Qizilbaliq



Yüklə 163,43 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü163,43 Kb.
#8532
1   2   3

Qırmızı balıq: Bu balıqlar sürüsünün həyatını niyə pərişan edirsiniz? Nə istəyirsiniz bu zavallı balıqlardan?

Balıqudan öz-özünə düşündü ki, bu sözlər ona tanış gəlir. Bacısı ona demişdi ki, uzaqlardan bir Qaraca balıq gəlmiş, bəzi söhbətlərdən sonra onların anasının qarnını söküb öldürmüşdü. Bu üzdən də balıqudan Qırmızı balığın da o soydan olduğunu düşündü və sevindi. Sevindi ki, anasının intiqamını almanın zamanı tam olaraq gəlmişdir.

Balıqudan: Sən Qaraca balığı tanıyırsanmı dadlıca?

Qırmızı balıq: Bəli, tanıyıram. Yəni eşitmişəm. Azadlıq və bərabərlik haqqında onunla eyni görüşləri paylaşıram. O mənim düşüncə öndərimdir.

Balıqudan: Bilirsənmi ki, o mənim anamın qarnını söküb öldürübdür?

Qırmızı balıq: Siz bir qan davasından söhbət açmaq istəyirsiniz. Mən isə balıqların həyatı haqqında danışıram. Ancaq bilirəm ki, o savaşda sizin ananız haqsız olmuşdur.

Qırmızı balığın son sözü balıqudanı qızdırdı və “İndi mən sənə kimin haqlı olduğunu göstərəcəyəm. Haq güclünün tərəfindədir. Orda dur, qoy sənə haqqın nə olduğunu göstərim.”— dedi.

Balıqudan qırmızı balığı yaxalamaq üçün hücuma keçdi. Qırmızı balıq bir atılışla balıqudanın burnunun üstündə oturub iki qılıncını onun gözlərinə soxdu. Balıqudanın gözləri heç yeri görmürdü. Gözlərindən qan fışqırır, yüksək səslə bağırıb “ey vaay, gözüm çıxdı!”— deyə bağırırdı. Qayaların arxasında gizlənən balıqlar heyrətdən şaşırmışdılar. Qırmızı balıq bir sıçrayışla balıqudanın burunun üstündə oturub onun gözlərini sürətli bir hərəkətlə sökmüşdü. Balıqudanın bağırtıları davam edirdi. Balıqlar Qırmızı balığın ətrafına toplaşıb ona “afərin!” deyirdilər. Qırmızı balıq üzünü balıqlara tutub dedi: Balıqlar, mən bu balıqudan deyilən vəhşini öldürə bilərəm, ancaq öldürmürəm. Qoyun kor gözləri ilə yaşasın burda və başqa balıqudanlara ibrət olsun.

Balıqlar bu qəhrəmanlıq qarşısında elə şaşırmışdılar ki, nə deyəcəklərini bilmirdilər. Onlardan biri utana- utana irəli gəlib “Hörmətli Qırmızı balıq, bəlkə siz bizim öndərimiz olasınız.”— dedi.

Qırmızı balıq: Yox, mənim görəvim başqadır. Sizlər öz içinizdən özünüzə bir öndər seçin. Mən daha uzaqlara getməliyəm. Uzaqlara, sonsuzluğun özünə varmalıyam. Dənizə qovuşmalıyam. Dənizdəki həyatı təcrübə edib azadlığın sonsuzluq anlayışını anlamalıyam. Bu yolda mənimlə həmsəfər olmağı sizlərdən istəməyəcəm. Çünkü hər kəsin bir həyat şəkli var. Siz bu mühitdə mutlu ola bilirsinizsə, yaşayın burda. Ancaq mən yolçuluğuma davam etməliyəm. Bir arxadaşım var, onu arayıb tapmalıyam.

Qırmızı balığın özünə güvənərək bu şəkildə nitq söyləməsi balıqların qorxu duyğusunu ortadan qaldırmışdı. Onunla yola çıxmağa həvəslənirdilər. Ancaq Qırmızı balıq buna razı olmurdu. Qırmızı balıq düşünürdü ki, bir anda həyəcana qapılıb qərar verənlər daha sonra rastlandıqları çətinliklər qarşısında peşman ola bilərlər. Qaraca balığa yoldaşlıq edənlərin də ruh hallarını eşitmişdi. Bu üzdən Qırmızı balıq belə hesab edirdi ki, böyük işlər üçün dünyaya gəlmiş olanlar var. Bütün çətinliklərə köks gərərək yolçuluqdan vaz keçməyənlər yeni həyatın, yeni tarixin, yeni dəyərlərin yaradıcıları olurlar. Yeni dəyərlər icad edə bilməyən balıqları bu səfərdə yanına almağı doğru bilmirdi. Bu düşüncələri ağlında gəzdirən Qırmızı balıq onların yoldaş olma təkliflərini rədd etdi. Çünkü özəlliklə Qırmızı balıq azadlıq eşqinin fərdi olduğunu düşünürdü. Özgürlük eşqi fərdin içini yandırıb-yaxmasa o, tez sönə bilər. Gərək içəridən bir enrji bizi böyük hədəflər uğrunda hərəkət etmək üçün təhrik etsin. Eşidilən sözlərlə belə çətin yollara düşmək olmaz. İçəridə özgürlük sevgisi yoxdursa, həyatdakı çətinliklər özgürlük həvəsini söndürə bilər. Qırmızı balıq üzünü balıqlara tutub “Arxadaşlar, mən yolçuluğuma davam edirəm. Sizlər əsən qalın, sağlıqla qalın. Həyatınızdakı ən önəmli əngəl ortadan qaldırılmışdır.”— dedi.

Balıqlar əl sallayaraq Qırmızı balığı uğurladılar və “Sən bizim həyatımızı qurtardın Qırmızı balıq, çox sağ ol, heç bir zaman səni unutmayacağıq.”— dedilər.

Qırmızı balıq dənizə doğru yolçuluğuna davam edirdi. Çayın ağzı genişləmiş, sonsuz su birikimi görünürdü. Ucu-bucağı görünməyən su birikimi. Qırmızı balıq dənizə qovuşduğunu bildi. “Sevgilər, sayqılar dəniz!”— deyib rəqs etməyə başaldı. “Çox uzaqlarda sənin həsrətində yaşayan balıqların sevgilərini gətirmişəm sənə dəniz, qəbul et!”— deyib sevincindən bilmirdi nə etsin. Qırmızı balıq dənizdə irəlilədikcə ruhunun genişlədiyini hiss edirdi. Dəniz bütün varlığı ilə onun ruhunu etkiləyirdi. Böyük mühitdə yaşamanın zövqü bir başqa imiş. Qırmızı balıq öz-özünə düşünürdü: “Dəniz, qovuşulması gərəkən son hədəf olaraq varılmasına dəyərmiş. Bu yolda hər növ əzab çəkməyə, bu hədəfə görə bədəni və ruhu hazırlamağa dəyərmiş. Ey özgürlük, sənin haqqında nə qədər əfsanələr, nağıllar eşitdik. Yolunda nə qədər çalışanlar oldu. Nə qədər də haqlıymışlar. Ey özgürlüyün rəmzi olan dəniz, sən darısqal mühitlərin arzu edib vara bilmədikləri bir idealmışsan. Mən indi sənin bağrındayam. Sən damlaların arzuladıqları bütünsən. Bütünə, sonsuz olana qovuşmaq duyğusu yaşayırdı içimdə. Köksüm dolmuşdu özgürlük nəfəsi ilə. Yaşamaq istəyirəm. Yaşamaq bu şəkildə olurmuş. Qazanılan zəfər. Qazanılan dəniz, qazanılan dəniz duyğuları.”

Qırmızı balıq dənizləşdikcə bu duyğular onun içində dalğalanırdı. Dəniz dalğaları kimi. Dənizin uzaqlarda görünən dalğalarına bənzər duyğular dalğalanırdı onun içində. Bədənini və ruhunu sarmış olan darısqal mühitdən tamamən qurtulmuşdu. Köksündə sonsuzluğun doğurduğu sevgi dalğalanırdı. Açıb köksünü dənizə boşaltmaq istəyirdi ürəyini. Qırmızı balıq dənizdə olmanın zövqündən doyduqdan sonra Qaraca balığı düşündü. Onu aramalı idi. Ancaq çox yorğun idi. Dənizin dibinə varıb bir daşın altında yatmaq istədi. Sabah gün doğra-doğmaz Qaraca balığı aramağa başlayacaqdı. Ancaq dənizin gecə mənzərəsi çox çəkici idi. Sanki göydəki bütün ulduzlar dənizə tökülmüşdü. Ulduzlar dənizdə parıldaşırdılar. Göylərin də gözəllikləri dənizə tökülmüşdü. Göylər tam olaraq dənizdə yansımışdı. Xəyalla gerçəklik birləşmişdi. Belə bir gözəllik içində Qırmızı balıq yuxuya daldı.

Sabah erkəndən Qırmızı balıq gümbültü səsinə oyandı. Bir sürü balıq bir yerə toplanmış mahnı söyləyib dans edirdilər. Dənizin genişliyi içində ilk dəfə idi Qırmızı balıq bu qədər bir yerdə rəqs edən balıq görürdü. Balıqlar çox mutlu idilər. Qırmızı balıq da bu topluluğa qatıldı. Onlarla bir yerdə rəqs edirdi. Toplu halında rəqs etməni ilk dəfə idi təcrübə edirdi. Təkbaşına neçə dəfə rəqs etmişdi. Ancaq dəstələr halında rəqs etmənin ləzzəti başqa imiş. Çünkü bütün topluluğun sevinməsi başqa gözəl görüntü ortaya qoyurdu. Bə´zən də tanımadıq balıqlar Qırmızı balıqla əl-ələ verib rəqs edirdi. Qırmızı balıq hiss edirdi ki, dostluğun ən önəmli yollarından biri də toplu şəkildə rəqs etməkdir. Çünkü rəqs etdikcə çevrəsində əsla tanımadığı balıqları nə qədər sevdiyini bütün varlığı ilə anlayırdı. Sadəcə balıqlarla deyil, bütün varlıqla qucaqlaşırdı sankı. Bu üzdən də sevincinin həddi-hüdudu yox idi. Bu zaman bir dişi Sarıca balıq ağzında qızılgül yarpağı Qırmızı balığa yanaşdı. Qızılgül yarpağını ona verib birlikdə rəqs etmələrini istədi. Qırmızı balıq Sarıcanın belinə sarılıb rəqs etməyə başladılar.

Sarıca balıq Qırmızı balığın qulağına pıçıldadı: Sən dənizdəmi dünyaya gəlmisən?

Qırmızı balıq: Yox, mən çox uzaqlarda dünyaya gəlmişəm. Dənizə yenicə gəldim. Ancaq dəniz çox gözəlmiş. Gəldiyimə görə çox mutluyam.

Sarıca: Mən dənizdə doğuldum. Çox uzaqlar dediyin yerlərdə nələr olduğunu bilmək istərdim. Doğrusu, ağlımda hər zaman bir xəyal dolaşır. Bir gün bu dənizdən çıxıb uzaqlarda məhrumiyət içində yaşayan həmcinslərimə yardım etmək istəyirəm. Ancaq deyirlər ki, yollar çox təhlükəlidir. Uzaqlara səfərə çıxmaq xəyalı məni tərk etmir.

Qırmızı: Dənizdə dünyaya gəldiyin bəllidir. Çox nəzakətlisən. Uzaqlara yola düşmən, həmcinslərinə yardımetmə düşüncən də çox gözəldir. Bəlkə birlikdə yola düşüb gedərik. Mən də yurduma dönəcəyəm.

Sarıca: Sən “Qaraca balıq”ı tanıyırsanmı?

Bu zaman Qırmızı balığın beynində sanki ildırım çaxdı və Sarıcanı bağrına basıb “Əlbəttə, tanıyıram. Mən onu axtarıb tapmaq üçün gəlmişəm dənizə. O indi hardadır?”— dedi.

Sarıca balıq səsini qısaraq Qırmızı balığın qulağına “Bağırma! Onun adı yasaqdır. Eşitsələr gəlib səni də yaxalarlar.”— pıçıldadı və davam etdi: Uzaqlarda bədbəxt balıqların olduğunu Qaraca balıq bizə anlatmışdı. Onlara yardımetmə, onlarda dəniz düşüncəsini oyatma zehniyətini də Qaraca balıq bizə öyrətdi. Ancaq...

Sarıca balıq sözünü bitirə bilmədi. Bir neçə balıq “Ariya balıqlar gəldilər, qaçın, qaçın!”—deyə bağırdılar.

Balıqlar qaçmağa başladı. Sarıca “Qırmızı balıq qaç! Səni yaxalayacaqlar”— dedi.

Qırmızı: Hara qaçırsınız? Niyə qaçırsınız?

Sarıca: Ariya balıqlar bizim musiqimizi, rəqsimizi, dilimizi yasaqlamışlar. Bir yerə toplaşdığımızda bizə hücum edirlər. Qaç özünü qurtar lütfən!

Qırmızı balıq dəhşətə gəlmişdi. “nədən yasaqlamışlar? Bu qədər gözəl rəqs edirdik. Yazıq deyilmi bu rəqslər yasaqlansın?!”— deyə öz-özünə düşündü. Ariya balıqlar ətrafı mühasirə etmişdilər. Qırmızı balıq onlara diqqətlə baxdı. Yastı burun balıqların sifətindən nifrət yağırdı. Qulaqlarının altında süngü barındıran ariya balıqların içindən biri ortaya çıxıb dedi: Sizlərə bu rəqslərin yasaqlandığını söyləməmişdikmi? Nədən yasaqlanmış rəqsləri oynayırsınız?

Sarıca balıq: Bu gün bizim ən əziz günlərimizdən biridir. Yalnız bu gün üçün rəqs etdik. Bir daha rəqs etməyəcəyik.

Ariya balıq: Rəqs etmək üçün izn almışdınızmı?

Sarıca balıq: Xeyir, almamışdıq. Düşündük ki, rəqs etmək üçün izn almağa nə gərək var.

Ariya balıq yüksək səslə “İndi sizə göstərəcəyəm iznsiz rəqs etmənin cəzası nədir.”—deyə bağırdı və “Öncə bu Sarıca balığı yaxalayın!”— dedi.

Bu zaman olayları seyr edən Qırmızı balıq Ariya balıqlara üzünü tutub dedi: Ona toxunmasanız xeyirinizə olur. O mənim arxadaşımdır, dostumdur. Kimsə ona toxuna bilməz.

Ariya balıqların başçısı dedi: Sən də kimsən?

Qırmızı balıq: Mən də bu dəstənin bir üzvüyəm. Rəqs edirdim onlarla. Yanlış bir iş gördüyümüzü düşünmürəm. Gəldiniz və əngəl oldunuz. Nədən bizim mutlu olmağımız sizləri rahatsız edir?

Sarıca balıq quyruğu ilə Qırmızı balığa toxunub xəbərdarlıq edərcəsinə qulağına pıçıldadı: Belə danışma! Onlar səni öldürər ya da yaxalayıb apararlar Qaraca balığın yanına.

Ariya balıqların başçısı: Burda bütün davranışlar bizim yazdığımız qanunlar əsasında olmalıdır. Bizim yazdığımız qanunlara görə də bu rəqslər yasaqlanmışdır. Yalnız ariya balıqların rəqsi sərbəstdir.

Qırmızı balıq: yaxşı, sizdən bir sual soruşum o zaman. Nədən bu gözəllikdə rəqsi yasaqlamışsınız?

Ariya balıq: Sən çox artıq danışmağa, qanunlara qarşı gəlməyə başladın. Nədən yasaq olduğunu sənə anladacağıq.

Ariya balıq bu sözləri deyib və “Bu Qırmızı balıq başda olmaqla burdakı bütün balıqları yaxalayın!”— əmrini verdi.

Ariya balqılar hücuma keçdi. Bir neçə balığı yaraladılar. Bir neçə balığın başlarını, quyruqlarını bir-birinə bağlayıb əsir aldılar. Qırmızı balığı da yaxalamaq istədilər. Bu zaman Qırmızı balıq qoltuğunun altında gizlin saxladığı qılınclarını çıxardı və ona hücum edənlərlə savaşa girdi. Qırmızı balıq onlarca ariya balığın başını bədənindən ayırdı. Bu zaman gördü ki, Sarıcanı yaxalayıb əsir aparırlar. Ariya balıqlarına hücum etməyə başladı. Onların səfini yara-yara irəliləyirdi. Ariya balıqlar şaşırıb qalmışdılar. Bu savaşçı balığın qılınc oynatması onları qorxuya salmışdı. Qırmızı balıq qarşısına çıxan ariya balıqlarını qılıncdan keçirirdi. Quyruqlarından, başlarından bir-birinə bağlanaraq əsir alınan balqıların bağlarını qırıb onları sərbəst buraxırdı. Sərbəst buraxılan balıqlar da bu savaşçı Qırmızı balığın cəsarətinə və savaşçılıq başarısına heyran qalmışdılar. Qırmızı balıq ariya balqıların cəbhəsini yarıb Sarıca balığa çatdı. Bir az öncə özünü ariya balqılarının başçısı kimi göstərən yastı burun balıq qulağındakı süngünün ucunu Sarıca balığın qarnına dayayıb nəfəsi tutula-tutula Qırmızı balığa “Yaxın gəlmə! Yaxın gəlmə! İrəli gəlsən süngünü soxacam Sarıca balığın qarnına.”—dedi.

Qırmızı balıq çox qızqın idi. Sağ əlindəki qılıncını qaldırıb ariya balığa tərəf atdı. Qılınc ariya balığın sağ gözündən girib ucu sol gözündən çıxdı. Ariya balıq bağıraraq ağzına pis sözlər almağa başladı. Qırmızı balıq Sarıcanı bağrına basıb və “keçmiş olsun!”- dedi.

Sarıca balıq Qırmızı balığın qucağında rahatlamışdı. Ancaq çox əndişəli idi. Üzünü Qırmızı balığa tutub dedi: Mənim qəhrəmanım. Afərin sənə! Ancaq bunlar səni rahat buraxmayacaqlar. Bunlar səni tapıb yaxalayacaqlar. Çünkü sən də dəniz balıqlarına Qaraca balığı xatırladırsan.

Qırmızı balıq yenə də Qaraca balığın adını eşitdiyində ruhunda sanki fırtına baş qaldırdı. Sarıca balıqdan soruşdu: Qaraca balıq indi hardadı?

Sarıca balıq dənizin altında çox uzaqlarda görünən bir dağa işarə edib dedi: O dağı görürsənmi?

Qırmızı: Görürəm.

Sarıca: O dağın altında Ervin adında qorxulu bir zindan var. Qaraca balıq orda həbsdədir.

Qırmızı: Nədən onu həbsə almışlar?

Sarıca: Çünkü o...

Sarıcanın sözü yenə də yarımçıq qaldı. Çevrəni yardıma gələn ariya balıqların ordusu quşatmışdı. Qırmızı balığın yaraladığı bir neçə ariya balıq fərar etmiş və qərargaha məğlub olduqlarını duyurmuşdu. Ariya balıqlar təcili toplantı keçirib qırmızı balıqla savaşmaq üçün daha mükəmməl və təchiz edilmiş düzənli bir ordu göndərmişdi. Ayrıca, bu orduya əmr verilmişdi ki, Qırmızı balığı yaxaladıqdan sonra həbs etməsinlər. Çünkü bir dəfə Qaraca balıq örnəyində yanıldılar. İkinci bir Qaraca balıq istəmirlər. İndi qalmışlar Qaraca balığın əlində bilmirlər onunla nə etsinlər. Öldürsələr bütün dəniz balıqları inqilaba qalxacaq. Sərbəst buraxsalar dənizdəki balıqları ariya balıqlarına qarşı örgütləndirəcək. Bu səbəbdən də ariya balıqlarına Qırmızı balığı yaxalayıb dənizdən kənara çıxarmalarına əmr verilmişdi. Orda digər balıqlar kimi ölməsi daha məqsədyönlü idi. Ariya balıqlar xeyli düşündükdən sonra belə qərara gəlmişdilər ki, durumu yaxşı nəzarət altında saxlamaq üçün etiraz edən balıqları dənizin dışına çıxarma lazmdır. Çünkü orda necə öləcəklərini dənizdəki balıqlar bilməyəckdilər.

Qırmızı balıq dostu Sarıca balıqla bir yerdə quşatılmışdı. Get-gedə mühasirə dairəsi daralırdı. Qırmızı balıq qılıncları ilə savaşa hazır idi. Ancaq başının üstünə baxıb gördü ki, böyük bir toru bir neçə ariya balıq ağzı ilə tutub onların başı üzərinə tərəf çəkirlər. Ariya balıqlar Qırmızı balğın tam başının üstündə toru buraxdılar. Qırmızı balıq Sarıca ilə bir yerdə tora düşmüşdülər. Artıq tərpənə bilmirdilər. Əsir alınmışdılar. Ariya balıqların başçısı “Aparın bu yaramazları buraxın sahilə, orda ölsünlər!”— dedi.

Qırmızı balıq bir an qurbağanın ona etdiyi yaxşılığı xatırladı. O, sahildə ölməyəcəkdi. Çünkü boğazının altında qurbağanın su tuluğu var idi. Ancaq Sarıcadan sarı çox narahat idi.

Qırmızı balıq üzünü Sarıca balığa tutub dedi: Qorxursanmı?

Sarıca: Yox, qorxmuram. Səninlə bir yerdə öləcəyim üçün qorxmuram. Mən savaşçı deyiləm, ancaq özgürlük vurğunuyam. Keşkə sənin kimi bir savaşçı olsaydım. Savaşçı olmasam da ağlımdan, duyğularımdan özgürlük heç bir zaman əksik olmadı. Ariya balıqlara yem olmaqdansa, bir savaşçı balıqla bir yerdə ölmək daha şərəflidir.

Qırmızı balıq heç bir şey söyləmədi. Susub durdu. Sarıcanın bu sözləri onu dərindən etkiləmişdi. Torun içində sahilə, ölümə doğru sürüklənirdilər. Qırmızı balığın içindən bu qəribə duyğular keçirdi: “Demək hər yerdə ədalətsizlik var. Ədalətsizlik durduqca savaşlar da olacaqdır. Məhkumların savaşı heç bir zaman bitməyəcək. Dünyanın harasında olursa olsun; istər dənizdə, istər çayda, istər kiçik bir arxda hər zaman ədalət yolunda savaş olacaqdır. Bu savaş durmayacaqdır, durmamalıdır. Durduğunda bütün balıqlar zülmə təslim olmuşdur anlamına gələcəkdir. Belə bir mühitdə yaşamaq cəhənnəmdən də pisdir. Köləliyə, əsarətə qarşı daimi savaş olacaqdır. Yazqım, inancım və düşüncələrim mənə də bu savaşın, bu tarixin bir parçası olmağı qismət etmişdir. Bu, mənim həmcinslərim qarşısında tarixi görəvimdir. Bu yoldan sonuna qədər dönməyəcəyəm.”

Qırmızı balıq bu xəyallar içində Sarıca balıqla bir yerdə sahilə sürüklənirdilər. Ariya balıqlar bu iki balığı sahilə buraxıb “Dənizdə yaşamaq sizə yaraşmadı. Indi qalın qumların içində mübarizə aparın!”— deyib gülə-gülə geri döndülər. Qumsal sahilə çıxar-çıxmaz Sarıca balıq çırpınmağa başladı. Qırmızı balıq da sanki ölürcəsinə çırpınmağa başladı. Ariya balıqlar getdikdən sonra Qırmızı balıq boğazının altındakı qurbağa tuluğunda birikdirdiyi sudan damla-damla içib Sarıca balığı qurtarmağa çalışdı. Birdən gözləri sahildə ölmüş, öldürülmüş minlərcə balığa sataşdı. Bütün bunların hamısını ariya balıqlar sahilə çıxarıb ölümə tərk etmişdilər. Qırmızı balıq dəhşətə gəldi. Bu qədər balıqlar ariya balıqların irqçi fikirlərinin qurbanı olmuşdu. Qırmızı balıq çox gərgin idi. Ancaq ilk öncə Sarıca balığı qurtarmalı idi.

Sarıca balığın ağzına damlalar ötürür, sonra da onun quyruğunu ağzı ilə tutub dənizə tərəf sürükləyirdi. Sarıca balığın ağzındakı suyun bitdiyini hiss etdiyində yenidən onun ağzına su damladıb dənizə tərəf sürükləməsinə davam edirdi. Durum çox gərginləşirdi. Çünkü Qırmızı balığın tuluğundakı su azalırdı. Qırmızı balıq qan-tər içində idi. Həm özünü, həm də Sarıcanı bu təhlükədən qurtarmalı idi.

Bu zaman Sarıca balıq dedi: Qırmızı, məni burax! Mən öləcəyəm burda. Sən get Qaraca balığı qurtar. Vaxtını məni qurtarmaqla itirmə! Məni qurtara bilməyəcəksən. Lütfən get Qaracanı qurtar! Onun düşüncəsini balıqlar mənimsəsələr ariya balıqların irqçiliklərinə son verə bilərlər. Mənim həyatımın çox da önəmi yoxdur.

Qırmızı: Dostum, səni qurtaracağam. Səni ölümə tək edib getsəm mən gerçək bir savaşçı ola bilmirəm. Bu an mənim həyatımın mənası səni qurtarmaqdır. Ağzını aç bir az daha sənə su verim. Az qalmışıq dənizə, səbirli ol! Umarım tuluğumdakı su bitməz və biz qurtulmuş oluruq.

Qırmızı balıq tuluğundakı suyun bitmək üzrə olduğunu hiss etdi. Dənizə qovuşmağa azca məsafə qalmışdı. Sarıca balığın ağzına bir daha su damızdırıb çırpına-çırpına təkbaşına dənizə tərəf hərəkət etdi. Dənizə girdikdən sonra tuluğu yenidən su ilə dolmuşdu. Dolu tuluğu ilə təkrar Sarıca balığın yardımına qoşdu. Artıq bu dəfə Sarıcanı qurtara biləcəyindən əmin idi. Sarıca balığın ağzına su damızdıra-damızdıra onu sürükləyib sonunda dənizə sala bildi. Sarıca balıq dənizə qovuşmanın mutluluğunu yaşayırdı. Qırmızı balığa sarılıb “Qəhrəmanım, yaşa səni. Güclü dostum mənim. Yenidən yaşaya biləcəyəm. Bu həyatımı sənə borcluyam.”— dedi.

Bir yerdə üzə-üzə, süzə-süzə dənizin qırağında bir daşın altında yerləşdilər. Qırmızı balıq bir az səbr etdi ki, Sarıca balıq dənizin dışında yaşamanın qorxusunu canından çıxarsın. Daha sonra “İndi Qaraca balıqdan danışa bilərsən. Anlat mənə Qaraca balığın başına nələr gəldi?”— dedi.

Sarıca balıq: Qaraca balıq dənizə yenicə gəldiyində bir neçə naqqa və balıqudan öldürmüşdü. Balıqların başından təhlükələri yox etmişdi. Bu üzdən də balıqların arasında ona böyük sayqı var idi. Bu arada dənizdə bəzi kirli əllər çirkin işlərlə məşğul idilər. Bilmirəm necə oldusa ariya balıqlar dənizin böyük bir qismində iqtidarı ələ keçirdilər. Yaxşı örgütlənib öz istilalarını bərqərar etdilər. Ariya dilinə, kimliyinə mənsub olmayan nə vardısa yasaqlandı. Başqa balıqların dilləri, musiqiləri, rəqsləri yasaqlandı. Durum çox gərginləşmişdi. Hər hansı balıq ariya balıqların buyuruqlarına tabe olmasaydı cəzası ya ölüm ya da zindan və işkəncə idi. Hər gün onlarca balıq edam edilir, bir sürüləri də zindana aparılırdılar. İstibdad artdıqca bütün balıqlar gözlərini Qaraca balığa tikməyə başladı. Çünkü yalnız o, həm bir savaşçı idi həm də dərin düşüncələri var idi. Özgürlük haqqında gözəl nitqlər söyləyirdi. Qaraca balığın həyat tarixçəsini balıqlar bildikçə onun ariya balıqlara qarşı savaşda öndər olmasını istəyirdilər. Qonuşması ilə balıqlarda ruh yüksəkliyi yarada bilirdi. Ancaq o, bunu qəbul etmirdi. “Öndərlik məni sizdən üstün olaraq göstərəcək, mənim önümdə sizləri itaətə zorlayacaqsa, bunu kəsinliklə qəbul etmərəm. Ancaq ariya balıqların ayrı-seçkliyinə qarşı mücadiləyə də qatılacağam.”— deyirdi. Dənizdəki bütün balıqları bu zülmə qarşı örgütləndirmək istəyirdi. Bir qonuşmasında “Hər şeydən öncə zehni baxımdan silahlanmalıyıq. Özgürlük fəlsəfəsini anlamalı, özgür bir həyatın necə bir nemət olduğunu bilməliyik. Bu üzdən də əsarət doğuran görüşləri bütünüylə zehnimizdən söküb atmalıyıq. Bunun təməlində isə, sevgi və sayqı durmaqdadır. Bütün balıqlar bir-birini sevməli, bərabər haqlara sahib olmalıdırlar.”— söylədi. Bu şəkildə nitqlər söyləyirdi balıqlara. Bir gün tam bu sırada ariya balıqlar hücuma keçdilər. Bir çox balıqları öldürüb bir çoxunu da əsir yaxaladılar. Qaraca balıq üç gün üç gecə təkbaşına ariya balıqlarla savaşdı. Ariya balıqlar Qaraca balığın dirənişini gördüklərində təqviyə qüvvə gətirdilər. Qaraca balıq yorulmuşdu. Sonunda onu yaraladılar. Qaraca balığın qılıncı düşmüşdü. Yaralı Qaraca balığı yaxalayıb apardılar. Onun yaxalanması dənizdəki bütün balıqlarda ruh düşgünlüyü oluşdurdu. Balıqların dirəniş və savaş iradəsi qırılmışdı. Qaraca balığı dənizin altında yerləşən “Ervin” adlı qorxunc bir zindana apardılar. Orada ona çox işkəncə vermişlər. “Sən ariya irqinin üstünlüyünü bütün balıqların önündə etiraf etsən özgür buraxılacaqsan.”— demişlər. Ancaq Qaraca balıq bunu qəbul etməmiş. Bugünə qədər Qaraca balıqdan bu etirafı almaq üçün onu işkəncə edirlər. Bütün balıqlar bilir ki, Qaraca balıq onların özgürlükləri yolunda işkəncə edilir.

Qırmızı balıq Sarıcanın söylədiklərini diqqətlə dinləyirdi. Öncə bir az susub düşünməyə başladı. Sonra üzünü Sarıcaya tutub “Qaraca balıqdan başqa nələr xatırlayırsan?”— sordu.

Sarıca: Qaraca balıq çox uzaqlarda məhrumiyət içində yaşayan balıqların olduğu haqda da danışırdı. Yadımda qalan başqa önəmli bir şey də var. Qaraca balıq “Mənim həyatım özgülük yolunda fəda ola bilər. Ancaq özgürlük yolunun yolçuları hər zaman olacaqdır. Unutmayın, bir zaman mən olmasam da ariya balıqların əsarətindən qurtulmaq üçün yeni savaşçı balıqlar ortaya çıxacaqdır. Bu bir zərurətdir. Özgürlük bayrağı dənizin diblərində ariya balıqların ayaqlarının altında təhqir edilə bilməz. Bu bayrağı yüksəldəcək yeni savaşçılar olacaqdır. Bir zaman aranızdan belə bir savaşçı çıxarsa, ona söylərsiniz Qaraca balıq dedi ki, ariya balıqların əsarətindən qurtulmaq üçün “Ferdis”i öldürmək lazımdır.”— dedi.

Qırmızı: Ferdis? Ferdis hansı balıqdır?

Sarıca: Mən Ferdisi görməmişəm. Ancaq ariya balıqların irqçilik nəzəriyəsini o hazırlamış deyirlər.

Qırmızı balıq öz-özünə bir neçə dəfə “Ferdis- Ferdis”- deyə pıçıldadı və sonra da Sarıca balıqdan sordu: Ferdis harda ola bilər səncə?

Sarıca: Mən dəqiq bilmirəm. Ariya balıqlar onun yerini gizlin saxlayırlar. Böyük ehtimala görə Qaraca balıq Ferdisin harda olduğunu bilir. Bu üzdən də öncə Qaraca balığı qurtarmaq lazımdır. Qaraca balığı “Ervin” zindanından qaçıra bilsək, o, bütün balıqları örgütləndirə bilər. Onun balıqlar üzərində və dənizdə böyük mənəvi təsiri var.

Qırmızı: O zaman Ferdisi öldürmək üçün öncə Qaraca balığı qurtarmalıyıq, deyilmi?

Sarıca: Mənim bir planım var. Çox riskli plandır.

Qırmızı: Hər halda bu iş risksiz olmayacaq.

Sarıca: O zaman mənim planımı uyqulayalım.

Qırmızı: Nədir sənin planın?

Sarıca: Gəl, yolda anladacağam.

Qırmızı və sarıca balıqlar incə yaşıl otlara elə bürünmüşdülər ki, sanki doğuşdan onlar yaşıl balıqlar soyundanmışlar kimi görünürdülər. “Ervin” zindanının yerləşdiyi dənizin altındakı dağa tərəf süzülüb gedirdilər. Yolda bəzi tanıdıqları balıqlara rast gəlirdilər. Ancaq balıqlar bunları tanıya bilmirdilər. Gerçəkdən yaşıl balıq olduqlarını sanırdılar. Ariya balıqların güc mərkəzi “ervin” zindanının yerləşdiyi məkanda idi. Qırmızı və Sarıca balıqlar dağa tərəf yönəlişləri sırasında ariya balıqların yüksək səslə çağrılarını duydular. Bir neçə ariya balıq dənizdə dolaşıb və “duyduq-duymadıq deməyin. Bu gün Ferdis balığın qonuşması olacaq. Bütün balıqlara şeir söyləyəcək. Bütün balıqların gəlməsi istənilir... Duyduq-duymadıq deməyin.”— deyirdilər. Bir çox Balıq qorxusundan, bir çoxları da Ferdis balığın nələr söyləyəcəyini duymaq üçün Ervin zindanının yerləşdiyi dağa tərəf axın edirdilər. Qırmızı balıq bu qədər balıq sürülərinə heç bir zaman rast gəlməmişdi. Balıqlar dənizin müxtəlif yerlərindən dağa tərəf axın edirdilər. Artıq dağa çatmışdılar. O qədər balıq var idi ki, Ferdis balığın yerləşdiyi təpə görünmürdü. Qırmızı balıq Ferdis balığı yaxından görmək istəyirdi. Nədən Qaraca balığın onun öldürülməsini istədiyini anlamaq istəyirdi. Bu üzdən də iki yaşıl balıq balıqların izdihamını yara-yara Ferdis balığın qonuşacağı yerə yaxınlaşırdılar. Ferdis balığın qonuşacağı təpənin önündə silahlı ariya balıqları durmuşdular. Ölü balıqların sümüyündən düzəldilmiş süngüləri qulaqlarının üstünə taxıb hazır dayanmışdılar. Bunlar Ferdis balığın qoruyucuları idilər. İki yaşıl balıq tam ön sıraya keçmişdilər. Ferdis balığı yaxından görmək mümkün olacaqdı. Təpənin başına yastı burun bir balıq çıxdı. Üzünü ucu-bucağı görünməyən balıqlara tutub “Ariya balıqların fikir dədəsi Ferdis balıq sizlərə son şeirlərini oxumaq üçün qarşınızda hazır olmaqdadır.”— dedi. Tamaşaçı ariya balıqlar “hura!” çəkdilər. Bir çox balıqlar sürüsü də onlara qatılıb “hura!” dedilər. Sifəti qırışmış, çirkin görünümlü yaşlı bir balıq təpənin başına dırmanırdı. Yeriməkdə çətinlik çəkdiyi üçün iki ariya balıq qoltuğunun altına girib onun təpəyə dırmanmasına yardımçı olurdular. Təpənin başında onun üçün özəl olaraq hazırlanmış mərmər bir daşın üstündə oturub öncə ucu-bucağı görünməyən balıqlar sürüsünə baxdı. Daha sonra quyruğunun üstündə dayanıb qaba səsi ilə bağıraraq yenicə yazdığı şeirlərini oxumağa başladı:


Yüklə 163,43 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin