Mənim getməyimi heç kim Kərim Hörmətiyə demədi. Həsrətim bir qədər azalmışdı. Ondan sonra Qamışı yaxşı təsəvvür edə bilirdim. Uşaqlar oranın çətinliklərindən danışanda çoxlu pusquların olduğunu söyləyirdilər. Bəlli idi ki, düşmən tərəfi nəsə hiss edib pusquların sayını artırmışdı. Bütün kəşfiyyat müddətində uşaqlar iki dəfə düşmən pusquları ilə rastlaşmışdılar və Allahın köməyi ilə qarşıdurma baş verməmişdi. Bölgənin başqa bir problemi dağa çıxmaq idi. Çünki dağ yamacdan zirvəyə qədər qarın içində idi. 787
Pusqulara görə qarın üstündə ayaq izi qalmamalı idi. Bu problem də Himmətə gedən cığırdan istifadə ilə mümkün olurdu. Cığırda qar yox idi və hərəkət daha asan idi. Orada bütün pusquların yeri təyin olunmuşdu, amma qar uşaqların əl-ayağını bağlamış, bölgənin tam öyrənilməsi mümkün olmamışdı. Bundan əlavə, Əsğər ağa öz istiqamətində başqa bir böyük problemlə üzləşmişdi: yolun sərt yoxuşu və oranı çox sürüşkən edən buz. Qarşıda çox ağır bir əməliyyatımız vardı və bunu hamı bilirdi. 787
*** 787
Jajilədə bir-birinə yaxın iki səngərimiz vardı. Onların biri Mavut şəhərinə daha yaxın idi. Bütün kəşfiyyatçılar o səngərlərdə idilər. Girdərəşdən qayıdandan sonra Jajilə dağında, Mavut şəhərinin yaxınlığında bir səngər tapıb adını İkinci Jajilə qoyduq. 787
Qardaş Nasir Dibayinin kəşfiyyat apardığı istiqamət o səngərə yaxın idi. Bu baxımdan, həmin istiqamətin kəşfiyyatçıları oraya yerləşmişdilər. Mən də onların arasında idim. 787
Kəşfiyyat əməliyyatları bitmək üzrə idi. Yağış və qar bölgəni palçığa batırmış və sürüşkən etmişdi. Bütün bu amillər kəşfiyyat bölüyünün əsas qərargahı olan Bəni-Haşim düşərgəsinə get-gəli minimuma endirmişdi. Mən də hamama ehtiyac olmayınca oraya getmirdim. Bu bir neçə günlük yolu gedəndə qərargahdakı tədrici dəyişiklik tez diqqətimizi çəkirdi. Səngərlərin sayı get-gedə çoxalırdı. Partladıcı bölük də oraya yerləşmişdi. Diviziyanın əməliyyat səngəri də bizim bölüyümüzün səngərinin yanında idi və palçığın altında itmişdi. 787
Bir neçə gün davam edən yağış nəticəsində dağlardan palçıq axırdı. Axın o qədər güclü idi ki, hətta üstüörtülü səngərin tavanının qalaq vurulmuş millərini də sındırmışdı. Xoşbəxtlikdən, hadisə zamanı içəridə heç kim olmamışdı. 787
Bəni-Haşim düşərgəsində canlı qüvvənin sayı artırdı. Məhəmməd Purnəcəf, Həsən Əbdi və digərləri bizə qoşuldular və yanımızda başqa bir səngər də quruldu. Onları qızdırmaqdan ötrü odun sobasından istifadə edirdik. Diviziyanın təchizat bölüyünün uşaqları dəmir bakları odun sobası formasında düzəldib bütün batalyonlara və bizim bölüyümüzə vermişdilər. Yeni ixtira olunmuş bu sobalar istiliyi və tüstünü bir yerdə verirdi. Bir dəfə birdən yuxudan diksindim. Gecənin yarısı idi. Gözlərimi açdım. Otaq qara tüstü ilə dolmuşdu və boğazımı yandırırdı. Tez başa düşdüm ki, sobanın dudkeşi tutulub və səngərin içinə qatı tüstü dolub. Səngərin hündürlüyü üç metr idi və onun yuxarıdakı iki metr yarımı qatı tüstü ilə dolmuşdu. Vaxt itirməyib digər tərəfdəki kiçik pəncərəni və qapını açdım. Uşaqlar da bir-bir oyandılar. Sobanı söndürüb soyuqda bir qədər səngərin havasının dəyişməsini gözlədik. Əgər yuxudan oyanmasaydım, Allah bilir, başımıza nə gələrdi. 787
*** 788
Bəni-Haşim düşərgəsindəki qərargahımız təxminən dağın arxasında idi və düşmən görə bilmirdi. Onların atəşi də bizə çatmırdı. Səmada bulud olmayanda günəş üstümüzə saçırdı. Buna görə də, yerdə çox qar yox idi. Batalyonların çadırlarının vəziyyəti isə fərqli idi. Batalyonların şəxsi heyəti məzuniyyətini bitirib yenidən bölgəyə qayıtmışdı. Onların düşərgəsi Şəhid Bəni-Haşimdən 1 km. aralıda idi. 788
Orada batalyonlar səngər yerinə çadır qurmuşdular. Onların əsas problemi güclü qar idi. Uşaqlar deyirdilər ki, xüsusən küləkli gecələrdə qar çadırın tavanına qədər qalxırdı. Batalyonda təchizat və ərzaq problemləri də vardı. Ərzaq baxımından kəşfiyyat bölüyünə yaxşı qulluq etsələr də, digər uşaqların sıxıntıda olduqlarını bilirdik. 788
O vəziyyətdə Jajilədəki səngərimizdən Şəhid Bəni-Haşim düşərgəsinə qədər təxminən üç saatlıq yol vardı. Düşərgədən təxminən 3 km. enib Şanexz cığırına çıxırdıq. Bu cığır Qamunun əsas yüksəkliyi ilə bitirdi və gördüyüm ən böyük cığırlardan idi. Orada kürdlər hələ də yaşayırdılar. Quruculuq cihadı təşkilatı o cığırda birnəfərlik bir hamam tikmişdi, sonradan ümumi hamama çevrildi. Suyu isti olsaydı, uzun növbədən sonra hamamda çimmək olurdu. 788
Bir axşam Bəni-Haşim düşərgəsində Əbülqasim Vətənpurun səngərdən çıxdığını gördüm. Gecə saat üç idi. O, axşamdan xəstələnmişdi, indi isə hamama gedirdi. Onun sübh namazından ötrü qüsl vermək istədiyini təxmin etdim. Bayırda qar yağırdı və o, hamama qədər 3 km. yol getməli idi. 788
Səhərə yaxın qayıdanda öyrəndim ki, suyu qızdıra bilməmiş və soyuq su ilə qüsl vermişdi. 788
– Əbülqasim, bu halda getməyin vacib deyildi, təyəmmümlə həll edərdin. 788
– Yox, gərək gedəydim. Qüsl verməsəydim, rahat olmazdım. 788
*** 788
Jajilədə ikinci səngərdə idik. Bir neçə gün idi səngərimizin yeri çox nəmlənmişdi. Nəhayət, bir gün səngərin yerindən su qalxmağa başladı. Başqa bir səngər tikməyə imkan yox idi. Hamı işləyir, yalnız istirahətə səngərə gəlirdi. Silah-sursat qutularını yerə döşəyib üstündən ədyal sərdik. Səngərin yerindən hələ də su axırdı. Bəzən dəstəmaz almağa tənbəllik edəndə qutuları aralayıb orada dəstəmaz alırdıq. 789
Bir gün səngərin bayırında idim. Bir toyota maşını diqqətimi cəlb etdi. Toyotanın arxasında çoxlu adam oturmuşdu. Yaxınlaşanda Həbib batalyonunun komandir heyətini gördüm. Onlar bölgə ilə tanışlığa gəlmişdilər. Nasir Dibayi ilə birgə onları Jajilə tərəfdə bir keşikçi səngərinə apardıq və oradan bölgəni göstərdik. Həmin günlərdə eşitdik ki, diviziyanın ikinci briqadasının komandiri Cəmşid Nəzmi Qasim batalyonunun komandir heyətini gətirərkən maşın yoldan çıxıb dərəyə aşmış və daşların arasından bitmiş bir ağaca dəyərək dayanmışdı. 789
Qasim batalyonunun bütün komandir heyəti bu hadisədə xəsarət alsa da, heç birinə əməliyyatda iştiraka mane olacaq ciddi xəsarət dəyməmişdi. 789
Əməliyyatda iştirak edəcək batalyonların rəhbərliyi bölgə ilə tanış oldular və hər bir batalyonun kəşfiyyatçısı təyin edildi. Bu kəşfiyyatçılar ilk hücuma keçəcək batalyonları düşmən mövqeyinə aparacaqdılar. 789
Seyid Mənsur Furqani kəşfiyyatın əvvəlindən bölgədə olsa da, komandirlərin məsləhətinə əsasən, batalyonlara bələdçilik işinə seçilmədi. Əməliyyatın üstünün açıldığı və doqquz nəfərdən başqa bütün şəxsi heyətə məzuniyyət verildiyi günlərdə o da 15 günlük məzuniyyətə getmiş, amma 10 gün keçməmiş qayıtmışdı. Üzü gülürdü. Tezliklə ata olduğunu öyrəndik. Məni görüb dedi: "Mən də oğlumun adını Mehdi qoydum". 789
O vaxtdan günlər ötürdü. Seyid Mənsurun sevinci qəm-kədərə çevrilmişdi. Mənsur o zamana qədər müxtəlif işlərdə yaxşı sınaqdan çıxmışdı, dəfələrlə istiqamət komandiri olmuşdu. Bölüyün işlərini yerbəyer etməkdə Kərim Hörmətinin güclü qollarından biri idi. Lakin şəhid dostlarından ayrı düşməsi, bu baxımdan darıxması onun halını dəyişdirmişdi. Öncə onun kiminsə yanında ağladığını görməmişdik; nə mən, nə də başqası. Orada, İkinci Jajilə səngərində isə göz yaşlarını, namazını və duasını görüb halına qibtə edirdik. Təvazökarlığı son həddə idi, gecə namazını bir dəfə də unutmurdu, münacat edib ağlayırdı. Əgər daşların, buzların və qarların arasında bir yer tapa bilsəydi, gecələr bizdən uzaqlaşıb tənhalığa çəkilərdi. Lakin qarın və soyuğun sayəsində məşuqundan ayrı düşmüş saleh bir bəndənin aşiqanə pıçıltı anlarına biz də şahidlik etmək imkanı qazanmışdıq. Əmin idim ki, o, şəhid olacaq. Əmin idim ki, şəhidliyə görə yaşayır və şəhadət karvanından həmişəlik uzaq qalacağını bilsə, qəm-qüssədən ürəyi partlayar. Pərdələr kənara çəkilmişdi və kim daha yaxın idisə, daha böyük sıxıntıya dözürdü. Ayda 2000 tümən maaş alan, yoldaşı yenicə uşaq dünyaya gətirmiş, ev tikməkdə olan və çoxlu borca düşmüş bir pasdar 15 gün məzuniyyət alır və cəbhədən yalnız 10 gün ayrı qala bilir. Allah eşqi onu dağlara salmış, cəbhəni həyatının sərlövhəsi etmişdi. Digərlərinin nə dediyi, bəzilərinin müharibədən yorulduğu, bombardmanlara dözə bilmədiyi və daim düşmənlə barışıqdan danışdığı ona önəmli deyildi. 789
Cəbhə uzun müharibə illəri boyunca fədakarlıq nişanı almış kişilərlə hələ də dolu idi. Bu kişilərin hətta ən əziz adamları, ata-anaları dünyadan köçəndə də cəbhəni və müdafiəni şəhərə gedib əzizlərinin yasında iştirak etməkdən üstün tuturdular. Bunun bir nümunəsi Mehdi Bakiri idi. O, qardaşı Həmidin şəhadəti zamanı yalnız bir məktubla kifayətləndi. Bir nümunəsi Mustafa Mövləvi idi. Bütün ailə üzvləri avtomobil qəzasında dünyadan köçəndə o, yalnız iki-üç günlüyə şəhərə getdi və dərhal geri döndü. Bir nümunəsi Kərim Hörməti idi. Onun atası Kərbəla-5 əməliyyatından öncə vəfat etdi, diviziya komandiri bəzi məsləhətlərə görə bunu Kərimə demədi. Çünki Kərimin bir gün olmaması da işə mənfi təsir edərdi. Evin böyük oğlu olan Kərim ailəsi üçün çalışmalı olsa da, cəbhəni boş qoymadı, hətta tapdığı işini buraxıb səhərdən axşama qədər müharibə üçün çalışdı. Bir nümunəsi Məhəmməd Sövdagər idi. Onun ailəli olduğunu az adam bilirdi, çünki məzuniyyətə subaylardan da az gedirdi və deyirdi ki, bu gün cəbhədə iştirak etmək ən vacib işdir. Cəbhə həyatı eşqlə sıx bağlı idi; nə qədər çətin olsa, bir o qədər yaxşı... nə qədər yandırıcı və ağrılı olsa, daha aşiqanə... Özgələr eşq karvanına buraxılmırlar. İnsanlar qanlı cihad zamanı ələnirlər. Allahdan başqa birinə və ya başqa bir şeyə görə cihada gələnlər yarıyoldan qayıdırlar. Bunu Kərbəla bizə öyrətmişdi. 790
I 791
Kəşfiyyat işləri başa çatmışdı. Batalyonlar Jajilədən bölgə ilə tanış oldular və biz Bəni-Haşim düşərgəsinə qayıtdıq. Uşaqlar bölündülər. Qardaş Əsğər Abbasquluzadə Qasim batalyonunun bələdçisi oldu. Qulamrza Möhsüni, Hüseyn Səfaşur, Amanullah Amani, Əbdülvahid Məhəmmədi, Maqsud və digər bir neçə nəfər də onunla gedəcəkdi. Həbib batalyonunun kəşfiyyatçısı isə Nasir Dibayi idi. Hüseyn Səadəti, Əbülqasim Vətənpur, Cəlal Xəlilzadə və başqa bir neçə nəfər də onunla işləyəcəkdilər. 791
Bölgülər bitdi. İclas sona çatmaqda idi. Əmin oldum ki, bu vəziyyətdə mənə bir pay düşməyəcək. Üzümü kəşfiyyat bölüyünün komandirinə tutdum: "Kərim ağa, nə xəbər?" 791
– Əmin ağa deyib ki, səni əməliyyata qoymayaq. 791
Hamı mənim fiziki vəziyyətimə görə narahat idi, amma heç kim gərgin mənəvi durumum haqda düşünmürdü. Dedim: "Olsun! Mən buraya qədər sizinlə idim, amma burada sizdən ayrılıram". 791
Əşyalarımı götürüb qardaş Sövdagərin düşərgədəki maşınına sarı getdim. Qapını açıb maşında oturdum. Ağa Məhəmməd də tezliklə gəldi, məni görən kimi təbəssümlə soruşdu: "Hara?" 791
– Ağa Məhəmməd, mən bundan sonra sizin batalyonun üzvüyəm. 791
Gülüb dedi: "Axı belə olmaz". 791
– Qardaş Sövdagər, mən nə göndəriş vərəqi istəyirəm, nə də başqa bir şey. Mən bir Bəsic üzvüyəm və Həbib batalyonunda vuruşmaq istəyirəm. Batalyona getməyincə də yerimdən tərpənən deyiləm. 791
Cavabımı eşidəndə işin aqibətini gözləyən Kərim Hörmətinin yanında dayandı. Kərim Hörməti mənim ciddiliyimi görüb diviziya komandirinin səngərinə getdi. Bir müddətdən sonra qayıdıb Məhəmməd Sövdagərə dedi: "Ağa Məhəmməd, olsun, ağa Mehdi sizinlə gedər, lakin söz ver ki, harada olsan, o da yanında olacaq". 791
– Eybi yox, birgə gedərik. 791
Məsələnin bura qədər həll olunduğunu görüb getməyə hazırlaşan qardaş Sövdagərə dedim: "Ağa Məhəmməd, sən get batalyona, sonra özüm uşaqlarla gələrəm". Uşaqlardan sağollaşmamışdım və onlardan belə ayrılmaq istəmirdim. 791
*** 791
Səngərin yanında bir neçə yadigar şəkil çəkdirdik. Əmin ağa da gəldi. Səngər düzəltmək üçün fanerləri üst-üstə qoymuşduq və onlardan stul kimi istifadə etmək olurdu. Yer qarlı, palçıqlı idi. Oturduq və Əmin ağa danışmağa başladı. Uşaqlar suallarını verirdilər, o da cavablandırırdı. Aşura diviziyasının ümumi hərəkətində ən əsas problem Seyyidüş-şühəda diviziyası ilə birləşməsi idi. Həbib batalyonunun yolu Qamışdakı mağaradan bir qədər yuxarıya qədər Seyyidüş-şühəda diviziyası ilə müştərək idi və ondan sonra ayrılırdı. Diviziya, batalyon və kəşfiyyat komandirlərinin iki iclasından sonra bu müştərək yer haqda razılığa gəlinmişdi, amma deyəsən, Seyyidüş-şühəda diviziyasının uşaqları bununla razılaşmayıb deyirdilər ki, çoxlu şəxsi heyətin bir yoldan keçməsi problem yarada, əməliyyatın üstü açıla bilər. Lakin sonda bu problem qərargah səviyyəsində müzakirə edilib həll olundu. 791
Günorta və batalyonlara qoşulma vaxtı idi. Yenidən ayrılıq zamanı gəlmişdi. Bu ayrılıq bəzilərinin şəhadəti ilə nəticələnəcəkdi, bəzilərinin də qol-qanadının qırılması ilə. Onların halallığına çox ehtiyacım olduğunu hiss edirdim. Qəm-kədər dolu ürəklə və şəhadətə ümidlə dostlarımızdan ayrılırdıq və hərə öz taleyinə doğru gedirdi. 792
Həbib batalyonuna gedən toyotaya mindim. Dedilər ki, batalyon polis zastavasının yaxınlığındadır. Orada suyun yanında, düşmənin gözündən uzaqda dərə kimi bir yer vardı. Batalyonların şəxsi heyətinin çoxu şüşə yunundan hazırlanan və küləyin qarşısını alan balon gödəkcələr geyinmişdilər. Bu gödəkcələr həm su keçirmirdi, həm də bədəni isti saxlayırdı. 792
Uşaqlar səhərdən orada idilər və hələ axşama qədər gözləməli idilər. Orada nə oturmaq olurdu, nə də uzanıb istirahət etmək. Bütün uşaqlar səhərdən ayaq üstə idilər və axşama qədər bu vəziyyətə dözməli olduqlarını bilirdilər. Hamıdan öncə bir-birindən ayrılmaz dostlarım Fərəc Quluzadə ilə Cəlal Zahidini gördüm, sonra Həbib batalyonunun əksəriyyətini təşkil edən qədim üzvləri ilə hal-əhval tutdum. Sonra da ağa Məhəmməd hara gedirdisə, mən də yanında gedirdim. 792
Bütün bölgülər aparılmışdı və kəşfiyyatçılar bələdçilik edəcəkləri bölüklərin yanında idilər. Uşaqlar əyər-əskiklərini düzəltdilər. Bilmirdim uşaqlara hansı dillə deyim ki, məni də yaddan çıxarmayın. Silah-sursatı və bel çantasını özüm daşıya bilmirdim, uşaqlara da deməyə utanırdım. Bilirdim ki, gecəni Qamışda qalıb istirahət edəcəyik, amma nə qədər etdimsə, heç kimi əziyyətə salmaq istəmədim. Ümidim isti paltara idi. Bütün batalyonlara o gödəkcələrdən verəcəkdilər, amma ağa Məhəmməd Həbib batalyonu üçün ondan imtina etmişdi. Çünki həm sayı az idi, həm də çox gec gəlmişdi. Hər halda, Həbib batalyonunun uşaqları digər paltarların üstündən geyinilən o qalın gödəkcədən istifadə etmədilər; hərçənd, o da soyuğun şiddətini azaltmırdı. 792
Uşaqlara nahar yeməyinə nə verildiyini bilmirəm, amma axşamüstü hərəyə bir qədər müharibə payı verdilər. Uşaqların çoxu onu yeyə bilmədi, çünki soyuq və tələsmə quru və soyuq qidanı yeməyə vaxt və can qoymamışdı. Düşmən radarları yolları izlədiyinə görə uşaqlar Qamışdakı mağaranın yaxınlığına qədər bütün yolu piyada getməli idilər. 792
Kolonlar hərəkətə hazır vəziyyətə gəldilər. Şəxsi heyətdən öncə dərədən yola qalxdım. Yolun kənarında uşaqları gözləyirdim. Ağa Məhəmməd də yanımda idi. Nəhayət, hərəkət zamanı çatdı. Bütün Həbib batalyonu iki kolonla paralel hərəkət edirdi, ağa Məhəmmədlə mən də öndə idik. Kolonun ilk addımlarında qırmızı günəşin son şüası da qara buludların altında qaldı və uşaqların "Allahu-Əkbər" səsi ucaldı. Namaz vaxtı idi. Uşaqlar azan verirdilər. Xəfif qar və qaranlıq səma altında uşaqların azan zümzümələrinin başqa gözəlliyi vardı. Qəşəng səhnə idi. Hur, onun qəribə qürubu və şəhidlərin şəhadət anları yadıma düşdü. Ağa Mehdi Bakirini, Hüseyn Məhəmmədianı, Seyid Sadiq Eyvəzini və digərlərini xatırladım. Yol gedə-gedə namaz qılındı. Sakitcə irəliləyirdik. Qəlblərin rüku və səcdəsinin gözəl mənəvi halı vardı. 793
Öndə gedən elə hərəkət etməli idi ki, arxada gələnlər geri qalmasınlar. Bu zəif hərəkətdən ötrü mənim özəl tədbirim vardı: sağlam bir adamın iki addımı zamanı mən bir addım ata bilirdim. Sağ ayağımı önə qoyub sol ayağımı onun yanına gətirirdim. 793
O vəziyyətdə və o quru soyuqda Jajilənin yanından keçirdik. Jajilə təpələri hündür Kolan dağlarının davamı idi və İraqın Mavut şəhərinə baxırdı. Jajilənin önündə uca və sərt Qamış dağı dururdu. Düşmən onun üstündən bütün Jajiləni, hətta bizim getdiyimiz yolu görə bilirdi. Gecənin qaranlığı bu baxışı məhdudlaşdırırdı, amma radar hər bir avtomobil hərəkətini qeyd edirdi. Bundan əlavə, orada bəzi İraq kürdləri də yaşayırdılar. Biz əmin idik ki, onların arasında düşmənə çalışan casuslar vardı. 793
Ciddi fiziki zəifliyimə görə tədricən ayaqlarımda yorğunluq və ağrı hiss edirdim. Hərdən dayanıb istirahət etməkdən ötrü beynimə bir fikir gəldi. Kolon yavaş hərəkət etdiyinə görə mən öndən gedib yolun kənarında otura və uşaqlar gələnə qədər istirahət edə bilərdim. İsmayıl Vəkilzadəyə dedim və birgə önə keçdik. Yolun Mavut düzünə dönən hissəsində böyük bir boru qoymuşdular. Borunun diametri o qədər böyük idi ki, içi ilə iki nəfər asanlıqla və başını əymədən keçə bilərdi. Yandırıcı soyuqdan boruya sığındıq və şəxsi heyət çatana qədər istirahət etdik. 793
Saatlarla gedəndən sonra bir neçə dəqiqə dayandığımıza görə hər ikimiz soyuqdan əsirdik. Yağışla qar bir-birinə qarışmışdı və biz başdan-ayağa suyun içində idik. Geyindiyim balon gödəkcədə soyuqdan titrədiyim halda xüsusi isindirici geyimi olmayan uşaqların vəziyyətini təsəvvür edir, əziyyət çəkirdim. "Sazaq kəsir" ifadəsini yavaş-yavaş anlayırdım. Üzümün göyərdiyini və kiçik bir zərbə ilə dərisinin yarılacağını hiss edirdim. Bütün düymələri bağlayıb bəndi çəkmişdim, amma külək ən kiçik yerdən daxil olub bədənə dəyir və sanki oranı dəlirdi. Hərəkət etdikcə də hamımız tərləyirdik. Qısası, şəxsi heyətin kollektiv soyuqdəyməsi üçün bütün şərtlər vardı. 793
Borunun içində soyuqdan əsə-əsə 20 dəqiqə istirahət etdik və kolon bizə çatdı. Yenidən ayağa qalxıb yola düşdük. Həmin dəqiqələrdə Məhəmməd Sövdagərlə Nasir Dibayi kolonların önündə gedirdilər. Mən hərdən kolonun yanı ilə irəli-geri gedib uşaqlarla danışmaq imkanı əldə edirdim. Soyuğun bütün sinirləri sıradan çıxardığı bir vəziyyətdə gülmək böyük hünər idi və bunu bütün uşaqlar bacarırdı. Zarafatlaşır, bir-birimizi ələ salırdıq və o vəziyyətdə kiminsə "la ilahə illəllah, vəlhəmdu lillah..." zikrini eşidəndə sakitcə hamımız ona qoşulurduq. Elə bir gecə gəlmişdi ki, onda yaralanmaq, şəhid olmaq, əlil olmaq və ya hətta əsir düşmək imkanı da böyük idi. 794
O gecə bəzi uşaqların son gecəsi idi. Hərə bir formada daxilini göstərirdi; biri dodaqaltı zikr və Quran ayələri oxumaqla, biri başını aşağı salıb sükut etməklə, bəziləri də mənim kimi gülmək və güldürməklə. Bütün yaralarımın ağrıdığına baxmayaraq, qəribə gümrahlıq hiss edirdim. Sanki mən də giriş icazəmi almışdım. Uşaqlar mənimlə zarafat edirdilər. 794
– Ağa Mehdi, bir hadisə baş versə, şəfaət zamanı bizi yaddan çıxarma. 794
– Mehdiqulu, deyəsən, sənin də növbən çatıb. Getsən, bizim üçün də dua elə. Söz ver ki, şəfaət edəcəksən. 794
Onların sözləri məni havalandırırdı. Hərçənd, özüm haqda fikirləşəndə ilahi dərgahın seçilmiş bəndələri ilə eyni cərgədə olmaq ləyaqətini görmürdüm, bütün sevincim yenə əməliyyata getmək və onların arasında olmaq səadətinə nail olduğum üçün idi. Bilirdim ki, uşaqların sözləri kompliment deyil. Cəbhədə hər kəsin yalnız “özü” olmaq haqqı vardı və məhz bu zaman nəfsin islahı və ruhun inkişafı mümkün olurdu. 794
– Biz şəhidliyə layiq deyilik, amma siz şəhid olsanız... 794
Bunu uşaqlara deyir və ürəyimdə fikirləşirdim ki, taleyimdə şəhadət vardısa, nə üçün o yaralardan sağ çıxdım? 794
Yolda hər yerini yaşıl çamur basmış bir məktəbə çatdıq. Nəsr-4 əməliyyatından öncə ora münafiqlərin qərargahı olmuşdu. Ondan sonra yol ikiyə ayrılır, biri Mavut, digəri isə Süleymaniyyə şəhərinə gedirdi. Süleymaniyəyə gedən yol Jajilə yüksəkliyi və Qalaçulan çayı ilə təxminən paralel idi. Mavut şəhərinin yaxınlığında çaya tərəf bir yol ayrılıb Sınıq körpü adlanan Balusə körpüsündən keçirdi. Dəmir Balusə körpüsü Qalaçulan çayının üzərində idi və dağıdılandan sonra Sınıq körpü adı ilə məşhurlaşmışdı. Bu yol Qalaçulandan və Qamışla Dolbeşk arasındakı boğazdan sonra Ulaqlı ilə Dolbeşk arasındakı cığıra çatır, oradan İraqın Süleymaniyyə vilayətinin mühüm yollarına birləşirdi. 794
Biz plana uyğun olaraq, bu üçyoldan Qalaçulan çayına döndük, 2 km.-dən sonra at nalı formasında qurulmuş bir torpaq istehkama çatdıq. İstehkam yolun sağında idi və bizim yerləşməmiz üçün qurulmuşdu. Hündür torpaq istehkam idi, istirahət səngərləri də vardı. Onun yanında nisbətən alçaq olan başqa bir istehkam da vardı və Karizər düzünə doğru müdafiə məqsədilə qurulmuşdu. Düşmən Karizərdə idi və biz bu böyük istehkamdan keçib təhlükəli zonaya girəcəkdik. Biz həmin hissədə Qalaçulanla paralel olan çayın üzərindən keçməli idik. 795
İstehkamın yuxarısına qalxanda bölük komandirlərinə və həmçinin ağa Məhəmmədə işarə ilə bildirdim ki, uşaqlar bundan sonra səs salmasınlar. Səssiz getmək bizi arxayınlaşdırır və narahatlığımızı azaldırdı. Hamı sükut içində istehkamı aşdı. Çaydan keçmə növbəsi gəldi. Kəşfiyyatçılar son kəşfiyyatda çayın üstünə bir neçə ağac gövdəsi atmışdılar ki, uşaqlar keçəndə islanmasınlar. Buna baxmayaraq, iki-üç nəfər ağacın üstündən suya yıxılıb başdan-ayağa islandı. O soyuqda hərəkətsiz qalsaydılar, paltarları donub quruyardı. Çaydan keçənlər o tərəfdə oturub nəfəslərini dərirdilər. Çox sıx oturmuşduq və hərə bir yolla qızışmaq istəyirdi. Birdən mahir kəşfiyyatçılardan olan Həsən Əbdi ilə Məhəmməd Purnəcəf peyda oldular. Onlar əməliyyatın ikinci mərhələsində iştirak edəcəkdilər. 795
Kəşfiyyatdan qayıdırdılar. Onları görməyimə çox sevindim. Həsən mənim Həbib batalyonu ilə əməliyyata getdiyimi öyrənəndə Fərəc Quluzadəni axtardı. Dedim ki, buradan geriyə getsən, taparsan. O, mənimlə sağollaşıb ağa Fərəci axtarmağa getdi. Bir neçə addımdan sonra birdən səsini eşitdim: "Ağa Fərəc! Ağa Fərəc Quluzadə! Fərəc..." Qışqırır və uşaqların bundan pis örnək götürəcəklərinə fikir vermirdi. Uşaqlar da ona təəccüblə baxır və bəlkə ürəklərində deyirdilər: "Bu da kəşfiyyatçılar! Özləri qışqırırlar, amma bizə deyirlər ki, danışmayın”. Yavaş-yavaş pıçıltılar ucaldı və bildim ki, Həsən ağanın səsi uşaqları cürətləndirib. Xoşbəxtlikdən, o anlarda bütün kolon çayı keçdi və yenə hərəkətə hazır olduq. 795
Kolon Balusəyə doğru yola düşdü. Sınıq körpünün yaxınlığından endik. Orada kiçik bir daşlıq vardı. Sanki daşlar böyük bir qaya əmələ gətirmişdi. Oradan enib yenə dərənin içi ilə Jajiləyə doğru qalxdıq. Nəhayət, kəşfiyyat zamanı kanatlı kabinə ilə Qamışa keçdiyimiz yerə çatdıq. Həmin kanat və kabinə öz yerini taxta körpüyə vermişdi. Bu, o zamana qədər müharibənin ən möhtəşəm işlərindən idi. Ötən gecə Seyyidüş-şühəda diviziyasının mütəxəssisləri uşaqların keçidini asanlaşdırmaq üçün orada taxta körpü düzəltmişdilər. O körpünün iraqlıların hədəfində olduğunu, Qamış dağının başından və Mavutla üzbəüz cəbhədən aydın göründüyünü fikirləşəndə Seyyidüş-şühəda diviziyasının alpinist uşaqlarını alqışlayırdım. Körpü düşmənin ayağı altda və qəzəbli Qalaçulan çayının üstündə idi. Bu çay 12 metr uzunluğunda iri metal boruları yerindən qoparıb aparırdı. Körpünün bütün materialları ip və taxtadan ibarət idi. Birmetrlik taxtalar yan-yana düzülüb təxminən 70 metr uzunluğunda və 1 metr enində körpü əmələ gətirmişdi. 795
Hər bir taxtanın iki tərəfi dəlik idi və iplər taxtaları saxlayırdı. İplərin düyünləri həmin dəliklərdə qalır və yandakı taxtanın dəliyinə birləşirdi. Körpü bu şəkildə və yalnız əl əməyi ilə salınmışdı. Körpüdən keçənləri qorumaq məqsədi ilə hər iki tərəfin bir metr hündürlüyündən bir ip çəkilmişdi. Körpü yerdən və sudan 30-35 metr hündürdə idi, tez-tez tərpənirdi və hər an sürüşmə ehtimalı vardı. Hamımız ilk dəfə idi bu körpünü görür və qaranlıq gecədə üstündən keçmək istəyirdik. Xoşbəxtlikdən, aşağıdakı qorxulu mənzərəni görmürdük, amma çayın şırıltısını eşidir, küləklə və hər addımımızla tərpənməsini duyurduq. 796
Dostları ilə paylaş: |