Birinci Mən. Mən sənin əqidənlə birbaşa bağlı olmayan, hansısa nizam-intizama tabe olmağa məcbur olmadan gördüyün işlərdən danışıram. Sən canlı bir insansan, həyat isə sənin qarşına elə situasiyalar çıxarmışdır ki, sənin burada: “Nə etməli?” sualına hazır cavabın olmamışdır. Həyat istənilən böyük nəzəriyyədən geniş və tutumludur, ona görə də, hər bir şəxs, zaman-zaman, ancaq özünün məsuliyyət daşıdığı qərarlar verməli olur, bu anlarda onun verdiyi qərarın hansısa nüfuzlu bir şəxsin rəyi ilə üst-üstə düşüb-düşməyəcəyini aydınlaşdırmağa imkanı olmur. Nəzəriyyə ümumi qanunauyğunluqları ortaya çıxarır, həyat isə xüsusi hallardan əmələ gəlir. Biz hətta, Ən Başlıca Metodla silahlananda belə gördüyümüz işləri öz mənimizə uyğun olaraq eləyirik.
O. (irişir.) Hansı məni deyirsən. Axı belə çıxır, sizlər bir neçə nəfərsiniz?
Birinci Mən. Elə başlıca problem də buradadır: hər bir vəziyyətdə bu Mənlərdən hansının dediyi sənə daha düzgün görünəcəkdir? Çalışıb-çabalamaq(İkinci Məni göstərir), ehtiyatlı olmaq (Üçüncü Məni göstərir), yoxsa...
O. Bəs özünü niyə demirsən? Sənin adın nə olacaqdır? Sən mənə nəyi öyrətmək istəyirsən?
Birinci Mən. Dəqiqliklə deyə bilmərəm. Yəqin ki, insanpərvərlik demək olar: o məşhur deyimdə olduğu kimi—“İnsana xas olan heç nə mənə yad deyildir...”