YEZİD ZİYADIN NƏZƏRİNDƏ
Müaviyə Ziyad ibni Əbihə bir məktub yazıb, Kufə əhalisindən oğlu Yezid üçün beyət almasını istədi. Ziyad (Əməvi reqiminin müti qulu) Übeyd ibni Kəb Təmriyə bir məktub yazıb Yezidi belə təriflədi:
Yezid xoşgüzəran, əhli-kef və dinsiz bir cavandır ki, ova, əyləncəyə daha çox hərisdir. Cəmiyyəti idarə etmək, müsəlmanlara rəhbərlik çox çətin işdir və Yezid kimi bir adam xilafət kürsüsünə çıxmamalıdır.
Sonra Ziyad, Übeyd ibni Kəbi çağırıb tapşırdı ki, bu xəbəri Müaviyəyə çatdırıb onu Yezidin yaramaz işlərindən, eləcə də dini məsələlərdə olan azğınlığından xəbərdar etsin62
MÜAVİYƏNİN ÖLÜMÜ
Yezid altmışıncı hicri ilinin rəcəb ayında Müaviyənin ölümündən sonra xilafətə keçdi. O, İslamdan qabaqkı dövrə (cahiliyyət dövrünə) mənsub olan üzdəniraq cavanların həyat tərzinin bariz nümunəsi idi. Xalq arasında heç bir ehtirama malik deyildi; onun İslama qarşı zidd olan rəftarı, aşkar əxlaqsızlıqları o dövrün İslam dünyasında məşhur idi.
Yezid İslam hökumətində açıq-aşkar xalq arasında şərab içən, ən iyrənc, murdar cinsi pozğunluqlarla məşğul olan ilk hakim idi. Vaxtını eyş-işrət, tar-kaman və musiqiyə sərf edərək, meymun və it ilə əylənirdi. Onun simasında din və dindarlıqdan heç bir əsər-əlamət yox idi, üstəlik başqalarının məzhəbi etiqadlarına da ehtiram göstərmirdi. Bütün bunlarla yanaşı, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişinlik iddiasını etməkdən çəkinmirdi.
Müaviyə bu vəziyyətlərə baxmayaraq, özünün İslam dünyasına olan böyük hərbi qüdrətindən istifadə edərək oğlunun xəlifə olması üçün yolu hamarlayırdı. Buna görə də Yezid möminlərin əmiri kimi bütün qəbilə və əyalətlər tərəfindən alqışlanırdı. Eyni halda, onun xilafəti İslamın tanınmış şəxsiyyətlərindən olan dörd nəfərin, xüsusilə də İmam Hüseyn (əleyhis-salam) kimi əzəmətli bir şəxsin beyəti olmadan həyata keçə bilməzdi. Bütün müsəlmanların nəzər-diqqətləri, o Həzrətin göstərəcəyi əks-təsirə yönəlmişdi. Müaviyə göstərdiyi bütün ciddi-cəhdlərə baxmayaraq, bu dörd nəfərdən Yezid üçün beyət ala bilmədi.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yeganə nəvəsi olan İmam Hüseyn (əleyhis-salam) xalq arasında dərin hörmətə malik idi. Şübhəsiz, ondan beyət almadan Yezidin hakimiyyəti möhkəmlənə bilməzdi. Yezid ibni Müaviyə cinayətkar, meypərəst bir adam idi, dinsizliyə və küfrə adət etmişdi; dini məsxərəyə qoyur, kənizlər, qulamlar və çalğıçılarla başını qatır, həmişə meymunlarla, itlərlə oynayırdı.
İmam Hüseyn (əleyhis-salam) belə bir adamın müsəlmanlara hakim olmasını heç cür qəbul edə bilməmişdi. O, Mərvan ibni Həkəmə belə buyurdu: Əgər Yezid kimi bir adam müsəlmanların rəhbəri olarsa və İslam ümməti belə bir murdar adamın əlinə düşərsə, onda İslamın gələcəyi naməlum olacaqdır. Eləcə də öz qardaşı Məhəmməd ibni Hənəfiyyəyə buyurdu: Qadir və Mütəal Allaha and olsun, dünyada heç bir sığınacaq tapmasam belə, yenə Yezid kimi bir adama beyət etmərəm.
YEZİDİN MƏDİNƏ HAKİMİNƏ GÖSTƏRİŞİ
Yezid o vaxt Mədinə hakimi olan əmioğlusu Vəlid ibni Ütbəyə bir məktub yazdı. Məktubun məzmunu belə idi: Mənim hökumətim üçün hamıdan, xüsusilə də Hüseyn ibni Əlidən beyət almalısan. Əgər beyət etməzsə, başını kəsib mənə göndərməlisən.
Vəlid bu məktubu alandan sonra Mərvan ibni Həkəmlə məşvərət edib onun bu barədəki nəzərini soruşdu. Mərvan cavab verib dedi ki, o Həzrət heç vaxt Yezidə beyət etməyəcək. Əgər mən sənin yerinə olsam, onun boynunu vuraram.
Vəlid dedi: Kaş bu dünyada olmayaydım və bu səhnə ilə üzləşməzdim.
Sonra İmam Hüseyn (əleyhis-salam)-ın yanına bir nəfər göndərib o, Həzrəti gecə ikən hökumət qərargahına çağırdı. İmam Hüseyn (əleyhis-salam) dərhal bu dəvətin səbəbini başa düşüb yaxın adamlarından 30 nəfərlə birgə oraya getdi. Onlar İmam (əleyhis-salam)-ın göstərişi ilə silahlanmışdılar. Çünki gecənin bu vaxtı o Həzrətə sui-qəsd edilməsi gözlənilirdi. Qərara alındı ki, İmamla (əleyhis-salam) gələnlər Vəlidin sarayı ətrafında hazır vəziyyətdə otursunlar, hər vaxt İmam (əleyhis-salam)-ın uca səsini eşitsələr, dərhal hücum edib o Həzrətə zərər dəyməsinin qarşısını alsınlar.
İmam (əleyhis-salam) saraya daxil oldu. Qısa söhbətdən sonra Mərvan Vəlidə təklif etdi ki, o Həzrəti zindana salaraq ondan beyət alsın. İmam (əleyhis-salam) üzünü Mərvana tutub buyurdu:–Heç vaxt Yezidə beyət etməyəcəyəm. Vay olsun sənə, ey Zərqanın oğlu! Sən mənim qətlimə fərman vermək istəyirsən? Allaha and olsun, yalan demisən və yanılmısan!
Sonra üzünü Vəlidə tutub buyurdu:–Ey Vəlid! Biz nübüvvət əhli-beyti, risalət mədəniyik. Bizim evimiz mələklərin gedib-gələn yeridir. Allah varlıqlar içərisində bizi seçərək risalət işinin xətmini bizim öhdəmizə qoymuşdur. Amma Yezid nalayiq işlər görən, şərab içən bir adamdır. Möhtərəm insanların hörmətini sındırmış və öz alçaqlığını aşkar etmişdir. Buna görə də mənim kimi bir insan heç vaxt Yezidə beyət etməyəcək.
İmam (əleyhis-salam) bu sözləri deyib dərhal Vəlidin sarayından çıxdı və öz adamları ilə birlikdə evə qayıtdı.
İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN MƏRVANLA QARŞILAŞMASI
İmam Hüseyn (əleyhis-salam) sübh çağı mənzildən çıxdı. Yolda Mərvanla rastlaşdı. Mərvan ona dedi:–Ey Əba Əbdillah, mən sənə bir nəsihət edirəm: əgər onu qəbul etsən, üzünə həqiqət yolunun qapısı açılacaq.
İmam Hüseyn (əleyhis-salam) buyurdu:–De, qulaq asıram.
Mərvan dedi:–Mən sənə tövsiyə edirəm ki, din və dünyanı hifz etmək üçün Yezid ibni Müaviyəyə beyət edəsən.
İmam (əleyhis-salam) buyurdu:
Əgər Yezid kimi bir adam bu ümmətin rəhbərliyini əlinə alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır.
İMAM (ƏLEYHİS-SALAM) MƏKKƏYƏ TƏRƏF HƏRƏKƏT EDİR
İmam (əleyhis-salam) 60-cı hicri ili rəcəbin 28-də sübh (başqa rəvayatə görə gecə) Mədinədən Məkkəyə doğru hərəkət etdi. Mədinədən çıxan zaman Musa (əleyhis-salam)-a, Fironun qorxusundan Mədyən şəhərinə getməsi barədə nazil olan ayəni oxudu:
Qorxunc bir halda düşmənin gəlməsindən ehtiyat edərək şəhərdən xaric olub dedi: Pərvərdigara, məni zülmkar xalqdan xilas et!
İmam Hüseyn (əleyhis-salam) Məkkəyə doğru adi yollarla irəliləyirdi. O Həzrətin əhli-beyti dedi:–İbni Zübeyr kimi gizlin yollarla hərəkət edin ki, bir kəs sizi tutmaq istəsə, tapa bilməsin.
İmam (əleyhis-salam) buyurdu:–Mən düz yoldan çıxmaram, qoy Haqq-təala mənimlə onlar arasında Öz istədiyi kimi hökm etsin63.
İMAM HÜSEYN (ƏLEYHİS-SALAM) MƏKKƏYƏ DAXİL OLUR
İmam Hüseyn (əleyhis-salam) cümə günü şəban ayının üçündə Məkkəyə daxil olub bu ayəni oxudu:
(Həzrət Musa) Mədyənə doğru baxaraq dedi: Ümidvaram ki, Rəbbim məni düz yola hidayət edər və öz məqsədimə çatdırar.
Məkkə əhalisi, həmçinin başqa yerlərdən ömrə həccinə gələnlər imamın gəlişindən xəbər tutduqda o Həzrətin yanına get-gəl edərək səhər-axşam onun yanında qalırdılar. Həmin vaxtlarda Əbdüllah ibni Zübeyr də Məkkədə idi. O, Kəbənin yaxınlığında tutduğu evdə qalır, camaatı aldatmaq üçün çoxlu namaz qılaraq tez-tez İmam (əleyhis-salam)-ın yanına gəlirdi. Zahirdə çox sevinir, batində isə İmam (əleyhis-salam)-ın Məkkəyə gəlişindən narazı idi. O çox gözəl bilirdi ki, İmam (əleyhis-salam) Məkkədə olduğu halda Hicaz əhlindən heç kəs ona (Yezidə-müt.) beyət etməyəcək.64
Dostları ilə paylaş: |