Yolçu
I
“Necə oldu ki, mənimlə həmyaşıd olan Kərim və Dostəli cəbhəyə gedə bildilər, mənsə qəbul olmadım?! Nə üçün bu yay bitmək bilmir?!”
Həmin gecə həyatımın ən isti gecələrindən biri idi. Yox, hava isti deyildi, təsadüfən, səmada bir neçə bulud parçası da var idi, lakin yatağımda çevrilir, nə edəcəyimi bilmirdim. Məni Bəsicin1 qərargahından əliboş qaytardıqlarına inana bilmirdim. Yəni yenə küçə, məktəb və məscidlə kifayətlənməliyəm, işim yalnız gecələr küçələrdə keşik çəkməkdən və «işıqları söndürün» deməkdən ibarət olacaq?! Gecəni səhərə qədər yata bilmədim, kimsəyə də demədim ki, mən sinif imtahanı kimi Bəsicin imtahanından da kəsildim.
***
– Qalxın yuxarı, vəsiyyətnamənizi yazın...
Özümü zorla saxlayıb hisslərimi büruzə vermədim. Həmin qərarsız gecədən iki gün sonra doğum tarixini dəyişdirdiyim kimliyimin surətini apardım. Bir gecənin içində böyümək necə gözəl imiş! Bəsicin işçisi gözlərindən «sən deyəsən, bir neçə gün qabaq da gəlmişdin və...» deyirmiş kimi görünsə də, heç nə deməyib adımı yazdı, sənədlərimi aldı və ilk dəfə olaraq, mənə də vəsiyyətnamə yazmaq tapşırıldı. Qırmızı qələmimi ovcumda sıxdım. Qanla vəsiyyət əlaməti olaraq, qırmızı rəngdə yazmaq istəyirdim, amma yazacağım kağızın ağlığı qarşısında özümü itirdim. Ömrümdə ilk dəfə ölüm haqda ciddi düşünürdüm. O vaxta qədər oxuduğum şəhid vəsiyyətnamələrini xatırladım. «Bismillahir-Rəhmanir-Rəhim» yazdım və davamı yaxşı gəldi.
Qırmızı vəsiyyətnaməmi imzalayıb təhvil verdim. Onlar da qarşılığında mənə bir dəst bozumtul-yaşıl Bəsic forması verdilər və cəbhəyə ezam tariximi söylədilər. Başqa bir iş qalmamışdı. Öncədən Şərbətzadə məscidində keçdiyimiz sadə hərbi dərslərə əsasən, təlim keçdiyimi bildirdim və qəbul etdilər. Tez bayıra çıxdım.
Məhəlləmizə çatanda birbaş məscidə getdim. Məscidimizin Müqavimət mərkəzi şəhər məscidlərində qurulmuş altıncı mərkəz idi. Əvvəllər məsciddən və məhəlləmizdən şəhid vermədiyimizə görə adı Şərbətzadə məscidinin 6 saylı Müqavimət mərkəzi kimi qalmışdı. Müharibə başlayandan sonra günümüz orada keçirdi.
Axşam düşəndə qədim məhəlləmizin küçələrində keşik çəkir və düşmənin hava hücumlarını xatırladıb qışqırırdıq: «Söndür! Söndür!»
Müqavimət mərkəzimizin uşaqları hərbi formamı görüb məsələni başa düşdülər. Elə kimliyimdə doğum tarixini dəyişdirməyi də onlar öyrətmişdilər. Paltarları məscidə qoydum. Çalışırdım ki, cəbhəyə gedənə qədər evdə heç kim bundan xəbər tutmasın.
1981-ci ilin yayının son günlərindən biri mənim cəbhəyə ezam günüm idi. Əvvəlcə məscidə getdim. Uşaqlardan bir neçəsi də həmin qrupla cəbhəyə gedəcəkdi. Bəzi dostlarımla sağollaşanda deyirdim: «Eybi yox, uşaqlar, inşallah, sizin işiniz də düzələr. Növbəti görüşümüz qalsın ön xəttə!»
– Hara?! Çıx bayıra görək...
Qardaşım Həsənin güclü qolu məni minik sırasından çıxardı. Cəbhənin bütün həvəs və həyəcanı bir anda yox oldu. Sakit və məəttəl halda qardaşımın ezam bölməsinin sədri ilə mübahisəsinə baxırdım: «Bu, uşaqdır, böyüklərinin icazəsi olmadan onu haraya göndərirsiniz?!»
Xəcalətimdən ölür, dayanmadan ürəyimdə deyirdim: «Heyf əynimdəki paltardan!» Qardaşım qolumdan tutub arxasınca dartanda isə ağlamağa başladım. Bütün yolboyu ayaqlarım yerlə süründü, həyətə girəndən sonra qapı arxamca bağlandı və yerdə oturub o ki var ağladım.
***
Bir neçə gün küsdükdən sonra böyüklərin nəsihətlərinə qulaq asmağa çalışdım. Məktəblər açıldı və mən yenidən doqquzuncu sinfin sırasında dayandım. Düşünürdüm ki, bu sıra hara, məni çıxardıqları sıra hara?!
Sonralar uşaqlardan eşitdim ki, Məhəmməd Zarezadə mənimlə sağollaşandan sonra qardaşımı küçədə görüb deyibmiş: «Təbrik edirəm, Mehdi də cəbhəyə gedir».
– Mehdi?! Hansı Mehdi?..
Yaxşı ruhiyyələri məni ələ vermiş uşaqlardan bir müddət küsdüm, amma daha iş-işdən keçmişdi. Hər gün evlə məktəb yolunda divarlara vurulan çoxlu şəhid elanları önündə dayanıb düşünürdüm. Vəsiyyətnaməm yadıma düşəndə isə məni gülmək tuturdu. Dostlarıma tövsiyə etmişdim ki, cəbhəyə gəlib şəhidlərin yolunu davam etdirsinlər; halbuki özüm onlardan betər ilişib qalmışdım.
***
“Səkkizinci imam” əməliyyatı baş tutmuş və Abadanın mühasirəsi yarılmışdı. Uşaqlar məzuniyyətə gəlmişdilər. Onları dinləyəndə ürəyim çatlayırdı. Yenə dözə bilmədim və öncəki kələklə Daneşsəra prospektindəki Bəsic qərargahına yollandım. Hər şey yaxşı alındı, lakin əlimə bir kağız verib dedilər: «Bu icazənaməni atanız imzalamalıdır”. Fikirləşdim ki, israr etsəm, evdən gizli gəldiyimi biləcəklər. Narahat halda evə dönüb atamın razılığını almaq qərarına gəldim. Axşamüstü atamı tək yaxaladım, qarşısında dizi üstə oturub dedim: «İslamı müdafiə etmək vacibdir. Sən bunları məndən yaxşı bilirsən. İndi İslam təhlükədədir və hamımız cəbhələrə getməliyik. Məndən kiçik olan nə qədər uşaq gedib, mənsə buradayam...»
Ürək sözlərimi kişi kimi danışmaq cəsarəti toplamışdım. Atamın göz yaşlarını görəndə ümidim artdı.
- Əgər bu qədər ehtiyac varsa, mən də gedirəm.
Həyəcanla dedim: «Yox, ağa can, hələ ki biz varıq, sənin getməyinə ehtiyac yoxdur. Lakin sən bu kağızı imzalamasan, məni göndərməzlər».
Atam kağızın altına sadə imzasını atdı. Düşündüm ki, o mənə heç vaxt belə böyük yaxşılıq etməmişdir.
O qədər yüngülləşmişdim ki, sanki uça-uça gedirdim. Bu haqda heç kimlə danışmadığıma görə özümü böyük hiss edirdim. Hamı elə bilirdi ki, cəbhə ab-havasından çıxmışam, lakin mən həqiqətən, gedirdim. Fikirləşirdim ki, Həsən yenə gəlib mane olsa, ondan soruşacağam: «Əgər pis yerdirsə, nə üçün bir ayağın oradadır?!»
İbtidai məktəbdə sinif yoldaşım olmuş dostum Məhəmməd Məhəmmədpura hamıdan çox inanırdım. O, Vəlfəcr-hazırlıq əməliyyatını görmüşdü və ailə problemlərinə görə daha cəbhəyə gedə bilmirdi. Ona tapşırdım ki, axşamüstü bizə gedib haraya getdiyimi söyləsin.
Döyüşçüləri yola salmağa çoxlu adam toplaşmışdı. Bizi dəmiryol vağzalına aparacaq avtobuslara hamıdan tez minmək istəyirdim. Məktəbimizin uşaqlarından bir neçəsi də cəbhəyə gedənlər arasında idi və bu mənə ürək-dirək verirdi. Ayağımı avtobusun birinci pilləsinə qoyub üzümü camaata çevirdim və o qədər gülən, ağlayan gözlər arasında qardaşım Rzanı gördüm.
Bilmirəm nə vaxt yanıma çatıb boynumu qucaqladı: “Sən də gedirsən?! Məgər görmürsən nə vəziyyətdəyik?! Bilirsən ki, Həsən adəti üzrə cəbhəyə gedir, əmi üçün yalnız biz varıq. İndi də xəstələnib, yataqdadır. Qoca atamızla mən qalmışam. Bu vəziyyətdə haraya gedirsən?!»
Onu güclə razı sala bildim. Ağladığını görəndə ev sarıdan arxayın oldum. Bildim ki, o, digərlərini də razı salacaq. Ovcuma üç min tümən pul qoydu və gödəkcəsini çiynimə atdı ki, xəstələnməyim. Ondan ayrılanda sevinirdim; artıq məni də yola salan kimsə vardı. Avtobus yola düşəndə külək səsimi apardı: «Xudahafiz, dadaş!»
***
Həmin gün 1981-ci ilin noyabr ayı, ömür boyu unudulmayacaq günlərdən idi. Mən dostlarımın yanında oturmuşdum: Xəlil Təbrizi, Rəhim Dasyar, Məhəmmədbaqirxan Məhəmmədi, Cavad Fərzamian, Hüseyn Nuri və bizim kupemizə düşmüş bir kişi. Adı Yadullah Muradi idi. Az danışır və özündən bir söz demirdi. Nəhayət, öyrəndik ki, Sepahın Təbliğat bölməsində çalışır və indi minomyotçu-nişanlayıcı kimi cəbhəyə gedir. Onda Şəhid Mütəhhərinin Doğruların dastanı kitabı vardı. Muradi onun hekayələrini oxuyub danışır, biz də elə maraqla dinləyirdik ki, yolun uzunluğunu hiss etmədik. Biz beş nəfərin arasında yalnız Cavad Məhabad cəbhəsində vuruşmuşdu. O bizdən iki yaş böyük idi. Onunla tanış olduğumuz zamandan bizə həm dost olmuşdu, həm də müəllim. Dünənki sinif yoldaşlarım bugünkü qatar yoldaşlarım idilər və sabah səngər yoldaşlarım olacaqdılar.
Cənuba yola düşən iki batalyon adamdan neçəsinin mənim kimi ailəsindən ilk dəfə ayrıldığını bilmirdim. Bu batalyonlara Əli Təcəllayinin başçılıq edəcəyini eşidəndə çox sevindim. Məscidimizin uşaqları Süsəngird döyüşündən xatirələr söyləyəndə onun adını çox eşitmiş və görüb-tanımadan sevmişdim.
II
İlk xurma ağacını görəndə cənuba çatdığımızı bildim.
Bir gün öncə Tehranda bir neçə saatlığa dayanmışdıq. Biz günorta saat birdə oraya çatdıq və saat beşə qədər şəhərdə gəzmək imkanımız oldu. Uşaqlarla İnqilab meydanındakı kinoteatra getdik və bayıra çıxanda bir xanıma sataşan bir neçə nəfərlə dalaşdıq.
Qatar düz vaxtında yola düşdü. Yadullah Muradi qarşımda oturmuşdu. Onun geniş və aydın alnına baxırdım. Eynəyinin qalın şüşələri mehribanlığını gizlətmirdi. Əhvaza çatana qədər onunla yoldaşlıqdan bəhrələnmə imkanımız vardı.
Əhvazın dəmiryol vağzalında bir avtobusa mindik. Haraya getdiyimizi bilmirdik. Avtobus şəhərin prospektləri ilə irəliləyirdi. İlk dəfə Karun çayının səsini eşitdim, dəmir körpünü, dəniz quşlarını və həqiqi xurmaları gördüm.
Avtobus Çitsaz məscidinin önündə dayandı. Çayın səsi məscidin içinə də gəlirdi. Düşünürdüm ki, yəqin Karunun səsi Əhvazın hər yerində eşidilir. O səs tezliklə uşaqların səs-küyü arxasında itdi və yer problemi ortaya çıxdı. Özümüzə gəlincə uşaqların bir qismi, o cümlədən, Cavad Fərzamian və Yadullah Muradi Cəzairi məscidinə köçürüldülər. Döyüşçü olmaq istəyən dörd yeni yolçu elə ilk anlarda tək qaldı. Heç birimizin xüsusi təcrübəmiz yox idi. Lakin Əhvazın təbiəti bizə o qədər yeni idi ki, məscidə yerləşəndən sonra şəhərə çıxdıq və axşamüstü qayıtdıq.
Əhvazda qaldığımız 15 gündə hər gün səhər yeməyindən sonra şəhərə gəzməyə gedirdik. Əlbəttə, bu gəzintinin bədəli çox ağır oldu; iki həftədən sonra bütün beş min tüməni xərcləmişdim. Xəlil Təbrizinin, Məhəmmədbaqirxan Məhəmmədinin və Rəhim Dasyarın məndən də çox pulları vardı, amma onlarda da bir şey qalmamışdı. İnana bilmirdik ki, dövrəsi 20 tüməndən olmaqla Karun çayının kənarında hər gün bir neçə dövrə at sürmək, hər günorta restoranda xörək yemək, günəş eynəyi, çəfiyə və digər əşyalar almaq belə nəticələnəcək.
Cibimizin boşaldığına görə şəhərə getmədiyimiz ilk gün məsciddə necə tədbirlər keçirildiyini bildik. O vaxta qədər günorta namazlarını şəhərdəki məscidlərin birində qılır və özümüzü axşam namazına Çitsaz məscidinə çatdırırdıq. Axşam namazlarından sonra tədbir olanda qatılırdıq, olmayanda isə yorğanların arasına girib yatırdıq.
Çitsaz məscidi poçtun arxasında idi. Bizim də üzv olduğumuz Şəhid Qazi batalyonunun əksər döyüşçüləri o məsciddə yerləşmişdilər. Günboyu xüsusi proqramlar, təlim, etiqad dərsləri, dua mərasimi, məddahlıq və bəzən də batalyon komandirlərinin çıxışları olurdu.
Xəlil Növbəri1 məddahlıq edirdi və əzadarlıq Mahmud Nalbəndinin dəstəyilə qızışırdı.
Həmin tədbirdə tezliklə yeni dostlar tapdım. Onlar Cavad Fərzamianın və Yadullah Muradinin boş yerlərini doldurub biz naşılara tövsiyələr verirdilər. Çitsaz məscidində namaza hazırlaşdığımız ilk günorta bir nəfər mənə düzgün dəstəmaz qaydasını öyrətdi. O, bunu elə əxlaq və təvazökarlıqla edirdi ki, sanki mən onun səhvlərini başa salırdım.
– İstəyirsiz sizi gecə namazına oyadım?
Soruşan Cavad idi və biz sürəkli tapşırırdıq: «Mütləq! Yadından çıxmasın!»
Həmin gecə növbəti qrupu Cəzairi məscidinə apardılar. Cavaddan ayrı qalmamaq üçün dördümüz də sıraya qaçdıq. Cəzairi məscidi Nadiri dördyolunda yerləşirdi və Karun çayının səsi ora gəlmirdi.
Həmişə yataqda fikirləşirdim ki, gündəlik xatirələrimi yazaram, ancaq heç zaman bu işi görmədim.
***
– Qalx da.
– Nə?! Nə üçün? Gecə namazı?! Hə-hə...
Yuxulu idim. Zorla oyanıb tualetə getdim. Qaranlıqda çiynimlə bir neçə nəfərə toxundum. Yəqin onlar da gecə namazına oyanmışdılar. Düşünürdüm ki, Bəsic üzvü olmaq üçün gecə namazı qılmaq vacibdir; hətta Allahla danışmağa halın olmasa da.
Dəstəmaz alanda üşüdüm. Ehtiyatla gəlirdim ki, heç kimi tapdamayım. Yataqların çoxunun yığıldığını görəndə təəccübləndim. Məscidin divarlarının yanında kölgələr oturub-qalxırdı. Gözüm get-gedə qaranlığa alışmaq əvəzinə tədricən hər yeri qaranlıq görürdüm. Yuxu sərt hücuma keçmişdi. Bir tərəfdə dayandım.
– Allahu-Əkbər.
O dəqiqələrdə düşündüyüm ən mühüm şey bu idi ki, bu halda gecə namazı qılmaq da bir işdir. Birdən çiynimə bir əl dəydi: «Qiblə bu tərəfdədir».
Cavadın səsi idi. Başımı çevirəndə yuxum qaçdı. Onun sual dolu baxışından utandım.
Yaxşı ki, hər yer qaranlıq idi, arxası qibləyə namaz qıldığımı Cavaddan və Allahdan başqa heç kim görmədi.
***
Üç həftədən sonra Cəzairi məscidində yenidən yerdəyişmə oldu. Rəhimlə mən Şəhid Qazi batalyonuna, digər uşaqlar isə Şəhid Mədəni batalyonuna düşdülər. Yenə naşılıq edəcəyimdən qorxurdum, amma xoşbəxtlikdən, hər iki batalyonun yeri eyni idi: Əhvazın Cündi Şapur universitetinə1 köçmüşdük. Bina boş idi və universitetdən çox kazarmaya bənzəyirdi.
Cündi Şapur universiteti Nəcəf-əşrəf briqadasına verilmişdi. Təbrizin hələ öz briqadası olmadığına görə göndərdiyi döyüşçülər ya İsfahanın Nəcəf-əşrəf briqadasına qoşulurdular, ya da Kərbəla briqadasına. Nəcəf-əşrəf briqadasının komandiri Əhməd Kazimi, müavini isə Mehdi Bakiri2 idi. Mehdi Bakirinin azərbaycanlı olduğunu öyrənəndə onu görməyi arzuladım. Lakin ağa Mehdinin həmin günlərindən xatirə payı götürmək qismətimdə deyilmiş.
Universitetin meydançasında hər taqıma bir çadır quruldu. Bizim taqımımızın başçısı Yasir Zirək idi. Taqımın ən azyaşlı üzvü mən idim. Bölüyümüzün komandiri Mahmud Urəngi, batalyonumuzun komandiri də Davud Noşad idi. Rəhimin boy-buxunu kiçik olduğuna görə təchizat bölməsinə getdi, mənsə boy-buxunlu olduğuma görə pulemyotçu köməkçisi oldum. Səfər başlayandan ilk dəfə idi qəribə hiss keçirirdim. Çox həzz alırdım. İki batalyona cəmi iki pulemyot vermişdilər. Şəhid Qazi batalyonunun pulemyotu Səməd Xətibdə idi, mən də onun köməkçisi idim. Silahlananda pulemyot sursatı çantasını çiynimə atdım və yetərincə mövcud olan bir kalaşnikov avtomatı da götürdüm. Çanta mənə ağırlıq edirdi, lakin qəlbimdəki sevinc də çox yüngül deyildi. Cündi Şapur qarnizonundakı ikinci böyük sevincimin səbəbi xalam oğlu Davuddan gələn məktub idi. Oraya yerləşəndən sonra evə bir məktub yazmağı özümə borc bilmişdim. Lakin evdən elə çıxmışdım ki, nə yazacağımı bilmirdim. Düşündüm ki, Davuda məktub yazsam, mütləq evə xəbər verəcək. O, xalam oğlu idi və biz bir məhəllədə böyümüşdük. İndiki dostlarımla tanışlığıma da əslində, o, səbəb olmuşdu.
***
1977-ci ilin isti yay günlərindən biri idi. Məktəblər təzə tətilə çıxmışdı. Beşinci sinfi uğurla başa vurmuşdum və digər yaşıdlarım kimi mən də Şahabad küçələrində avaralanırdım. Ən böyük əyləncəmiz futbol idi. Bir dəfə oyunun qızğın yerində Davud yeni bir xəbərlə gəldi: «Mehdi, bilirsən, məsciddə Quran dərsi keçirlər».
Həmin gün böyük həvəslə Şərbətzadə məscidinin önündə dayanmışdım. Davudun özü gəlmədi, amma çoxlu uşaq gəlmişdi. Başımızı keçəl qırxdırdığımıza görə hamımız bir-birimizə bənzəyirdik. Onların arasında yalnız sinif yoldaşım Məhəmməd Məhəmmədpuru yaxşı tanıyırdım. Bir neçə dəqiqə gözlədikdən sonra məscidin qapısı açıldı, əlində kağız və qələm olan gənc bir oğlan bayıra çıxdı. Barmaqlar bir-bir yuxarı qalxdı və mən ilk dəfə oradakıların adlarını eşitməyə başladım: Mərğub Dadaşzadə, Dostəli Dadaşzadə, Mahmud Nalbəndi, Nadir Rzayi, Cəmşid Fəthipur, Hüseyn Lətifi, Həsən Abbaszadə, Hüseyn Abbaszadə, Cəlil Zarezadə, Məhərrəm Novruzpur, Rza Abbasnejad, Yəqub Pərvayi, Yəqub Təvana və s.
Quran dərsi elə həmin gündən başladı. Bir neçə gün ərzində uşaqlar ələndilər və qalmalı olanlar qaldılar. Hər gün məscidin divarındakı yazı lövhəsinin yanına yığışırdıq. Əvvəlcə Xoşkbari Azər ərəb əlifbasını və qiraət qaydalarını öyrədirdi, yarım saatdan sonra qardaş Lütfü gəlib Nəhcül-bəlağənin təfsiri və Quran oxunuşu dərslərini keçirdi.
Dərslərin başlanmasından təxminən 45 gün ötürdü. Bu dərslərin məhəllənin ruhanisi tərəfindən iki savadlı gəncə tapşırıldığını bilmirdik. Bir dəfə iki dərsin arasında uşaqların ikisinin səs-küyü qopdu. Nədənsə lövhə üzərində bir-birinin yazılarını pozurdular. Lütfü qardaş gəlib onları sakitləşdirdi. Bildik ki, uşaqların biri lövhənin üzərinə şahənşah tarixini yazırmış, o birisi isə onunla mübahisə edirmiş ki, gərək öz hicri-şəmsi tariximizi yazasan. Təqvimin hicri-şəmsidən şahənşah tarixinə dəyişməsi və hətta bizim Quran dərslərimiz düşündüyüm qədər əhəmiyyətsiz və adi deyilmiş.
Ertəsi gün məscidin qapısı həmişəki vaxtda açılmadı. Çox gözlədik, amma xəbər çıxmadı. Məscidin qoca xadimi bayıra çıxıb dedi: «Gedin evlərinizə, daha dərs olmayacaq!»
Sonra eşitdik ki, SAVAK-dan iki-üç nəfər gəlib «bu nə oyundur çıxarırsınız?! Məgər məscid belə işlər üçündür?!» – deyərək məscidin qapısını bağlayıb getmişdilər.
Quran dərsi tətil olundu, lakin bizim hamımız artıq yeni dostlar tapmışdıq. Dini mərasimlərdə iclaslar keçirirdik. İnqilabdan öncəki gecələrdə Məhərrəm Novruzpurun evi belə iclasların keçirildiyi və İmam Xomeyninin bəyanatlarının oxunduğu yer idi.
Altıncı sinifdə oxuyanda ərəb dili müəllimimiz olan qoca kişi banan və bitki yağı sözlərinə həssaslıq göstərirdi. Yalnız bir dəfə ondan şahla müxaliflik hiss olunan bir söz eşitdim. Əksər qədim adamlar kimi, o da bananı və bitki yağını mədəni-ideoloji ekspansiya elementlərindən sayırdı. Bir dəfə onu incitmək üçün bananın faydalarından danışmağa başladıq, o da narahatlıqla dedi: «Təəccüblənmirəm, sizin hamınız bu şahın çörəyini yemisiniz».
Həmin gün onun sözü bizi təəccübləndirdi, lakin bir neçə ay keçəndən sonra cəmiyyətdə baş verən hadisələrlə daha yaxından maraqlandıq və xoşbəxtlikdən, «niyə» və «nə etməli» kimi sualların cavablarını öyrənə bildik. İnqilabın qızğın çağında məscid uşaqları ilə birgə camaatdan yorğan, pambıq, dərman və digər ləvazimatlar toplamaq işinə baxırdıq. Hərdən fikirləşirdim ki, mən bütün bunları 1977-ci ilin yayında Quran sinfində öyrənmişəm.
***
Xalam oğlu Davudun ilk məktubunu alıb sevindim. Cündi Şapurda qaldığımız iyirmi gündə evə nadir hallarda darıxmışdım. Elə bir yerdə idim ki, özümü böyük və səmimi bir ailənin kiçik uşaqlarından biri kimi hiss edirdim.
Dostları ilə paylaş: |