Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 22-iyul- milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş tövsiyə ədəbiyyat xülasəsi Bakı-2014

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 68.38 Kb.
tarix30.05.2018
ölçüsü68.38 Kb.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi


22-iyul- Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş tövsiyə ədəbiyyat xülasəsi


Bakı-2014

İlk Azərbaycan qəzeti “Əkinçi”

(1875-1877)


Əkinçi”nin izi ilə




Hüseynov, Ş. “Əkinçi”yə aparan yol, milli intibahın M.F.Axundov dövrü // Şirməmməd Hüseynov. Mətbu irsimizdən səhifələr /red.; Ü.Hüseynova.-Bakı, 2007.- s.117-120.
...Mətbuat və jurnalistikanın cəmiyyətin həyatındakı mühüm rolunu dərk edən və bu yolda vacibi hazırlıq tədbirlərini görən Azərbaycan ziyalılarından biri M.F.Axundov idi. Məlumdur ki, milli mətbuatın təşəkkülü üçün vacib olan bir sıra ünsürlər-əlifba, yazə və oxu mədəniyyəti, ədəbi dil, texniki vasitə və s. tələb olunurdu. M.F.Axundovun bütün yaradıcılıq fəaliyyəti məhz bu sahələrə yönəlmişdi... “Mən insanların düşünə bilməsini... həbsdə qalan təsəvvürlərini azad etmək istəyirəm.” M.F.Axundovun elan etdiyi qayə bu idi. Tədqiqatçılar yazırlar ki, M.F.Axundov və Mirzə Şəfi Vazeh Tiflisdə mətbəə açmaq təşəbbüsündə də olmuşdular. Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetin bitirib, 1866-cı ildə Tiflisdə işə başlayarkən yaradıcılığına yaxşı bələd olduğu M.F.Axundovla görüşmüşdü. O, Mirzə Fətəlinin şəxsində xalqın tərəqqisi üçün çalışan bir vətənpərvər insan görürdü.


Hüseynov, Ş. Jurnalistikamızın “Əkinçi” məktəbi// Şirməmməd Hüseynov. Həqiqət və ədalət carçısı / rəyçi M. İsmayılov. - Bakı, 1988.- s.20-26.
Azərbaycanda dövri mətbuatın, jurnalistika və publisistikanın, qəzetçilik işinin əsl tarixi “Əkinçi” ilə başlayır. Milli mətbuatımızın təməlini-bütün varlığı ilə xalqına bağlı olan, onun tərəqqisi və təkamülü naminə hər cür çətinliklərə sinə gərən, bu yolda min bir zəhmətə və məşəqqətə qatlaşan, çox böyük qeyrət və istedad sahibi –Həsən bəy Zərdabi qoymuşdur.

Maarifçiliyi, ictimai tərəqqini, elmi-texniki yeniliyi, düzlüyü, milli namus və qeyrəti bütün varlıqları ilə təbliğ və təşviq edən “Əkinçi” mühərrirləri feodalizm, müstəmləkəçilik və onların iqtisadi, ictimai və mədəni sahədəki təzahürlərinə qarşı amansız mübarizə aparırdılar. H. Zərdabi milli jurnalistikanın vəzifəsini də məhz bunda görürdü.

Məlumdur ki, “Əkinçi” qəzetinin nəşri 1877-ci ilin sentyabrında dayandırıldı. İl yarım keçməmiş-1879-cu ilin yanvarında Tiflisdə Səid Əfəndi Ünsizadənin səyi və redaktorluğu ilə Azərbaycan dilində -ikinci bu dəfə həftəlik ədəbi, ictimai-siyasi, elmi “Ziya” qəzeti nəşrə başladı... Eyni sözləri 1882-1884-cü illərdə əvvəlcə Tiflis, sonra isə Şamaxıda çıxmış “Ziyayi-Qafqaziyyə” qəzeti haqqında da demək olar. 1883-cü ildə Cəlal Ünsizadə Azərbaycan dilində “Kəşkül” adlı ilk ictimai-siyasi jurnalın nəşrinə başladı...

“Əkinçi” ənələlərini yaşatmaq və yeni tarixi şəraitdə onu inkişaf etdirmək şərəfi gənc mübarizlər nəslinə müyəssər oldu.



Cavadova, E. Sətirlərdə döyünən ürək [Mətn] / Elmira Cavadova; rəyçilər t.e.d. T.Bünyadov, f.e.d. İ.Püstəmov.-Bakı, 1988.-160s.

I fəsil. Zərdabda bir uşaq doğuldu
Həsən bəy xalqına öz ürək sözlərini demək və onunla dərdləşmək üçün bir vasitə axtarırdı. “İctimai həyatı zəif inkişaf etmiş xalqlar üçün dövri mətbuatın ən gözəl tribuna olduğunu” aydınlığı ilə dərk edən Zərdabi xalqı ilə açıq-aşkar danışmaq, onun dərdinə-sərinə bələd olmaq, ən başlıcası isə dünyaya baxışını dəyişdirmək işində qəzeti mühüm vasitə sayır, onun həyəcan təbili olacağına inanırdı. Bu baxımdan ədibin 1906-cı ildə “Həyat” qəzetində çap etdirdiyi “Rusiyada əvvəlinci Türk qəzeti” adlı məqaləsini xatırlamaq yerinə düşərdi. Azərbaycan xcalqının savadsızlığına ürək ağrısı ilə acıyan müəllif yazırdı: “ Hər kəsi çağırıram-gəlməyir, göstərirəm-görməyir, deyirəm-anmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur.Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin”...

1875-ci ilin iyul ayının 22-də maddi, habelə mənəvi çətinliklər şəraitində “Əkinçi”nin birinci nömrəsi çapdan çıxdı. Az tirajla, kiçik formatla nəşrinə baxmayaraq “Əkinçi”nin çapdan çıxması bütün Azərbaycan xalqının mənəvi bayramı idi. “Əkinçi”nin nəşri Azərbaycn milli mətbuatının əsasının qoyulmasını xəbər verirdi.

Qəzetin ideya istiqamətini təsərrüfat. Iqtisadi məsələlərdən daha çox, siyasi məsələlər təşkil edirdi. H.Zərdabinin özünün yazdığı kimi, “Əkinçi” guya əkin və ziraətdən danışacaq, əslində isə qəzet qarşısında Aərbaycan xalqının ictimai-siyasi fikri, elmə-təhsilə yiyələnməsi, cəhalət zəncirlərindən qurtuluş yolu kimi daha vacib problemlər dururdu...

II fəsil. Həsən bəy Zərdabi əsərlərində əkinçilik mədəniyyətimiz
H.Zərdabinin xalqımızın əkinçilik mədəniyyəti ilə bağlılığını, habelə təsərrüfatın bu sahəsinə daha çox əhəmiyyət verməsini onun təşəbbüsü ilə yaradılan ilk Azərbaycan qəzetinin “Əkinçi” adlandırılmasında da aydın görürük. Onun qarşısında əsasən siyasi vəzifələr dururdu və əkinçilik məsələləri də ona tabe idi. Qəzetin demək olar ki, bütün nömrələrində bu məqsədə əməl edilmiş, “Elm xəbərləri”, “Əkin və ziraət xəbərləri” şöbələrində əkinçilik mədəniyyəti haqqında bir sıra maraqlı məlumatlar verilmişdir. Həm də bu materialların əksəriyyətini sadə xalq dilində məhz H.Zərdabinin özü yazmışdır. Böyük alimin əkinçilik təsərrüfatına olan marağı heç də şübhəsiz təsadüfi deyildir. Bu bir tərəfdən H.Zərdabinin təbiətşünas olması ilə, digər tərəfdən isə onun yaşayıb-yaratdığı dövrdə Azərbaycanın hələ də aqrar ölkə olub, əhalinin məşğuliyyətində əkinçiliyin başlıca yer tutması ilə izah oluna bilər.

III fəsil. Maldarlıq məsələləri
Həsən bəy Zərdabinin elmi irsi ilə tanışlıq bizə belə bir qənaətə gəlməyə əsas verir ki, o, Azərbaycan maldarlıq təsərrüfatının ictimai-iqtisadi əhəmiyyəti ilə, hətta bu sahənin etnoqrafik xüsusiyyətləri ilə də yaxından tanış idi. Bu baxımdan onun “Əkinçi” qəzetində çap etdirdiyi “Elmi-heyvanatdan” başlığı altında silsilə məqalələri diqqəti xüsusilə cəlb edir... Zərdabi hələ o dövrdə Azərbaycanda maldarlığın formaları məsələsinə düzgün yanaşmış, təbii-coğrafi şəraitə uyğun mal-qaranın yazda yaylağa, payızda qışlağa qaytarılmasını köçərilik üçün başlıca şərt hesab edən XIX əsr müəlliflərindən fərqli olaraq onun səbəbini konkret şəraitdə görürdü. Maldarlığın müxtəlif məsələləri ilə yanaşı biz Zərdabinin yaradıcılığında elat-tərəkəmə əhalinin yaşayış tərzi, dolanacağı, bir sözlə, məişəti ilə də tanış oluruq...

Böyük alimin xalqımızın maldarlıq təsərrüfatı haqqında indi də öz əhəmiyyətini itirməyən zəngin irsi həmin problemi tədqiq edən müasir tarixçilər, etnoqraflar üçün son dərəcə faydalı bir mənbə olduğuna heç cür şübhə qalmır.


IV fəsil. Maddi mədəniyyət məsələləri
H.Zərdabi irsi Azərbaycan xalqının təkcə təsərrüfat həyatı və məişətini deyil, həm də maddi mədəniyyətini öyrənmək baxımından olduqca qiymətli mənbədir. Azərbaycan xalqının maddi mədəniyyət məsələləri onun diqqətindən yayınmamış, xalq yaşayış evləri, yemək və geyimləri haqqında o, bir sıra həyati mülahizələr və elmi fikirlər söyləmişdir. Böyük təbiətşünas həyatın maddi nemətlərindən insan kimi istifadə etməyi, həyatı elə ilk anlardan anlamağı hamıya məsləhət görürdü. Bütün bunları insanın gündəlik tələbatı, məişəti üçün vacib sayan Zərdabi bildirirdi ki, bu yazıları oxuyan qardaşlarımız hər bir mətləbi oxuyub ona əməl edəcəklər.
V fəsil. Ailə məişəti
H. Zərdabinin zəngin yaradıcılığı və elmi irsi xalqımızın təkcə təsərrüfat məşğuliyyətini əhatə etməsi ilə məhdudlaşmır. Çünki bu irs həm də azərbaycanlıların inqilabdan əvvəlki ailə məişətinin öyrənilməsi baxımından da zəngin mənbədir...

Xalqının mədəni tərəqqisi uğrunda mübarizənin ön sıralarında gedən Zərdabi dini fanatizmin xalqının məişətində, adət-ənənsində, gündəlik həyat tərzində hökm sürdüyü bir vaxtda, bu inkişafa mane olan patriarxal qayda-qanunlara, islam dinin ailə məişətində kök salan ehkamlarına qarşı mübarizə meydanına atılmışdır.

H. Zərdabinin etnoqrafik irsində xalqımızın ailə-məişəti ilə bağlı fikirlərinin mühüm yer tutması bununla əlaqədardır. Nigah, toy, uşaqların ailədə tərbiyəsi, qadının ailədə və cəmiyyətdə vəziuyyəti kimi etnoqrafik məsələlər onu həmişə düşündürən ümdə problemlərdən olmuşdur.


Məmmədov,V. “Əkinçi” qəzeti / Vəli Məmmədov; red. Ə.Mirəhmədov.-Bakı, 1976.- 78 s.
I. “Əkinçi”nin nəşri tarixindən

Azərbaycanda hələ keçın əsrin birinci yarısında milli mətbəə və mətbuat yaratmaq təşəbbüsləri olmuşdu. 1832-ci ildə “Tiflis əxbarı” və 1845-ci ildə “Zakavkazski vestnik” qəzetinə əlavə şəklində “Qafqazın bu tərəflərinin xəbəri” adlı azərbaycanca vərəqələr buraxılmışdı. Lakin bu nəşrləri əsil mənada müstəqil milli, dövri mətbuat nümunəsi hesab etmək olmaz. Orijinallıqdan məhrum olub, rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər əlavə olduqları qəzetlərdən materiallarla doldurulurdu. Bununla belə, onlar Azərbaycan dövri mətbuatının yaranması üçün bir növ hazırlıq idi... Bütün cidd-cəhdlərə baxmayaraq, XIX əsrin birinci yarısında Azərbaycan milli mətbəəsi və dövri mətbuatı yarana bilmədi.

Bu tarixi səadət ötən əsrin ikinci yarısında maarifçilik bayrağını yüksəklərə qaldıran, bütün maneələr önündə sinəsini sipər edən mübariz-alim publisist H.Zərdabiyə nəsib oldu: 1875-ci ilin iyul ayında o, ilk Azərbaycan qəzeti “Əkinçi”nin birinci nömrəsini buraxdı.
II. Qəzetin ideya istiqamətləri

“Əkinçi”nin nəşri dövründə baş verən mühüm tarixi hadisələrdən biri Azərbaycanda kəndli islahatının keçirilməsi idi. Bu rəsmi akt formal olaraq kəndlinin bəydən asılılığına son qoysa da, iqtisadi cəhətdən yenə kəndli ağasından istər-istəməz asılı idi. Özü də üçqat asılı idi! Onu çarizm, mülkədarlar və bəylər istismar edirdilər.

“Əkinçi” hələ ilk nömrələrində varlı ilə yoxsulun qeyri-səmimilik şəraitində güzəran etdiyini mülayim tərzdə deyirdisə, sonralar xalqın qanını soran bir qrup tüfeyliyə üsyankarcasına meydan oxuyurdu... Artıq “Əkinçi” dərk etməyə başlayırdı ki, varlı ilə yoxsul, bəy ilə kəndli, ağlayan ilə gülən dost ola bilməz...

“Əkinçi” qadın azadlığı və təhsili ideyasını tərənnüm edən ilk Azərbaycan qəzetidir. O, qadına feodal münasibəti bəslənilməsinin müxtəlif təzahürlərinə qarşı mübarizə aparırdı. Qadını qul sayan dini-mistik zehniyyətin acınacaqlı mənzərəsini göz önündə canlandıran qəzet köhnə dünyanın bu cür mənfi adət və bidətlərini lənətlə damğalayırdı... “Əkinçi” ictimai həyatda qadının fəaliyyət göstərməsini faydalı hesab edirdi. Çünki qadın eyni zamanda anadır. Ana isə gənc nəslin ilk tərbiyəçisidir. Qadın təhsilinin Azərbaycan üçün də zəruriliyini qeyd edən “Əkinçi” bunun gec-tez həyata keçəcəyinə ümid bəsləyirdi.





  1. Qəzetin şöbələri, əsas müəllifləri, müxbirləri

Qəzetçilik işinə dair mükəmməl biliyi olan Zərdabi bu vəzifənin öhdəsindən bir jurnalist çevikliyi və iradəsi ilə gəlirdi. “Əkinçi”nin məramnaməsində qəzetdə cəmi dörd şıbə olacağı bildirilirdi: “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri”, “Təzə xəbərlər”. Deməli, burada “Məktubat” və “Əfali-əhli-dəhat” şöbələrinin adı çəkilmir. Lakin qəzetin bir neçə nömrəsindən sonra görünməyə başlayan həmin şöbələr çox keçmədən “Əkinçi”nin ən oxunaqlı canlı bölmələrinə çevrilir...

Qəzetin səhifələrində elə yazılara rast gəlirik ki, müəyyən xətlər və sonluqlarla digər materiallardan təcrid edildiyindən, bunları formal cəhətdən heç bir şöbəyə aid edtmək mümkün olmur.

“Əkinçi”nin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə 20 nömrəsi çıxmışdır. İlk nömrə 4 vərəq (8 səhifə) idi. Bu nömrə və “Əkinçi”yə müxttəlif vaxtlarda əlavə edilmiş nüsxələr istisna olunmaqla, qəzetin bütün nəşri boyu dörd səhifəlik (iki formatda) buraxılmışdır...




Qəzetin müxbirləri
Bütün nəşri müddətində “Əkinçi” səhifələrində 1100-dən çox məqalə, məktub, korrespondensiya, xəbər, şeir və s. materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən artıq yazısı çap edilmişdir. ..

Əməkdaşları qəzetdəki çıxışlarına görə beş qrupa ayırmaq olar:



  1. Müntəzəm çıxış edənlər (S.Ə. Şirvani, N. Vəzirov, Əsgərağa Gorani, Əhsənül-Qəvaid, Ələkbər Heydəri və Məhbus Dərbəndi);

  2. Hərdənbir yazanlar (M.F.Axundov, Məhəmmədtağı Əlizadə, Mirzə Həsən Əlqədari ( Məmnun), Məhəmmədəli bəy Vəliyev (Məxfi);

  3. Mürtəce müxbirlər (Hadiyül-Müzillin Qarabaği, Kapitan Sultanov,”Badkubəli Molla”);

  4. Təsadüfi imzalar (Zaqafqaziya Şeyxül-islamı Axund Əhməd Hüseynzadə, Mehdi Səlyani, Məhəmmədrəhim bəy, Möhsün Badkubeyi, “Xeyirxahi-İran”);

  5. İmzasız çıxış edənlər: (Abbas bəy Haqverdiyev, Mirzə Məsum, Əliqulu Novruzov və b.).



  1. Dil, ədəbiyyat və incəsənət məsələləri

Ana dilinin saflığı uğrunda və mətbuat dilinin formalaşmasında “Əkinçi” qəzetinin tarixi xidməti vardır. N. Vəzirov Moskvada qəzetin ilk nömrələrini böyük fərəhlə mütaliə etdikdən sonra Zərdabiyə yazmışdı ki, “ “ Əkinçi” mənim ana dilimdir”. Bu sözlərdə böyük həqiqət ifadə olunmuşdur... Qəzetin sadə, aydın dildə çıxması oxucuları valeh edirdi...

Ana dilinin saflığı uğrunda mübarizə aprmaqla yanaşı, “Əkinçi” publisistika dilimizin formalaşmasında da mühüm rol oynayırdı. H. Zərdabinin jurnalistlərdən tələbi bu idi ki, “qəzeti ... camaatın ana dilində yazmasınlar”. Çünki “qəzet camaat üçündür. Camaat qəzet üçün deyildir”.. .

Ümumiyyətlə, “Əkinçi” M.F.Axundov publisistikasının ənənələrinə sadiq qalmaqla yanaşı, mətbuat dilimizin əsasını qoymuşdur.


Rüstəmov,İ. “Əkinçi” ideyaları yolunda // Xalq qəzeti.-2012.-7 dekabr.-S.2.
1906-cı ildə Zərdabinin Azərbaycan müəllimlərinə müraciətlə yazılmış “Açıq məktub” adlı məqaləsi dərc olunur. Məqalədə xalq maarifinə aid olduqca əhəmiyyətli məsələlər irəli sürülmüşdü. Həsən bəy burada, hər şeydən əvvəl, müəllimlərin fəaliyyətsizliyini tənqid edirdi. “Açıq məktub” Azərbaycan müəllimlərinin ilk qurultayına hazırlıq dövründə bir hərəkət proqramı kimi səslənirdi, buna görə də geniş müzakirələrə səbəb olmuşdu. Həsən bəy Zərdabi Nəriman Nərimanovla birlikdə Azərbaycan müəllimlərinin qurultayının çağırılmasının təşəbbüskarı idi. Qurultay 1906-cı ilin avqust ayının 15-də açılmaqla Azərbaycanda xüsusən maarifin inkişafına müsbət təsir etdi. Qurultay Zərdabinin və Nərimanovun sədrliyi ilə keçdi, mühüm qərarlar qəbul etdi. Həsən bəy ömrünün axırına qədər fəaliyyətini dayandırmamışdır. Təkcə 1907-ci ildə “Dəbistan” jurnalında yeddiyə qədər məqalə dərc etdirmişdi. O, bu məqalələrində uşaq və gənclərdə əməyə sevgi, Vətən qarşısında namusluluq, dostluq və s. sifətlər aşılamağa çalışmışdır. Zərdabi ölənə qədər “Kaspi” qəzetində əməkdaşlıq etmişdir. Dilinin iflic olmasına baxmayaraq, Həsən bəy müəyyən saatları “Kaspi” qəzetinin redaksiyasında oturarmış. Qəzet əməkdaşlarından Acio Zərdabi haqqındakı xatirələrində yazır: “O işlədiyi və qaynayıb-qarışdığı qəzeti-“Kaspi”ni qocalıq məhəbbətilə sevərdi. Həsən bəy dili tutulmuş vəziyyətdə, güclə hərəkət edən əlləri ilə müəyyən saatları redaksiyada oturarkən və işini icra etməyə çalışarkən bu məhəbbət nə qədər təsiredici şəkildə qaynayıb-daşar və necə də qəlbi riqqətə gətirərdi”.


Vəliyeva,S. “Əkinçi”dən başlanan yol //Kaspi.-2013.-23 iyul.-S.3.
“Əkinçi” qəzeti 1875-ci il iyulun 22-dən-1877-ci il sentyabrın 29-dək olan müddətdə ayda iki dəfə, 300-400 tirajla nəşr olunurdu. Mövcud olduğu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.

Qəzetin nəşri heç də asanlıqla başa gəlməmişdir. Lakin mövcud olan bütün bu çətinliklərə baxmayaraq, Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrinə nail ola bilmiş və qəzetin nəşrini ağır bir şəraitdə çətinliklə də olsa, yoluna qoya bilmişdir. H.Zərdabi “Əkinçi” qəzetinin yalnız naşiri və redaktoru deyil, həm də onun ədəbi əməkdaşı, müxbiri, korrektoru, mürəttibi, qəzetin abunə və yayımı üzrə müvəkkili olmuşdur. İlk vaxtlar qəzetin nəşri maddi ziyanla başa gəlirdi. Belə ki, geniş kütlə arasında qəzetə maraq oyatmaq üçün H.Zərdabi ”Əkinçi” qəzetini xalq arasında pulsuz yaymağa məcbur idi. Lakin bütün bu çətinliklərə baxmayaraq,Həsən bəy ümidini üzmədən : “Xalqı qəzet oxumağa öyrədəcəyəm, adət edəcəklər, ondan sonra qəzetsiz darıxacaqlar” deyərək qəzetin nəşri üzrə fəaliyyətini davam etdirmişdi.

”Əkinçi” qəzeti və onun oxucuları ətrafında yaranan vəziyyətlə əlaqədar Həsən bəy Məlikov(Zərdabi)nin həyat yoldaşı Həsifə xanım Məlikova vaxtı ilə yazırdı ki, “Çardan qorxaraq qəzeti oxumayanların sayı, allahdan qorxaraq oxumayanların sayından artıq idi. Lakin buna baxmayaraq, H.Zərdabi özünə xas olan təmkinlə qeyd edirdi: “Axır ki, başa düşəcəklər ki, mən onların dostuyam, məktəb və teatrın əhəmiyyətini dərk edəcəklər. Əgər bunlara bir qəzetdə verə bilsəydik-biz müsəlmanların bütün dünya görüşünü dəyişərdik”.




II “Əkinçi”dən səhifələr


Əkinçi” [Tam mətni]: 1875-1876 /Transliterasiya və tərtib edəni T.Həsənzadə.-B.: Avrasiya Press.-2005.-496s.

“Əkinçi” qəzeti Azərbaycan dövri mətbuatının əsasını qoymuşdur. O, əsl mənada xalqa həyatı olduğu kimi göstərən, cəmiyyətdəki nöqsan və bəlalar haqqında düşünən, məsləhət verən bir qəzet idi.

“Əkinçi”nin ideya istiqamətində qiymətli cəhətlərdən bir onun tarixi nikbinliyi idi. “Zəhərdən acı bir həyat keçirdiyi” anlarda belə “pərişan və bədbin olmayın! Öz işinizdə mərd-mərdanə olun!”-deyən Axundzadə kimi olmazın əzab, mərhumiyyət və maneələrlə qarşılaşan “Əkinçi” fədailəri də tarixi inkişaf haqqında, vətən və xalqın gələcəyi haqqında ümidsizliyə qapılmır, haqq və ədalətin, xeyir və işığın qələbəsinə inandıqlarını bildirirdilər.



Daxiliyyə

“Əkinçi” qəzetinin bina olmağının səbəblərindən biri o qəzeti çap etmək barəsində göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qeyri səbəblər də çoxdur. Amma onları burada ismən adlamaq məqdur deyil. Ona görə də o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu “Əkinçi” qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmunundan güftügu edək. “Əkinçi” qəzetində bu aşağıdakı fəsillər olacaqdır. Əvvəlinci fəsli daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin öz tərəfindən yazılan şeylər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri vilayətlərdə olan əkinlərdən, onları əkib becərməkdən, onları əkib becərən vaxtda işlənən əsbablardan ... danışıq olacaqdır. Ücüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və imtahan yolu ilə aşkar olan ... xəbərlərdən danışıq olacaqdır... Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır...

Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlayan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun... Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyirlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgilən. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanənin dəyişilməyi, əlbəttə, hər anlayan kəsə məlumdur və əbu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edibbizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gediblər. Pəs bizim anlayan və pişrov kəslərə məsləhətdir bu yolu onlar ilə bir yolda getsinlər ki, ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.
Əkin və ziraət xəbərləri
Mal südündən yağ qayırmaqdan danışacağıq
Süddən üç qisim ilə yağ qayırmaq olur: bəzi kəslər südü sərib, ondan qaymaq yığıb, bu qaymaqdan yağ saxlayırlar. Bəzi kəslər bişməmiş, yəni çiy süddən yağ saxlayırlar, amma bəzi kəslər süddən qatıq qayırıb, qatıqdan yağ qayırırlar.

Əvvəlinci, qaymaqdan yağ qayırmaq. Süddən qaymaq yığmaq üçün gərək südü sərəsən. Belə süd sərilən qablar və süd saxlanılan yerlər, hətta o yerin havası da gərək çox təmiz olsun. Əgər süd sərilən qablar təmiz də olsa, amma onlar sərilən yer, yəni otaqçox isti, soyuq, ya yaman iyli olsa, ol vaxtda ya süddən qaymaq tamam yığılıb hasil olmaz, yainki süd turşuyub tələf olar.

Ağac qabığının bir yaman xüsusiyyəti var: onu təmiz etmək müşküldür. Ağacın kiçik deşikləri olur, belə deşiklərə süd dolub orada turşuyub qalır. Bu səbəbə əgər bir kəs qeyri qab tapmayıb ağac qabında süd sərsə, gərək o qabı hər səfər isti su ilə və kül ilə təmiz etsin.

Elm xəbərləri

Evləri su basmağın zərəri

Bəzi vaxtda insan sakin olduğu evləri çay, ya qar, ya yağış suyu basıb qərq edir. Belə sel basmağın iki qism zərəri olur. Onların birisini görmək olur. Məsələn, sel basan evlərin çoxu uçub tələb olmağı, ya o evlərdə olan mayəhtacların çürüyüb zay olmağı. Amma onların bəzisini görmək müşküldür. Ona binaən bu zərər sel basmaqdan əmələ gəlməyi hər kəsə məlum deyil. Əvvəlinci qism zərər insanın canına olur. Çünki çox kəslər üçün mal candan şirindirŞ bu səbəbə mala olan zərəri tez görür, amma cana olanı heç görmür.

*****************
German adlı şəxs yazır ki, zəli ilə havanı dəyişməyin belə bilmək olur: bir şüşəni yarısınacan su ilə doldurub onun içinə bir zəli salıb ağzını bez ilə bağlayıb evdə saxlayanda havanın dəyişməyin bilmək olur: əgər sübhdən görsən ki, zəli şüşənin dibində yatıb, yəqin ki, hava yaxşı olacaq. Əgər zəli şüşənin suyunun üzünə çıxırsa, yəqin yağış ya qar yağacaq və ya bərk külək əsəcək.
***************

Qəzetlərdə yazırlar ki, burundan gələn qanı belə kəsmək olur: əgər qan burunun sağ deşiyindən əmələ gəlirsə, ol vaxta sağ əlin kiçik barmağının ucunu dırnaqdan yuxarı və axırıncı bənddən aşağı sap ilə bərk bağlayanda, ya burunun sol deşiyindən qan gəlirsə sol əlin zikr olan barmağını məzkur qyda ilə bağlayanda qan kəsilir.



Hazırladı: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri



Cəmilə Səmədova

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə