SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə12/18
tarix24.05.2018
ölçüsü0,81 Mb.
#51364
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

On üçüncü fəsil


Səməd bir neçə dostuna tapşırmışdı ki, bizə yaxşı ev tapsınlar. Özü də maraqlanırdı. O deyirdi: “Gərək sizə yaxşı və rahat ev kirayələyim ki, həm çörəkçiyə və bazara yaxın olsun, həm də ev sahibi yaxşı adam olsun və mən olmayanda kömək etsin”.

Mən də əşyalarımızı yenidən toplayıb evin bir tərəfinə yığdım.

Bir neçə gündən sonra Səməd sevincək gəlib dedi: “Nəhayət, tapdım. Mömin və mehriban bir sahibi olan rahat ev tapmışam. Sizə mübarək olsun!”

Təəccüblə dedim: “Bizə mübarək olsun?!”

Fikrə getdi. Nəsə xatırlayandan sonra dedi: “Mən bugün-sabah sərhədə gedəcəyəm. Müharibə başlayıb. İraq İrana hücum edib”.

Bu sözü çox ciddiyə almadım. Sevincək evə baxmağa getdik. Ev şəhərin kənarında, neft anbarının arxasında idi. Məhəlləsi yaxşı deyildi, amma ev yaxşı idi. Divarları yeni rənglənmişdi, çoxlu pəncərələri vardı. Ümumilikdə qabaqkı evdən fərqli olaraq, ürəkaçan ev idi. Səməd doğru deyirdi, aşağı mərtəbədə yaşayan ev sahibi yaxşı və mehriban insan idi. Həmin gün güzgünü və Quranı taxçaya qoyduq, ertəsi gün daşındıq.

Əvvəlcə şüşələri sildim, təkbaşına palazları sərdim. Yalnız bircə altımetrlik xalçamız vardı, Hacı ağam hədiyyə vermişdi. Xalçanı otağa sərdim, söykənəcəkləri divarın qırağından düzdüm. Ev üzümə güldü. İlk bir neçə gündə işim əşyaların tozunu almaq, süpürmək və yerinə düzmək idi. Yerə bir tük düşən kimi əyilib götürürdüm. Qəşəng ev idi. İki otağı vardı. Elə əvvəldən birini bağlayıb qonaq otağı etdim. Bundan əlavə, mətbəx, tualet və hamamı vardı. Bu, Həmədanda kirayələdiyimiz ən gözəl ev idi.

Axşamüstü Səməd gəldi. Ayağının altına çarpayı qoydu və mən özümə gəlincə qara yapışqan lentlə bütün şüşələrin üzərinə vurma əlaməti çəkdi. Barmaqlarının izi şüşədə qaldı. Etiraz edib dedim: “Nə üçün şüşələri bu hala saldın? Heyf zəhmətimdən! Bir gün ancaq şüşələri silmişdim”.

Dedi: “Müharibə başlayıb, İraq sərhəd şəhərləri bombalayır. Bunları yapışdırdım ki, bombalayan zaman şüşələr sınsa, qırıqları üzünüzə tökülməsin”.

Başqa yol yox idi. Şüşələri bu şəkildə də qəbul etdim. Hərçənd bununla sanki qəlbimə qara pərdə çəkildi.

Səməd gedib-gəlir və pis xəbərlər gətirirdi. Bir gecə qonşuya gedib bizi ona tapşırdı. Ertəsi gün də çoxlu noxud, lobya, ət və düyü aldı.

Dedim ki, niyə bu qədər almısan?

Dedi: “Sabah Xürrəmşəhrə gedirəm. Bəlkə bir müddət gələ bilmədim. Bəlkə də heç vaxt qayıtmadım”.

Boğazımı qəhər tutdu. Mənə bir qədər pul verdi, naharını yedi, uşaqları öpüb çantasını götürdü və sağollaşıb getdi.

O qədər ürəkaçan və gözəl ev birdən-birə darıxdırıcı və mənasız oldu. Nə edəcəyimi bilmirdim. Uşaqlar nahar yeməklərini yeyib yatmışdılar. Bir neçə yuyulmamış paltarım vardı. Onları yumaq bəhanəsilə hamama getdim və paltar yuya-yuya ağladım.

Bir az sonra səs gəldi. Əllərimi yuyub qapını açdım. Ev sahibinin yoldaşı idi. Yəqin narahat olduğumu bilirdi. Bir yolla dərdimi bölüşmək istəyirdi. Dedi: “Talonla stəkan verirlər. Gəl gedək alaq”.

Hövsələm yox idi. Uşaqların yatdığını bəhanə etdim. Ev avadanlığı və qab-qaşıq almağı çox sevirdim, lakin birdən-birə hər şeydən acığım gəlmişdi. Öz-özümə dedim: “Müharibədir. Həyat yoldaşım müharibəyə gedib. Məni və ailəmi nə gözlədiyini bilmirəm. Bunlar isə necə rahatdırlar”. Qadın dedi: “İstəyirsən uşaqlar oyananda gəlim gedək”.

Dedim ki, yox, siz gedin, mən əziyyət verməyim. Həmin gün getmədim. Sonrakı həftə özüm tək gedib həvəslə stəkanları alıb gətirdim və kamoda düzüb çox həzz aldım. Şəhərin ab-havası dəyişmişdi. Gecələr sakitlik olurdu. Radiodan sarı, qırmızı və ağ vəziyyət siqnalları yayımlanırdı, hər birinin mənasının nə olduğunu və siqnal verildikdə əhalinin nə etməli olduğunu öyrədirdi. Bir neçə dəfə doğrudan da vəziyyət qırmızı oldu, işıqlar söndü, lakin bir hadisə baş vermədən vəziyyət ağ oldu və işıqlar yandı.

Əvvəllər camaat qorxurdu, amma hər şey kimi get-gedə qırmızı vəziyyət də adiləşdi.

Səməd 45 gün idi getmişdi. Onsuz həyat çətin keçirdi. Bir neçə dəfə qərara gəldim ki, uşaqları götürüb Qayışa gedim. Lakin Səməd qayıdanda bizi görməyib narahat olacağını düşünüb qərarımı dəyişdirdim. Hər gün qulağım səsdə idi ki, zəng çalınsın və Səməd gəlsin. Bu intizar o qədər uzandı və çətinləşdi ki, bir gün uşaqları götürüb soruşa-soruşa Sepaha yollandım, çox əzab-əziyyətdən sonra ondan xəbər öyrənə bildim. Dedilər: “Xəbərsiz deyilik. Allaha şükür olsun ki, halı yaxşıdır”. Bu bir-iki cümləni eşidəndən sonra özümə gəldim. Günorta çağı yorğun və ac halda evə qayıtdıq. Xədicənin kiçik incə ayaqları ağrıyırdı, Məsumə də acmışdı. Əvvəlcə Məsumə ilə maraqlandım, altını dəyişdim, südünü verib yatızdırdım. Sonra növbə Xədicəyə çatdı. Ayaqlarını isti su ilə yudum. Yeməyini verib onu da yatızdırdım. Uşaqlar o qədər yorulmuşdular ki, axaşamüstünə qədər yatdılar.

Həmin gecə rahat yatmaq əvəzinə, pis və qorxulu yuxular gördüm. Yuxuda gördüm ki, Səməd Məsuməni və Xədicəni qucağına götürüb Bərəhut çölündə qaçır. Bir neçə əlisilahlı onu qatırlar və uşaqları zorla almaq istəyirlər. Birdən yuxudan ayıldım. Ürəyim bərk döyünürdü, alnımda soyuq tər vardı. Ayağa qalxıb bir stəkan su içdim və yenidən yatdım. Qəribə idi ki, yenidən həmin yuxunu gördüm. Qorxudan yuxudan diksindim. Yenidən yuxuya gedəndə yenə də həmin yuxunu gördüm. Axırıncı dəfə yuxudan ayılanda qərara gəldim ki, daha yatmayım. Öz-özümə dedim ki, yatmamaq qorxulu yuxular görməkdən yaxşıdır.

Bu dəfə bayırdakı səs-küy məni qorxutdu. Pilləkəndən səs gəlirdi. Sanki kimsə pillələrin üstündə idi və yuxarıya çıxmaq istəyirdi, amma ikinci mərtəbəyə çatmırdı. Qapını kilidləmişdim. Pəncərədən şübhəli kölgələr görürdüm; böyük üzləri və qara əlləri olan adamlar. Məsumə və Xədicə səssiz-səmirsiz iki tərəfimə yapışmışdılar. Barmaqlarımla qulaqlarımı tutub ədyalın altına sürüşdüm. Nə edirdimsə, məni yuxu tutmurdu. Nə qədər ötdüyünü bilmirəm. Amma birdən bir nəfər ədyalı üstümdən çəkdi. Başımın üstə bir kölgə dayanmışdı. Qara bığ-saqqalı vardı. İşıq yananda gördüm ki, Səməddir. Əlimi ürəyimin başına qoyub dedim: “Qorxdum. Niyə qapını döymədin?”

Gülüb dedi: “Gözüm aydın, indi də məndən qorxursan?!”

Dedim: “Barı bir öskürəydin. Bağrım yarıldı”.

Dedi: “Xanım, qapını döydüm, eşitmədin. Qapının kilidini açdım, eşitmədin. İçəri girib səni çağırdım, cavab vermədin. Nə edim?! Özün üçün rahatca yatmısan”.

Uşaqların yanına getdi. Əyilib onları doyunca öpdü.

Axşamdan pis yuxular gördüyümü, qorxumdan qulaqlarımı tutub səsini eşitmədiyimi demədim.

Soruşdu ki, su istidir? Ayağa qalxıb dedim: “Gecənin bu vaxtı?!”

Dedi: “Toz-torpağın içindəyəm. Bir aydır yuyunmuram”.

Mətbəxə keçib su qızdırıcını yandırdım. Arxamca gəlib iraqlıların Xürrəmşəhrə girdiyini danışmağa başladı: “Xürrəmşəhr işğal olunub, çoxlu şəhid vermişik. Abadan mühasirədədir və hər gün bombalanır”. Həmçinin Bəni-Sədrin bacarıqsızlığından və silah-sursat çatışmazlığından danışdı.

Soruşdum ki, şam yemisən?

Dedi ki, yox, amma iştahım yoxdur.

Nahar yeməyindən bir az qalmışdı. Qızdırıb süfrə sərdim. Bir qədər qatıq, turşu və ev sahibinin gətirdiyi göyərtini süfrəyə qoyub yeməyi çəkdim. Bir-iki qaşıq yeyən kimi gözləri qızardı. Soruşdum ki, istidir?

Başı ilə işarə etdi ki, yox. Lakin qaşığı kasanın içinə qoyub ağlamağa başladı. Narahat halda soruşdum: “Nə olub, bir hadisə baş verib?”

Səmədin belə ağlamasına inanmazdım. Üzünü əlləri ilə tutub hıçqıra-hıçqıra ağlayırdı.

Dedim ki, yarıcan oldum, de görüm nə olub?

Dedi: “Bu yemək boğazımdan necə keçsin?! Uşaqlar sərhəddə acdırlar. Allahdan xəbərsiz Bəəs muzdurlarının top və tank atəşləri altında qalmışlar. Vuruşmağa silahları da yoxdur. Nə yeməyə bir şeyləri var, nə yatmağa yerləri. Yazıqların vəziyyəti pisdir”.

Əlini tutub özümə yaxınlaşdırdım. Dedim: “Özün deyirsən ki, hər halda, müharibədir, çarə yoxdur. Sənin ağlamağınla və yemək yeməməyinlə nə onlar doyacaq, nə də iş düzələcək. Gəl xörəyini ye”. Çox israr edəndən sonra yenidən yeməyə başladı. Ona başqa şeylərdən danışıb fikrini yayındırmağa çalışdım. Xədicənin şirinliyindən, Məsumənin diş çıxarmasından və bu müddətdə baş verən digər məsələlərdən danışdım. Yavaş-yavaş iştahı açıldı, turşu və qatıqdan tutmuş çörəyə və göyərtiyə qədər hər şeyi yedi.

Gülərək dedim: “Həqiqətən də müharibədən qayıtmısan”.

Ürəkdən gülüb dedi: “Bir aydır düz-əməlli yemək yeməmişəm desəm, inanarsan?! Öz canın haqqı, son bir neçə günü ancaq bir tikə çörək və bir neçə peçenye ilə keçinmişəm”. Süfrəni yığmaq üçün əyiləndə alnımı öpdü. Başımı aşağı saldım.

Dedi: “Çox dadlı idi. Əllərinə sağlıq!”

Gülüb dedim: “Nuşi-can! Çox da tərifli deyildi, sən çox ac idin”.

Ayağa qalxıb hamama getmək istəyəndə onu yaxşı gördüm. Çox arıqlamışdı. Beli bükülmüş kimi nəzərə çarpırdı. Saçı qarışmışdı və toz-torpağın içində idi, çiyinləri qurumuşdu. Öz-özümə dedim: “İlahi! Yəni bu mənim yoldaşımdır?! Bu, Səməddir?! Müharibə onun başına nə oyun açıb!”

Orada dua etdim ki, İlahi, müharibəni heç kimin evinə gətirmə.

Bir az sonra eşidilən yeganə səs hamamdakı suyun şırıltısı idi. Mətbəxin işığını söndürdüm. Gecənin yarısı olsa da, ev əvvəlki kimi işıqlı, isti və ürəkaçan olmuşdu, qapı və divarlar yenidən üzümə gülürdü.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin