit olan millətlərin potensial gücü çox olur və onun digər millətlər arasında tutduğu yer böyük və dayanıqlı olur. Bir zamanlar sadəcə adı olan bir millət məhz özünəməxsus dəyərlərlə güc qazana bilir. Və əksinə, məhz dəyərlərini itirməklə hər hansı bir millət son nəticədə adının da yox olması təhlükəsi ilə üzləşə bilir”.Bu gün “kasıblamış” Qərbin qarşısına Şərq öz dəyərlərini – mayasını qoyub: “Başqa şeyi zatən yoxdur. Bu dəyərlər sistemindən Qərb çox şey yox, sadəcə özünə lazım olanı, özünün xərcləyib tükətdiklərini götürür: imanı və mənəviyyatı. Təsadüfi deyil ki, məhz bu keyfiyyətlərə malik filosoflar, mütəfəkkirlər, şəxsiyyətlər bəşəriyyətin xəzinəsinə nə isə verə bilirlər. Mənəvi dəyərlərin ən dərin qatı onun dinidir, inancıdır. İman – gücdür, stimuldur və bu stimuldan yararlanmaq üçün öz imanının sarsılmazlığına inanmalısan və imanını dərk etməlisən. Bir var iman insanı ayaq üstə saxlayan, bir şəxsiyyət kimi yetişdirən və stabilliyini qoruyan hərəkətverici qüvvə ola, bir də var iman insanın əl-qolunu bağlayan, təslimiyyət aşılayan və idarə edən qüvvəyə çevrilə. İman həm də insan idrakının imkanlarının hüdudlarını təyin edir- nəyə inanırsa dərk qabiliyyəti də o qədərdir... İnsan inandığına bənzəməyə çalışır, inandığını tanımaq üçün ona gedən vasitələri, həqiqətləri tanıyır, dərk edir. Qərbli insanın iman obyekti dəyişdikcə – elm, insan əqli, texnika və onun dünyası da kiçilirdi, daralırdı, mexanikləşirdi, cansızlaşırdı. Yeni Dövrdə Avropa kilsə də daxil olmaqla, imandan da imtina etdi və buna əsası var idi. Hələ Volter etiraf edirdi ki, qərbli insan “tək xeyirxah, tək həqiqi dindən istifadə edərək nə qədər pisliklər törədib”. Ən Yeni Dövrdə isə insana inam da məhv edilməyə başladı. Bu faktı mədəniyyətin demək olar ki, bütün sahələrində görmək mümkündür: filmlərdə, əsərlərdə qəhrəman düşmənə çevrilir, oğul ataya, ana övladına xəyanət edir, ən mülayim, nümunəvi vətəndaş ən qatı qatil çıxır, lider saxtalıqda ifşa olunur. Tamaşaçı, oxucu məcburdur ki, ya qəhrəmanından imtina etsin, ya da satqını özünün idealı kimi qəbul eləsin. Nəticədə insana inam nəinki itir, hətta təhlükəyə çevrilir”. İnsan onu ilahi aləmlə bağlayan bir ruha sahibdir və qeyri-ixtiyari bir çıxış yolu axtarır, çabalayır, əminliklə etibar edə biləcəyi bir dayaq axtarır. Danılmaz bir faktdır ki, bütün ehtiyaclarına, Qərblə nisbətdə ağır həyat şəraitinə baxmayaraq, Şərq özünün möhkəm ruhunu saxlayıb: “Hətta 1904-cü ildə İngiltərənin 4600 nəfərlik ordu və ağır silahları ilə üzbəüz dayanan, demək olar ki, əliyalın tibetlilərin döyüşünü, daha doğrusu, sonuncuların qətliamını təsvir edən tarixçilər heyrətlə yazırdılar ki, tibetlilər yaralı, ölümcül olsalar da, ingilis əsgərlər onların qalib ruhlarının qarşısında aciz qalmışdılar, özlərini məğlub hiss edirdilər. Qısacası, Qərb inanır ki, Şərq onun üçün etibarlı dayaq və mənəvi kapital mənbəyi ola bilər. Şərq dinlərinə maraq, hətta onları qəbul edənlər artıb. Şərq fəlsəfəsi Qərbdə o dərəcədə populyarlaşıb ki, ayrıca tədqiqat mərkəzləri, hətta akademiyalar açılıb, Şərq filosoflarının əlyazmaları toplanır. Şərq ölkələri bunu məmnuniyyətlə edirlər – əlahəzrət Qərb onların alimləri, saralmış əlyazmaları ilə maraqlanır, buna görə pul da verirlər.Təbii ki, Şərq Qərbin ona əl uzatmasından qürur duyur, amma Qərbin artıq boş xəzinə qırağında oturduğunu, dənizdə batan adam kimi onu xilas etmək istəyəni batırmaq iqtidarında olduğunu, ən vacibi isə, özünün mayadan xərclədiyini ya görmür, ya da buna inanmır. Əbu Turxan yazır ki, «Günəş Şərqdə doğsa da, ideya işığı Qərbdə yanır». Bəli, elmin məşəlini bir vaxtlar Şərq yandırsa da, indi Qərbin əlindədir. Lakin indi bu məşəlin yanacağı bitib və Qərb yanacaq adına Şərqdən əlinə nə keçirsə, istifadə edir. Eyni zamanda, Qərb Şərqin mütəfəkkirlərinin yalnız saralmış əlyazmalarını yox, gənc beyinlərini də alır – öz gələcəyi üçün kapital toplayır. Bəli, Qərb maddi sərvətini tökür ki, mənəvi qazancını artırsın, çünki mənəvi yoxsulluğun son olduğunu dərk edir. Şərq ölkələri isə mənəviyyatını maya dəyərinə, maddi qazanca dəyişirlər”. Alim qeyd edir ki, milli dəyərləri sabitləşdirən daha bir amil o millətin ənənəsidir: “Ənənə – torpaqda ağacın gövdəsini möhkəm saxlayan, onun yarpaqlaması, meyvə verməsi üçün onu qidalandıran köküdür. Bu gün Qərb dövlətləri kifayət qədər nizamlı bir cəmiyyətə, mükəmməl mexanizm kimi işləyən qanunlar sisteminə malikdirlər. Lakin qərbli insan çökür, insanlıq çökür və belə məlum olur ki, bu faktlar əsas deyil, sadəcə yardımçıdır. Bunu bir fransız, ya bir alman gözəl dərk edir və hələ ayaq üstə dura bilən şərqlinin köklərini öyrənmək istəyir. Şərqli böyük məmnuniyyətlə bu işdə ona köməklik edir və əlinə bel alıb öz kökünü qazmağa girişir, hörmətli qonağı məmnun eləmək üçün bu kökün nümunələrindən kəsib ona bağışlayır. O, öz işinə o qədər aludə olur, o qədər canfəşanlıq edir ki, ağacın kökləri ilə alaqları seçə bilmir. Beləcə, bir bel vuranda ailə ənənələri qırılır, o birində – abır-həya, bu birində – milli adətlər, daha bir bel milli ideyaları söküb atır, nəhayət, bu böyük ağac qurumaq həddinə gəlir. Sonra da əli-ayağı təmiz qərblinin yanında bu qara torpaqdan iyrənib özünün necə də geridə qalmış, çirkli bir mentalitetə sahib olması barədə odlu çıxışlar edir, məqalələr yazır və özü kimi “kök qazıyanlar” arasında qəhrəmana çevrilir. Qərbli o qurumuş ağacdan istifadə edəcək – yanacaq kimi, ancaq yeni ruh axtarışını yenə davam etdirəcək və əli belli bu qəbir qazan artıq lazımsız olacaq”. Filosof bildirir ki, maddi qazanc mənəvi qazancla möhkəmlənməyəndə, su olub axır, qum kimi ovucdan tökülür: “Ərəb dövlətlərinin çoxusunun mənəviyyatının “bahara” ehtiyacı var idi, ona görə heç maddi dəyərlərini də qoruya bilmədilər: ölkələri viran qoyuldu, əhalisi qanına qəltan edildi, lideri saxta çıxdı, pulları ...Qərbə qaldı.Milli dəyərləri formalaşdıran, mənəviyyatı sabitləşdirən milli ruhdur, milli ruhun qoruyucusu isə filosoflar, sənətkarlardır. Qərb artıq dərk edir ki, bir millətin filosofu, Kamil İnsanı yoxdursa, deməli, qazancı da yoxdur, deməli, xərclədiyi mayadandır, deməli, bir gün o xalq tükənəcək, batacaq. Qəribə paradoksdur. Qərb üzünü yenə Şərqə tutur, çünki onun ruhu var. Şərq də ürəklə ruhunu xərcləyir. Amma Qərbə ona xidmət edən, ona qazanc gətirən ruh lazımdır, milli yox. Təsadüfi deyil ki, bu gün Şərq ölkələrində Qərb filosofları, onların ideyaları, hətta onlar milli ruha düşmən olsalar belə, Şərqdə daha böyük hörmət və nüfuz sahibidirlər, nəinki öz milli filosofları. Üstəlik, bu yad ideyalar şəraitə görə dəyərləndirilmir, dəyərlər bu ideyalara görə deformasiya edilir”.Alim düşünür ki, bu gün Şərq özünü Qərbin yolunda “şəhid” edir, amma Qərbə şəhid lazım deyil, o, heç bunun mənasını da bilmir, dərk eləmir. O, özünü ona qurban edən, onun bir zamankı yerişini getməyə çalışan – imanından imtina edən, azadlıq deyib maddi istəkləri arasında boğulan insanlara tamaşa edir, ara-bir puldan-paradan verib qabağında oynadır, məmnuniyyətlə maya dəyərinə dəyərlər alır. Axı ona qazanc lazımdır, həm də mənəvi qazanc...
İlkin AĞAYEV