SƏDNİK PAŞA PİRSULTANLININ POETİK DÜNYASI
Sədnik Paşa Pirsultanlı haqqında fikir söyləmək həm asan, həm də çətindir. Ona görə asandır ki, onun poetik dili, dünyası anlaşılan və yaddaqalandır. Ona görə çətindir ki, onun keçdiyi şərəfli həyat yolunu, yaradıcılıq arenasını təhlil etmək üçün bir ömür vaxt lazımdır.
Sədnik Paşa Pirsultanlının çoxşaxəli yaradıcılığı müxtəlif istiqamətlərdə inkişaf etmişdir. Məni bu yazını yazmağa vadar edən nə oldu? Sədnik müəllimlə söhbət əsnasında ona Sarı Aşıqdan dörd bənd bayatı dedim. O, həmin bayatıların açmasını yerindəcə təhlil etdi. Düzü bu hadisədən sonra bu nurani çöhrəli, Azərbaycan folklorunun yeganə bilicisi, tədqiqatçısı və təbliğatçısı olan kişiyə hüsn-rəğbətim qat-qat artdı.
Onun yaradıcılığında milli poetik fikrin ən incə çalarları belə diqqəti özünə cəlb edir. Bu isə poetik fikrin ən böyük nailiyyətlərindən biridir.
Azərbaycan şifahi xalq ədəbiyyatının əsil bilicisi, dərin məzmunlu poetik duyuma malik olan bu qocaman tədqiqatçının özünün dünyaya sığmayan poetik iç dünyası vardır. Yaşı səksəni haqlamasına baxmayaraq arayır, axtarır, tədqiqat işlərini usanmaq bilmədən inamla davam etdirir. Bütün türk dünyasının folkloru haqqında geniş məlumata malikdir. Təbiətən dadlı-duzlu söhbətləri, hazırcavablığı ilə onu tanıyanların qəlbində özünə isti, məlhəm hisslər yaratmağı məharətlə bacarır.
Sədnik müəllimin tərcümeyi-halına nəzər saldıqda görürük ki, o, ömrü boyu xalq ruhu ilə yaşamış, qüdrətli, cəfakeş bir alim kimi böyük şöhrət qazanmışdır. Onun özü kimi yaradıcılıq dili sadə, diqqəti çəkəndir.
“Nizami və folklor” kitabına görə 1977-ci ildə “Yejeqodnik”ə (Velikaya Sovetskaya Ensiklopediya) daxil edilib. “Dədə Qorqud” boyları haqqında topladığı əfsanələr və elmi məqalələrinə görə 2000-ci ildə Türkiyədə nəşr olunmuş “Kitabi-Dədə Qorqud” ensiklopediyasının I və II cildlərində təmsil olunub. Düz 17 il Gəncəbasar Aşıqlar Birliyinin sədri olub. Bu müddət ərzində Gəncəbasarda aşıq poeziyasının, sənətinin inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Gənc istedadların üzə çıxarılması sahəsində də bütün varlığı ilə çalışmış, unudulmuş, yaddaşlardan silinən saz havalarına yeni nəfəs vermişdir.
1984-1993-cü illərdə Azərbaycan Aşıqlar Qurultaylarının rəyasət heyətinin və plenumun üzvü seçilmişdir. Bu qurultaylarda etdiyi çıxışlar rəğbətlə qarşılanmışdır. Qəlbən, sidq ürəklə ağız ədəbiyyatına, türk dünyasının folkloruna bağlı olan, unudulmuş bir çox aşıqları da gündəmə gətirərək onların yaradıcılığını geniş şəkildə təhlil etməyi də özünün mənəvi borcu hesab
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
etmişdir. Xalq tərəfindən yaradılan bir çox mahnı və nəğmələrimizin xalqa qaytarılmasında rəhbərlik etdiyi “Çeşmə” folklor teatrında göstərdiyi fəaliyyətə görə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.
S
ədnik Pirsultanlının yaradıcılığı təkcə Azərbaycanla bitmir. Ona görə də 1993-cü ildə Ankarada keçirilən “İpək yolu uluslararası halk edebiyyatı simpoziumu”nda və Nev şəhərində keçirilən “Hacı Veli Bektaşi” törənində dolğun məruzə ilə çıxış etmişdir.
Folklor institutunun müdafiə şürasının üzvü kimi AMEA-nın Folklor institutunun 2004-cü ildə təşkil etdiyi I, II, 2005-ci ildə III, IV uluslararası “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” həsr olunmuş folklor simpoziumlarının məruzəçisi olub.
Yeganə alim, aşıq yaradıcılığının nəzəri problemlərini elmi əsaslarla işləyən tədqiqatçı kimi 2004-cü ildə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildinə daxil edilib. Respublikamızda və bir çox xarici dövlətlərdə yorulmaz tədqiqatçı alim-professorun gördüyü işlər yaddaqalan və təqdirəlayiqdir. Ona görə də 2005-ci ildə “Aztelefilm” yaradıcılıq birliyinin dövlət sifarişi ilə “Pirsultan” adlı sənədli televiziya filmi çəkilmişdir. Bütün bunlarla bərabər cəfakeş alim, əsil vətəndaş olan Sədnik müəllim pedaqoji fəaliyyətini də davam etdirir. 2007-ci ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
14 namizədlik və 6 doktorluq dissertasiyalarının apponenti olmuş, əmək və müharibə veteranıdır.
Səksən yaşının 54 ilini Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqinə həsr etmiş tədqiqatçının yaradıcılıq arenası geniş və hərtərəflidir. Ömrünün qürub çağını yaşayan qocaman tədqiqatçının yaradıcılıq yoluna nəzər saldıqda onu folklorumuzun korifeyi adlandırmaq olar. Bir neçə tədqiqatçını çıxdıqdan sonra folklor dünyasının ən birincilərindən biri də məhz Sədnik Pirsultanlıdır.
Aşağıda göstərilən elmi əsərlər və ixtiralar da onun iti qələminin məhsuludur. “Nizami və folklor”, “Azərbaycan xalq yaradıcılığının inkişafı”, “Nizami və xalq əfsanələri”, “Heca vəznli şeir və mənzum atalar sözləri”, “Heca vəznli tapmacaların inkişafı”, “Azərbaycan eposunun əfsanə qaynaqları”, “Ozan-aşıq sənətinin nəzəri məsələləri”, “Heca vəzninin bayatı və qoşma möcüzələri”, “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” və s. Əlli kitabın müəllifi olan bu qocaman, yorulmaz tədqiqatçı bu gündə gənclik həvəsi ilə işləyir, yorulmaq nə olduğunu bilmir.
2008-ci ildə “Aşıq Şəmşirin poetik aləminə səyahət” və 2009-cu ildə “Azərbaycan türklərinin xalq əfsanələri” kitabları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Bir çox fəxri adların sahibi olan Sədnik müəllimin gərgin mübarizələrlə keçən şərəfli ömrü unudulmazdır.
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
“Saz nəfəsli şeirlərim” kitabı ilə tanışlıq.
Yurd, el-oba sevgisi hər bir insanın qəlbində yaşamalı, onun isti-soyuğuna dözməli, keçdiyi həyat yolunda silinməz izlər qoyub getməyi bacarmalıdır. Mənə belə gəlir ki, Sədnik müəllimdə yuxarıda dediyimiz keyfiyyətlərin bir çoxu yox, hamısı cəmlənmişdir.
Vaxti ilə demişdim:
Qayaları dələrəm,
Cığırınla gələrəm,
Vətən deyib ölərəm,
Telli saz görünəndə.
(Qasım Qırxqızlı)
Həqiqətən də belədir. Saz elə bir çalğı alətidir ki, onun sehri-məhəbbətinin orbitindən çıxmaq çox çətindir. Respublikamız müstəqillik qazandıqdan sonra bayağı mahnılara elə aludə olduq ki, əsil xalq musiqi alətlərimiz, tar, saz, balaban, qara zurna yaddan çıxdı. Həqiqətən də bizim xalq çalğı alətlərimizin heç bir əvəzi yoxdur. Əfsuslar olsun ki, biganəliyimizin ucbatından bir çox milli dəyərlərimizi itirə-itirə gedirik. Çox şükürlər olsun ki, Sədnik müəllim kimi “odqoruyanlarımız” vardır. Çünki onun şeirləri saz nəfəsli, təbii boyalarla bəzədilmiş, öz xislətinə uyğun xalq dili və ruhunda yazılmışdır. Buna görə də qələmindən çıxan şeirlər şirin avazla oxunur və əbədi olaraq yaddaşlara həkk olur. Çünki bu şeirlər xalq poeziyasından cilalanıb və rişələnibdir.
Sədnik müəllimin şeirlərində qəlb inamından, insana, gözəlliyə vurğunluqdan irəli gələn bir çox məqamlar vardır. “Saz nəfəsli şeirlərim” kitabının I bölümü “Könlümün tərcümanı saz” ilə başlayır. “Bəri” şeirində deyilir:
Söylə tarixini, a telli sazım,
Sən varsan, Harutdan, Marutdan bəri.
Sənin ilk səsini Musa eşitmiş,
Gəzmisən Dəclədən Fəratdan bəri.
“Aşıq” şeirində aşığa, onun sənətinə yüksək qiymət verilir.
Sazınla ucalır sözün şöhrəti,
Şair yazır, aşıq verir zinəti,
Qəlbində el ruhu, el məhəbbəti,
Hər sözü tarixdə yadigar aşıq.
Həqiqətən də belədir. Sazla deyilən söz Dədə Qorquddan, Aşıq Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Yunis İmrədən,
Dədə Ələsgərdən, Dədə
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Şəmşirdən yadigar qalaraq insan hisslərini silkələməyi, onun qəlbində tufan qoparmağı, tüğyan etməyi bacarır.
“Bir çiçək də vətəndi” deyən şair incə hisslərə qapılır, bir çiçəyi vətənə bənzədir, onu oxşaya-oxşaya sevməyi tövsiyə edir.
Sevmişəm könül vermişəm,
Zövq alıb, səfa sürmüşəm,
A Sədnik, vəfa görmüşəm,
Sonasında bu dağların.
Sinəsi çalın-çarpaz olan dağlar Sədnik müəllimin də sinəsini hər an yandırır, onu vəsf etməkdən yorulmur, üzünü soyuq daşına, otuna, gülünə-çiçəyinə sürtərək, uyumaq istəyir dağ qucağında.
Can atır göylərə o məğrur başın,
Ağrıdır, Şahdağdır, çoxdur qardaşın.
Vətənə keşikçi sənin hər daşın,
Bu xalqın əyilməz bir oğlusan sən.
Şair böyük ustalıqla dağları, onun hər daşının vətənə keşikçi olmasını poetik dildə tərənnüm edir.
Həyatda təbiəti sevən insanlar çoxdur. Hər təbiəti sevəndən şair olmaz. Şair olmaq üçün gərək təbiətlə təbiətin dili ilə danışmağı bacarasan, onu sevəsən, oxşayasan, ruhun, qəlbin təbiətlə bağlı ola. Bu qəlb çırpıntıları Sədnik Pirsultanlının şeirlərində özünü açıqcasına biruzə verir. Dağları Tanrının möcüzəsi, səddi adlandırır.
“A dağlar” şeirindən:
A Sədnik, başından leysanlar töküb,
Qayalardan ona daş hasar çəkib,
Çin səddini insan əlləri tikib,
Səninkidi Tanrı səddi, a dağlar.
Öz sevgisini çəməndə, güldə, çiçəkdə tapan şair “Bənövşə” şeirində öz dərdini bənövşənin dərdi ilə eyniləşdirir, maraqlı təzad yaradır.
Neynəyim ki, mən də yara dərdimi,
Sənin kimi tez açmışam, bənövşə.
Sən nələr çəkmisən bütün el bilir,
Mən dərdimi az açmışam, bənövşə.
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Dərdini bənövşədən tez açdığına görə ürəyində gəzdirdiyi dərdi ona əzab verir.
Yuxarıda dediyimiz kimi həqiqətən Sədnik müəllim gözəllik aşiqidir. Onun bu aşiqliyə mənəvi haqqı çatır.
“Dağlar gözəli” şeirini böyük həssaslıqla qələmə alaraq deyir:
Sədnik onu gördü sevdaya düşdü,
Yandı eşq oduna Kərəmi keçdi,
Yüz gözəl içindən tək onu seçdi,
Köksündə ürəkdi, dağlar gözəli.
O, bu şeirində öz ülvü sevgisini Kərəmin sevgisindən də yüksəkdə tutur, onu ülvi, müqəddəs adlandırır.
“Səfərlər” rubrikası altında verdiyi şeirlərində vətəni qarış-qarış gəzir, onun gözəlliyi, bakirəliyi qarşısında baş əyir, səcdə qılır. Dağıstanda olarkən yazdığı şeir ibrətamiz və tarixi baxımdan çox əhəmiyyətlidir. Dağıstanın itkin düşməsi, əlimizdən alınması onu yanım-yanım yandırır.
“Gəlmişəm” şeirində yazır:
Bu dağlarda itkin düşüb qardaşı,
Abdaloğlu az tökməyib göz yaşı,
Vətənə sarı əyilib o başdaşı,
Qibləsinə döndərməyə gəlmişəm.
Hörmətli Sədnik müəllim. Sizi başa düşürük. Qibləsindən üz döndərən məzar daşını elə çevirməyiblər ki, sən onu düzəldəsən. “Düzəlməz, nə də düzələsi deyildir”.
Aşıq qızlara yazdığı şeirlərdə də poetik tapıntılar çoxdur. Mikayıl Azaflının qızı Aşıq Gülarəyə yazdığı şeirdə Gülarənin avazının gəlməməsinə dözə bilmir, qəmini, kədərini dağa söyləməyi, dağa göndərməyi tövsiyə edir. Bilir ki, dağ dərdini, ancaq dağ çəkə bilər:
Ay Gülarə, sazın niyə inləyir,
Hardan alıb bu kədəri, bu qəmi?
Hanı sənin şən avazın, ay zalım,
Dözəmmədim yaş götürdü didəmi,
Dağa söylə, dağa göndər bu qəmi.
Buludun göz yaşlarına da dözə bilmir şair ürəyi. Buludla həmahəng olub, o, da göz yaşı tökmək istəyir.
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
“Gəldim” şeirində Ərzurum yollarının ahlı-amanlı, qarlı-çovğunlu olmasından gileylənir.
Sədnik yuxusundan vaxtsız oyandı,
Bir yuxudan qəlbi qana boyandı,
Ərzurum yolları ahdı-amandı,
Can vermə, sevgilim, möhlət al gəldim.
Ərzurum yollarında azan sevgilisini yuxularında görür, onun harayına çatmağa can atır.
Şuşa, Göyçə, Kəlbəcər, Qarabağ yaraları şairin qəlbini yanım-yanım yandırır. O yerlərin həsrəti ilə pörşələnib odsuz-ocaqsız külə dönür.
“Şuşanın” şeirində deyir:
Allah! Allah! Bir gecənin içində,
Ağardı kirpiyi, qaşı Şuşanın,
Yer də, göy də nalə çəkir, kirimir,
Ağlayır kərpici, daşı Şuşanın.
Mənə belə gəlir ki, şair bu şeirində Şuşanı Dədə Qorqudla müqayisə edir, bir gecə də saçının, qaşının ağarmasını böyük həsrətliklə vəsf edir.
İnsan ruhunun ən kiçik duyğularını poeziya zirvəsinə qaldırmaq hər yazara qismət olmur. Ancaq bu ustad sənətkar, el bilicisi, sazın, sözün qədir və qiymətini bilən Sədnik Paşa Pirsultanlıya qismət olmuşdur.
Əlbəttə, Sədnik müəllimin bütövlükdə şeir dünyasına baş vurmaq fikrində deyilik. Sadəcə ürəyimizdən keçən hissləri azda olsa qələmə almağa çalışdıq.
QASIM QIRXQIZLI,
“Xocalının səsi” qəzetinin baş redaktoru,
AYB-nin üzvü, Məhəmməd Əsədov
adına mükafat laureatı
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
"Aşıq Şəmşirin poetik aləminə səyahət"
təqdim olundu
Ötən gün Atatürk Mərkəzində professor Sədnik Paşa Pirsultanlının "Aşıq Şəmşirin poetik aləminə səyahət" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Aşıqlar Birliyinin sədri, şair Zəlimxan Yaqub Aşıq Şəmşiri "əhli-ürfan dünyasının ən böyük şəxsiyyətlərindən biri" kimi dəyərləndirdi: "Aşıq Şəmşir hələ sağlığında klassikləşən sənətkarlardandır. Onun şeiriyyətində xalqımızın milli adət-ənənələri
o qədər gözəl əks olunub ki, əsrlər ötsə də, yaşayacaq. Azərbaycanın, demək olar ki, bütün coğrafi məkanlarını onun poeziyasında tapmaq mümkündür. Məhz bu canlı və gözəl lövhələr onun poeziyasının uzun ömürlü olmasını şərtləndirir". Z.Yaqub professor S.P.Pirsultanlının ustad sənətkar haqqında yazdığı kitabı həm bədii, həm də mənəvi cəhətdən yüksək dəyərləndirdi, alimin folklorumuzun araşdırılması istiqamətindəki xidmətlərinin misilsizliyini vurğuladı.
Professor, millət vəkili Nizami Cəfərov Azərbaycan folklorşünaslığına töhfələr vermiş alimləri təsnifləndirərək bildirdi ki, S.P.Pirsultanlı həm nəzəriyyəyə, həm də canlı xalq ədəbiyyatına dərindən bələd olan araşdırmaçıdır.
Şair İlyas Tapdıq S.P.Pirsultanlının aşıq ədəbiyyatı və folklorumuzun tədqiqi yönündə gördüyü işlərdən söz açdı, onun ustad sənətkara həsr olunmuş kitabının böyük elmi-ədəbi və mənəvi əhəmiyyət daşıdığını dilə gətirdi. İ.Tapdıq Aşıq Şəmşirlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Aşıq Ulduz S.P.Pirsultanlının ustad aşığın həyat və yaradıcılığı ilə bağlı geniş araşdırma aparmasını, bu haqda kitab yazmasını təqdirəlayiq iş kimi qiymətləndirdi.
Şair Adil Cəmil S.P.Pirsultanlının Aşıq Şəmşirin həyat və yaradıcılığı, poeziyası barədə yazarkən, digər müəlliflərdən fərqli olaraq, daha dərinliklərə nüfuz etdiyini və sanballı bir tədqiqat işi ortaya qoyduğunu diqqətə çatdırdı.
Tədbirin sonunda çıxış edən müəllif tədqiqləri və kitabı haqqında səslənən müsbət fikirlərə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, sözü gedən kitabda alimin eyni adlı elmi monoqrafiyası dörd bölmə və nəticə halında təqdim olunur. Əsərdə Aşıq Şəmşirin on altıncı əsrdə ulu babası Miskin Abdaldan başlayan aşıq-şairlik nəsil şəcərəsi, XX əsrdə sənətin fövqünə yüksəlməsi diqqət mərkəzindədir. Kitabda Aşıq Şəmşirin dağlar, Səməd Vurğun, sələfləri və xələfləri ilə bağlı yazdıqları fərqli bölmələrdə ətraflı nəzərdən keçirilir. Bu yeni nəşrdə Aşıq Şəmşirlə bağlı xatirələr və maraqlı fotolar da yer alıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 16 aprel.- S.7.
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR