Ön söz
Yanlışların üzünə qapı bağlananda
Həqiqət də bayırda qalır.
Taqor
Taqor
Müasirlərimizin əksəriyyəti kimi mən də sənəti çox sevirəm və həyatı onsuz düşünə bilmirəm. Nə üçün? Bu sual neçə ildir ki, fikrimi məşğul edir və az qala məni başlıca işimdən yayındıracaq qədər güclü görünür. Əlbəttə, belə bir hadisə baş verə bilməz, çünki bu suala öz ixtisasımın gözü ilə baxırdım. Nəhayət, sənət məsələləri ətrafındakı düşüncələr diqqətimi “elm və sənətin əlaqəsi, qarşılıqlı təsiri” kimi nisbətən konkret sahəyə yönəltdi ki, dövri mətbuatımızda bu barədə müzakirə və söhbətlərə tez-tez rast gəlmək olur.
Elmlə sənətin əlaqəsini, qarşılıqlı təsirini azacıq da olsa açmaq məqsədi güdən bu yazı mövzuya sənət pərəstişkarı bir təbiətçinin baxımıdır. Bu fikirlər müxtəlif vaxtlarda gördüklərimin, oxuduqlarımın və ayrı-ayrı görüşlərin təsiri altında formalaşmışdır.
İstər elmin, istərsə də bunların qarşılıqlı təsirinin bir elm obyekti kimi öyrənilməsi ilk baxışda əməli cəhətdən az əhəmiyyətli görünə bilər. Lakin belə deyil. Axı, bu məsələlər əslində həyatın mahiyyəti, insan aləminin mahiyyəti məsələlərinin vacib hissələridir.
Həyatın təkmilləşməsi, yetkinləşməsi üçün insanın görəcəyi vacib işlər çoxdur. Belə bir hal əbədidir. Görüləcək işlərin qurtarması həyatın sona çatması olardı. İşin belə tükənməzliyinə baxmayaraq insan fikirləşməyə başlayandan bəri həyatın və özünün mahiyyəti haqqında düşünməyə həmişə vaxt tapmışdır. İlk baxışda mücərrəd görünə bilən bu axtarışlar insanın sabahı üçün gərəkdir. Axı, insan öz gələcəyini təkmilləşdirmək üçün onun mahiyyətini anlamalıdır, aləmi dərk etməlidir. İnsanın təcrübi məqsədlər üçün yaratdıqlarının hamısı aləm haqqındakı təsəvvürlərinin, biliyinin nəticəsidir. İnsanın aləm haqqında biliyi, qəribə də olsa, öz həyatı üçün istifadə etdiyi faydalı imkanlardan dəfələrlə çoxdur. Bu biliyin böyük bir hissəsi həyata tətbiq olunmur. Belə hal təbiidir – ürəkli bir addım atmaq üçün neçə-neçə addım irəlini görmək lazımdır. Bir sözlə, təcrübədə istifadə olunmayan bilik işıq rolunu oynayır. Əlbəttə, müəyyən vaxta qədər.
...Bir kimsə əgər olaydı agah
Kim, xəlqi necə yaradır Allah,
Mümkün ki, iradətilə ol həm,
Xəlq edə biləydi özgə aləm.
İndiki elmin gözü ilə baxsaq və müasir elm dilinə çevirsək, Füzuli deyir ki, insan aləmin necə yarandığını, necə qurulduğunu bilsəydi, özü də belə bir aləm yarada bilərdi.
Bu gün aləmi bilmək zərurəti hələ aləm yaratmaqdan əvvəl, xərçəng xəstəliyinə müalicə üsulu tapmaq, irsi xəstəliklərin müalicəsi problemini həll etmək, insanın texniki fəaliyyəti nəticəsində təbiət ahənginin pozulması qarşısını almaq, elmin, sənətin mahiyyətini başa düşüb, bunların imkanından tam istifadə etmək üçün lazımdır. Elmlə sənətin əlaqəsi məsələsi yeni qoyulmur. Bu, çox qədim problemdir. Məsələyə hər dövrün özünün baxımı var. Biz qarşıya çıxan hər hansı bir sualın mahiyyətinə ayrı-ayrı çağlarda baxsaq, onun zamana görə necə dəyişdiyini görərik. Biz “cavab köhnəlib” deyirik. Bəlkə “sual yeniləşib” demək daha doğrudur.
Yüz il bundan qabaqkı “Sənət nədir?” sualı ilə indiki “Sənət nədir?” sualı eyni deyil. Sualın qoyuluşu eyni olsa da, əslində bizi maraqlandıran “Sənət necə olmalıdır?” sualıdır. “Sənət nədir?”, “Elm nədir?”, “Sənətlə elm bir-birini necə tamamlayır?” kimi suallar hər ikisinin yüksəlişindəki ziddiyyətli dövrlərdə irəli sürülür. Alına biləcək cavablar hər ikisinin inkişaf yolunu aydınlaşdırmaq üçündür. Bir tərəfdən də bu suallara orijinal cavabların alınması, trivial (əksi mənasız olan) olmayan cavabların tapılması üçün yeni fikir zirvələrinə yetişməyi tələb edir.
Kvant fizikasının görkəmli nümayəndələrindən biri olan Lui De Broyl elmi axtarış aparan adamı zirvə arxasında nələr olduğunu görməyə can atan səyyaha bənzədir. O, ucalıqdan, arxasında başqa aləmlər gizlənmiş yeni zirvələr görür. Hər sualın-sorğunun həlli cavabla bərabər yeni suallar, yeni diləklər, sirlər aləminə gedən yeni yollardır. Şəhrizadı bir-birini tamamlayan min bir nağıl ölümdən qurtardığı kimi, elmi işçini də fəaliyyətsizlikdən, mənəvi yoxsulluqdan sualdan çıxan yeni suallar xilas edir.
Yeni çıxılmış zirvələrdən gələcək zirvələrə bərabər keçilmiş yol da aydın görünür. Tədqiqatçı – araşdırıcı yeni zirvələrə yola düşməzdən öncə gəldiyi yolla bu yüksəklikdən baxır. İndi keçilmiş olan, ayrı-ayrılıqda gördüyümüz, lakin əlaqəsini duymadığımız sıldırımlar, dolaylar, aşırımlar başqa cür görünür. Geriyə qayıdıb zirvəyə yenidən gəlmiş olsaydınız, oraya ən rahat yol seçərdiniz. Artıq çatılmış məqsədə necə və hansı yolla gəlməyin müzakirəsi bu məqsəd üçün elə bir əhəmiyyət kəsb etmir. Bu müzakirə gələcək yolun qısaldılması üçün lazımdır.
İndi fikir aləmində belə zirvələr çoxdur: mikroaləmin quruluşu, molekulyar biologiya, kibernetika, təşkilat haqqında elm və s. Bütün bu zirvələrdən elmə, sənətə və onların əlaqəsinə baxış yeni nəticələr əldə etməyə imkan verir. Belə cəhdlərin soyuq baxışlarla qarşılandığı hallar az deyil: “Sənəti kimya, fizika, biologiya anlayışlarına xırdalamaq onu yox etmək demək deyilmi?”
Həyat məhz kimya, fizika, biologiya anlayışlarına xırdalana bildiyindən bu gün etibarlı, dayanıqlı olmuşdur. Bir də həyat, sənət, buna görə qəribəliyini itirə bilməz, onu başqa qəribəlik əvəz edir. Bəlkə də qəribəlik üstünə qəribəlik gəlir. Elə kristalloqraf görməmişəm ki, kristalların içərisinin quruluşunu öyrəndiyinə görə çölünün gözəlliyinə laqeyd olsun. Elə də həkimlər, anatomlar. Məgər çiçəkləri ləçəklərinə, yarpaqlarına və hüceyrələrinə qədər bölən botanik onların gözəlliyindən zövq almırmı?
Biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşündürmür. Bilikdən, tanışlıqdan yaranan heyranlıq isə həyatın insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənildikcə şirinləşir, şirinləşdikcə öyrənilir. Həyatın sirlərini öyrənməyə inamsızlıq, həyatın özünə ümidsiz baxışdan törəyə bilər. Belə bir inamsızlıq şeylərin mahiyyətini öyrənmək səyini hələ beşikdə ikən öldürə bilər.
Əlbəttə, bu skeptikliyin psixoloji səbəbi müəyyən qədər başa düşüləndir. Vaxtı ilə insan Yerin kainat üçün mərkəz olmadığını eşitdikdə daha böyük həyəcan keçirmişdir: necə ola bilər ki, üzərində insan gəzən Yer kainatın mərkəzi olmasın?!
Tanrıları belə özünə oxşadan insana bir gün qalan canlılarla eyni köklü olduğunu deyəndə necə pərt olmayaydı. Lakin o tezliklə inandı ki, mərkəz olmaq hələ yüksəklik deyil və meymunlarla uzaq qohumluq onun insan şöhrətini zərrəcə azaltmır. Əksinə, insan öz yerini düzgün bildikdən, özü haqqında bu həqiqətləri öyrəndikdən sonra uzaq “qohumlarına” nisbətən daha yüksəkliklərə uzandı.
Bu cür misilsiz həyat təcrübəsinə yiyələnən insan ən adi elementlərdən təşkil olunduğunu bilib özü öz gözündən düşməməlidir. Məsələ təkcə nədən təşkil olunmaqda deyil, həm də necə təşkil olunmaqdadır.
Beləliklə, elmlə sənətin əlaqəsi kimi bir məsələni yeni fikir zirvələrindən müşahidə etmək sənəti bizim üçün adiləşdirmir, əksinə, bizi oradakı gözəlliyin daha dərin qatlarına yüksəldir.
Bəs belə addımlarda yanlışlıqlar necə? Səhv etmək qorxusu bizi nə qədər doğru addımlardan saxlayır! Necə deyərlər, səhv etmək üçün ən yaxşı yol heç bir iş görməməkdir.
Bu baxımından elmin bütün tarixini gözdən keçirmək mümkün olsaydı, gözlənilməz həqiqətlərlə qarşılaşan nə qədər yanlış addımlar nəzərə çarpardı. Kolumb sarsılmaz bir inamla Hindistan səfərinə çıxıb Amerikanı avropalılar üçün açdı. Kimyaçılar “Fəlsəfə daşı” axtara-axtara kimyanı nə qədər zənginləşdirdilər. Mənə elə gəlir ki, trivial olmayan, əksi də ağıla batan mülahizələr, fərziyyələr yoxlanılmağa möhtacdır, onları araşdırmağa dəyər.
“Fizika, kimya həyatın mahiyyətini aça bilməz!”, “Maşın şeir yaza bilməz!” və s. kimi qəti hökmlər verənlər az deyil.
Qoy maşın musiqi yazsın, pis olar, dinləmərik. Bu imkanımızı əlimizdən kim ala bilər? Biz ki, adi, təbii qaydada yazılan hər musiqini bəyənmirik. Maşın dözülməz bir musiqi yazsa belə biz onu iftixar hissi ilə dinləməliyik. Bu, insanlıq üçün bəstəkarın orta səviyyəli musiqisindən çox dəyərlidir. Məsələ maşına musiqi və şeir yazdırmaqda deyil. Belə işləri insan üçün insan etməlidir. Məsələ maşının imkanlarını öyrənməkdir. Maşına şer yazdırmasaq, musiqi bəstələtməsək, şəkil çəkdirməsək onun imkanlarını necə tapa bilərik? Bir də insan, özünün indi gördüyü işləri görə bilən bir maşın düzəldərsə, öz beyni qat-qat artıq inkişaf edəcək. İnsan yaradaraq yaranır – bu prosesdə dəyişib yenidən yaranır. Bu, yaradıcılıq prosesinin mütləq nəticəsidir. Yaratmaq istədiyiniz alınmasa da, siz özünüz yeniləşəcək, yenidən yaranacaqsınız. Bəlkə də, adamlar “zəhmət itmir” dedikdə bunu nəzərdə tuturlar. İnsanın “perpetium mobile” – daimi mühərrik yaratmaq yolundakı bütün cəhdləri boşa çıxdı. İnsan belə bir işin mümkün olmadığını tapıb çox yüksəldi. O belə bir mühərriki tapmış olsaydı, inkişafa ehtiyac qalmaz, heç əvvəlki yüksəkliyini də saxlaya bilməzdi. Biz hələ maşının imkanlarından öz işimizdə tam istifadə etməmiş, bəzən mətbuatda maşınların yazacağı şeirlərin bədii baxımdan zəif olacağını “elmi” cəhətdən sübut etməyə çalışırıq. Doğrusu, bu, çox gülməlidir.
Yanlış və fantastik əməllər dalınca qaçmaq haqqındakı mülahizələrdə isə məqsəd yol verə biləcəyimiz yanlışlıqlara, əsassız hökmlərə haqq qazandırmaq deyil. Elm elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada göyərə bilməz.
Dostları ilə paylaş: |