Saz tüRKÜn ruhani mahiYYƏTİNİN İfadəSİDİR



Yüklə 54.73 Kb.
tarix26.06.2018
ölçüsü54.73 Kb.

SAZ TÜRKÜN RUHANİ MAHİYYƏTİNİN İFADƏSİDİR
Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!

Bu gün Azərbaycanın ictimai-siyasi, mədəni, ruhani həyatı çox mürəkkəbdir. Biz həyatımızın bütün sahələrində bu mürəkkəbliyin təsirini hiss edirik. Bu təsirlər də əsasən millətimizin özünə yadlaşması səviyyəsində iz buraxır. Özünə yadlaşmanın ağrılarını isə hər kəs yaşamır. Gələcəkdə yaşanacaq bu cür sorunların məsuliyyətindən sanki bir uzaqlaşma tendensiyası yaranır. Bu gedişata qarşı baxışlar, düşüncələr isə çox müxtəlifdir. Baxışların bu cür müxtəlifliyi heç də inkişaf qanunauyğunluğu demək deyil. Plüralizm “sevinci” altında yad ənənələrin, gələnəklərin müdafiəsi gedir içimizdə. Biz isə Mütləqə İnam Ocağı olaraq yadlıqlara dirəniş yaradırıq və yurdsevər insanlarımızı da dirəniş göstərməyə çağırırıq. Hər bir problemimizə öz açımımızdan yanaşmaqla, milli varlığımızı öz mahiyyətimizdən gələn fikir, düşüncə sistemində dərk etməyə çalışmalıyıq. Yurdumuzda vahid milli-ruhani meyar formalaşmasa, dirənişi ümumxalq səviyyəsinə qaldırmaq çətindir. Biz millət kimi özümüzü həyatımızın bütün sahələrində tapmalı, özümləşməliyik.

Bu günlərdə bir sıra ziyalılarımız xalqımızın qədim, əzəli dəyəri olan Aşıq sənəti ilə bağlı yaşanan qayğıları dəyərləndirmək üçün Mütləqə İnam Ocağının qonağı olmuşlar. Fikir mübadiləsi aparılaraq Aşıq sənətinin fəlsəfi, ruhani mahiyyəti qiymətləndirilmiş, Aşıq hadisəsinin incəsənət faktından yüksəkdə durması, habelə Aşıq sənətində şəxsiyyətin formalaşması, eləcə də saz üstə yeni sözün, yeni şeirin yaranması fikirləri səsləndirilmişdir.

Sonda sazın müşaiyəti ilə toplantıya yekun vurulmuşdur.

İstəkli yurddaşlarımız, indi həmin mülahizələri sizə təqdim edirik.
Ocaq Yükümlüsü Soylu Atalı: Bu gün toxunacağımız məsələ çox önəmli və bizim üçün çox aktual bir məsələdir. Aşıq sənəti xalqımızın ruhani mahiyyətini ifadə edir. Asif Atanın Azərbaycanı bütöv şəkildə dəyərləndirən, milli gələcəyimizin tarixi zəmini kimi ifadəsini tapan bir Dəyər Sistemi var – “Azərbaycanımız – Azərbaycanlığımız”. Bu sistemin milli şüurumuza aşıladığı tarixi dəyərlərimizin mahiyyəti haqqında geniş danışmadan adlarını vurğulamaq yerinə düşər. Bu dəyərlər Zərdüştçülükdür, Dədə Qorqudluqdur, Babəklikdir, Hürufilikdir, Füzulilikdir, Muğamlıqdır və Sazçılıqdır. Bu xronologiyada hansının adının harada çəkilməsinin elə bir önəmi yoxdur. Bu, bizim Dünyabaxışımıza görə Azərbaycanın Ruhani mahiyyətidir – Azərbaycanın ağlımızda canlanan tarixi obrazıdır. Biz Azərbaycana bugünün gözüylə baxmırıq, İnamın gözüylə baxırıq. İnamın gözüylə baxanda isə Azərbaycan çox böyük görünür və bu böyüklük bizim ürəyimizə işıq salır. Bizim sevgimiz canlanır, nikbinliyimiz oyanır.

Əlbəttə, Azərbaycan bu gün təkcə bizim baxışlarımızdan ibarət deyil, onun başqa gerçəklikləri də var. Və bu gerçəkliklərə fərqli baxışlar var. Haqqında söhbət edəcəyimiz sazımıza münasibət də həmin gerçəkliklərdən biridir. Burada biz sazın əsasən fəlsəfi, ruhani mahiyyətindən bəhs edəcəyik. Çünki saz çox az elmidir, o əsasən ruhani hadisədir. Təəssüf ki, sazımız da bölgəsəl hadisə kimi dərk olunur. Siyasi həyatımızda tayfaçılıq əsasında yaşadığımız kimi, sazımıza münasibət də bölgəçilik tendensiyasına daxil olur. Bu, çox ağır bir haldır – Ruhsuzlaşma fəlakətinin təzahürüdür. Lakin ciddi dərk olunmalıdır ki, saz ümumAzərbaycan hadisəsidir. Əslində dərindən baxanda saz din kimi bir məsələdir. Dədə Qorqud bizim ruhani dəyərlərimizdən biridir. Sazımız da Dədə Qorqudun sinəsində dəyər ifadəsini tapıb. Dədə Qorqudluq və Sazlıq vəhdəti var Azərbaycanın mahiyyətində. Dədə Qorqud hadisəsi də dünənki hadisə deyil. Baxmayaraq ki, onu 1300 il bundan öncəki tarixə bağlayırlar. Biz bunu qəbul eləmirik. Dədə Qorqudun ən azı 3 min il tarixi var, bəzi mənbələr hətta bir az qədim götürürlər. Lap üç min il tarixin üzərində yanaşaq. Aşıq işıq sözüylə həmahəngdir deyir Asif Ata. Bəli, Aşığın sinəsində saz bütöv İnsan halını izhar edir, insanın xislətini çalır. Daxili tərbiyə yolu ilə insanın özünü özünə göstərir. Saz haraydır, onun harayları, zəngulələri ayə kimidir. Yol harayıdır saz – Tanrıya qovuşma yoludur. Ona görə mən deyirəm ki, saz din hadisəsidir. Üç min il bundan öncə din yox idi, ibtidai dünyabaxışlar mövcud idi. Ancaq Dədə Qorqud vardı, saz vardı. O saza görə (qolça qopuz) bizim dədəmiz idi Qorqud. Sinəsində Qolça Qopuzu yol göstərirdi, öyüd verirdi, əsillik öyrədirdi bizə. Çağdaş aşıqlarımız Qorqudumuzun varisləri olmalıdır. Aşıq İşıq salmalıdır ürəyimizə, duyğularımıza. Dəyərə olan sevgimizi ayaqda saxlamalıdır. Saz Tanrının səsidir – Ucalıqdan gəlir, ülviyyət gətirir. “Urfan”da saz bizi göylərə qaldırır. İnsan muğamda pillə-pillə qalxır kamilliyə doğru (Asif Ata Muğama “pillə sənəti” deyir), ancaq saz birdən qaldırır, biryolluq qaldırır – tanrıçılıq ülviyyətinə qovuşdurur insanı. Saz bir anda ovsunlayır duyğumuzu – sehrə düşürük, dünyanın gözəlliyini duyuruq. Dünyayla insanın ülvi vəhdətini yaradır saz.

Saz təbiətdə yaranıb, saz yolda yaranıb. Dağları çalır saz – “Dilqəmi”yə qulaq asanda Dağlarla ruhani ünsiyyətimiz başlayır. Təbiət içimizə dolur – təbiətləşirik. Saz restoranda yaranmayıb. Haray həmişə ucalıqlardan gəlib. Və ən əsası saz bizim bir millət olaraq xarakterimizi çalır. Asif Ata deyir, “Sazda Türkün iki keyfiyyəti birləşir – zərifliklə möhtəşəmlik – bunların vəhdəti”. Türk ata minir Babək olur, Koroğlu olur (“Misri”də bu açıq görünür). Atdan düşəndə Füzuliləşir (“Kərəmi”də olduğu kimi). Bu səbəbdən də saza yalnız bir çalğı aləti kimi baxmaq azdır. Saz yalnız musiqi hadisəsi deyil, onda çox ciddi konseptual məna var. Saz bizə uzaq qədimliyimizin xislətini, ruhani sanbalının sorağını çatdırır. Ancaq bu cür böyük bir dəyərimizə bugünkü münasibət çox aşağı səviyyədədir.
Bundan sonra saza-sözə, folklora içəridən bağlı olan Həmid Ormanlı öz münasibətini bildirdi. Soylu deyir ki, Aşıq sənətini bu gün gündəliyimizə gətirməyi Həmid bəy mənə təklif elədi (Göylü Atalı).
Həmid Ormanlı: Mən də hesab edirəm ki, saz türk üçün obrazlı desək, Quran kimi nazil olmuş bir hadisədir. Türkün dövlətçilik tarixi heç vaxt sazsız olmayıb. Sazın öz mənasına bərabər çalındığı dövrlərdə türkün dövlətçiliyi də uca olubdur. Harda sazın boyu aşağı salınıb, orada türkün dövlətçiliyinin də gücü aşağı olub. Türk atın belində, qılınc dəstində, saz çiynində olanda yenilməz olub. Bu gün bizi atımızdan düşürüblər, sazımızı da müxtəlif səpkidə təbliğatlarla aşağılayırlar, adiləşdirirlər. Aşıq sənətinin möhtəşəm bir sistemi olubdur. Ustad-şagird münasibətləri ayrıca bir mədəniyyət sistemidir. Şagird ustadından təkcə saz ifaçılığı öyrənmirdi, həm də mərifət öyrənirdi, kamal öyrənirdi. Ustad Ələsgər təsadüfi demirdi ki:
Aşıq olub tərki-Vətən olanın,

Əzəl başdan pür kamalı gərəkdir...


Aşıq gərək elə-obaya həqiqətdən qandıra, mərifətdən qandıra. Yəni aşıq olmağın mərtəbəsi çox ucadır. Və bunun üçün ustad tərəfindən aşıqlıq pilləsinə qədəm qoyanın qarşısında çox yüksək tələblər qoyulurdu ki, bu da o münasibətlərdə öz əksini tapırdı. İndi bu sistemə qarşı elə bil əllər uzanıb, tam şəkildə pozmağa çalışırlar. Bu gün Türk Dünyamızın ayrı-ayrı problemləri, necə deyərlər, uçuğu-söküyü var. Aşıq-saz hadisəsi öz mənasına uyğun yaşadılarsa, hansısa mənəvi problemlərimiz yoluna qoyular qənaətindəyəm.
Abil Ulusoy: Soylu bəy bayaq qeyd elədi ki, sazımızı da elə bil bölgələrə bölüblər. Əslində isə saz bütöv bir türk hadisəsidir. Bu gün Azərbaycanda ayrı-ayrı sahələrdə türk adına heç nə yaranmır. Şəriksiz türk dəyəri olan sazın özündə də türk adına, ruhuna uyğun hansısa ciddi bir inkişafın şahidi deyilik. Getdikcə bu dəyərimiz də öz mənasından uzaqlaşır, restoranlaşır. Dədə Qorqudda saz ağsaqqallıq ifadə edirdisə, bu gün əksəriyyətin sinəsində saz yüngüllüyün dəblərini ifadə eləyir. Adətən biz dəyərlərimizə qarşı yönələn əlləri kənardan axtarırıq. Mənə elə gəlir ki, saz məsələsində zərbə bizə içəridən dəyir. Asif Atanın belə bir qiyməti vardı ki, “sənətkarın təbii hissi, təbii ağlı, təbii sənəti olmalıdır”. Təəssüf ki, biz ifaçılıq görürük, ancaq bu keyfiyyətləri görmürük sənət mühitində. Fəxri adların arxasında gizlənmələr var, mükafatlara can atmalar var. Belə olan halda sənəti sənət səviyyəsinə qaldıran şəxsiyyət yetiışmir. Ona görə də dəyər öz mənasından uzaqlaşır. Mən düşünürəm ki, geniş auditoriyalar qarşısında çıxış edən sənətkarların istər ifaçılığında, istər halında xalqın böyük dərdi, kədəri ifadə olunmursa, şəxsiyyətlə sənətin birliyindən danışmaq xeyli çətinləşir. Bayağılığın aradan qalxması üçün Dərin Sənət yaranmalıdır. Xalqa bunun harayını çəkən insanlar qabağa durmalıdır.
Soylu Atalı: Əslində Azərbaycanın ən böyük problemi onun parçalanmış durumudur. Biz parçalanmış xalq olduğumuza görə daxili problemlərimiz azalmır, artır. Ola bilər ki, söhbətin bu hissəsini kimlərsə siyasi məsələ kimi qarşılasınlar. Əslində siyasi məsələ deyil. Ümumiyyətlə, bizim dərdlərimiz siyasi dərd deyil, mənəvi-ruhani dərddir. Sazımız, ümumiyyətlə, ruhani hadisədir, bu hadisənin xalq ruhuna uyğun yaşamaması xalqımızın parçalanmışlığından doğan problemlərin tərkib hissəsidir. Buna siyasi problem kimi baxmaq olmaz. Bizim ən böyük parçamız da Güney Azərbaycandır – Aşıqlığın əzəli vətəni. İndi bu parçamızda milliliyi ifadə eləyən yeganə dəyər sazdır. Lap elə Borçalıda xalqın ruhunu yaşadan ikinci bir milli dəyər nədir ki?! Ona görə sazı xalqdan uzaqlaşdırmaq böyük günahdır. Sazın bu qədər televiziyalaşması, şoulaşması onun inkişafı demək deyil. Çoxlu saz çalanlar ordusu da yarana bilər, ancaq bu hələ xalq ruhunun ifadəsi deyil, sadəcə saz çalma dəbləşir. Dəbləşdirmək olmaz dəyəri. Dəbləşən nə varsa, adiləşir. Heç kəsin saz çalmasının əleyhinə deyilik. Ancaq sazı efirlərdə öz balaca şöhrətinin oyuncağına çevirmək – dediyimiz kimi, qəbahətdir. Ustadlıq ənənəsi yaşamasa, saz ölə bilər. Dədə Qorquddan sonra hərtərəfli aşıqlaşan – işıqlaşan ustadlara dədə dedik – Dədə Ələsgər, Dədə Şəmşir, Dədə Hüseyn... Yüngülləşənlər, şöhrət azarına tutulanlar dədələşə bilməz.
Ağşın Ağkəmərli: Mən bir az məsələyə başqa tərəfdən yanaşmaq istəyirəm. Həm də mən Quzey Azərbaycanda saza münasibətlə Güney Azərbaycandakı münasibətin fərqli olduğunu düşünürəm. Türkün kimliyini ifadə eləyən saz təkcə Güney Azərbaycanda deyil, bütün İran ərazisində səpələnmiş durumda olan azərbaycanlıları bir araya gətirir, hardasa bir milli səngər rolu oynayır. Həmçinin oradakı kaşqariləri türklüyünə qaytaran sazdır. Bu gün İraqdakı türkmənləri bizə bağlayan, onlara türklüyünü tanıdan yenə də sazdır. Bu gün Güney Azərbaycanda saza üz tutmaq, onu qorumaq – öz müqəddəsliyini qorumaqdır. Sazı qorumaq səngərdə durmaq kimidir, öz türklüyünü yaşatmaq kimidir. Mən də o fikirdəyəm ki, saz təkcə bir incəsənət hadisəsi kimi yaranmayıb, türk təbiətinin, halının ifadəsi kimi yaranıb. Şah İsmayılın dövlətçiliyində yaxşı məqamlardan biri də o idi ki, o sazı təkrar bizə qaytardı. Qoymadı saza yadlaşaq. Aşıq Qurbani, Xəstə Qasım o qayıdışın fonunda milli ruhu sazlaşdıra bildilər. Saz ruhunun yaşaması təzədən doğuluş idi. Bizim dilimiz nə qədər əhəmiyyətlidirsə, birliyimizi ifadə eləyirsə, musiqilərimizin başında gələn saz da bir o qədər bizim varlığımızı ortaya qoyur. Ancaq onun necə yaşaması, necə qorunması başqa məsələdir.
Həmid Ormanlı: Mən o fikirlə razıyam ki, Güney Azərbaycanda dilə yasaq qoyulduğu, məktəblərin olmadığı bir şəraitdə milli kimliyi qoruyan hadisə doğrudan da sazdır. Təsadüfi deyil ki, son vaxtlar İranda 10-15 aşığı həbs elədilər.
Ağşın Ağkəmərli: Çünki saz xalqın yatmış ruhuna işıq tutur. Kimliyimiz üzərinə süni çəkilmiş pərdəni hardasa qaldıra bilir. Bu saat orada saz bizim yeganə varolma məktəbimizdir. Güney Azərbaycanda milli məktəbin olmaması ucbatından şüurlu bir ata öz uşağını dərhal saz öyrənməyə yönəldir. Çünki başa düşür ki, öz kimliyini öyrənib dərk eləmək üçün indi sazdan başqa elə bir imkan, şərait heç yoxdur. Təsadüfi deyil ki, Azərbaycandan uzaqda olan Savə türklərini bizə bağlayan sazdır.
Həmid Ormanlı: Bütün bunlarla yanaşı, bir şeyi əlavə eləmək istəyirəm ki, Aşıq sənətində şəxsiyyət amili diqqətdən kənarda qalmamalıdır. Aşıq sənəti haqqında, saz haqqında çox danışılır. Hətta dövrü mətbuatda fındıq kimi bir-birinə oxşayan o qədər yazılar gedir ki. Ancaq bunların hamısı böyük həqiqətdən kənarda baş verir. Aşıq gərək sinəsində sazı türkün vüqarı kimi dərk eləsin. Aşıq gələndə xan ayağa durardı. Çünki aşıq el faktıdır. Bayatılarımızda təsadüfi deyilmir:
Məclisə aşıq gəlir,

Elə yaraşıq gəlir...


Aşıq eldən çıxır, ruhu eldən mayalanır, qidasını belə eldən alır. Bu gün aşıqdan onu umuruq biz. Bu gün aşıq adı daşıyan çoxlarına bir sual vermək lazımdır – sən kimsən, aşıq?! Qoy bu suala cavab versin aşıq. O kimi təmsil eləyir, nəyi təmsil eləyir?!

Dastanlarımızdan bir epizod diqqətinizə təqdim eləmək istəyirəm – “Koroğlunun Bəyazid səfəri”ndən: Ərəb paşa tacirbaşı Əhmədə deyir ki, bu Koroğlu bizə zülm edir. Öyrən gör onun gücü nədir, sirri nədir? Tacirbaşı Əhməd bir qul tapıb öyrədir ki, get Koroğlunun yanına ona qul ol, öyrən gör nəyi var, nəyi yox. Qul da bəllidir ki, yarınmağı, yaltaqlanmağı, satmağı bacaran olur. Gedir Koroğlunun yanına və deyir ki, mən indiyə qədər qul olmuşam, indi sənin Dəlilərinə qoşulmaq istəyirəm. Koroğlu deyir, sən igid adama oxşamırsan. Ancaq onu sınaqdan keçirmək istəyir. Dəmirçioğluna deyir, onun şah damarını tut və gözünün içinə bax. Mən saz çalacam, əgər hiss, həyəcan keçirmədisə, demək, igid adam deyil. Və saz çalır, görür ki, qulun tükü də tərpənmir. Yəni saz igidlik hadisəsidir, vüqar hadisəsidir. Sinəsində saz tutan adam bunu yaşamalı, dərk eləməlidir. Aşıq gərək ziyalı olsun. Adamlar ziyalılığı ali təhsilli olmaqla qarışdırırlar. Ziyalılıq o deyil. Bu gün aşığın öldüyü prezident təqaüdü almaqdır. Yunis İmrədə belə bir söz var:


Eşq oduna varma əvəz,

Ona yanan yandım deməz.


İndikilər isə dava döyür ki, bəs mənim təqaüdüm necə oldu? Bunların yarışı bunda gedir. Borçalıda burdakılardan çoxdu şərəf ordeni olanlar. Aşıqlıq hara, orden hara?! Ona görə deyirəm ki, mən aşığı şəxsiyyət kimi görmək istəyirəm.
Soylu Atalı: Güney Azərbaycanda Aşıq sənətinin istinad hadisəsi kimi görünməsi yaxşı haldır. Ancaq mən bəzi məqamları əlavə eləmək istəyirəm. Bir var, biz öz sevgimizdən, arzularımızdan hadisələrə yanaşırıq, bir də var gerçəklikdən, həqiqətdən yanaşırıq. Ağşın bəyin vurğuladığı bir məqam var. O deyir ki, bizi bir araya gətirən çox vaxt düşmənlərin basqısıdır. Yəni, öz sevgimiz, öz inamımız öz varlığımıza bağlılığımız deyil. Mənim arzum odur ki, Güney Azərbaycanda sazın yaşaması İran rejiminin yaratdığı ağırlığa görə deyil, milli ruhun həyatımızın məzmununa çevrilməsi gələnəyi kimi baş tutsun. Sabah Güney Azərbaycan rejimin ağırlığından nəfəsini dərmək imkanı əldə edəndə sazımız Quzeydəki duruma düşməsin.

Saz üstə söz yaranmır. Adiləşmənin başlıca səbəblərindən biri budur. Axı sazla söz həmahəngdir. Saz-söz vəhdəti olmalıdır. Sazda elə söz oxunur ki, o söz sazı danqıltıya çevirir. Sözün ruhu olmalıdır, insanı vətənə, millətə bağlamalıdır, obrazlı desək, tanrıya qovuşdurmalıdır. Bu gün biz əsasən lal saz aşiqləriyik. Aşıq bütövlük deməkdir, o da yoxdur. Bu səbəbdəndir ki, saz din səviyyəsindən incəsənət səviyyəsinə enib. Saz incəsənət hadisəsi kimi məhdudlaşa bilməz. O, mənadır. “Ürfanı” havası çalınanda demokratiya, kapitalizm havası ruhumuzu tərk edir, başqa dünyaya düşürük. Ancaq bu dünyaya xalq düşmür, barmaq sayda adamlar düşür. Xalq şou aləminə salınır. Televiziyalar bunu bizim gözümüzə soxur. Artistləşdirirlər aşığı – artistliklə saz birləşdirilir. Sonra dəhşətli dərəcədə saza uyğun olmayan kombinasiyalar yaranır. Aşıq sənətini vokallaşdırırlar. Ansamblın arasında aşıqlıq əməli uydururlar. Saz özü universal imkana malikdir. Yaxşı qulaq asın, onda bütün səslər var. Onun yanına hər şeyi düzəndə bu aşıqlıq olmur. Bilirsiz, kimin ağlına nə gəlir, onu tutur. “Yenilik” azarına tutulub aşıqlığın başına oyun açırlar. Sazın ülvi mənasıyla yaşayan və onu çatdıran Aşıq şəxsiyyətləşə bilər, ustadlaşa bilər. Saz onda milli dəyər məzmununa qayıdacaq. Saz ortaqsızdır, yeganədir. Bütün simli alətlər sazdan başlayıb. Sazın ilkinliyini dərk eləmək gərəkdir. Ola bilsin mənim bu fikrim mübahisə doğursun, hətta sazın yanında zurna, balaban artıqdır. Bu alətlər öz-özlüyündə uca hadisələrdir, ancaq sazın yanında artıq görünürlər. Saz tanrı kimidir – tanrı tək olur. Sazın səsi müqəddəsdir. Bu həqiqəti dərk eləmədən Dəyərə münasibət bütövləşmir. Çox adamın saz çalması – sazın öz mahiyyətinə uyğun yaşaması anlamına gəlmir. Saz çalmaq xobbi deyil axı. Sazı bir vaxtlar barmaq sayda kişilər yaşadıb və çox uca səviyyədə yaşadıb. Demirəm ki, saz çalanlarımızın sayı azalsın, mən deyirəm saz çalanların içində Aşıqlar yaransın. Saz çalmağı bacarmaq hələ aşıqlıq demək deyil.


Lətif Həsənov (musiqi araşdırıcısı): Saz Türk Dünyasının, Türk dünyagörüşünün şah əsəridir. ancaq ayrılıqda saz bir sənət deyil. Burda çox gözəl məqamlara toxunuldu. 16-cı əsrin əvvəllərindən Dədə Yadigarın Aşıq Qurbaniylə deyişməsindən başlayan bir mərhələ bu günə qədər davam eləyib. Bu, Aşıq sənətinin sənət statusu qazandığı bir dövrdür. Ozan əslində sənətkar, ifaçı deyil, Ozan bir el ağsaqqalı idi, Ozan həm də bir təbib idi, həm də bir tayfa böyüyü idi və s. Hətta bəzi alimlərimizin əsərlərində, monoqrafiyalarında belə bir sözə rast gəlirəm və bir qədər bunu düzgün saymıram – saz-söz sənəti. Bu, aşıq sənətinin mahiyyətidir, onun terminoloji açılışı deyil. Məgər xanəndəlik sənətinə qaval-ifa sənəti deyirlər?! Biz istəsək də, istəməsək də aşıq sənəti sinkretik sənətdir. Yəni özündə çox sənət nözlərini birləşdirir. Orta dövrlərdə bu cür sənət növü çox idi, yəni sənətdə universallıq. Məsələn, italyanlar bu cür sənətkarlara stilyon sənətkarlar deyirdilər. Mənə elə gəlir ki, bu universallıq bəşəriyyətin orta dövrlərə xas estetik durumuna uyğun bir sənət forması idi. Nəydi stilyon sənətkar – eyni zamanda həm bir ifaçı müğənni idi, həm instrumental ifaçı idi, həm aktyor idi, həm gülüş ustası idi və s. Lakin intibah dövründən sonra sənətlər professional dəyərlər üzərində qurulmağa başladı. Bizim aşıq sənətimiz daha aydın, uyğun biçim alıb. Mən bu gün aşıqların hansısa statuslarını əlindən almaq fikri irəli sürmürəm. Ancaq Həmid bəyin də toxunduğu kimi bilməliyik ki, bu gün Aşıq hansı statusa malikdir – hansı funksiyanı daşıyır, görəsən kim ona dəqiq cavab verə bilər?! Axı bu ölkədə kimlərsə bunu müəyyənləşdirməlidir.

Minillərdir bizim xalqımız yol gəlir. Dövlətimiz də olub, işğala da məruz qalmışıq. İndi Güney Azərbaycan məsələsinə hələ toxunmuram. Bu Azərbaycanda bir müstəqil dövlətimiz yaranıb. Ancaq milli-mənəvi dəyərlərimizi hakimiyyətlərin diktəsi ilə qorumamalıyıq. Mənə elə gəlir ki, bizim sənətə qarşı kənardan hər hansı bir radikal təsir-zad yoxdur. Biz özümüz öz sənətimizə qarşı radikal mövqelər tuturuq. Biz öz dəyərlərimizi iç dünyamızda elə qorumalıyıq ki, içimizdən, sevgimizdən onu ayırmaq mümkün olmasın.

Mən bir az Şirvan aşıq sənəti haqqında söz demək istəyirəm. Bizim bir sıra folklorşünas alimlər Şirvan aşıq sənətindən danışanda Şirvan aşıqlarını həm xanəndə kimi təqdim eləyirlər, həm aşıq kimi, həm aktyor kimi, həm rəqqas kimi. Bunu nəzəri olaraq yazmaq olar, müəyyən tarixi qaynaqlara da istinad eləmək olar. Ancaq aşıq bu qədər funksiya daşıyırsa, o, aşıqlığını itirir. Ona görə Aşıq hadisəsinin əsil mahiyyətini düzgün müəyyənləşdirib tədris eləmək lazımdır. Bu, ortaya çıxan problemlərin qarşısını da ala bilər.
Ayaz Şıxəlioğlu: Aşıq sənətinin bölgələrdə müxtəlifliklərə malik olması, məncə, türk ruhunun zənginliyindən irəli gəlir. Sadəcə bu zəginliyə hərə bir əllaməçilik qatmasa, aşıqlıq hər yerdə öz mənasına bərabər yaşaya bilər. Aşıqlıq – Ruhaniyyat məsləsidir, sənətdən üstündür. Aşıq yarışlarda, televiziyalarda seçilmir. O səni tapmalıdır, sən ona qovuşmalısan. Bu, məktəb qurtarmaqla olmur. İçəridə saza bağlı ruh olmaldır. Saz türkün doğuluşu ilə başlayıb. Türk sazla birgə doğulur. Saz türkün insani mahiyyətini, Dünyabaxışını çalır. Saz bizi insaniliyə qaytarır, ilkinliyi unutmağa qoymur.
Abil Ulusoy: Azərbaycanda köklü məsələlər haqında, demək olar ki, danışılmır, onun ətrafında danışılır. Məsələn, filankəs xalq artistidir, filankəs şöhrət ordeni alıb, filankəsə filan imtiyaz verilib. Və köklü məslələrdən danışmaq lazım gələndə bu cür titullu sənətkarlara istinad eləməkdən o yana keçilmir. Bizim bugünkü söhbətimizdə məqsəd də odur ki, imkan daxilində köklü problemləri dilə gətirə bilək.
Soylu Atalı: Biz, burada əyləşənlər, haqqında söhbət gedən sənətin professional mütəxəssisləri deyilik. Ancaq belə bir xəlqi dəyərin milli yönünü tanıyırıq, fəlsəfi mənasını anlayırıq. Və bu dəyərə qarşı münasibətlərin bayağılaşmasını görürük. Ona görə də biz yiyəlik duyğusu ortaya qoyuruq. Bizi narahat eləyən məsələlər təsadüfi məsələlər deyil, özünəyadlaşma çox şirin şəkildə həyata keçir. Biz bu ağrıları öz duyğularımızda, qəlbimizdə, düşüncələrimizdə hiss elədikcə, fəlakətlərə dirəniş göstərmək istəyirik. Hərcayiliyi xalqın ruhuna yeridənlər artır, azalmır. Odur ki, münasibət bildirmək də bir söhbət məclisində etiraz eləməkdən yüksəyə qalxmalıdır – mübarizə səviyyəsi formalaşmalıdır.

Mənə sual verirlər ki, aşıq sənətində qadın nə dərəcədə özünü təsdiq eləyə bilir. Bu məsələyə də epizodik bir aydınlıq gətirərik.



Ağşın Ağkəmərli: Mənim çox böyük arzum var ki, burada Güney Aşıq məktəbləri də araşdırılsın, öyrənilsin. Məsələyə geniş yanaşmaq yaxşı olar. Saz ümumAzərbaycan hadisəsi olduğu üçün ona bir bölgədə yanaşmağımız doğru olmaz. Dəyərlərimiz vasitəsilə insanlarımızın ağlında bir bütövlük də yaranmalıdır. Bizim cəhdlərimiz də buna yönəlikdir.

O ki qaldı qadının aşıq sənətində özünü təsdiq eləməsi məsələsinə. Məncə tariximizdə aşıq qadınlarımız olub və hətta başqa sahələrdə də qadınlarımız olub ki, kişilərdən dala qalmayıblar. Özlərinin gözəlliklərini, imkanlarını üzə çıxarıblar. Mən bu məsələdə bir o qədər ciddi düşünməmişəm. Ancaq Aşıq Pəri olub və mənim bilmədiklərim başqa aşıq qadınlar olub.



Ayaz Şıxalıoğlu: Məncə Aşıqlıq Ruhaniyyat hadisəsi olduğuna görə onu cinslərə bölməmək olar. Aşıqlıq qadınları və kişiləri özündə birləşdirə bilər.

Lətif Həsənov: Burada söhbət getdi ki, kimsə yaxşı saz çalır, yaxşı oxumur, yaxud əksinə. Elə aşıqlığın böyüklüyü, əlçatmazlığı ondadır. Hər kəsin əli çatıb, ünü yetmir o sənətə. Onda hamımız onu bacarardıq ki. Aşıq sənətinin çox yüksək bir pilləsi var. Çağdaş dövrümüzdə o pilləyə Aşıq Kamandar Əfəndi qalxa bilmişdir.

Bu gün cəmiyyətdə qadın aşıqların olmasına gəlincə, bu, qadınların hüquqi statusudur. Heç kim heç kimə deyə bilməz ki, sən saz çal, sən çalma. Hər kəs azaddır. Hər kəs gedib hər bir sənəti öyrənə bilər. Söhbət bu sənətin peşəkarlıq aspektlərindən gedirsə, bu sənətin özünəxas tələblərindən gedirsə, burada çox incə yanaşmaq lazımdır. Bayaq Soylu müəllim bir yaxşı məsələyə toxundu ki, biz bu sənətin professional mütəxəssisi deyilik. Ancaq necə deyərlər, vətən darda qalanda əsgərdən qabaq şair də yüyürür. Biz də xalqımızın içindən gələn ağrılarla dolduğumuz üçün öz sözümüzlə irəli dururuq. Qoy işin daha yaxşı biliciləri ortaya çıxıb söz desinlər.



Mən sizə bir misal çəkim. Hər halda televiziyada, radioda hər birimiz dinləyirik. Siz görmüsünüzmü, bir qadın “Humayun” oxusun, yaxud “Şüştər” oxusun?! Qadın səsinin özünəməxsusluqları var. Qadın səslərinin növləri var – safrano, ən zil opera səsi, mestisafrano, yaxud alt səslər. Bunun heç biri instrumental səviyyəli aşıq musiqisini ifa eləmək üşün yaramır. Böyük sənətkarlar bunu daha yaxşı bilirlər. Yəni, söhbət burada qadının vətəndaşlıq hüququndan getmir, ifaçılıq texnika imkanlarından, qabiliyyətindən gedir. Bu gün bütün aşıq qadınlar klassik, ənənəvi aşıq mahnılarından uzaqlaşırlar və xalq mahnılarına uyğun şeylər oxuyurlar. Məsələn, “a ceyranım”, “ölərəm səndən ötəri”, “Göy gölə gəl” – bunlar əslində xalq mahnılarına daha yaxındır. Bu qadınların günahı deyil, bizik günahkar ki, onlara o mövqeyi veririk. Bununla belə yenə deyirəm, qadınları aşıq sənətindən təcrid eləmək də gərək deyil. Sadəcə söhbət əsil aşıq sənətinin səviyyəsini qorumaqdan gedir.

Soylu Atalı: Mən də düşünürəm ki, qadın aşıq sənətində axıra qədər özünü ifadə eləyə bilmir. Aşıq özündə üç keyfiyyəti birləşdirir: professional çalğı, ilahi səs və xalq ruhundan gələn ali, müqəddəs söz. Mən düşünürəm ki, sazımız sözə möhtacdır, saz sözü yaranmalıdır yeni. Bir də Aşığın səsi sazın çaldığı xarakteri deyə bilməlidir. Biz deyirik saz türk xarakterində zərifliklə möhtəşəmliyin vəhdətini çalır. Bu, aşığın haraylarında, zəngulələrində öz əksini tapmalıdır. Qadın boğazı bu imkandan aşağıdır. Sazda cəngavərlik ruhu, döyüşkənlik ruhu var. Qadın zərifliyi, incəliyi o ruha doğmadır, ancaq o ruhun izharçısı deyil. Əslində burda pis şey də yoxdur, qadın burada aşağılanmır. Söhbət imkandan gedir.
Beləliklə, istəkli yurddaşlarımız, burada biz xalqımızın ali dəyəri olan saz haqqında,onun indiki durumu, xəlqi mənasındakı uca cəhətlər, ona münasibətin çatışan, çatışmayan cəhətlərinə toxunduq. Bizim hədəfimiz xəlqi dəyərlərimizə əsil münasibət və yiyəlik meyarı yartamaqdır. Mütləqə İnam Dünyabaxışı əsasında özümləşmə yönü yaranır – bu, millətləşmənin yönüdür, yoludur.

Mütləq Sizə Yar olsun!

Ön sözü yazdı və söhbəti qələmə aldı:

Asif Ata Ocağının Evladı Göylü Atalı

İşıq Ayı, 32-il.(may, 2010)





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə