Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadət günündə kəşfiyyatçı şəhidlərə mərasim keçiriləcəkdi. Çox istəyirdim ki, ağa İbrahimin kitabı həmin gün təqdim olunsun. Mərasimə bir neçə gün qalırdı. Kitabın icazəsini alıb çap etdirmək prosesi isə bir aydan çox vaxt tələb edirdi. Lakin Allahın lütfü ilə bütün işlər yoluna düşdü, kitab şəhadət gecəsi çap olundu və təqdimatı şəhadət günü kəşfiyyatçı şəhidlərlə bağlı mərasimdə baş tutdu.
Kitabın çapından sonra Şəhid İbrahim Hadinin kəramətləri haqda bizə müxtəlif xəbərlər çatdı. Təbii ki onların hamısını burada qeyd edə bilmərik. Lakin çox təsirli olanların bəzisini ixtisarla diqqətinizə çatdırmağa çalışacağıq.
Üç il öncə bir tələbə zəng vurub şəhidlə bağlı başına gələnləri danışdı:
"Mənəviyyatdan uzaq bir tələbə idim. Universitetə ayağı dəyən kimi bütün keçmişini unudub mənəviyyatla sağollaşanlardan biri idim.
Bir müddət həyatım belə keçdi. Bir gün bəzi dostlarım dedilər ki, cəbhə bölgələrinə ziyarət ekskursiyasına gedirik, sən də gəl, maraqlı keçəcək. Mən də əyləncə məqsədilə onlara qoşuldum. Həmin səfərdə bir axşam müharibə iştirakçısının söhbətini dinləyib öz halıma çox heyfsiləndim və bütün keçmişimi zay etdiyimi anladım.
Həmin gecə yuxuda gördüm ki, müharibədir; erkən İslam çağının müharibələri kimi. Mən döyüş tərəflərinin hansına qoşulmalı olduğumu bilmirdim. Birdən həzrət Peyğəmbəri gördüm, şəxsi heyəti nizama salırdı. Məni görən kimi buyurdu: "Get İbrahimin qoşununa!"
Elə bildim ki, qoşunun başçısı həzrət İbrahim peyğəmbərdir (ə). Tez onun diviziyasına qoşuldum. O, gözəl və nurani bir gənc idi. Döyüşə hazırlaşanda yuxudan oyandım.
Ertəsi gün səhər dostlarımdan uzaqlaşıb təklikdə gördüyüm yuxu haqda fikirləşməyə başladım. Bir qədər sonra karvanın rəvayətçisi hamını toplayıb dedi: "Sizə bir kitab təklif edirəm. Əminəm ki, bunu oxumaqdan yorulmayacaq və ondan çox şey öyrənəcəksiniz. Kitabın adı belədir: Salam olsun İbrahimə”.
Kitabı qaldırıb digər tələbələrə də göstərdi. Mən bir qədər aralıda oturub onlara baxırdım. Kitabın üzərindəki gənc mənə çox tanış gəldi.
Ayağa qalxıb təəccüblə onlara yaxınlaşdım və şəkli tanıdım. O gənc bizim komandirimiz idi. Peyğəmbər mənə onun qoşununa qatılmağı əmr etmişdi. Yaxınlaşıb təəccüblə kitabı aldım. Bəli, özü idi. Həmin gün kitabı alıb təkliyə çəkildim və oxumağa başladım.
Birinci səhifəni açanda gördüm ki, bu kitab əziz Peyğəmbərimizə ithaf olunub. O gündən İbrahim mənim yeni müsəlmanlığımın səbəbkarı və mənim din qardaşım oldu. Çalışıram daim İbrahimin ordusunda qalım”.
***
Çoxlu zəngdən sonra nəşriyyatın ofisinə gəldi. Deyirdi ki, sizə bir hadisə danışmalıyam:
“Yaşım ötürdü. Yaxşı da işim vardı. Dəfələrlə elçiliyə getmişdim, amma hər dəfə bir problem çıxmışdı və ailə qura bilmirdim. Bir dəfə hicab üstündə razılaşa bilmirdik, bir dəfə mehrə görə, bir dəfə ailələrin dini-mədəni fərqlərinə görə və s.
Anamla bacım da yorulmuşdu. Özüm isə daha çox əziyyət çəkirdim.
Nəhayət, iki il öncə Behişti-Zəhra (ə) məzarlığına getdim. Dostlarımla birgə İbrahimin xatirə məzarı önündə ona ad günü mərasimi keçirdik. Oraya çoxlu insan gəldi və İbrahimin xatirələrini dinlədi. Bu yolda kiçik bir addım atdığıma görə sevinirdim. Hamı gedəndən sonra gözlərimi İbrahimin şəklinə dikib dedim: "Sən sağ olanda insanların problemlərini həll edərdin. İndi şəhid olmusan və Allah sizi ölü yox, diri kimi təqdim edir".
Sonra ürəyimdə dedim: “İbrahim can, sən də bir dua et ki, gələn dəfə buraya həyat yoldaşımla gəlim".
Ertəsi gün dostlarımın biri əlaqə saxlayıb bir ailə haqda məlumat verdi. Hövsələm olmasa da, yenə anam və bacımla elçiliyə getdik.
Bütün mərhələlər yaxşı keçdi. Hər şey istədiyim kimi idi, heç bir problem yox idi; nə mehr problemi vardı, nə də ailələr arasında fikir ayrılığı yaranırdı.
Söhbət bitəndən sonra son qərar üçün bizi bir otağa yönəltdilər. Xanımla birgə otağa girən kimi gözüm ağa İbrahimin divardakı böyük şəklinə sataşdı. Oturanda ilk olaraq bunu soruşdum: "Siz Şəhid İbrahim Hadini tanıyırsınız?"
O da təəccüblə dedi: "Bəli. Şəhid Hadi atamın döyüş yoldaşı olub. Onlar bir məhəllədə yaşayıblar. Mənim bu dəyərli şəhidə çox böyük hörmətim var".
Qısası, gələn həftə Behişti-Zəhra (ə) məzarlığına getdim. Bu dəfə yoldaşımla birlikdə onun xatirə məzarı önündə dayanıb təşəkkür etdim.
Sonralar öyrəndim ki, yoldaşım da qismətinə münasib həyat yoldaşı çıxmasından ötrü İbrahimdən dua etməsini istəyibmiş.
Dostları ilə paylaş: |