On bir min doqquz yüz doxsan doqquz kiçik balıq: “Sənin də gecən xeyirə qalsın nənə”- söyləyib yatdılar. Nənə balıq da yatdı. Ancaq Qırmızı balıq nə qədər çalışdısa yata bilmədi. Yuxusu gəlmirdi. O, səhərədək dəniz eşqi ilə yerində çabalayıb durdu. Yalnız bir şey düşünürdü: DƏNİZ...
(Behrənginin “Qaraca balıq” əsərinin sonu)
***
Güntay Gəncalp
Qırmızı balıq
Qırmızı balıq günlərcə özünə dalğın bir şəkildə dolaşırdı. Bə´zən ondan sorulan sorulara da cavab vermirdı. Sanki eşitmirdi. Arxadaşları onun qulaqlarının ağırlaşdığını sanırdılar. Nənəsindən eşitdiyi nağıl bütün varlığını etkiləmişdi. Dəniz düşüncəsi, dəniz xəyalı gəlmiş bütün ruhunu işğal etmişdi. Böyük dalğaların qoynunda yaşayan Qaraca balığı düşünürdü. “Gerçəkdən Qaraca balığın sonu necə oldu? Naqqanın qarnından çıxa bilmişmi?”-deyə öz-özünə düşünürdü. Yola düşüb gedib dənizdə Qaraca balığı tapmaq istəyirdi. Ancaq yaşadığı mühitin xatirələrindən də ayrılmaq istəmirdi. Bir tərəfdə dəniz düşüncəsi onu çağırırdı, digər tərəfdən yurdundan ayrılmaq zor gəlirdi. Ancaq günlər keçdikcə, dəniz düşüncəsi daha da çəkici görünürdü. Qırmızı balıq qərarını vermişdi. “Yola düşməliyəm. Mütləq yola düşüb gedib Qaraca balığı tapmalıyam. Ancaq Qaraca balığın rastlandığı təhlükələri ortadan qaldırmam üçün savaş tekniyini öyrənməliyəm”- deyə öz-özünə düşünürdü.
Bir gün gündoğarkən nənə balıq uşaqlarını yuxudan oyatdı. Qırmızı balıq oyanıq idi. Nənə balığa: “Nənə can, mən bu gün yola düşüb getməliyəm. Gedib dənizdə qaraca balığı tapmalıyam. Anlatdığın Qaraca balıq macərası və dəniz sevdası ruhumu sarmışdır. Lütfən nənə can, bütün balıqları topla, dost-tanışları topla. Bir vida qonuşması edəcəm.”- dedi.
Nənə balıq: Oğlum, sənin böyük duyğuların, düşüncələrin heyranı olduğunu bilirəm. Əslində sənin bu yolçuluğunu çox istərdim. Ancaq sən də Qaraca balıq kimi bir dəfəlik getmə! Get və dənizdən bizlərə də xəbər gətir. Dənizdə ilişib qalma! Böyük dalğaların qoynunda saqın yurdunu unutma! Qaraca balığı da tap özünlə gətir. Dənizdən bizə yeni duyğular gətirin. Yalnız öz mutluluğunuzu düşünməyin! Elə bir iş görün ki, bizim dənizlə ilişkimiz olsun.
Qırmızı balıq: Nənə can, sənin söylədiklərini unutmayacam. Dənizə qovuşduqdan sonra Qaraca balığı da tapıb onunla bir yerdə mütləq geri dönəcəm. Məni bu yolçuluğumda alqışladığın üçün çox sağ ol nənə. İnan ki, sənin dediklərini heç bir zaman unutmayacam.
Nənə balıq: Hamımız ölümə məhkumuq. Ancaq sən bu səfərinlə yeni bir yola girəcəksən. Ölməz ola bilərsən. Səndən ayrı qalmaq çətindir. Səni çox özləyəcəyik. Sənin üçün göz yaşları da tökəcəyəm. Ancaq sənin əbədi olaraq tarixdə qalman və bütün balıqlar üçün örnək olman bizim kədərimizdən üstündür. Bu üzdən də sənə uğurlar diləyirəm. Yolun açıq olsun. Bir az gözlə balıqları toplayım, hamısı ilə vidalaş. Qaraca balığın da anası çox yaşlanmış artıq. Qaraca balığın yolunu gözləməkdən gözləri tutulmuş zavallının. Onunla da görüş.
Nənə balıq bütün balıqları bir yerə topladı və onlara: “Qırmızı balıq dəniz yolçuluğuna çıxır. Sizinlə halallaşmaq istəyir. Ona qulaq asmanızı istəyirəm.”- dedi.
Qırmızı balıq: Əziz analar, atalar, bacılar və qardaşlar! Böyük bir yolçuluğa çıxıram. Dəniz yolçuluğuna. Bir yerdə yaşadığımız müddət içində məndən bir yanlış davranış və xəta görmüşsünüzsə, məni bağışlamanızı rica edirəm. Sizləri unutmayacağam. Mənə dua edin ki, bu çətin yolçuluqda başarılı olum. Sizlərin xeyir-dualarınıza ehtiyacım var. Mənim bu yolçuluğum, sadəcə özüm üçün deyildir, həm də sizlər üçündür. Bilirsiniz ki, məndən öncə Qaraca balıq bu yolçuluğa çıxmış, ancaq geri dönməmişdir. Dənizə vardığım zaman Qaraca balığı tapıb onunla geri dönəcəyəm.
Bu zaman balıqların içindən yaşlı bir balığın ağlama səsi eşidildi. Qaraca balığın anasının səsi idi. Balasının adını duyar-duymaz ağlamağa başlamışdı. Qırmızı balıq, Qaraca balığın anasına yaxınlaşıb dedi: Xanım, lütfən ağlamayın. Sizin analıq duyğularınızı anlayıram. Bilirəm Qaraca balığın həsrətində çox əziyətlər çəkmişsiniz. Ancaq bunu da bilmiş olun ki, Qaraca balığın anası olduğunuz üçün qürur duymalısınız. Qaraca balıq böyük bir amac üçün dünyaya gəlmişdir. Bu gün hər bir balıq onun xəyallarını, azadlıq niyyətlərini paylaşmaqdadır. Yoxsul mühitlərdə yaşayan balıqların düşüncəsində və davranışlarında devrim gerçəkləşdirmiş olan Qaraca balığın yalnız özü üçün yaşamasına inanmaq zordur. Bəlkə də başına bir iş gəlmişdir. Onu tapıb sizə geri gətirəcəyimə söz verirəm.
Qaraca balığın anası Qırmızı balığı qucalayıb və qulağına söylədi: Qaraca balıq geri gələnə qədər bəlkə mən öldüm. Ancaq onu görsən deyərsən ki, məni bağışlasın. Yola düşdüyündə onu incitdik. Bütün bunlar mənim analıq duyğularımdan qaynaqlanmışdı. Onu incitmək fikrim yox idi.
Qırmızı balıq: Sizi anlayıram. Ancaq Qaraca balığın sizi bağışlaması fikri doğru deyildir. Anaların da haqlı olduqları yerlər var. Nədənsə içimdə Qaraca balığın yaşadığı ümidi var. Bəlkə onun yardıma ehtiyacı var. Əmin olun ki, Qaraca balığı tapıb sizin üçün geri gətirəcəyəm.
Qırmızı balıq bütün balıqlarla sarılıb görüşdü. Bir neçə balıq onu çağlayana qədər uğurladılar. Bu çağlayan Qaraca balığın getdiyi yolçuluğun başlanqıcı idi. Qaraca balıq burdan, bu yüksəklikdən özün atmışdı dəniz yolçuluğu macəralarına. Qırmızı balıq bu çağlayandan özünü dərinliyə tərəf atdı. Sanki Qaraca balığın başına gələnləri əzbərləmişcəsinə davranırdı. Nələrlə rastlanacağını öncədən bilirdi. Çağlayandan tökülərək, dərədə birikən suyun bolluğu Qırmızı balığı qısa sürəliyinə uğraşdırdı. Daha sonra özünü toparlayıb suyun axışında süzməyə davam etdi. Su bir yerdə arxın qarşı divarına dəyib sola burxulurdu. Burada suyun axım sürəti azaldığından bəzi canlılar suyun içində yaşayırdı. Qırmızı balıq Qurbağanın balaları olan çömçə balıqları burda gördü. Qurbağa ilə Qaraca balığın arasındakı anlaşmazlığı bilirdi. Ancaq Qırmızı balıq qurbağa ilə tanış olub ondan çox önəmli bir sirri öyrənmək istəyirdi. Qırmızı balıq Qurbağanın həm suyun içində həm də suyun dışında necə yaşadığını öyrənmək istəyirdi. Qırmızı balıq təhlükəli yolçuluğunda bu iki mühitdə yaşaya bilmə sirrini öyrənməyi çox önəmsəyirdi. “Hər ehtimala görə suyun dışına çıxa və ya çıxarıla bilərəm.”— deyə öz-özünə düşünürdü. Qırmızı balığı görən çömçə balıqlar onun başına yığışıb “ahaa, yeni bir balıq gəldi. Bu da Qırmızı balıq! Sən daha kimsən, hardan gəlib hara gedirsən?”- dedilər.
Qırmızı balıq: Mən çox uzaqlardan gəlirəm və dənizi axtarmağa gedirəm.
Çömçə balıqların hamısı birdən gülüşüb “Hahahaha, bu da Qaraca balıq kimi dəniz axtarışındadır.”— dedilər və onlardan biri davam etdi: Uşaqlar, yadınızdamı rəhmətlik nənəmiz bir Qaraca balıq haqqında danışardı?
Bir başqası: Hə, hə. Yadımızdadır. Hətta rəhmətlik nənəmizi də aşağılayıbmış o Qaraca deyilən balıq.
Bir başqası: Ax onu bir əlimə keçirsəydim.
Qırmızı balıq: Dəyərli arxadaşlar, mən Qaraca balığın sizin mərhum nənənizi aşağıladığına inanmıram. Bəlkə sizə yanlış bilgi vermişlər. Çünkü Qaraca balığın kültüründə aşağılama deyə bir şey ola bilməzdi.
Bir başqa çömçə balıq: Yəni sən deyirsən ki, bizim rəhmətlik nənəmiz yalançı olmuş?
Çömçə balığın bu sözü digərlərini təhrik etdi. Hamısı bir səslə “Sən də o Qaraca balığın soyundansan. Qaraca balığın mərhum nənəmizi aşağılamasının da intiqamını səndən almalıyıq”— dedilər.
Bu zaman arxın kənarından bir söyüd ağacının qurumuş budağı qırılıb çömçə balıqların üstünə düşdü. Çömçə balıqlar pərən-pərən dağıldılar. Bir neçəsı budağın altında qaldı. Tam bu zaman da bir qurbağa quruldaya-quruldaya özünü suya atıb balalarını qurtarmağa çalışdı. Qırmızı balıq da qurbağaya yardım edərək, çömçə balıqları budağın altından çıxarırdı. Çömçə balıqlardan bir neçəsi yaralanmışdı. Ancaq Qırmızı balığın yardımı olmasaydı, onlar öləcəkdilər. Çömçə balıqlar Qırmızı balığın qarşısında utanmağa başlamışdılar. Balalarının yarasını dili ilə yalayıb sığallayan qurbağa üzünü Qırmızı balığa tutub: “Yardımın üçün çox sağ ol, yardım etməsəydin balalarımı təkbaşıma qurtara bilməzdim.”— dedi.
Qırmızı balıq: Qurbağa xanım, bizlər nə qədər yardımlaşsaq həyatımız bir o qədər gözəl olar. Bu, mənim görəvimdir. Təşəkkürə gərək yox. Bir həyatı qurtarmanın mutluluğu mənim üçün yetər.
Qurbağa: Haqlısan, həyatqurtarma duyğusu çox gözəldir. Sən hardan gəlirsən, hara gedirsən?
Bu zaman quyruğu yaralanmış çömçə balıqlardan biri “Bu Qaraca balığın dostudur. Bu da çox uzaqlardan gəlib dənizə gedir”— dedi.
Qurbağa bir az öz-özünə düşünməyə başladı və sonra da “Demək Qaraca balığın getdiyi yolla gedirsən. Qaraca balıqla mənim anam arasında bir anlaşmazlıq olmuş. Ancaq onlar əskidə qalmalı məncə. Mənim balalarımın ağlına dəniz düşüncəsini soxmasan sənə əlimdən gələn yardımı edərəm. Balalarımın yanımdan ayrılmalarını istəmirəm. Balalarımın qurtarılışında əməyin keçdiyi üçün boynumuzda haqqın var. Sənə necə yardım edə bilərəm?”— dedi.
Qırmızı balıq: Əslində sizin yardımınıza ehtiyacım var, qurbağa xanım. Siz necə olur həm quruda, həm də suda yaşaya bilirsiniz?
Qurbağa: Bu çox çətin sualdır. Bizim yaradılışımız belədir. Həm suda həm də quruda yaşayabilmə özəlliyini təbiət bizə vermişdir. Balıqların quruda uzun zaman yaşaya bilmələri çətindir. Ancaq mənim boynumda sənin haqqın var. Sənə yardımçı olacağam. Qurbağaların boğazlarının altında bir kiçik tuluq var. Suya girdiyimizdə fəallaşır. Sudan kənara çıxdığımızda o tuluğun içində su saxlamaq mümkün olur. Məsələn arxlar quruduğunda susadığımız zaman tuluğumuzdakı sudan yararlanırıq. Mən sənin boğazının altına bu kiçik toluğun birini keçirəcəyəm. Mənim çox sevdiyim bir bacım üç gün öncə ölmüşdür. Öldüyündə də “mənim üzvlərimi yaşamaq istəyənlərə bağışlarsınız”— demişdi. Həm onun vəsiyəti gerçəkləşər, həm də boynumda olan sizin haqqınızı ödəmiş olaram.
Qurbağa bunu deyib bir daşın altına girdi. Əllərində bir qurbağa boğazı ilə geri döndü. Üzünü Qırmızı balığa tutub “mən indi bu qurbağa boğazının altındakı tuluğu sənin boğazının altına tikəcəyəm. Bir az ağrılı ola bilər. Ancaq dözməlisən. Qısa sürəliyinə ağrısı keçəcəkdir.”— dedi.
Qırmızı balıq: Mən bu kiçik ağrılara dözərəm. Yetər ki, quruda yaşaya bilmə fürsətini əldə edim.
Qurbağa: Bə´zən keçilər gəlib burda su içirlər. Bədənlərinin tükləri ilişib qalır daşda, kolda- kosda. Mən indi keçinin tükünü saplayacam sarıtikana və bu tuluğu boğazının altına tikəcəm.
Çömçə balıqlar analarının tikiş əməliyatını seyr edirdilər. Xalalarının boğazaltı tuluğunu anaları Qırmızı balığın boğazının altına tikirdi. Qırmızı balıq ağrılara dözürdü və öz-özünə “Bu ağrılar keçicidir. Mən hər mühitdə yaşayıb və azadlğımı qurumağı, həyatımı savunmağı başarmalıyam”— deyə düşünürdü.
Tikiş əməliyatı bitmiş və Qırmızı balğın boğazından bir neçə damla qan damlamışdı. Qırmızı balıq qurbağaya minətdarlığını bildirib onlardan ayrılmaq istədi. Çömçə balıqlar bir ağızla: “Yolun açıq olsun Qırmızı balıq. Bizdən dənizə salam söylərsən!”— dedilər.
Qırmızı balıq yeni bir imkana qovuşmanın qürurunu yaşayırdı. Boğazının altındakı tuluğa çox tez alışdı. İndi dərhal yola düşüb və qızboğanı tapmalı idi. Ondan həm qılınc almalı, həm də savaş tekniyini öyrənməli idi. Qızboğanla rastlanması çox çəkmədi. Qızboğan Qaraca balıqla rastlandığında bir daşın üzərində sərələnib günəşlənirdi. İndi də eyni durumda idi. Daşın üzərinə rahatca uzanmış və günəşin ışınları bədənini isidirdi. Qırmızı balıq Qızboğanı görər-görməz: “Özgür balıqların dostu Qızboğana sevgilər!”— dedi. Qızboğan özünü bir az toparlayıb kiçik arxda üzən Qırmızı balığa baxdı. Ayaqlarının üstündə durub boğazını daha yaxşı görmək üçün irəliyə arxa tərəf uzatdı. Qırmızı balığı artıq yaxşıca görə bilirdi. “Sayqılar Qırmızı balıq!”— söylədi və davam etdi: Hara gedirsən Qırmızı balıq?
Qırmızı balıq: Qaraca balığı axtarmağa gedirəm. Bilirəm ki, siz ona yardımçı olmuşsunuz. Lütfən mənə də yardımçı olun. Mənə də qılınc verin. Savaş tekniyini də mənə öyrətmənizi rica edirəm.
Qızboğan: aaaaa, Qaraca balıq! Xatırlayıram. Çox uzaqlardan gəlmişdi. Dənizə getməyi hədəfləmişdi. Doğrusu ondan daha sonra xəbərim olmadı. Yarım-yamalaq xəbərlər eşitdim. Yalnız bilirəm ki, dənizdə başına çox bəlalar gəlmiş. Durumu heç də yaxşı deyil.
Qırmızı balıq: Qızboğan, mən ona yardımçı olmaq istəyirəm. Ancaq bilirəm ki, yardımçı olmaq arzusu yetərli deyil. Mən savaş tekniklərini də öyrənməliyəm. Bilirəm ki, bu yolda ancaq siz mənə yardımçı ola bilərsiniz.
Qızboğan: O zaman Qaraca balığın mədəniyətindən çox xoşlanmışdım. Onun azadlıq düşüncəsindən də xoşlanmışdım. O üzdən ona yardım etdim. İndi artıq o günün üzərindən illər keçmiş. Mən də yaşlanmışam. Qaraca balıq da yəqin ki, həm yaşlanmış, həm də daha çox bilgi və təcrübə qazanmışdır. Dənizdə qazanılan bilgi və təcrübə ilə dar mühitdə qazanılan bilgi və təcrübələrin fərqi olur.
Qırmızı balıq: Haqlısınız qızboğan. Hərəkətdə olmaq ağlın gözlərini açır. Mən bu qısa yolçuluğumda önəmli bilgilər və təcrübələr qazandım. Bunları bu yolçuluq və hərəkət mənə qazandırdı.
Qızboğan: Yolçuluq çox gözəldir. Uzaqlara yolçuluğa çıxmaq cəsarət istər. Ancaq başqalarına yem olmamaq üçün bilgi və savaş tekniklərini də bilmən lazımdır. Balıqların bir tək çətinlikləri suyun dışında yaşaya bilməmələridir. Bəzi tekniklər gərək suyun dışında öyrənilsin.
Qırmızı balıq: Hörmətli Qızboğan, sudan kənarda yaşamaq tekniyini qurbağa mənə öyrətmişdir. Bir sürəliyinə suyun dışında yaşamaq imkanım vardır.
Qızboğan: Aaaa nə gözəl! O zaman sən daha çox savaş teknikləri öyrənə bilərsən. Mən özüm də azadlıq vurğunu olduğum üçün azadlıq yolunda savaşanlara hər tür yardım etmək istərəm. Qaraca balıqdan sonra mənim də başıma bəlalar gəldi. Bir gün gəldim gördüm ki, bir ilan girmiş yuvama və bütün balalarımı yemiş.
Qızboğan bu sözləri deyərkən gözləri yaşarıb boğazı tutuldu.
Qırmızı balıq: Çox üzgünəm Qızboğan əfəndi, bütün bu təcavüzlərin qarşısını almaq lazımdır.
Qızboğan: Bu üzdən mən də başladım həm öz savaş bilgilərimi yeniləməyə, həm də yeni bilgilər və savaş teknikləri öyrənməyə. Bütün savaş tekniklərini mənimsədikdən sonra getdim qara ilanla savaşmağa. Sarıldım qara ilanın boğazına və qılınc zərbələrimlə boğazını kəsdim. Doğrudur, intiqamımı aldım, ancaq bu intiqam belə, mənim acılarımı unutdurmadı. Acılarımı unutmanın bir tək yolu var. Azadlıq arayanlara yardım etmək.
Qırmızı balıq: Çox mərhəmətli yaradılışsınız dəyərli Qızboğan. Ancaq bir sualım var. Nədən sizə Qızboğan deyirlər? Qızlarla bir düşmənliyinizmi var?
Qızboğan: Bu adı bizə insanlar vermişdir. Mən də bu adın üzərinə bəzi araşdırmalar apardım. Əslində biz kərtənkələ türlərindənik. Bə´zən bizə kərtənkələ də deyirlər. Ancaq təbiət bizi bir az daha gözəl yaratmış. Zahiri gözəlliyimizin yanında, hətta gözəl qızların da gözəllikləri sönük görünmüş. Bizim gözəlliyimizlə qiyasda qızların gözəlliyi sanki boğulmuşdur. Bu üzdən də bizə qızboğan demişlər. Ancaq bizim qızlarla düşmənliyimiz yoxdur. Onları sevərik. Mənim qızlarla oynamaqdan xoşum gəlir. Ancaq nədənsə qızlar bizlərdən hürkərlər. Sanki onlara zərər verəcəkmişik kimi davranarlar. Bəlkə də bu üzdən bizə qızboğan adını taxmışlar. Tək tərəfli sayqının, sevginin dərinliyi olmur. Qızların da bizi sevmələri lazımdır. Onlar isə bizdən qaçırlar. Nə bilim, bəlkə də qızları diksindirdiyimiz üçün bizə qızboğan demişlər. Yolçuluğunda çayda çimən qızlara rast gəlsən onlarla ünsiyət qurmağı unutma. Qızlar çox sevimli yaradılışdırlar.
Qırmızı balıq: Siz gerçəkdən də gözəl yaradılışsınız. Təbiət həm zahiri gözəlliyi sizə bağışlamış, həm də azad düşüncəni.
Qızboğan “İndi burda bəklə mən sənə iki qılınc gətirəcəm”— deyib daşın arxasında yox oldu. Bir az zaman keçdikdən sonra əlində dörd qılınc geri döndü. Qılınclardan ikisini Qırmızı balığa verib “Qaraca balığa bir tək qılıncla savaşmağı öyrətmişdim. Sənə iki qılıncla savaşmağı öyrədəcəm.”— dedi.
Saatlarca Qırmızı balığa qılınc çalmağı öyrətdi. Qırmızı balığın qolları yorulurdu. Ancaq içindəki bitməyən azadlıq diləkləri onu həyəcanlandırırdı. Qırmızı balıq bir neçə ay Qızboğanın yanında qaldı. Bə´zən suyun kənarına da çıxıb savaşı məşq edirdilər. Bu müddət içində Qırmızı balıq Qızboğanın dünyagörüşü və həyat fəlsəfəsi ilə də tanış olurdu. Qırmızı balıq Qızboğandan öyrənmişdi ki, qələbəni öncə düşüncədə və inancda qazanmaq lazımdır. Qələbəyə inanış çox önəmlidir. İnanc, qələbənin yarısı deməkdir. Qalanını da hərəkətdə və davranışda əldə etmək lazımdır. Bu düşüncə və inancdakı qələbəsi üzündən Qızboğan qara ilanı məğlub etmişdi. Qırmızı balıq tam bir savaşçı olma sürəcində idi. Qızboğan ona bir də gözü bağlı savaşmağı öyrətmək istədi. Üzüm yarpaqları ilə Qırmızı balığın gözlərini sarıyıb sonra ona saldırdı. Qırmızı balığın gözləri heç bir yeri görmürdü. Qızboğan ona “Gözlərin görmədiyində gözlərinin görəvini qulaqlarına yükləməlisən. Qulaqların həm eşitməli, həm də görməlidir. Ən zəif səsi duymağı başarmalısan.”— dedi. Qırmızı balıq qılıncları ilə savaşa hazır durumda Qızboğanın hərəkətlərini qulaqları ilə izləyirdi. Bütün iç enerjisini qulaqlarında mərkəzləşdirmişdi. Qızboğanın ən səssiz hərəkətini də sezə bilirdi. Qızboğanın bütün hücumlarını gözləri bağlı şəkildə önləyə bildi. Gündən günə tam bir savaşçı olmaq yolunda irəliləyirdi. Ən son gün bir məşq sırasında Qırmızı balıq savunmada duran Qızboğanın qılıncına elə bir zərbə vurdu ki, qılınc ikiyə bölündü. Qızboğan şaşırmışdı və “artıq sən tam bir savaşçısan”— demişdi. Qırmızı balıq qanadcıqlarının altına iki qılınc taxdı. Qızboğandan ayrılmaq istərkən “Siz məni ruhən və hissən yenidən yaratdınız. Sanki təbiət sizi yaxşılıq etmək üçün yaratmışdır. Əmin ola bilərsiniz ki, öyrətdiyiniz bu bilgiləri və savaş tekniklərini yaxşılıq və gözəllik yolunda istifadə edəcəyəm. Qaraca balığı tapsam onunla bir yerdə geri döndüyümüzdə sizə uğrayacağıq”— dedi.
Qızboğan: Gerimi dönmək istəyirsən?
Qırmızı balıq: Bəli, geri dönəcəyəm. Öz mənsub olduğum toplumu unutmaq istəmirəm. Dənizə vardıqdan sonra, onun azadlıq anlayışını öz toplumuma daşıyacağam. Bizim yaşadığımız mühit çox kiçikdir. Kiçik mühitlərin azadlıq anlayışı da qurtarıcı olmur. Mən əminəm ki, Qaraca balığın da belə bir niyyəti olmuş. Olmaya bilməzdi. Çünkü azadlıq bir fərdlə sınırlı ola bilməz. Mənsub olduğumuz toplumun düşüncəsində darlıq varsa, o darlıq bizim də azadlığımızı əngəllər. Bu üzdən də öncə dəniz düşüncəsinin nə olduğunu bilməliyəm. Sonra da bu bilgilərimə görə mənsub olduğum toplumu dəyişdirə bilərəm. Qaraca balığın bu yolda birikdirdiyi böyük təcrübələrinin olacağına inanıram. Onu tapsam, bəzi çətinlikləri bir yerdə çözə biləcəyik.
Qızboğan: Çox haqlısan ağıllı dostum. Bu yolda sənə başarılar diləyirəm. Bütün bildiklərimi sənə öyrətdim. Mənim salamlarımı Qaraca balığa və dənizdəki bütün balıqlara çatdırarsan.
Qırmızı balıq: Çox sağ olasınız Qızboğan əfəndi. Qazanacağımız uğurlar sizin əməyinizin sayəsində olacaqdır. Əsən qal çox sayqılı Qızboğan dostumuz.
Qırmızı balıq Qızboğanla vidalaşıb yola düşdü. Xəyalında Qızboğanın gözəl surətini, gözəl səsini daşıyır və söylədiklərini xatırlayırdı. Bir daşın yanından süzərək keçərkən, birdən suyun içindən bir şey sıçırayıb önündə durdu. Qırxayaq* idi. Yaşlı bir qırxayaq. Ayaqlarını açıb Qırmızı balığın önünü kəsmişdi. Qırmızı balıq qırxayağın Qaraca balıqla necə davrandığını bilirdi. Özünü toparlayan Qırmızı balıq “salam qırxayaq, lütfən yolumu kəsməyin. Çəkilən kənara yoluma davam edim.”— dedi.
Qırxayaq: Hara gedirsən yaraşıqlı?
Qırmızı balıq: Dənizə gedəcəyəm.
Qırxayaq yüksək səslə gülərək dedi: Dənizdə nə işin var? Bəlkə sən də o filosof Qaraca balıq kimi dünyanı gəzməyə çıxmısan? Burax dənizi. Gəl bir yerdə dost olub yaşayaq. O axmaq Qaraca balığın da durumu çox pismiş deyirlər.
Qırmızı balıq: Lütfən Qaraca balıq haqqında sayqısız danışmayın, o mənim fikir rəhbərimdir.
Qırxayaq: Deməli Qaraca balıq sənin fikir rəhbərinmiş! Sənin rəhbərin indi mənəm. Çünkü mən güclüyəm. Rəhbər güclü olandır. Gəl keç görüm necə keçəcəksən. Sən mənim dadlıca yeməyim olacaqsan və kimin rəhbər olduğunu sənə anladacağam.
Qırxayaq bu sözləri deyib yavaş-yavaş Qırmızı balığa tərəf hərəkət etdi.
Qırmızı balıq: Qırxayaq, sizə xəbərdarlıq edirəm ki, mənə yaxınlaşmayın yoxsa çox zərər görərsiniz.
Qırxayaq Qırmızı balğın xəbərdarlıqlarına diqqət etmədən ona tərəf yeriyirdi. Tam yaxınlaşmışdı. Bu zaman Qırmızı balıq qılınclarını çıxararaq yuxarıya tərəf tullandı. Hətta suyun bir metr üstündə bir an havada göründü. Qırxayaq Qırmızı balığın haraya getdiyini görmədi. Ətrafına baxıb onu axtarırdı. Birdən iki qılınc iki çiyninə saplandı. Qırxayaq yüksək səslə yalnız bir dəfə bağıra bildi. Qırmızı balıq qılınclarını qırxayağın çiyinlərindən çıxararkən qan fışqırmağa başladı. Qırmızı balıq yoluna davam edərkən, arxasında qana bulaşmış su görünürdü.
Qırmızı balıq sürətlə dənizə tərəf hərəkət edirdi. Yorulmadan gecə-gündüz süzüb gedirdi. Birdən qarşıdan gələn qızların gülüşləri Qırmızı balığı diksindirdi. Yavaş-yavaş səs gələn tərəfə süzməyə başladı. Qırmızı balıq suyun üzərində dönüb sağ tərəfə baxdı. Çox uzaqda bir kənd görünürdü. Bacaların üstündə ocaqların tüstüsü dumanlanırdı. Qızmar günəşin altında qızlar çayda çimirdilər. Qırmızı balıq Qızboğanı xatırladı ki, qızlar sevimli varlıqdırlar. Çayın dibinə dalıb bir qızın çılpaq baldırına yavaşça toxundu. Suyun xəfif dalğaları balığın toxunuşunu hiss etdirmirdi. Qırmızı balıq dili ilə qızın bəyaz baldırına toxundu. Qız gülərək yoldaşlarına “Ay qızlar baldırıma xoş bir şey toxunur. Çox xoşum gəldi.”— dedi. Bir başqa qız suyun dibinə dalıb arxadaşının baldırına toxunan qırmızı balığı gördü. Qırmızı balığı ovcunun içinə alıb qızlara göstərdi və “Ay qızlar görün bu qızın baldırına toxunan nə imiş?”— dedi. Bütün qızlar yığışıb baxdılar. Hamısı içlərini çəkərək “Ahhh, nə gözəl balıqdır!”— dedilər. Balığı yaxalayan qız onu dodağına yaxınlaşdırıb öpdü və sonra da dili ilə Qırmızı balığın dodaqlarına toxundu. Qırmızı balıq qızın bu toxunuşundan çox xoşlanmışdı. Sanki həyatında heç bir zaman belə sevimli toxunuşa rast gəlməmişdi. Öz-özünə “Qızboğan dostum haqlı imiş, qızlarla ünsiyətdə olmaq çox gözəl imiş.”— dedi. Qızlardan biri “Ay qız yazıqdır çox ovcunda saxlama bu gözəl balığı, ölər. Burax getsin.”— dedi. Qız Qırmızı balığı suya buraxdı və hamısı bir yerdə onun necə sərxoşca süzülüb getdiyini izlədilər. Qırmızı balıq qızların belə incə davranışlarından çox sevinmişdi. Bir az daha yoluna davam etdikdən sonra öz-özünə “Özgürlük vurğunları da həyatın ləzzətindən məhrum olmamalıdırlar. Bə´zən elə düşünürlər ki, böyük hədəflərin yolçuları bir çox zövqlərdən özlərini məhrum etməlidirlər. Bu doğru baxış deyildir. Bütün canlılar bu dünyaya xoşbəxt olmaq, zövq almaq üçün gəlmişlər. Özgürlük olmayan yerdə həyatdan zövq almaq da mümkün olmur. Yaşamaq hər bir canlıya zövq gətirməlidir.”—deyə düşünürdü.
Sanki qızların onunla bu qədər incəcik davranışları ruhunda dünyaya yeni bir baxış pəncərəsi açmışdı. Qırmızı balıq çox mutlu və qızlardan minnətdar idi.
Arx sona çatmış, çaya qovuşmuşdu. Qırmızı balıq bu xəyallarla irəlilərkən, birdən önündən onlarca balığın ağlayaraq qaçdığını gördü. Birinin önünü kəsib “Nə olmuş, hara qaçırsınız?” deyə sordu. Balıqlardan biri nəfəsi tutula-tutula “Sən də qaç, durma, qaç! Balıqutan qızmış, önünə gələn bütün balıqları udur.”— dedi.
Qırmızı balıq olayın nə olduğunu anlamışdı. Ən böyük savaşının başladığı an gəlmişdi. Balıqlara “Qaçmayın, mən onunla savaşacağam. Qaçmanıza gərək yox. Hara qaçsanız o sizi tapıb yeyəcək. Durun! Durun onunla bir yerdə savaşalım.”— dedi. Heç bir balıq durmadı. Qırmızı balığın sözünü ciddiyə alan yox idi. Hər balıq canının hayında idi. Balıqlar qaçıb qayaların arxasında gizlənib balıqudanın Qırmızı balığı necə yeyəcəyinə baxmaq istədilər. Balıqudan qorxunc görünümü ilə ortaya çıxdı. Qırmızı balığın qaçmamasını görən balıqudan öncə bir az şaşırdı. Sonra “ya qaça bilməmiş, ya da canından bezmişdir. Ancaq çox dadlı balığa bənzəyir.”— deyə öz-özünə düşündü.
Qırmızı balıq: Balıqudan, lütfən irəli gəlməyin!
Balıqudan: İrəli gəlsəm nə edəcəksən dadlıca?
Qırmızı balıq: İrəli gəlmənizi istəmirəm. Sizinlə söhbətləşmək istəyirəm.
Balıqudan: Nə söhbəti edəcəksən mənimlə dadlıca?
Dostları ilə paylaş: |