SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə11/18
tarix24.05.2018
ölçüsü0,81 Mb.
#51364
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

On ikinci fəsil


Bir müddət sonra o evdən daşınıb Hünəristan prospektində başqa bir ev kirayələdik. Əşyalarımızı daşıyanda Məsumə xəstələndi. Yeni evdə qaldığımız ikinci gündə Məsumənin halı o qədər pisləşdi ki, xəstəxanaya aparmağa məcbur olduq. Səməd maşını satmışdı və maşınsız kiçik uşaqla ora-bura getmək çətin idi. Günortaya yaxın xəstəxanadan qayıtdıq. Səməd bizi küçənin başına çatdırdı və özü yenidən taksi tutub işinə döndü. Məsumə qucağımda idi. Xədicə çadramdan yapışıb zarıya-zarıya gəlir, onu qucağıma götürməyimi istəyirdi. Bir əlimlə Məsuməni və dərman kisələrini tutmuşdum, o biri əlimlə də Xədicəni çəkirdim. Çadramı da dişimlə möhkəm tutmuşdum. Çox əzabla evə çatdıq. Çətinlikə açarı çantamdan çıxarıb qapıya saldım. Qapı açılmırdı. Açarı yenidən fırlatdım. Kilid açılmışdı, amma qapı açılmırdı. Sanki qapını içəridən bağlamışdılar. Bir neçə dəfə qapını döydüm. Canıma qorxu düşdü. Qonşunun zəngini vurub məsələni danışdım. O qadın da qorxurdu. Xahiş etdim ki, uşaqları saxlasın və gedib Səmədə xəbər verim. Qonşular uşaqları aldılar. Küçənin başına qaçdım. Nə qədər gözlədimsə, taksi gəlmədi. Küçədən bir maşın da keçmirdi. O zaman Hünəristan prospekti şəhərin kənarı sayılırdı. Oradan Əbu Əli məqbərəsinə qədər çox yol vardı. Bütün yolu qaçdım. Məqbərədən Xacə Rəşid küçəsinə və komitəyə uzaq deyildi, ancaq daha bir addım da ata bilmirdim. Bir tərəfdən son bir neçə günün yorğunluğu, evin daşınması, gecənin yuxusuzluğu və Məsumənin xəstəliyi, bir tərəfdən də xəstəxanada oyan-buyana qaçmaq taqətimi çəkmişdi. Lakin getməli idim. Çarəsiz qalıb qaçmağa başladım. Komitənin önünə çatanda nəfəsim gəlmirdi. Qapıda dayanmış əsgərə dedim: “Mənim cənab İbrahimi ilə işim var. Deyin ki, yoldaşın gəlib”. Əsgər keşikçi otağına getdi. Telefonu götürüb yığdı və dedi: “Cənab İbrahimi, xanımınız qapıdadır və sizinlə işi var”.

Səməd elə ucadan danışırdı ki, səsini mən də eşidirdim. O deyirdi: “Mənim xanımım?! Səhv etmirsiniz?! Mən yoldaşımı və uşaqlarımı indicə evə qoymuşam”.

Otağa girib ucadan dedim: “Cənab İbrahimi, qapıya gəl, vacib bir iş çıxıb”.

Az sonra Səməd gəldi. Üzümü görən kimi salam vermədən dedi: “Nə olub? Uşaqlar yaxşıdırlar? Özün necəsən?”

Dedim: “Hamımız yaxşıyıq, bir şey olmayıb. Deyəsən, evə oğru girib. Gəl gedək. Qapı içəridən qıfıllanıb, açmaq olmur”.

Bir az arxayınlaşıb dedi: “İndi gəlirəm. Bir neçə dəqiqə gözlə”.

Getdi və az sonra bir əsgərlə qayıtdı. Əsgər yolun qırağında dayanmış peykan maşınını işə saldı. Səməd qabaqda oturdu, mən də arxada.

Maşın yola düşəndə Səməd dönüb soruşdu: “Uşaqları neylədin?”

Dedim: “Qonşudadırlar”.

Maşın sürətlə Hünəristan prospektinə çatdı. Küçəyə girib qapımızın önündə dayandı. Səməd maşından endi, açarı çıxarıb qapını açmaq istədi. Qapının açılmadığını görəndə divardan hoppandı. Əsgərə dedim: “Ağa, Allah xeyirini versin! Sən Allah, sən də get, birdən içəridə kimsə olar”.

Əsgər ayağını qapının dəstəyinə qoyub yuxarı dırmaşdı, oradan da həyətə hoppandı. Bir az sonra əsgər qapını açıb dedi: “İçəridə heç kəs yoxdur. Oğrular damdan gəlmiş və getmişlər”.

Evdə aləm bir-birinə dəymişdi. Düzdür, əşyaları hələ düzməmişdik, amma elə qarmaqarışıq deyildi. Paltarlarımız otağın ortasına tökülmüşdü, yorğan-döşəyin hərəsi bir tərəfdə idi, qablar mətbəxə səpələnmişdi. Mətbəxin yerində bir neçə sınmış boşqab və stəkan da vardı.

Səməd nigaran halda nə isə axtarırdı. Məni çağırıb dedi: “Qədəm, silah! Silahım yoxdur. Batdıq”.

Silahı özüm gizlətmişdim. Bilirdim ki, nə olmasa da, silahın yeri möhkəmdir. Təxminim düz idi. Silah yerində idi. Silahı gətirib verdim, rahat nəfəs aldı. Heç nə olmamış kimi soyuqqanlılıqla dedi: “Təkcə pulları aparıblar. Eybi yoxdur. Başınızın sədəqəsi!”

Bunu eşidən kimi ayaqlarımın taqəti çəkildi, yerə oturdum. Bir neçə həftə öncə satdığımız maşının pulunu Məsumənin quru süd qutusuna qoymuşdum. Oğru şkafdan qutunu aparmışdı. Sonra bir neçə qızılımı axtarmağa başladım. Qızıllar da yox idi. Səməd tez-tez deyirdi: “Eybi yoxdur, qəm eləmə, daha yaxşısını alaram. Bir qədər puldan və bir neçə qızıldan ötrü kədərlənməyə dəyməz. Əsas məsələ silah idi. Allaha şükür ki, yerindədir”.

Bir az sonra Səmədlə əsgər getdilər və mən tək qaldım. Uşaqları qonşudan gətirmişdim. Nə edirdimsə, əlim işə yatmırdı. Otağa və mətbəxə keçməyə qorxurdum. Düşünürdüm ki, şkafın və ya soyuducunun arxasında, yaxud pillləkənin altında və ya anbarda kimsə gizlənmiş olar. Həyətə bir xalça atıb uşaqlarla oturduq. Məsumənin halı pis idi, amma otağa girməyə cürət etmirdim.

Axşam Səməd gələndə biz hələ həyətdə idik. Səməd təəccübləndi. Dedim ki, öz əlimdə deyil, qorxuram.

Ev çox pis gözümdən düşmüşdü. Uşaqları qucağına götürüb otağa apardı. Mən də onun arxasınca getdim. Şam yeməyi hazırladım.

Səməd evi səliqəyə salmağa başladı. Ona dedim: “Boş yerə əşyaları düzmə, mən burada qalan deyiləm. Ya başqa bir ev tut, ya da Qayışa qayıdıram”.

Gülüb dedi: “Qədəm, uşaq oldun?!”

Dedim: “Sən səhərdən axşama qədər bayırdasan. Sabah, o biri gün də tapşırıq dalınca getsən, mən gecələr nə edərəm?!”

Dedi: “Ev sahibinin yanına gedib evi qaytarmağa üzüm gəlmir”.

Dedim ki, özüm gedərəm, sən yalnız razılaş.

Bir söz deməyib sakit durdu. Bilirdim ki, fikirləşir.

Ertəsi gün günorta gələndə üzü gülürdü. Dedi: “Gedib ev sahibi ilə danışdım. Sizin üçün bir ev görmüşəm, amma çox da tərifli deyil. Əgər səbirli olsan, daha yaxşı yer taparam”.

Dedim: “Necə olsa, qəbulumdur. Ancaq tez bu evdən gedək”.

Ertəsi gün yenidən daşındıq. Evimiz Çaparxana məhəlləsində təzə rənglənmiş böyük bir otaq idi. Əşyalarımız çox deyildi. Hamısını otağın kənarlarına düzdüm. Həmin gecənin sakit yuxusunu heç vaxt unutmaram. Səhər yuxudan duranda isə vəziyyət başqa cür oldu. Sanki hər şeyi açıq gözlə yenidən görürdüm. Həyətin o tərəfində bir neçə otaq vardı. Ev sahibi orada qoyun və inək saxlayırdı. Yun və peyinlərinin iyi otağı bürümüşdü. Milçək əlindən qalmaq olmurdu. Lakin buna baxmayaraq, dözməli idim. Etiraz etməyə üzüm gəlmədi.

Axşam Səməd gələndə özü hər şeyi başa düşdü. Dedi: “Qədəm, bura yaşamağa uyğun deyil. Gərək yaxşı bir yer axtarım. Uşaqlar xəstələnərlər. Bəlkə məcbur qalıb bir müddət tapşırıq dalınca getdim. Ölkənin vəziyyəti yaxşı deyil. Gərək əvvəlcə sizdən arxayın olum”.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin