Miomektomiyanın yerinə yetirilmə metodikası. Qarın boşluğuna giriş əsasən köndələn qasıqüstü, Pfannenştil kəsiyi ilə aparılmışdır. Aşağı orta kəsik yalnız miomanın ölçüləri həddən artıq böyük olduqda (20 həftəlik hamiləlikdən >), yaxud əvvəllər icra olunmuş operativ müdaxilədən sonra yaranmış köhnə çapıq üzrə (aşağı orta kəsik) aparılmışdır. Qarın boşluğu açıldıqdan sonra kiçik çanaq orqanlarının təftişi aparılmış və cərrahi vəziyyəti qiymətləndirilmişdır. Miomatoz düyünlərin sayını, ölçüsünü və lokalizasiyasını vizual və palpator olaraq müəyyən etməklə uşaqlıqda kəsik ən böyük düyünün proyeksiyasında, uşaqlıq oxuna perpendikulyar, uşaqlıq cisminin mərkəzinə yaxın – vaskulyarizasiya ən az olduğu zonada aparılmışdır.
Miomatoz düyünlərin enukleasiyasını küt və iti yolla yerinə yetirmişik. Uşaqlığın divarı kəsildikdən sonra lifli aralıqları kəsərək “kapsulu” küt şəkildə ayıraraq düyünün enukleasiyasını aparmışıq. Düyün “kapsulu” elementinin uşaqlıq divarının hipertrofiyaya uğramış əzələ strukturu olmasını nəzərə alaraq, onu kəsib götürmürdük. Miometriumun tikilməsi bir cərgə boyu ayrı-ayrı tikişlərlə yerinə yetirilmişdir. İkicərgəli tikişlər uşaqlıq boşluğu açılan zaman, yaxud miometriumun böyük defektləri birləşdirildikdə qoyulurdu. Uşaqlıqda çapığın sağalma prosesinin, bağırsaq ilgəkləri ilə bitişmə prosesinin profilaktikasının yaxşılaşdırılması və daha yaxşı hemostaz məqsədi ilə bəzi pasiyentlərdə əlavə olaraq, uşaqlıqda çapığın böyük piyliklə peritonizasiyasını aparmışıq. Histeroomentopeksiya zamanı piyliyin sərbəst tərəfini miomektomiyadan sonrakı çapığa, uşaqlıqda yaranın tikilməsindən sonra saxlanılmış liqaturun bir neçə sərbəst ucları ilə tikmişik. Bircərgəli düyünlü tikişlər üçün tədricən əriyib yox olan sintetik tikiş materialından (vikril, PGA) istifadə olunmuşdur.
Dostları ilə paylaş: |