İftira və ittihamlar
Qabaqcadan qeyd edək ki, biz nə Şiə, nə Əhli-sünnə, nə də hətta Sələfi firqələrinin Quranın təhrifinə inandığını düşünmürük. Bütün firqələrdən bəzi alimlər bu fikirdə olmuşlar, lakin bu onların mənsub olduqları firqənin deyil, yalnız özlərinin subyektiv fikri sayılır.
Yeri gəlmişkən deyək ki, firqələri təhrif düşüncəsində ittiham etməmək fikri 2004-cü ildə əl-Müstəqillə telekanalında İmam Sadiqə həsr olunmuş silsilə diskussiyaların sonunda iştirakçılar tərəfindən də dəstəkləndi. Bu diskussiyada sələfilər tərəfindən küveytli əl-Xəmis, ərəbistanlı Dusəri və Riyazdan telefon bağlantısı quran Məhəmməd Nüceymi, şiələr tərəfindən isə iranlı Musəvi, iraqlı Əsədi və Qumdan telefon bağlantısı quran livanlı Əli Kurani iştirak edirdi. Tanınmış aparıcı Məhəmməd Haşiminin səylərinə baxmayaraq, vəhhabilərin “diskussiyalar aslanı” Osman əl-Xəmisin sayəsində vahid bəyanat qəbul olunmadı. Çünki o, təhrif düşüncəsində olanların kafir elan edilməsinin bəyanata salınmasını da israrla tələb edirdi. Bununla yanaşı, iştirakçıların hamısı hər hansı firqəni təhrifdə günahlandırmağa son qoyulmasını və belə bir fikrin yalnız uyğun iddiaçıların özlərinə aid edilməsini dəstəkləyirdi. (Bax: www.youtube.com/watch?v=refWdNIPX_M) Lakin təəssüf ki, Osman əl-Xəmis bir qədər sonra yazdığı “Şiə və Quran” yazısı ilə bir daha bütün Əhli-beyt məzhəbini ittiham etməyə başladı. Biz burada yeri düşdükcə onun fikirlərini yada salacağıq.
Bu yazıda məqsədimiz kiməsə qarşı iddia qaldırmaq yox, Şiə firqəsinə atılan uyğun böhtanları cavablandırmaqdır. Bu gün Şiə dünyasında vəhdət çağırışları o qədər güclüdür ki, - təbii ki, bu çox yaxşı haldır - əksər ruhani və ilahiyyatçılar məzhəb mövzularına maraq göstərmir, bundan çəkinirlər. Bu amil, həmçinin “dini ədavət və düşmənçilik yaratmaq”, “insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği” haqqındakı müvafiq qanunlarımızın işləməməsi normal ictimai varlıq kimi dinc birgəyaşayış mədəniyyətindən məhrum ünsürlərin və dini iğtişaşlara meylli radikal qrupların daha cəsarətlə meydan sulamasına səbəb olmuşdur.
Biz aşağıdakı qruplara bölünən iftira və iddiaların hər biri haqda ayrı-ayrılıqda danışacağıq:
Şiə kitablarında təhrifə dair 2000 səhih hədis var;
Şeyx Səduqdan qabaq heç bir Şiə imamı və ya alimi Quranın təhrif olunmadığını deməyib;
Şiələrdə fərqli bir Quran var;
Əksər Şiə alimləri Quranın təhrif olunduğunu söyləyiblər;
Quranın təhrif edildiyini düşünən hər kəs təkfir olunmalıdır, lakin Şiə alimləri bunu etmirlər;
Şiə etiqadları Qurana zidd olduğuna görə bu firqənin alimləri onun təhrif olunduğunu düşünürlər.
Dostları ilə paylaş: |