“REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU” İCTİMAİ BİRLİYİ
02 Noyabr 2011-ci il
Bakı, Azərbaycan
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN “XURAL” QƏZETİNİN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLININ HƏBSİ İLƏ BAĞLI BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının Azərbaycan iqtidarının siyasi sifarişi əsasında həbs alınmasını qətiyyətlə pisləyir və onu dərhal azadlığa buraxmağa çağırır.
Oktyabrın 28-də Ə.Zeynallı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbsə səbəb Azərbaycan parlamentin deputatı hakim Yeni Azərbaycan Partiyasının siyasi şuranın üzvü Gülər Əhmədovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verdiyi şikayət olub. Şikayətdə Gülər Əhmədova iddia edir ki, təxminən iki ay öncə Əvəz Zeynallı ondan kompromat (haqqında olan ifşaedici) məlumatları dərc etməmək müqabilində 12 min dollara yaxın pul tələb edib. Həmin ittihama görə Zeynallı 12 ilədək həbs cəzası ala bilər.
RATİ-nin ilkin araşdırmaları onu göstərir ki, baş redaktoru bu cür ağır ittihamlarla üzləşməsinə istintaqı aparan qurumun heç bir əsaslı sübut və dəlil yoxdur.
Digər tərəfdən RATİ müəyyən edib ki, söz azadlığına dözümsüzlüyü ilə tanınan Azərbaycan iqtidarında Əvəz Zeynalının həbsə almaq üçün kifayət qədər səbəblər olub.
Belə ki, son bir ildə “Xural” qəzetinə 20-dən artıq diffamasiya ilə bağlı məhkəmə çəkişməsi keçirilib. Qəzet üçün Azərbaycan reallığında böyük məbləğdə cərimə qərarları da olub. Prezident Administrasiyasının Rəhbəri Ramiz Mehdiyevin iddiası ilə qəzet 10 min manat, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası əsasında isə 5 min manat məbləğində cərimələnib. Bu cərimələri ödəməyə maddi imkanı olmadığı üçün qəzetin bütün avadanlığı məhkəmə icraçıları tərəfindən siyahıya alınıb.
“Xural” qəzeti 2002 ilin oktyabr ayından həftəlik dərc olunurdu , lakin bu ilin sentyabr ayının 20-dən gündəlik nəşr olunmağa başladı. Oktyabrın 17 də «Xural»qəzetində Əvəz Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin “Əl Jazira” telekanalının aparıcısı Devid Frosta (David Paradine Frost) verdiyi müsahibəni təhlil edərək Azərbaycan prezidentini kəskin tənqid etdi və onu istefa verməyə çağırdı. Məhz bu məqalənin dərc edilməsindən sonra «Xural»qəzeti hakimiyyətin növbəti qəzəbinə tuş gəldi. Belə ki iki gün sonra qəzetin ofisinə gələn məhkəmə nəzarətçiləri bütün kompyuter avadanlığını müsadirə edərək qəzetin işini iflic elədi. Beləliklə oktyabr ayının 19-da «Xural» qəzetinin kompyuter avadanlıqları Ramiz Mehdiyevin və Vüqar səfərlinin iddiaları üzrə cərimənin ödənilmədiyi üçün müsadirə olunub. Avadanlıq müsadirəsindən dərhal sonra Əzvəz Zeynallı prezidentə ünvanlanan daha bir sərt tənqidi yazını dərc elədi. Bu yazı oktyabr ayının 20-də dərc olunduqdan sonra qəzet faktiki olaraq dərcini dayandırmalı oldu. Həmçinin qeyd etmək lazımdır ki, bir çox mətbəələr oktyabr ayının 20-dən sonra “Xural” qəzetini çap eləməkdən imtina etdilər. Beləliklə avadanlığı müsadirə olunmuş və üstəlik mətbəələr tərəfindən çap olunmayan «Xural»qəzeti çap versiyasını buraxa bilmədi. Bu təzyiqlərə zorla tab gətirən «Xural»qəzeti onlayn rejimində fəaliyyətini davam etdirdi və bir çox yazılarında faktiki olaraq iqtidarı sərt tənqid etməyə davam elədi. Nəhayət qəzetin fəaliyyətini iflic vəziyyətinə salınmasından sonra iqtidar Əvəz Zeynallını həbs elətdirmək qərarına gəldi.
Əvəz Zeynallının həbs edilməsinin siyasi motivliyini dolayısı ilə sübut edən daha bir əsaslı fakt onun doğma qardaşı Rauf Zeynalovun oktyabrın 20 –də ( “Xural” qəzetinin əmlakın müsadirəsindən bir gün sonra) Dövlət Yol Polis İdarəsindən heç bir əsas olmadan işdən çıxarılmasıdır.
RATİ xatırlatmaq istəyir ki, oxşar üsulla vaxtikən “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin fəaliyyəti iflic edilmiş, baş redaktor və təsisçi Eynulla Fətullayev uzun illərə həbsə atılıb. O zaman da qəzetin əmlakı hüquq mühafizə orqanları tərəfindən müsadirə olunub və qəzetin fəaliyyətinin davam etdirilməsini mümkünsüz edib.
RATİ hesab edir ki, Ə.Zeynallını həbsi bir daha göstərir ki, Azərbaycan iqtidarı insan haqları və əsasən də ifadə azadlığı sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir
Maraqlıdır ki, məhz “Əl Jazera”ya müsahibəsində prezident İlham Əliyev Azərbaycanda ifadə azadlığının yaxşı durumda olduğunu və nümunə kimi internetin azad olduğunu göstərmişdi. Lakin hakimiyyətin baş redaktoru həbsə atdırmağı bu sözlərin səmimi olmasını göstərmir.
Qeyd etmək lazımdır ki 2012 ili may ayında Bakıda “Evrovision 2012” mahnı müsabiqəsini təşkil edən Azərbaycan hakimiyyəti Avropa Yayım Nazirliyinə baş nazir Artur Rasizadə tərəfindən ünvanlanan məktubda Azərbaycanda insan haqlarının qorunmasına dünya ictimaiyyətinə bir növ zaminlik vermişdi
Lakin Azərbaycan həbsxanalarında çox saylı siyasi məhbusların olmağı, o cümlədən Əvəz Zeynallının həbsi onu göstərir ki, hökumətin insan haqları ilə bağlı vədləri sırf dekorativ xarakter daşıyır.
RATİ Azərbaycan iqtidarını Əvəz Zeynallını dərhal azad etməyə, söz azadlığına dözümlü olmağa və insan haqlarına hörmətlə yanaşma çağırır.
RATİ həmçinin beynəlxalq ictimaiyyəti “Avroviziya 2012” müsabiqəsinə ev sahibliyini edən Azərbaycan Respublikasında insan haqlarını xüsusi diqqətdə saxlamağa və bu haqları boğmağa yönəldilən addımları sərt şəkildə qınamağa çağırır.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |