Şəhadət əməliyyatı
I
Karun çayının həmin hissəsində qabarma və çəkilməni öyrənmək Rəsul Kərimi adlı bir gənc hövzə tələbəsinə tapşırılmışdı.1 Oranın Ərvənd çayı ilə məsafəsi bir kilometrdən az idi. Ərvəndin qabarma və çəkilməsi orada da eynilə təkrar olunurdu. Orada xurmalığın içində iki bina vardı. Kəşfiyyat bölüyünün uşaqları çatan kimi qardaş Rəsul Kərəmidən ilhamlanıb oranın adını Rəsulabad qoydular.
Binalar xurma ağacları ilə yaxşı gizlədilmişdi və düşmənin diqqətini çəkmirdi. Orada da təlimlər başlandı. Əməliyyat xəbəri və yeni bölgələrdə kəşfiyyat olmadan həyat yorucu keçirdi. Hamı tapşırıqdan ötrü darıxırdı. Nəhayət, bir gün bölüyün komandiri Rəsulabada gəldi. Mən də daxil olmaqla bir qrupu ayırıb dedi: "Əşyalarınızı götürün".
Nasir Dibayi, Məhəmməd Purnəcəf və Yusif Həqqayi də aramızda idi. Lakin yenə əməliyyatdan və kəşfiyyatdan söz getmədiyinə görə narahat idim. Fikirlərimin digərlərinin əhval-ruhiyyəsinə mənfi təsir etməməsi üçün bu barədə heç kimlə danışmırdım. Nasir Dibayinin də mənim kimi qərarsız olduğunu təxmin edirdim.
***
Yeni məkanımız Qəcəriyyə idi. Hərbi Dəniz Qüvvələrinin bəzi divizionları, Həbib və Vəliəsr batalyonları orada yerləşmişdilər. Dağılmış bir kəndin yerində kəşfiyyat bölüyünə yer seçdik. Nasirin narahat üzü mənimlə eyni halda olduğunu göstərirdi. O, söhbətə başlayıb dedi: "Mehdiqulu, nə üçün kəşfiyyatdan bir xəbər çıxmır? İndi nə etməliyik?"
Bizə tapşırılanları yerinə yetirməkdən başqa yolumuz yox idi. Biz Həbib və Vəliəsr batalyonlarının dalğıclarına təlim keçməyə gəlmişdik.
Həbib batalyonunun ikinci bölüyü dalğıc seçilmişdi. Bu bölüyün təlimi Əhməd Bayrami və Mehdi Heydəri ilə mənə tapşırıldı. Karunda Vəlfəcr-8 əməliyyatının təlimləri zamanı cənubun soyuğunu təcrübə etmişdik, lakin bu çayın soyuq və kobud üzü təcrübələrlə yumşalan bir şeyə bənzəmirdi.
Şəxsi heyətə dalğıc geyimləri verildi. O geyimlərin əksəri Vəlfəcr-8 əməliyyatında da istifadə olunmuşdu. Paltarların çoxunun bəndi xarab olmuşdu və bağlanmırdı. Bəzilərinin corab hissəsi yox idi, olanlar da yaman gündə idi. 24-25 yaşlı gənclərin əyninə tikilmiş paltarlar 15-16 yaşlı yeniyetmələrə böyük qalırdı. Paltarı əyninə tam oturanlar barmaqsayı idi. Böyüklükdə, xarablıqda və cırıqlıqda ən "mükəmməl" paltar Əlibarat Etibara nəsib olmuşdu. O, paltarının qol və ayaqlarını bir neçə dəfə qatlayırdı, amma genişliyinə çarə tapa bilmirdi. Paltarın bəndi başdan-ayağa xarab idi. Standart ağırlığı olmadığına görə qardaş Fərəc Quluzadə ona kərpic bağlayırdı. Bütün bunlara baxmayaraq, Əlibarat RPG götürüb suya girirdi. O zaman isə bədəni bir neçə istiqamətdən su axınına məruz qalır və suda batırdı. Mən onu dəfələrlə suyun altından çıxardım, amma həmin vəziyyətdə də ağır silahını buraxmırdı.
Mahmud Növcavan adlı 14 yaşlı bir yeniyetmə də vardı. O, suya girməzdən öncə soyuqdan titrəyir, suya girəndə isə ayağının əzələləri tutulurdu. Bir dəfə gözlərim önündə huşunu itirdi. Bütün bədəni keyimişdi və tərpənə bilmirdi. Tez yaxınlaşıb üzə-üzə onu sudan çıxardım və sahilə uzatdım. Özünə gələnə qədər bir müddət ötdü. Bilirdim ki, bayırdakı hava daha soyuqdur, suyun soyuğuna dözmək quru havanın yandırıcı soyuğuna dözməkdən asandır.
O, yavaş-yavaş gözlərini açdı, quruda olduğunu görüb ağladı və titrək səslə dedi: "Siz istəyirsiniz mən dalğıc olmayım..." Döyüşçülər arasında illərlə qalmış, belə ruhiyyəli uşaqlarla dəfələrlə rastlaşmışdım, amma soyuqda onun vəziyyəti o qədər ağır idi ki, belə sözlər deməsini gözləmir və təəccüblənirdim.
Payızın son günlərində dondurucu suda saatlarla qalmaq insanın sidiyini suda və dalğıc geyimində boşaltmasına səbəb olurdu. Başqa çarə yox idi və məhz buna görə sudan çıxandan sonra hamı təmiz su ilə yuyunurdu. Bu kimi məsələlərdə böyük təcrübəsi olan kəşfiyyat uşaqları çox tezliklə problemin həllini tapdılar. Qərargahda bir su tankeri tapdılar. Ona uzun bir boru bağladıq və aşağısında odun qoymağa yer hazırladıq. Ocağı qalayanda tankerin suyu qızırdı və biz hər təlimdən sonra orada isti su ilə yuyunurduq. Lakin bölüyün uşaqlarının bir çoxu Vəliəsr batalyonundan aşağıda yerləşən estakadada paltarlarını çıxarıb soyuq su ilə bədənlərini yuyurdular.
Çadırların yanındakı çökəklərə adətən, su yığılırdı. Biz hər səhər suyun üzünün donduğunu görürdük. Bu baxımdan, temperaturun günün bəzi saatlarında sıfırdan aşağı düşdüyünə əmin idik. Lakin uşaqlar elə soyuq su ilə yuyunur və qüsl verirdilər.
Təlim əsnasında bölük komandirləri ilə iclaslarımız olurdu. Əsğər Əlipur,1 Əbdüləli Mütləq və Məhəmməd Sövdagər Həbib batalyonunun mövqe yaran dalğıc bölüklərinin komandirləri idilər. Məhəmməd Sövdagərə bədən və boy-buxun cəhətindən batalyonda az adam çatardı. Ağır dalğıc təliminə dözmək ona çətin deyildi. Əsğər Əlipur isə fiziki baxımdan zəif idi, əvvəllər yaralanmış və əlil olmuşdu. Buna görə də, dalğıc təlimləri onun üçün qat-qat ağır olurdu. O, suda yaxşı hərəkət edə bilmir, çox vaxt geri qalır və şəxsi heyətinə çata bilmirdi. Elə bilirdi ki, günah özündədir və yaxşı öyrənmədiyi üçün suda qalır. Mənsə düşünürdüm ki, günah onun mövqe yaran dalğıc bölüyündən əl çəkməyən böyük ürəyindədir. O, tez-tez mənə müraciət edirdi: "Ağa Mehdi, mənim vəziyyətim belədir, suda qalıram, nə edim?" Hər dəfə bir şəkildə qane etməyə çalışırdım ki, belə fiziki şəraitdə dalğıc bölüyünə başçılıq etmək ona vacib deyil.
Onunla bu barədə dəfələrlə söhbət etməyimizə baxmayaraq, nə qane olurdu, nə də sualından əl çəkirdi. Get-gedə halı pisləşdi. Onun özünü necə çətinliyə saldığını anlaya bilirdim. O, daha çox məşq etməli olduğunu düşünüb suda hamıdan çox qalırdı; halbuki bədəni hələ öncəki əməliyyatların yaraları ilə mübarizə aparırdı. İş o həddə çatdı ki, ona dedim: "Qardaş Əlipur, əgər həqiqətən, bu işi görə bilməsən, vəzifən budur ki, gedib bölük komandirliyindən istefa verəsən".
Qəm-kədəri üzündən oxuyurdum. O, yenə də bədənini daha çox əziyyətə salmağı üstün tutdu.
Bütün çətinliklərə baxmayaraq, hamı təlimin səviyyəsini qaldırmağa, su axını ilə mübarizəni gücləndirməyə və kolonun sağa-sola yayınmasının qarşısını almağa çalışırdı. Bunun bir nümunəsi boğazdan keçmək idi. Biz əməliyyatda boğazdan keçməyə məcbur qala bilərdik və onu məşq etməli idik. Kolon nizam-intizamla boğaza yaxınlaşırdı, amma onun 200 metrliyində suyun axını kolonun yolunu döndərirdi və uşaqlar sahilə doğru gedirdilər. Bu hal bir neçə dəfə təkrar olundu. Mənim bütün diqqətim bu problemin həllinə yönəlmişdi. Təlimi daha ciddi şəkildə davam etdirdim. Bəlkə digər batalyonlarda olmayan ağır məşqlər keçirdim. Nəhayət, bütün kolon 150 metrlik boğazdan keçməyi bacardı və suyun axını onu sağa-sola döndərə bilmədi. Təlim zamanı bəzi uşaqların üzgəc vurmaqda tənbəllik etdiyini görmüşdüm. Bu uşaqları ayırıb kolonun əvvəlinə qoyurdum ki, ayaqlarını vurmağa məcbur olsunlar. Həmişə kolonun önünə qoyduğum uşaqlardan biri Həmid Qəmsüvar idi. Onun üzgəc vurmaqla əsla arası yox idi. Onu kolonun avanqardı edəndən bir neçə gün sonradan hər dəfə məni görəndə deyirdi: "Daa fin vurmaxdan ipim əşildi!"1
Təlimin əvvəlində kolonu tənzimləmək üçün xarici bir amildən istifadəni nəzərdə tutmamışdıq. Lakin müzakirələrdən sonra nəhayət, ip məsələsi ortaya çıxdı. Əlaqə kəsilməsin deyə, uşaqlara kolon uzunluğunda ip verilirdi. Əməliyyat gecəsi üçün isə ip yerinə plastik borular təklif etdilər. Səbəbi bu idi ki, Ərvənddən keçərkən oyan-buyana əyilməyən bir əşya daha yaxşı olardı. Əlbəttə, mən boruya razı deyildim və işi çətinləşdirdiyini düşünürdüm.
Bizim ciddiliyimiz və tələbkarlığımız uşaqların səyi və ruh yüksəkliyi ilə əl-ələ verdi və təxminən iki-üç həftədən sonra bütün bölük əməliyyata lazımi bacarıqlara yiyələndi. Hərçənd, narahatlıq yenə qalırdı.
Şəxsi heyəti əməliyyat zonasında təsəvvür edəndə tapşırıqları yerinə yetirəcəklərinə inanmırdım. Onlar bir kilometr üzəndən sonra sudan çıxanda soyuqdan və yorğunluqdan qollarını qatlaya bilmirdilər, soyuq damarlarını və sümüklərini də dondururdu. Onlar hücumun ilk planında olan 10-12 kilometr yolu keçməli, düşmən mövqeyinə çatandan sonra soyuqdan qurumuş və yumruq kimi sıxıla bilməyən əllərlə tətik çəkib atəş açmalı idilər. Təklikdə hərəkət məsafəsini ölçüb hava şəraitini araşdırır, uşaqların fiziki və mənəvi hazırlığını dəyərləndirirdim, yenə də hücum gecəsinə dair nikbin bir şey təsəvvür edə bilmirdim.
Həmin günlərdə Rəsulabadda qalmış kəşfiyyatçıların bir qismi oraya gəldi. Bölüyün komandiri Kərim Fəthi və müavini Kərim Hörməti də gələnlərin arasında idilər. Onları görəndə dərdim təzələndi. Şəxsi heyətə təlim keçdiyimiz müddətdə fikirləşirdim ki, Rəsulabadda qalmış kəşfiyyatçılar əməliyyata hazırlıq görürlər və yəqin ki bu əməliyyatda bizim rolumuz yalnız dalğıc təlimi keçmək olacaq. Bu fikirlə nə etdimsə, narahatlığımı gizlədə bilmədim. Nəhayət, cəbhədə düşünməyi belə günah saydığımız sözləri dilimə gətirdim və giley-güzarımı hamıdan qabaq Kərim Hörmətiyə ünvanladım: "Siz bizi nə hesab edirsiniz?! Nə üçün bizdən istifadə etmirsiniz? Elə bilirsiniz ki..."
Mən hirsləndikcə Kərim Hörməti mehriban təbəssüm edirdi. O, mənə təskinlik vermək istəyirdi, mənsə dinləmirdim. Kərim Hörmətidən sonra növbə İbrahimə, Yusifə və Əsğərə çatdı. Həmin gün səmimi dostlarımdan küsdüm, orada bizsiz qaldıqlarına və bizə dair bir şey fikirləşmədiklərinə görə onlarla danışmadım. İbrahim Əsğəri mənim küsməyimə fikir verməyib ətrafımda dolanır və deyirdi: "Mehdi, nə olub? Xəstəsən? Niyə dinmirsən? Soyuqlamısan? İşin ağır deyil ki?"
- Yox! Məni rahat burax. Mənimlə danışma, get daha.
Yusif Sariminin suallarını da belə cavabsız qoydum. Dərdimi heç kimin başa düşmədiyini düşünür, buna görə də, onlarla danışmağa lüzum görmürdüm.
Kərim Fəthi danışdığı dostuna əvvəlcə bir-iki yumruq vurmağa adət etmişdi. Məni də həmin mehriban yumruqları ilə saxladı.
- Nə olub? Çox narahatsan.
- Narahat olaram da. Siz nə vaxtacan bizə əziyyət verəcəksiniz?!
Elə danışır və etiraz edirdim ki, uzaqdan görən olsaydı, mənə qarşı böyük haqsızlıq edildiyini düşünərdi.
- Çox gözəl! İndi ki belədir, get Nasirə de, ikiniz də dalğıc əşyalarınızı götürüb gəlin.
Öz-özümə fikirləşdim ki, yəqin bizi başqa bir yerə göndərib başımızı qatmaq istəyir; bəlkə də başqa bir batalyona təlim keçməyə göndərəcək. Pərişan halda dalğıc paltarımı götürdüm və Nasir Dibayi ilə birgə maşına doğru yola düşdük. İbrahim, Yusif və Həmid də maşında idilər. Maşın getdikcə Ərvəndin qoxusunu daha çox hiss edirdim.
***
Rəsulabad təlim yerindən 50 kilometrdən də uzaq idi. Ora çatanda işin ciddiliyinə əmin oldum. Rəsulabad qərargahı boş idi. Bizdən başqa yalnız qardaş Həmzə1 orada idi. Bir neçə dəqiqədən sonra oturub söhbətə başladıq. Mövzu axşamkı kəşfiyyat tapşırığı idi. Ümumi plan belə idi ki, çayın kənarındakı məktəbdən suya girib Bəvarin boğazına qədər gedəcəkdik. Oradan da Bilcaniyə çayına qədər irəliləyəcəkdik. Üç istiqamətdə kəşfiyyat aparılmalı idi. Kəşfiyyatın son həddi İraqın petrokimya zavodu idi. Oraya gedib-gəlmək üçün Ərvənd çayında 22 kilometr üzmək lazım idi. Çayın hər iki tərəfində isə düşmən mövqeləri yerləşirdi. Bəvarin boğazına qədər bir sahil bizimkilərdə idi, ondan sonra isə həm kiçik adalar, həm də Ərvəndin iki sahili düşmənin əlində idi və biz düşmənin içinə girməli idik. Qərara gəldik ki, hərəmiz yalnız bir tapança götürək.
Rəsulabadda təcili yardım maşınına minib təmas xəttinə yola düşdük. Yollar çox idi və hamısı bir-birinə bənzəyirdi. Çox əziyyətlə bizə lazım olan yolu tapdıq. Bu kəşfiyyatın həssaslığını hamımız yaxşı dərk edirdik. Yola düşməzdən öncə Xatəmül-ənbiya qərargahında Tehranla əlaqə saxlamışdılar. Onlar hava şəraitini, suyun qabarma və çəkilməsini və digər məsələləri nəzərə alandan, əmri bir neçə dəfə ləğv və təsdiq edəndən sonra nəhayət, kəşfiyyata icazə vermişdilər.
Təmas xəttinin yaxınlığındakı məktəbdə idik. Məktəb dağılıb müdafiə səngərlərinə çevrilmişdi. Bir səngərdə dalğıc paltarlarımızı geyindik. Son dəfə bir yerə toplaşıb istiqamət bölgüsü apardıq. Kəşfiyyat qrupunun başçısı Əsğər Abbasquluzadə dedi: "İbrahim Əsğəri və Yusif Sarimi Bilcaniyə adasının ortasındakı estakadaya gedirlər, Nasir Dibayi və Həmid Allahyari də mayakın arxasındakı hissəyə".
Nasirlə Həmidə tapşırılan yer ilk hədəf sayılırdı. Mənim adımı çəkmədiyinə görə yenidən narahat olmağa başladım, üz-gözümü turşutdum. Təsadüfən, Əsğər ağa da mənə baxırdı. Fikirləşirdim ki, görəsən, nə qədər hirsləndiyimi başa düşürmü.
- Yaxşı, qardaşlar, Mehdiqulu ilə mən də inşallah, petrokimyaya gedəcəyik.
Xəcalətimdən başımı aşağı saldım. Tapşırığın ən çətin hissəsi petrokimya istiqamətini öyrənmək idi. Təxmin edirdim ki, fiziki hazırlığıma və dalğıclıq məharətimə görə bu işə seçilmişəm. Biz suya hamıdan qabaq girib hamıdan sonra çıxacaqdıq. Yolumuz daha uzun, daha təhlükəli idi.
Qəribə hisslər keçirirdim. Qorxu və sevinc, coşqu və həyəcan qarışmış hisslər idi. Bədr əməliyyatından sonra sudan kəşfiyyata getməmişdim. Əsğər Abbasquluzadə ilə birlikdə olmaq ümidimi artırırdı.
Hərəkət zamanı idi. Özümə iki ağırlıq bağlayıb iki əl qumbarası götürdüm. Tapançamın kəmərini boynumdan asıb belimə bağladım. Əsğər ağa da bir tapança götürdü. Silahın olub-olmaması bizim işlərimizdə rol oynamırdı. Kəşfiyyat zamanı birinci qayda səssiz hərəkət etmək idi. "O, çox ehtiyatlı olsun və heç kəs sizdən duyuq düşməsin!" (Kəhf, 19) ayəsi qardaş Əsğərin dilinin əzbəri idi. Tapança və qumbara bizi yalnız bir az ürəkləndirirdi.
Uşaqlardan ayrıldıq. Əsğərlə çiyin-çiyinə təmas xəttindəki postumuza qədər getdik. Postda duranlara kəşfiyyat haqda məlumat verdik. Belə vaxtlarda keşikçilər məlumatlandırılmalı idilər. Onlar səhərə yaxın bizim qayıtmağımızı gözləyəcəkdilər. Ərvənd çayından 200 metr aralıda yerləşən keçidə yollandıq. Sakitcə və çiyin-çiyinə gedirdik. Bəzi qamışlar yanmış, bəzisi qırılmışdı. Raket və mərmilərdən yaralanıb qırılmış qamışlar iti olurdu. Vaxtımız geniş olduğundan yolu yavaş-yavaş, iti qamış və qəlpələrdən ehtiyatla gedə bilirdik.
Suyun kənarında oturub çəkilmənin başlanmasını və axının Bəsrəyə doğru istiqamət almasını gözlədik. Hər yer sakit idi. Ay səmada idi və şəkli hər bir dalğaya düşürdü. Külək qarşıdakı sahildən düşmən keşikçilərinin gülüş və zarafatlarının zəif səsini gətirirdi. Gözümü suya dikmişdim. Səma qaranlıq idi. Ay onun zülmət alnında işıqlı bir nöqtə kimi parlayırdı. Su çox sakit idi.
- Hazır ol!
Əsğər ağanın bu sözündən sonra yavaşca suya girdik. Bizim hərəkətimizdən yaranan hər bir dalğa ayın şəklini yellədirdi. Bütün gözəlliyinə rəğmən, bu səhnə məni qorxudurdu. Suyun bu qədər sakit olmasını arzulamırdım. Düşmən mövqeyi ilə məsafəmiz azaldıqca və tənhalıq hissi artdıqca Allaha təvəkkül və inam da çoxalırdı. Dua ilə suya girmişdik. Kəşfiyyatçıların dilinin əzbəri və səssiz kəşfiyyat anlarının zümzüməsi olan Vəcəəlna ayəsi dilimizdə və ürəyimizdə təkrarlanırdı. Ümm əl-rəsas və Bəvarinin arasındakı boğaza yaxınlaşdıq. Allaha yalvarırdım: "İlahi! Bu su dalğalı olsaydı, nə yaxşı olardı!"
Möcüzə baş verdi. Dua hələ ürəyimdə ikən sakit dalğalar suyun durğunluğunu pozdu. Hər dəfə dara düşəndə Allahın qoşunları gizlicə köməyimizə gəlirdi. Orada, 1986-cı ilin payızının son gecələrində Ərvənd çayında da bizə yardıma gəlmişdi. Yalqız və qərib idik. Əsğərlə mən idim. Əslində, biz deyildik, o iki dalğıcı Allah aparırdı. "Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də, görmürlər". (Yasin, 9) “İlahi! Əgər məni bir an buraxsan, suya batıb boğularam...” Sanki düşmən mövqelərinə kəşfiyyata yox, Allahla mənəvi əlaqələrimizi kəşf etməyə gedirdik.
Boğazın eni 150 metr idi. Bəvarinin düz dimdiyində boğaza nəzarət edən hündür bir keşikçi səngəri vardı. Ondan o yana sahilin hər iki tərəfində, hətta çayın ortasındakı adalarda da düşmən yerləşmişdi və biz düşmənin içinə girməli idik.
Boğazdan keçəndə iki fişəng səmanı aydınlatdı. Ayın mülayim işığında səngər və istehkamların qaraltısı görünürdü, fişənglərin işığında isə düşməni daha yaxşı gördük. Üzümüzü sahilə tutub düşmənin yaratdığı imkandan istifadə edirdik.
Ümm əl-rəsasın son hissəsində suyun ortasında başqa bir pusqu vardı. Sülh dövründə mayak olmuş bu pusqu yaxşı bir səngərə çevrilmişdi. Biz onun yanından keçməli idik və keçdik də. O pusqunun keşikçisindən və Bəvarinin üstündəki düşməndən gözümü bir an da çəkmirdim. Bir qədər sonra boğazı və mayakı arxada qoyub soyuq və sükutda Bilcaniyə sahili ilə düşmən mövqelərinin təxminən 3 kilometr içərilərinə girmişdik.
Şətt əl-ərəb çayı Bilcaniyə adasına çatanda iki yerə ayrılır və o tərəfdə yenidən birləşirdi. Bilcaniyənin yanında Şətt əl-ərəbin eni təxminən iki kilometrə çatırdı. İrəlilədikcə yorğunluq və soyuq daha çox təsir edirdi. Birdən suda batdığımı hiss etdim. O qədər yorulmuşdum ki, suyun üzündə qala bilmirdim. Dərhal ağırlıqların birini açıb müvazinətimi qorudum. Üç kilometrdən sonra Bilcaniyə sahilinə dönməli idik. Sahilə yaxınlaşdıqca onu Ərvəndin Vəlfəcr-8 əməliyyatındakı sahilinə bənzədirdim. İnanılmaz idi; düşmən təmas xəttindən bir neçə kilometr içəridə də güclü istehkamlar və sıx maneələr qurmuşdu. Bu, Bəsrənin onlar üçün necə əhəmiyyətli olduğunu göstərirdi. Sahilə yaxınlaşdıqca səngərlərinin sayını, bir-biri ilə məsafəsini, hətta hərbçilərin sayını və mövqeyini də yaddaşıma köçürürdüm. Bilcaniyə adasının sonuna çatmışdıq. Müharibədən sonra sükut içində yatmış petrokimya zavodu qərb tərəfdə gözlərimiz önündə idi. Orada da Bilcaniyənin Ərvənddən ayırdığı bir arx vardı. Arxa doğru getdik. Eni təxminən 15 metr idi. Gözlərimə inanmırdım: arx bir neçə metr irəlidə Bilcaniyəni petrokimyanın sahilinə birləşdirən yolla kəsilmişdi. Bütün planlar pozuldu. Bizim olduğumuz yerdən yolun yaxınlığına qədər maneələrlə dolu bir çala vardı. Diqqətlə baxdım: əvvəlcə bir cərgə günəşəbənzər istehkam milləri, sonra tikanlı məftillər, yenə günəşəbənzər millər, yenə tikanlı məftil halqaları və yenə günəşəbənzər millər.
Bu maneələr təxminən bütün sahilboyu davam edirdi. Bilcaniyəni öyrənmək üçün oradan yaxşı yer tapmaq olmazdı. Soyuqdan əllərimiz keyimişdi və çətinliklə açılıb-yumulurdu. İstehkam milindən tutub sahili araşdırmağa başladıq.
Başımızın üstündə iki səngər vardı: biri Bilcaniyə, biri də petrokimya sahilində. Tapşırığa uyğun olaraq, diqqətimizi Bilcaniyə adasına yönəltdik. Əsğər ağa da eyni fikirdə idi. Kanalın eni ilə adaya getməli idik. Milləri buraxmadan qolumuzun köməyilə suyu yarıb adaya yaxınlaşmağa başladıq.
Su bir neçə saat öncəki kimi sakit deyildi, bəzən hündürlüyü iki metrə çatan güclü dalğalar vardı. Bilcaniyə adasında suyun düz kənarında yerləşən səngərə doğru gedirdik. Sahildəki maneələrin üzərinə 75-100 sm. hündürlüyündə kisə düzmüş, sonra dördayaq qoyub üstünü örtmüşdülər. Bu səngər suya nəzarət etmək üçün yetərli idi. Səngərin içində bir keşikçi də görünürdü. Biz mütləq səngərin önündən keçməli idik. Səngərə yaxınlaşanda keşikçi əsgər ayağa qalxdı. Dəmir papağı ay işığında parlayırdı. Biz millərdən yapışmışdıq. Əsğər ağa ilə aramızda yarım metr məsafə vardı. Gözümü bizə doğru gələn iraqlı əsgərin gözünə dikmişdim. O mənə tərəf baxdı, mən də ona. "Bismillahir-Rəhmanir-Rəhim" deyib yenə Vəcəəlna ayəsinə müraciət etdim.
O bizi görürdü. Mən onun gözlərindəki təəccübün get-gedə həyəcana çevrildiyini hiss edirdim, lakin ayənin onu kor etdiyinə əmin idim. Soyuq, tənhalıq - hər şey unudulmuşdu. Tapançanı hazırladım ki, hərəkət etsə, birinci mən vurum. Çənəsi tapançamın hədəfində idi. Ərəbcə nəsə deyib çaxmağı çəkdi. Gözüm tətikdə idi. Su bizi aşağı-yuxarı yellədirdi. Bir neçə saniyə sükutla keçdi. Qəlbimdə isə tufan idi. Birdən geri döndü, qurbağa telefonunu götürüb ərəbcə nəsə dedi. Əsğər ağa mənə yaxınlaşıb qulağıma pıçıldadı: "Deyir ki, suda şübhəli bir şey görüb".
O vaxta qədər fikirləşirdim ki, ya bizi görüb və qorxudan bir iş görə bilmir, ya da bizim iranlı dalğıc olduğumuzu həqiqətən, anlayıb. Vaxtımız az idi. Millərdən əlimizi çəkib Ərvənd çayının ortasına doğru getdik. Bir neçə saniyə ərzində səngərdən təxminən 15 metr uzaqlaşdıq. Hündür dalğalar bizə köməyə gəlmişdilər, səsləri sükutu pozurdu. Bizim çayda olduğumuza əmin olsaydılar da, coşqun dalğaların arasında tapmaları asan deyildi.
“İndi nə edək?” Tez fikirləşib qərara gəlməli idik. Orada qalsaydıq, suyun axını bizi Bəsrəyə aparacaqdı. Qərara gəldik ki, qarşıdakı Ümm əl-təvil adasının sahilinə gedək. Bu ada Bəvarindən sonra və petrokimya ilə üz-üzə idi. Ensiz uzun ada idi. Uzunluğu 10 kilometrdən çox idi, eni isə bəzən bir yol qədər daralırdı. Həmin gecə təəccüb hissi də daim mənimlə idi: düşmən Ümm əl-təvilin sahilini də maneə və istehkamlarla doldurmuşdu. Orada maneələrin sıxlığı az olsa da, düşmənin hazırlığı və ciddiliyi təsəvvürolunmaz dərəcədə idi.
Ümm əl-təvilin sahilində səngərlər böyük məsafə ilə düzülmüş, adanın hər yeri qamışla örtülmüşdü. Özümüzü birtəhər adaya çatdırıb qamışlığın içinə girdik. Qərara gəldik ki, mən adanı öyrənim, Əsğər ağa suyu. Qamışlar bizi görünməkdən qorusa da, düşmən mövqelərinin 12 kilometrliyində hər bir hadisə baş verə bilərdi.
Adada bir yol çəkilmişdi. Təsadüfən, bizim sığındığımız yer adanın ensiz hissələrindən idi və yol sudan çox da uzaqda deyildi. İki nəfərin səsini eşidib qulaqlarımı şəklədim. Tezliklə qaranlıqda bir velosiped və iki nəfər göründü. Onlar yaxınlaşdıqca ay işığında daha yaxşı görünürdülər. Biri velosipedi sürürdü, o biri də velosipedin arxasından tutmuşdu. Onlar səs-küylə bizə doğru gəlirdilər. Bildim ki, velosipedi sürən naşıdır və arxadan tutan yoldaşı ona velosiped sürmək öyrədir. Naşı velosipedçi hər an bizim üstümüzə aşa bilərdi. Allaha yalvarırdıq ki, buradan salamat keçsinlər və velosipedləri aşmasın. Hələ onların keçdiyinə əmin olmamış Əsğər ağa dedi: "Ehtiyatlı ol! Gir suyun altına!"
İkimiz də suya girdik. Nəfəs almaq üçün yalnız başım bayırda idi. Düşmən qayığı arxamızdan fənərlə suya baxa-baxa bizə yaxınlaşırdı.
Dünyəvi qüvvələrdən əl üzdüyümüz bütün zamanlarda olduğu kimi, yenə də Ona üz tutdum: "İlahi! Özün bizi qoru ki, əsir düşməyək və əməliyyatın üstü açılmasın!"
Qayıq bir neçə saniyə içində sakitcə yanımızdan ötdü. Fənərin işığı üzümüzdən keçdi. Mən onları gördüm, Əsğər ağanın da gördüyünə əmin idim, lakin deyəsən, onlar başqa bir şey axtarırdılar. Bütün bu mərhəmətlərə heyran qalmışdım.
Şətt əl-ərəbin soyuq suyunda düz 5 saat üzmüş, Ərvəndin dalğaları altında 12 km. yol gedib düşmən mövqelərinə girmişdik. Artıq yolu davam etdirməyə nə taqət vardı, nə də vaxt. Məsləhətləşdik. Verəcəyimiz qərar ilk baxışdan özümüz üçün olsa da, sonda bütün bölüyün və növbəti mərhələdə, hücuma keçəcək bütün uşaqların taleyilə birbaş bağlı idi. Yavaşca qamışların birini qırdıq: "Su nə vaxt qamışın bu hissəsindən aşağı düşsə, yəni çəkilmə başlayıb və biz qayıda bilərik".
Soyuqdan titrəyə-titrəyə düz bir saat suda gözlədik. Saat üçə yaxın suyun səviyyəsi enməyə başladı. Bilcaniyə sahilindəki qabaqkı yerimizə qayıtmağı düşündük. Axının istiqaməti dəyişmişdi. İrəli getsəydik, düz petrokimya sahilinə çatacaqdıq. Yola düşüb bir saat öncə görüşdüyümüz əsgərin səngərindən 5-10 metr kənarda dayandıq.
Bütün diqqətimizi əməliyyat üçün önəmli olan amillərə yönəltdik. Səngərləri, istehkamları, səngərlərin bir-birindən məsafəsini, silahları, maneələri - hər şeyi diqqətlə yadda saxlayırdıq. Bəzən maneələrə yaxınlaşıb yaxından baxırdıq. Suyun səviyyəsi endiyinə görə daha yaxşı görmə imkanımız vardı.
İşimiz bitmişdi. Tapşırılan bütün yolu öyrənmişdik. Lakin bütün bölgə, maneə və keçidlərlə tanışlıq həvəsi yolu tez qayıtmağa qoymadı. Hər ikimiz Bilcaniyə sahilində yerləşən estakadaya yaxınlaşdıq. Oradan keçəndə iraqlıların səslərini aydın eşidir, suda üzən, tez-tez dolub-boşalan qayıqlarını görürdük. Yolumuzu mayaka doğru döndərdik. Düşmən sahilindən bir az uzaqlaşmışdıq ki, öz vəziyyətimizə baxdım. Əsğər ağanın əzələləri tutulmuşdu və ayaqlarını vura bilmirdi. Ayaq damarlarının ağrısı yorğunluğuna qarışıb hərəkət etməyə qoymurdu. Mənim də vəziyyətim yaxşı deyildi. Qolundan tutub dartdım. Ayağımı hər qaldıranda elə bilirdim ki, sonuncu olacaq. Yorğunluq və soyuq məni də əldən salırdı. Daha ayaqlarımı tərpətmədim. İki dəqiqə ötdü.
“Qayıdırıq. Su bizi aparır. Yox, təslim olmamalıyıq. Daha bir şey qalmayıb”. Bu sözlərin hamısı daxilimdən gəlirdi. Zikr deyirdim və Ağa Mehdi gözlərimə görünürdü: "Allah bəndəsi, Vəcəəlna yadından çıxmasın. De: “La hovlə və la quvvətə illa billah".1
Ayaqlarımı vurmağa başladım. Fikirləşmək də vaxt aparırdı və bütün əziyyətlər hədər gedə bilərdi. Ümm əl-rəsasın arxasında iki kiçik ada vardı. Düşmən bu adaları torpaq bəndlə bir-birinə və hər ikisini Ümm əl-rəsasa birləşdirmişdi. Su həmin bəndlərdə dayanırdı. Əgər axın bizi oraya aparsaydı, dönməyimiz qeyri-mümkün olardı və günəşin ilk şüası düşən kimi hər şey bitərdi. Bütün qüvvəmizi toplayıb özümüzü mayakın soluna çatdırmalı idik. Əsğər ağa bütün bunları məndən yaxşı bilirdi. Hər ikimiz üzməyə başladıq. Tədricən hər ikimizin əzələləri tutulurdu, ayaqlarımızı tərpədə bilmirdik. Belə anlarda bir-birimizə kömək edib birtəhər irəliləyirdik. Bir anlığa gözümü açanda mayakı qarşımda gördüm. Ona 10 metrdən də az qalırdıq. Keşikçi ayaq üstə dayanıb ovuna baxırdı. Onların Şətt əl-ərəbi və bizim Ərvənd çayımız yenidən dalğalanmağa başladı. Özümü suyun üzərində hərəkətsiz qalmış ölü bir balıq kimi hiss edirdim; həyatı seçsəm də, hərəkət etməyə taqətim qalmamışdı. Allaha yalvardım: "İlahi! Özümüzə görə yox, uşaqlara görə, şəhidlərə, imama, əməliyyata, xalqa görə..."
Daha yadıma bir şey düşmədi. Gözəgörünməz bir qüvvə donmuş bədənimizə yenidən hərarət verdi. Çox çalışıb həmin 10 metrdə əsirlik taleyini yox, azadlığı seçdik və sonunda mayakın sol tərəfində özümüzü suya tapşırdıq. Axın bizi boğaza tərəf apardı. Yavaş-yavaş təhlükə sovuşurdu. Həyəcanın bütün vücudumu bürüdüyü o gərgin anlarda bağırsaqlarım da dillənirdi. Soyuq aman vermirdi. Yorğunluqdan taqətim qalmamışdı, ovcumu açıb-yummağa da gücüm çatmırdı. Soyuqdan donma ayaq barmağından başlayıb yavaş-yavaş bütün əzələlərə keçirdi. Əsğər ağanın vəziyyəti də pis idi. Düşmən mövqelərinin sonuna yaxınlaşdıqca həm həyəcanımız, həm də sevincimiz çoxalırdı. Saat təxminən beş idi. Bir qədər də geciksəydik, günəş çıxacaqdı. Arabir atılan fişənglər bir neçə saniyəliyə ətrafı işıqlandırırdı. Qeyri-ixtiyari olaraq, boğaza baxdım. Fişənglərin işığı altında gözəl mənzərəsi vardı, amma boğazda gözlənilməz bir şey də görünürdü. Əsğər ağa dedi: "Mehdiqulu, o nədir?"
Ümm əl-rəsasdan Bəvarinə qədər təxminən iki metr hündürlüyündə enli bir şey boğazın ortasına qədər gəlirdi.
Bir qədər fikirləşəndən sonra hər ikimiz yekdil rəyə gəldik: Düşmən boğazı bağlayır. Gedəndə su qabarma halında olduğuna görə biz məftillərin üstündən keçmişdik. Qayıdanda isə suyun səviyyəsi enmişdi və məftillərlə rastlaşmışdıq. Bütün problemlər bir tərəfə idi, bu məftilləri görmək və boğazın bağlanmağı bir tərəfə.
Bütün əməliyyat o boğaza bağli idi. Düşmən onu bağlaya bilsəydi, heç kim keçə bilməz və hamı boğazda şəhid edilərdi.
Maneəyə toxunmayacaq tərzdə hərəkət etdik. Boğazın bağlanması bizdə güclü məyusluq yaratmışdı. Soyuq artıq düşünmə qabiliyyətimizi də sıradan çıxarırdı. Başımın donduğunu hiss edirdim. Bir tərəfdən suyun soyuğu, digər tərəfdən də dalğıc geyiminin sıxlığı bir neçə dəfə suda sidik ifrazına səbəb olmuşdu. Hər dəfə bədənin temperaturu bir qədər yüksəlirdi və qızışırdıq, bir qədər sonra isə əksinə olurdu və soyuq hər an güclənirdi. Suda partlayan raketin zərbə dalğasına düşən və hələ diri olduqları halda suyun üzündə oyan-buyana gedən balıqlar yadıma düşdü. Özümün o balıqlara çox oxşadığımı hiss edirdim. Bəvarin adasının dimdiyinə yaxınlaşdığımızı gördüm. Gedəndə pusqudan 50 metr aralıdan keçmişdik, gələndə isə nə qədər çalışdımsa, özümü səngərdən uzaqlaşdıra bilmədim. Hava işıqlaşmağa başlamışdı. Fikirləşirdim ki, mən keşikçini gördüyüm kimi o da məni görsə, nə etməliyəm. Bir neçə dəqiqədən sonra səngərin beşmetrliyindən yavaşca keçdik. Keşikçi ya yatmışdı, ya yorğun idi, ya da bu soyuqda və sübh çağı kiminsə suda olması ağlına gəlmirdi. O pusqudan öz sahilimizə qədər daha heç nədən qorxumuz yox idi. Düşmənin təmas xətti sayılan sahil maneələri daha sıx və möhkəm idi və biz oradan keçəndən sonra öz sahilimizi görürdük. O anda məni ürəkləndirən rahatlıq və təhlükəsizlik hissi elə idi ki, sanki düşməndən kilometrlərlə uzaqda, Əhvazın küçələrində gəzirdim. Düşmən mövqelərinin 10 kilometr dərinliyinə getmiş və soyuq suda düşmənlə üz-üzə kəşfiyyat aparmış bizlər üçün öz sahilimizi görmək ümidverici idi. Əl-ayaqlarımda taqət qalmamışdı, yalnız Əsğər ağadan uzaqlaşmamağa çalışırdım. Soyuq ayaqlarımızı keyitdiyindən hər ikimiz yorğun qollarımıza bel bağlamışdıq. Yarım metrdən az dərinlikdə hərəkət edirdik və suyun axını bizi sahilə aparırdı. Sudan çıxacağımız yerdə vurulmuş nişanı uzaqdan gördüm. Son məqsədimiz oraya çatmaq idi və Allahın Özü bizi ora yönəldirdi. Nəhayət, bədənim torpağa dəydi. Əl və ayaqlarımızın köməyi ilə yavaş-yavaş sudan ayrıldıq.
Payızın son günlərinin kəsici soyuğu bədənimi titrətdi. Allahın köməyilə bu tapşırığı başıuca yerinə yetirdiyimizə görə Allaha ürəkdən şükür edirdik. Əsğər ağa halımıza yaraşan ən gözəl işi gördü: çətinliklə və xüsusi mətanətlə səcdə etdi; şəfəqin sökülməsi ilə eyni zamanda şükür səcdəsi! Onun səcdəsini görüb bütün şəhid dostlarımı xatırladım, onların duasının bizə əl tutduğunu düşündüm və ixtiyarsız olaraq gözlərimdən yaş axdı.
Keşikçilərə qədər 200 metr yolumuz vardı. Yer yanmış qamışlarla dolu idi; bədənin harasına dəyirdisə, kəsirdi. Lakin biz ehtiyat edəcək durumda deyildik. Ayağa qalxmağa, hətta danışmağa da taqətimiz yox idi, amma bir-birimizin baxışlarını oxuyurduq: "Hərəkət etməliyik, burada oturmaqdan bir şey çıxmaz!"
Çox əziyyətlə ayağa qalxdım, amma ilk addımda yıxıldım. Ayaqlarım sözümə baxmırdı. Hətta qolumu, ayağımı, paltarımı və bədənimi kəsən qamışları və tikanlı məftilləri də hiss etmirdim. Həmin 200 metrlik məsafəni yıxıla-yıxıla keçib keşikçilərin bizi görəcəyi yerə çatdıq. Onların sevincini görəndə bildim ki, daha qayıtmağımıza ümidləri qalmayıbmış. Keşikçilərin köməyilə səngərə çatdıq. Hamı narahat halda gözləyirdi. Tapşırığımızın nədən ibarət olduğunu bilənlər Allah bilir ki, səhərə qədər nə çəkmişdilər. Bizi görüb gülə-gülə yanımıza gəldilər. Elə gülürdülər ki, biz nəsə bir hadisə baş verdiyini düşündük. Bəlkə elə buna görə Əsğər ağa ağzını açıb nəsə demək istədi, amma boğazından çıxan səs anlaşılmaz idi: "E... o... a..."
Həmid Allahyari bərkdən güldü. Yadıma düşdü ki, Əsğərlə mən son dəfə boğazın bağlanması haqda danışmışdıq. Ondan sonra bir-birimizə bir söz də deməmişdik. Soyuq canımıza elə yerimişdi ki, güclə ağzımızı açanda nə dilimiz tərpənirdi, nə çənəmiz.
Sobanın yanında oturdum. Uşaqlar bizi dövrəyə aldılar və əvvəlcə hərəmizə bir neçə qaşıq bal verdilər. Marağa və Ərdəbil əhalisindən gəlmiş hədiyyələrin içində təbii bal da vardı. Hər bir qaşıq balı çətinliklə udanda bədənimə isti bir şeyin yayıldığını hiss edirdim. Namaz qılmaq üçün özümüzü paklamalı idik. Həmin gecə bütün uşaqlar müxtəlif istiqamətlərə kəşfiyyata getmişdilər və vəziyyətləri bizimki kimi idi.
Dedilər ki, hamamda neft yoxdur. Bölüklərin birindən neft alıb suyu qızdırmalı idik. Buna görə də, paltarımızı dəyişmədən maşına minib Rəsulabaddakı qərargahımıza getdik. Saat 6 idi və namaz qılmaq üçün bir saatdan az vaxtımız vardı. Mindiyimiz təcili yardım maşını sürətlə gedirdi. Birdən maşının çevrildiyini hiss etdik. Belim bərk ağrıdı. Maşından enəndə gördük ki, tikinti-mühəndis bölüyü körpü salmaq üçün yolu bir metr dərinliyində qazıbmış. Yaxınlıqdakı ekskavator cəld maşını oradan çıxardı. Xoşbəxtlikdən, maşına ciddi ziyan dəyməmişdi və biz tez yolumuza davam etdik.
Çatan kimi dalğıc paltarlarımızı çıxarıb yuyunduq və namazlarımızı qıldıq. Bir qədər öncə bizi dəfələrlə təhlükələrdən salamat çıxarmış, bizə düyünləri açmış Yaradana həmd etmək necə ləzzətli imiş; həm də elə bir halda ki, bütün vücudumuza işləmiş soyuqdan hələ də titrəyirdik.
Yuxusuzluq, yorğunluq və soyuq durumumuzdan bəlli idi. Ağa Həmzə bizə yataq salmışdı. Üstümə iki-üç qalın ədyal atdım, amma yenə üşüyürdüm.
Dostları ilə paylaş: |