ELM HAQQINDA ELM
Bilik və fəaliyyət
Söz, zəka, qüvvə, yoxsa iş-əməl?
Zehni bilklərdən elmə, əməli biliklərdən texnologiyaya tarixi keçid
Elm və onun inkişaf yolu
Texnika və texniki tərəqqi
Elmi-texniki tərəqqinin hüdudu varmı?
Elmi-texniki tərəqqi hara aparır?
Prof. Dr. Səlahəddin Xəlilov (1952)
Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü
Səlahəddin Xəlilov: həyat və yaradıcılığından sətirlər
1952-ci ildə Borçalı mahalında, Sarvanda anadan olmuşdur.
1966-1967-ci illərdə Gürcüstanda müxtəlif fənlər: fizika, riyaziyyat, kimya və ədəbiyyat üzrə keçirilən respublika olimpiadalarının hamısında qalib olmuş yeganə məktəbli kimi Maarif nazirliyinin xüsusi diplomuna layiq görülmüşdür.
1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur.
1971-ci ildə Lenin təqaüdünə layiq görülmüşdür.
1972-ci ildə BDU nəzdində “Respublika Gənc fiziklər məktəbi”ni yaratmış və iki il ona rəhbərlik etmiş, prof. Xudu Məmmədov, prof. Hüseyn Çəndirli və s. tanınmış alimlərlə birlikdə bu məktəbdə dərs demişdir.
1973-cü ildə tələbə ikən BDU-nun Elmi Əsərlərində nəşr etdirdiyi məqalədə “istiqamətlənmiş inkişaf” , “istiqamətlənmiş zaman” və “təcilli tərəqqi” konsepsiyasını irəli sürmüşdür.
1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin mo-lekulyar fizika kafedrasında saxlanmış, aspiranturaya isə fəlsəfə ixtisası üzrə qəbul olunmuşdur.
1974-1976-cı illərdə çap etdirdiyi məqalələrdə və namizədlik dissertasiyasında Xudu Məmmədovla paralel surətdə ölkəmizdə elmşünaslığın əsasını qoymuşdur.
1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik işi müdafiə edərək fəlsəfə elmləri namizədi dərəcəsini almışdır.
1981-ci ildə ADPU-da “Fəlsəfə, elm və həyat” klubunu
yaratmışdır.
1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektivlər” adlı kitabına görə Ümumittifaq Bilik Cəmiyyətinin mükafatına layiq görülmüşdür.
1988-ci ildə Azərbaycan Gənc Cəmiyyətşünaslar Birliyinin sədri seçilmişdir.
1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir.
1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
1992-ci ildə Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.
1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoymuş və indiyə qədər ona rəhbərlik edir.
1996-cı ildən Beynəlxalq Rektorlar Şurasında Azərbaycanı təmsil edir.
1997-ci ildə “İpək Yolu” beynəlxalq elmi və ictimai-siyasi jurnalını təsis etmiş və 2005-ci ilə qədər onun baş redaktoru olmuşdur.
1998-ci ildə “İstedadlar Klubu”nu təsis etmiş və Respublikanın istedadlı gənc alim və tələbələri üçün elmi-intellektual mühit yaratmışdır.
1999-cu ildə Beynəlxalq “Who is who?” ensiklopediyasına daxil edilmişdir.
2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri seçilmişdir.
2003-cü ildən “Fəlsəfə və Sosial-Siyasi Elmlər” jurnalının baş redaktorudur.
2004-cü ildə Oksford Universitetində “3-cü minillikdə təhsilin perspektivləri” mövzusunda plan-layihə hazırlamaq üçün müəyyən edilmiş “dünyanın 40 görkəmli təhsil eksperti” sırasına daxil edilmişdir.
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
2009-cu ildən AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədridir.
Prof.Dr. S.Xəlilov həmçinin İSESKO-nun İslam Dünyası Universitetləri Federasiyasının təmsilçisi, Amerika Fəlsəfə Cəmiyyətinin, Avropa Təhsil Şurasının, Avropa Elm Fəlsəfəsi Təşkilatının, bir sıra xarici ölkə Akademiyalarının üzvü, ABŞ-da təsis olunmuş “Şərq-Qərb: fəlsəfələr arasında körpü” beynəlxalq təşkilatının həmsədridir.
Azərbaycanda və xarici ölkələrdə 37 kitabı və 400-dən çox elmi məqaləsi nəşr olunmuşdur. Dəfələrlə ölkəmizi Dünya fəlsəfə konqreslərində, Beynəlxalq Metafizika konqreslərində, Elmin tarixi, məntiqi və metodologiyası üzrə beynəlxalq forumlarda təmsil etmişdir.
Əsas elmi tədqiqat istiqamətləri: elmşünaslıq, idrak nəzəriyyəsi, Şərq və Qərb sivilizasiyaları, fəlsəfi komparativistika, Əbu Turxan fəlsəfəsi, fenomenologiya.
S. Xəlilov. ELMI-TEXNIKİ TƏRƏQQİ:
BU GÜN VƏ SABAH *
Giriş
Təqdim olunan əsərdə məqsəd elm və texnikanın tərəqqisi sahəsində baş verən mühüm dəyişikliklərin və nisbi müstəqil elmi-texniki fəaliyyət sahəsinin formalaşması hadisəsinin vahid, bütöv mənzərəsini yaratmaqdır ki, bu da elmi-texniki tərəqqinin müxtəlif konkret aspektlərdə öyrənilməsindən alınan nəticələrin sistemli tədqiqat metodu əsasında nəzərdən keçirilməsini tələb edir.
Müasir sistem nəzəriyyəsi baxımından hər bir bütöv hadisə müəyyən bir sistemin inkişaf prosesini və ya bu prosesin müəyyən şərtlərlə sərhədlənən məhdud hissəsini əks etdirir. Buna müvafiq olaraq, elmi tərəqqi "elm" sisteminin, texniki tərəqqi "texnika" sisteminin, elmi-texniki tərəqqi isə "elm-texnika" sisteminin formalaşması və inkişafı prosesinə uyğun gəlir.
Ayrıca "elm" və "texnika" sistemləri ilə yanaşı "elm-texnika" sisteminin formalaşması yeni keyfiyyətli hadisədir və onun "elm" və "texnika" sistemləri ilə olan qarşılıqlı əlaqəsi və ümumi cəhətlərinin müəyyənləşdirilməsi müasir dövrdə elmi-nəzəri fikir qarşısında duran ən aktual problemlərdən biridir.
Texniki tərəqqinin müəyyən mərhələsində elm və texnika arasındakı qarşılıqlı təsir, əlaqə elə nizamlı və müntəzəm bir formaya düşmüşdür ki, bu əlaqənin qaydalı surətdə tənzim olunması üçün yeni bir sosial sistemə ehtiyac doğmuşdur. "Elm-texnika" sistemindən və elmi-texniki tərəqqidən də məhz bu vaxtdan (XIX əsrin axırları) başlayaraq danışmaq mümkündür. Lakin elmi-texniki tərəqqi artıq formalaşmış bütöv bir hadisə kimi nisbətən son dövrlərə aid olsa da, onun kökləri çox qədimdir.
Elmin mənşəyi onun hələ bir sosial sistem kimi formalaşmadığı qədim dövrlərdə, b.e.ə. III-I minilliklərdə əvvəlcə Şərqdə, sonra isə Yunanıstanda əldə olunmuş biliklərdə axtarıldığı kimi, elmi-texniki tərəqqinin mənşəyi də məhz həmin dövrlərdə məlum biliklərin tətbiqi ilə bağlı olan ilkin fəaliyyətdə axtarılmalıdır.
Bu problem çox az tədqiq olunmuş, fəlsəfi ədəbiyyatda demək olar ki, öz əksini tapmamışdır. Elmi-texniki tərəqqinin bütöv elmi konsepsiyasının indiyədək yaradılmamasının səbəblərindən biri də, bizcə, budur. Yaranmış boşluğu müəyyən dərəcədə aradan qaldırmaq və sonrakı tədqiqat üçün təbii-tarixi zəmin hazırlamaq üçün elmi-texniki tərəqqinin mənşəyi, bilik və fəaliyyətin dialektikası, tarixi inkişaf prosesində onlar arasında münasibətlərin dəyişilməsi qanunauyğunluqları tədqiq olunmalıdır. Elm və texnika bir sistem kimi formalaşarkən onlar arasında olan əlaqələrin mürəkkəbləşməsi də məhz bilik və fəaliyyətin ilkin münasibətlərinin qanunauyğun davamı kimi nəzərdən keçirilir.
Hazırda zehni əmək sahəsində çalışan işçilərin böyük bir qismini elmi-texniki işçilər təşkil edirlər. Elmi işçilərdən fərqli olaraq elmi-texniki işçilərin əsas funksiyası yeni bilik əldə etməkdən deyil, əldə edilmiş bilikləri tətbiq etməkdən, başqa sözlə texnikada özgələşdirməkdən ibarətdir. Deməli, qlobal aspektdə götürüldükdə elmi-texniki iş elmi işin davamıdır, onun istifadə oluna bilməsi üçün zəruri mərhələdir.
Elmi-texniki fəaliyyətin təşkili və idarə olunması müasir dövrün ciddi problemlərindən biridir və istehsalın proqnozu və planlaşdırılması ilə sıx surətdə əlaqədardır. Müasir inkişaf mərhələsində nəinki təkcə istehsalın, elmi-texniki fəaliyyətin özünün də uzun dövr üçün planlaşdırılması problemi ortaya çıxır. Elmi-texniki fəaliyyətin dəqiq elmi əsaslar üzrə planlaşdırılması üçün isə ilk növbədə ümumiyyətlə "elm-texnika" sisteminin mövcud vəziyyəti, onun tarixi inkişaf yolu, quruluşundakı spesifik cəhətlər və yaxın gələcək üçün perspektivləri müəyyənləşdirilmiş olmalıdır. Bununla əlaqədar olaraq "elm-texnika" sisteminin strukturunu və tərkib elementlərini müəyyənləşdirmək lazım gəlir.
Elmi-texniki tərəqqinin öyrənilməsi üçün ilk növbədə "elm-texnika" sisteminin təhlil edilməsi tamamilə zəruri bir tələbdir. İndiyə qədər elmi-texniki tərəqqinin həqiqi əhatə dairəsinin müəyyənləşdirilməməsi, onun elmi-texniki inqilabla müxtəlif hadisələr kimi qarşı-qarşıya qoyulması elm ilə texnika arasındakı əlaqənin, "elm-texnika" sisteminin lazımınca tədqiq olunmaması nəticəsidir. Elmi-texniki tərəqqinin əsil mahiyyəti yalnız ona "elm-texnika" sisteminin əmələ gəlməsi və inkişafı prosesi kimi baxarkən aydınlaşdırıla bilər.
Məlumdur ki, müasir dövrdə elmi-texniki inqilabın mahiyyətinin tədqiqinə geniş yer verilir və müxtəlif müəlliflər bu məsələyə müxtəlif mövqelərdən yanaşırlar. Bu mövqelərdən hər biri elmi-texniki inqilabın müəyyən bir cəhətini əks etdirsə də, onu bütövlükdə izah edə bilmir və birtərəfli xarakter daşıyır. Bu cür birtərəfli yanaşmalara və müxtəlif müəlliflərin mövqeləri arasındakı uyğunsuzluğa səbəb ümumiyyətlə elmin, texnikanın və elmi-texniki tərəqqi hadisəsinin sistemli öyrənilməməsi, elmi-texniki tərəqqinin nisbi müstəqil elmi və texniki tərəqqi hadisələrindən fərqləndirilməməsidir.
Dostları ilə paylaş: |