Hidayətçi İbrahim
Şirkətdən çıxanda özümlə bir qədər kitab götürüb evə yollandım.
Qədr gecələri və həzrət Əlinin (ə) şəhadət günləri olduğuna görə tətil idi. Müqəddəs müdafiə üçün hazırladığım ssenarini tamamlamağa yaxşı fürsət vardı.
Evə çatandan bir qədər sonra kitabların birini götürdüm. Kitabın üzərinə xüsusi bir əməliyyat barədə bir şey yazılmamışdı. Mənim tədqiqat üçün seçdiyim bütün kitablar qalın idi və Xeybər, Vəlfəcr-8, Kərbəla-4 kimi əməliyyatlara həsr olunmuşdu. Amma yenə düşündüm ki, bəlkə bunun da əməliyyatlarla əlaqəsi olar.
Hamısından kiçik idi və asanlıqla bitirə bilərdim. Çarpayıya uzanıb oxumağa başladım.
Bu kitab əməliyyat barədə deyildi, Şəhid İbrahim Hadi ilə bağlı xatirələrdən ibarət idi.
Kitabı vərəqlədikcə İbrahimin şəxsiyyətindən daha çox xoşum gəlirdi. Onun şəxsiyyətinə elə vuruldum ki, kitabı bir an da yerə qoymadım. Həmin axşam xalamgil ailəvi bizə gəldilər. Həmişə olduğu kimi bu dəfə də onları başıaçıq qarşıladım.
Sonra yenidən kitabı oxumağa başladım. Oxuduqca İbrahimi daha çox tanıyırdım və mənə daha əziz insana çevrilirdi.
Ona elə bağlandım ki, yaralandığını oxuyanda çox narahat olub ağladım. Sonra öz-özümə dedim: "Sən dəlisən?! Bu, bir şəhidin kitabıdır. O daha həyatda deyil, yaralandığına görə nə üçün bu qədər kədərlənirsən?!”
Gecə evdəkilər ağladığımı bilib səbəbini soruşdular. Qəhər içində dedim: "Axı siz İbrahimi tanımırsınız..." Xalamın yoldaşı dedi: "Cəbhə belə idi. Mən İbrahim kimiləri çox görmüşəm, nə üçün ağladığını bilirəm".
Həmin gecə söhbətlər cəbhə, müharibə və şəhidlər mövzusu ilə bitdi.
Səhər tezdən yenidən kitabı oxumağa başladım. Bu dəfə tədqiqatımı tamamlamaq üçün yox, İbrahimi daha yaxından öyrənmək üçün oxuyurdum. Oxuya-oxuya İbrahimin iynəni öz kirpiklərinin arxasına batırdığı və naməhrəmi gördüyü üçün özünü danladığı yerə çatdım. Kitabı bağladım. Xəcalətimdən nə edəcəyimi bilmirdim. Məni yenidən ağlamaq tutdu. Bu dəfə İbrahimlə özüm arasındakı fərqlərə görə ağlayırdım, həm də özümlə Allah arasındakı məsafəyə görə.
Kitab bitmək üzrə idi, mənsə təzə başlayırdım. İbrahimin şəhid olduğu yerə çatdım.
Kitabın bitməsini, onun həyatının sonunu oxumaq istəmirdim.
Lakin sonda Vəlfəcr-hazırlıq əməliyyatının adını görüb təəccübləndim. Mən bu əməliyyat haqda bilirdim. Vəlfəcr-8 əməliyyatını araşdıranda təsadüfi olaraq Fəkkə şəhidlərinin qəribliyi ilə tanış olmuşdum. İbrahim də Fəkkə torpağının qəriblərindən idi, həmin əməliyyatda qəhrəmancasına Allaha qovuşmuşdu.
Kitabın sonunda artıq əvvəlki adam deyildim. Sanki bir əzizimi əldən vermişdim. Fikrə qərq olub çox şeylər haqda düşünməyə başladım.
Qədr gecəsi idi. İllər idi bu gecəni yatmaqla keçirirdim. Yenə yatağıma gedib uzandım.
İnanılmaz olsa da, yuxuda İbrahimi gördüm. Başımın üstə gəlib mehriban səslə dedi: "Qalx, namaz qıl, azan verirlər".
Yuxuda oturub ona baxdım. Mənə yaxınlaşıb dedi: "Siz İslamın qürur amilisiniz".
Yuxudan oyandım. Azana on beş dəqiqə qalırdı. Özümdən asılı olmadan ağlayıb dedim: "İlahi! Mən İslamın qürur amiliyəm?! Mən üzüqara?! Mən özüm İslamın hörmətini saxlamıram”.
Gedib dəstəmaz aldım. Uzun illərdən sonra Qədr gecəsi ilk namazımı qıldım. İbrahim sözü ilə məni utandırmışdı.
Mən İslamın qürur amili ola bilmərəm, lakin bundan sonra çalışaram ki, ən azı xəcalət amili olmayım.
İbrahimin sayəsində bu gün Fatimeyi-Zəhra (ə) hicabı ilə də örtünürəm.
Buna görə sizdən istəyirəm ki, hicabı düzgün olmayan və ya inanclarımızı dərk etməyənlərlə kobud rəftar etməyək. İbrahim Hadi kimi onları doğru yola gətirək. Əgər bunu bacarmırıqsa, İbrahimi və İbrahim kimiləri onlara tanıtdıraq.
Şübhəsiz ki, Allah Bağışlayan və Mehribandır. Mən var gücümlə çalışıram ki, günahla özümə zülm etdiyim, özümü sevimli Rəbbimdən uzaqlaşdırdığım günlərin günahını yuyum. Ümidvaram ki, Allah ibadət nemətini bizdən almaz.
İbrahim mənə elə rahatlıq verdi ki, dünyanın heç bir yerində belə rahatlıq tapa bilməzdim.
Bilməyinizi istəyirəm ki, İbrahim yalnız məni yox, mənim ətrafımdakıları da dəyişdirib. Kimə İbrahimin xüsusiyyətlərindən bir qədər danışıramsa, onun Allahını tanımaq istəyir.
Salam olsun İbrahimə dünyaya gəldiyi an, şəhadətə qovuşduğu an və qiyamətə gələcəyi an.
Ş. S. 2014
Dostları ilə paylaş: |