Səni kim unudar (Mikayıl Müşfiq 110 illiyi)



Yüklə 26,45 Kb.
səhifə2/2
tarix10.01.2022
ölçüsü26,45 Kb.
#107925
1   2
Həyat və yaradıcılığı

Mikayıl Müşfiq əslən Xızının Sayadlı kəndindəndir. O, sazlı-sözlü bir ocaqda dünyaya gəlib, ulu babası Aşıq Əliqulu (1762-1826) Xızı-Bərmək mahalının sayılıb-seçilən, sevilən sənətkarlarından olub. Müşfiqin dayısı oğlu, tanınmış ictimai və dövlət xadimi Əlihüseyn Dağlı (1898-1981) “Ozan Qaravəli” adlı əsərində Aşıq Əliquludan söhbət açır, onun haqqında geniş məlumat verir. Ə.Dağlı mənbədə aşığın olduqca qiymətli iki şeirini təqdim edir.

Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə 1908-ci ilin iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası Əbdülqədir dövrünün qabaqcıl ziyalılarından idi. O, Bakıda “Səadət” adlı məktəbdə müəllimlik etmiş, “Vüsaqi” təxəllüsü ilə şeirlər yazmışdır.

Müşfiqin atası Mirzə Əbdülqadir İsmayıl oğlu İsmayılzadə (1865-1914) də tanınmış şair, müəllim idi. O, şeirlərini, əsasən Visaqi, bəzən isə Nai və Qubad təxəllüsləri ilə də yazmışdır. Mirzə Əbdülqadir Visaqi “Əli xan” (natamam), “Yusif və Züleyxa” (natamam), “Seyfmülk” və “Şah İsmayıl” operalarının librettosunun müəllifidir.

Mikayıl uşaq ikən ata-anasını itirir, onun nənəsi Qızqayıt tərbiyə edir. 1915-ci ildə rus-Azərbaycan məktəbinə daxil olur. 1920-ci ildə məktəbi bitirir, əvvəlcə Bakı darülmüəlliminində, sonra 12 saylı ikidərəcəli məktəbdə oxuyur. 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil ədəbiyyat şöbəsini bitirir, Bakı məktəblərində 7-ilə kimi müəllimlik edir. Son iş yeri indi onun adını daşıyan 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur.

Ədəbi fəaliyyətə hələ məktəb yaşlarından başlamış, Müşfiq sözünü də təxəllüs götürmüşdür. 1926-cı ildə “Bu gün” adlı ilk şeirini yazmış və tanınmış şairlərdən birinə çevrilmişdir. 1930-cu ildə “Küləklər” adlı ilk kitabı çap olunmuşdur. 1930-1935-ci illərdə on kitabı çap olunur, bu da şairin zəhmətsevərliyinin nümunəsidir.

Vətəndaş şairidi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Milli musiqi alətlərimizdən olan tarın tədris olunması qadağan ediləndə Müşfiq məşhur tar şeirini xalqına bəxş etdi, tarın şöhrətini daha da artırdı. Şair musiqi alətlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edirdi.

Müşfiq yaradıcılığında tar alətinə geniş yer ayırıb. Ümumiyyətlə, tardan söhbət açarkən hər zaman nakam şairimiz Mikayıl Müşfiq yada düşür. Deyildiyi kimi, Müşfiq yaradıcılığında 20 müxtəlif çalğı alətinin adına rast gəlmək olar. O, əsərlərində rübab, kamança, saz, ney, nay, qaval (nəfəs aləti, neyin bir növü), zurna, qaval (xanəndələrin istifadə etdikləri bir üzlü zərb aləti), balaban, düdük, tütək, tar, nağara, dəf, çan, zəng, şeypur, boru, ağız qopuzu, baraban kimi alətləri dönə-dönə vəsf edib.

Müşfiq poeziyası romantik xislətlidir. Romantika Müşfiq poeziyasının ayrılmaz tərkib hissəsidir. Özünü dərk edən, mühitin hadisələrindən, həyatın gedişindən baş çıxaran, yaratdığını sevərək yaradan insan Müşfiqin idealı idi. Əməyi sevmək, onu həmişə əziz tutmaq varlığını duyan insanın əzəli, əbədi, nəcib simasıdır. Şairə görə hər şeyin anası, qaynağı olan torpağı da hər addımda dəyişdirən insan əməyi, əməlləridir. Sevinmək, ürəkdən gələn təbəssüm Müşfiqin tərənnüm etdiyi insanın xoşa gələn cəhətlərindəndir.

Müşfiq yaradıcılığında poemaları da mühüm yer tutur. 1932-ci ildən sonra lirik şeirlərlə yanaşı epik əsərlər də yazmışdır. “Buruqlar arasında”, “Çoban”, “Əfşan”, “Dağlar faciəsi”, “Mənim dostum”, “Şölə”, “Səhər”, “Qaya”, “Sındırılan saz”, “Azadlıq dastanı” kimi poemalarını yazmışdır. Bu əsərlər şairin ustad olduğunu, püxtələşdiyini göstərir.

Şair insanın böyüklüyünü, maarif, müəllim nüfuzu, uşaqların məktəbə cəlb olunması, gənclərin düzgün tərbiyə olunması, Vətən və onun tanınmasında, yüksəlməsində iz qoyan şəxsiyyətlərin ucalığı, vətəndaşlığı, sənət və sənətkar, həyat eşqi haqqında yazmış, tutarlı poetik sözünü demişdir.

Ədəbiyyatın, sənətin bitib-tükənməyən, əzəli və əbədi mövzusunda sənətkarların bütün zamanlarda dönə-dönə müraciət etdikləri bəşəri mövzuda-məhəbbət mövzusunda Müşfiq də yazıb-yaratmışdır.

Müşfiq şeirinin müvəffəqiyyətini təmin edən cəhətlərdən biri də müəllifin yerində işlətdiyi poetik formadır. Şair istər şifahi xalq şeirini, istərsə də klassik şeirin poetik formalarına həssaslıqla yanaşmış, bunların çoxunu-qoşma, gəraylı, bayatı, oxşama, mürəbbe, müsəddəs, tərkibənd, təcibəndi poeziyasında işlətmişdir.

Müşfiq aşıq ədəbiyyatını da çox sevərmiş, həm də yaxşı bilirmiş. Aşıq Ələsgər, Valeh, Qurban onun sevə-sevə oxuduğu aşıqlardan idi. Müşfiq doğma poeziyamızda ilkin olaraq klassik rübai formasında yeni, ictimai məzmunun, vətəndaşlıq hissinin ifadəçisi kimi çıxış etmiş, lirika ilə fəlsəfəni zamanın ruhu ilə qovuşdurmuşdur. Uşaqlar üçün lirik şeirlər, poemalar, mənzum nağıllar yazıb-yaratmışdır. Bu əsərlərdə o, uşaqların yaş xüsusiyyətlərini nəzərə almış, təsvir etdiyi hadisələri, axıcı, sadə bir dildə ifadə etmişdir.

Şair uşaqları çox sevirdi. Həqiqi bir müəllim, həqiqi bir vətənpərvər kimi sevirdi. Onların xoşbəxt yaşamalarını ürəkdən arzu edirdi. Elə buna görə də uşaqlar üçün yazmağı həmişə özünə vətəndaşlıq borcu bilir, onlar üçün də yazıb yaradırdı.

Uşaq ədəbiyyatı oxucularını, adətən 4 qrupa bölürlər: məktəb yaşı çatmamış uşaqlar, kiçikyaşlı uşaqlar, orta yaşlı uşaqlar və böyük yaşlı uşaqlar. Aydındır ki, bu bölgünün hər birisinə aid olan əsərlər öz məzmunu, səviyyəsi və bədii dili etibarilə digər bölgüyə məxsus yazılan əsərlərdən fərqlənir. Bu isə sənətkardan böyük həssaslıq, uşaq dünyasına yaxından bələd olmaq, uşaq psixologiyasını incəliklərinə qədər duymaq və s. kimi keyfiyyətlər tələb edir.

Müşfiqin uşaqlar üçün yazdığı əsərləri gözdən keçirdikdə onun yuxarıda qeyd edilən bütün oxucu qrupları üçün əsərlər yazdığını görürük. Belə ki, “Şəngül, Şüngül, Məngül” mənzum nağılını birinci qrupa, “Kəndli və ilan” mənzum nağılını ikinci qrupa, “Vuruşmalar” poemasını, “Coğrafiya”, “Bir may”, “Pambıq”, “Zəhra üçün”, “Məktəbli şərqisi”, “Pioner sarayı” şeirlərini üçüncü qrupa, “Qaya” poemasını dördüncü qrupa aid etmək olar.

Qüdrətli sənətkar tərcümə sahəsində də müntəzəm fəaliyyət göstərmişdir. 1930-1937-ci illərdə 5 kitab tərcümə etmişdir. Bunlar Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə), Y.Çarensin “Şeirlər” kitabını, T.Şevçenkonun “Kobzar” (Ə.Cavadla birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza”, M.F.Axundovun A.S.Puşkinin ölümünə görə yazdığı “Şərq poeması” kitablarıdır. Eyni zamanda həmin illərdə rus şairlərindən tərcümələr edib qəzet və jurnallarda nəşr etdirirdi. Şairin bədii tərcümə irsimizə verdiyi hədiyyələr indi də öz keyfiyyətini saxlayır.

Müşfiqin müasirlərindən, qələm yoldaşlarından kimi danışdırsanız onun bir insan kimi, bir şair kimi məziyyətlərini sayarkən zəngin hafizəsindən də mütləq söhbət açacaqdır. “Müşfiqin çox güclü hafizəsi vardı, şeir hafizəsi, həyatda, məişətdə isə çox laübalı idi, dünən yediyi bu gün yaddan çıxardı. Marşakın “Huşsuza bax, huşsuza” şeirini tərcümə edəndə o gülə-gülə deyirdi: “şair lap mənim obrazımı yaradıb”. Ancaq şeirə gəldikdə, onun hafizəsi bir ümman idi. Nəinki təkcə öz şeirlərini, bütün klassik şeirimizi əzbərdən bilirdi. Bu cür hafizə, bu qədər böyük fitri istedad çox nadir təsadüf edilən hadisədir”.

Bəli, şair müasirlərinin xatirində öz güclü hafizəsi ilə, Müşfiq hafizəsi ilə belə qalmışdır.

Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu tar”, “Küləklər”, “Duyğu yarpaqları”, “Həyat sevgisi” şeirlərinə bəstəkarlar musiqi bəstələmiş, həmin mahnılar bu gün də Azərbaycan musiqi xəzinəsinin inciləri sırasındadır.

1938-ci il yanvar ayının 6-da həyatının, yaradıcılığının çiçəkləndiyi bir zamanda, incə və gözəl duyğuları tərənnüm edən, vətənini, millətini canından çox sevən şair cəza tədbirləri dövründə “xalq düşməni” damğasıyla güllələnmişdir.

Böyük fitri istedad, coşğun ilham, böyük səmimiyyət, poeziyaya bütün varlığı ilə vurğun bir şəxsiyyət...

Onun yaşayıb yaratdığı illərdə, xüsusən 1930-1937-ci illərdə elə bir oxucu tapmaq olmazdı ki, bu çoşqun təbiətli, nadir istedadlı şairdən bəzi parçaları əzbər bilməmiş olsun. Bu günümüzdə də belədir.

Müşfiq səmimi insan, vətəndaş və dahi şair idi. Ona görə də xalqımız onun xatirəsini əziz tutmuş, adını əbədiləşdirmişdir. Bakıda, Gəncədə küçə və meydana, oxuduğu orta məktəbə, Binə qəsəbəsindəki kütləvi kitabxanaya, Keşlə qəsəbəsindəki xalq teatrına Müşfiqin adı verilmişdir. Yaşadığı binanın qarşısında xatirə lövhəsi vurulmuş, büstü qoyulmuş, Xızıda ev muzeyi yaradılmışdır. Şairin 60 illik yubileyi ərəfəsində gənc heykəltaraş Tamella Seyidova heykəlini yaratmışdır. 1956-cı ildən sonra şairin müxtəlif illərdə kitabları nəşr olunmuşdur.

Azərbaycan poeziyasını Müşfiqsiz təsəvvür etmək mümkün deyil. Müşfiq milli poeziyamızda xarüqələr yaradan bir sənətkar olmuşdur. Müşfiq cismən aramızda yoxdur, ancaq poeziyası ilə xalqın qəlbində yaşayır və yaşayacaqdır.

Şair Qərb şeirinin poetik forması olan sonetə də biganə qalmamış, sonetlər yazmış, bu sahəyə böyük əhəmiyyət vermişdir. “Ulduzlar”, “Gözəllik”, “Çağlayan” şeirləri bu formada yazılmışdır.

Yeni poetik forma yaratmaq hər şairə nəsib olmur. Müşfiq bu cəhətdən də seçilən şairlərimizdəndir. Yeni forma yaradaraq “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” əsərlərini yaratmışdır. Şeirdə 15 misralıq bənd yaratmışdır.

Şairin poeziyası vəzn cəhətdən də maraqlıdır. Əruz vəznində, heca vəzninin bütün bölgülərində, sərbəst vəzndə şeirlər yazmışdır. “Tar”, “Zəfər səsləri”, “Gecə çeşməsi” şeirləri nə heca, nə də sərbəst vəzndə deyil. Bu heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir. Bu Müşfiq vəznidir, Müşfiq ucalığıdır. Bu vəznin poeziya tariximizdə yeganə nümunələrini Müşfiq yaratmışdır.

Azərbaycan şeirinin vəznlərindən danışarkən heca, əruz, sərbəst vəzn istilahları ilə yanaşı Müşfiq vəzn istilahını da işlətmək lazımdır.

Müşfiq poeziyasında aforistik ifadələr kimi səslənən elə sanballı, mənalı misralar, beytlər var ki, bunların daşıdığı poetik fikir oxucular tərəfindən razılıq hissilə qarşılanır. Belə aforistik misralarda bədii sözün qüdrəti, kəsəri, təsiri daha aydın görünür. Müşfiq bir sənətkar olaraq daim öz sənətini inkişaf etdirmək üçün çırpınmış, poetik duyğularının, böyük arzularının ifadəsi üçün münasib, uyğun təsvir vasitələri tapmağa çalışmış, yeni formalar axtarmış, yaratmışdır.

Şair qısa bir ömür yaşasa da məhsuldar yaradıcılıq yolu keçmişdir. Müşfiq poeziyası rəngarəng poetik formalar, zəngin bədii təsvir vasitələri cəhətdən fərqlənir, bu da onun şeirinə başqalarından seçilmək, özünəməxsusluq, müşfiqanəlik gətirir. Canı, qanı, müasirlik, xəlqilik, humanizm olan bu poeziya ictimai məzmunu, mənası, fəlsəfi tutumu, bədii sənətkarlıq xüsusiyyətlərilə Azərbaycan poeziyasının nailiyyətləri sırasında fəxri yerlərdən birini tutur.

Şairin irsi zəngindir. Bu irsin tədrisi sahəsində Azərbaycan Dövlət Universitetinin professoru Gülhüseyn Hüseynoğlunun xidmətləri əvəzsizdir. Hüseynoğlu universitetdə Müasir Azərbaycan ədəbiyyatı kafedrasının yaradılmasında, inkişafında böyük rolu olmuş alimlərimizdəndir. Alim Mikayıl Müşfiq mövzusunda yüksək elmi–nəzəri səviyyədə kurs hazırlamışdır. Bu kurs hər zaman universitet auditoriyalarında tədris olunur. Müşfiqin həyatı, poeziyası, mühiti müasir ədəbi prosesə təsiri barədə Hüseynoğlunun mühazirə və seminarları ilə nəinki tələbələr, hətta müəllim və alimlərimiz də maraqlanırlar. Alim elmi dəlillərlə, zəngin dəqiqliyilə onu dinləyənlərə Müşfiq irsinin mahiyyətini, məğzini çatdırır, dahi Müşfiqə əsl məhəbbət oyadır, onu sevdirir.

Müşfiqin sözlərinə ilk vokal əsərini görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, xalq artisti Süleyman Ələsgərov bəstələmişdir. Bəstəkarın həyat və yaradıcılığına həsr edilən, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin 1991-ci il istehsalı olan “Bəstəkar Süleyman Ələsgərov” filmində müəllif deyir: “Bu romans M.Müşfiqin sözlərinə 1956-cı ildə yazılmışdır. M.Müşfiq bəraət alandan sonra radioda ilk verilişdə qocaman diktorumuz Fatma Cabbarova “Küsmərəm” şeirini söylədi. Şeir mənim çox xoşuma gəldi. Ertəsi gün Radio Verilişləri Kimotəsinə getdim, həmin şeiri ondan aldım. Elə həmin günü də musiqi bəstələdim. “Küsmərəm” romansı belə yarandı.”

Beləliklə, Süleyman Ələsgərov Müşfiqin yaradıcılıq dəryasına baş vurmuş ilk bəstəkar oldu. Necə deyərlər, əli yüngül imiş. Daha sonra onlarla peşəkar bəstəkar və həvəskar melomanlar Müşfiqin söz aləminə müraciət edib, bir-birindən gözəl sənət nümunələri yaratmışlar.

Lakin radio üçün ilk lentə alınan mahnı “Qurban olduğum” adlanır. Musiqisi Əşrəf Abbasova aid edilən bu mahnı 25 may 1959-cu ildə (1654 saylı qeydiyyat kartı) Azərbaycan radiosu üçün lentə alınıb. Mahnı fortepianoda Gülər Rzayevanın (1934-2009) müşayiəti ilə ilk dəfə xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənmişdir.

Mikayıl Müşfiq bütün çalğı alətlərini sevirdi. Maraqlıdır ki, Müşfiqin şeirlərində başqa şairlərimizin yaradıcılığında rast gəlinməyən idiofonlu alət olan ağız qopuzu ilə də bağlı maraqlı məqamlar vardır. Həmçinin nakam şair neyin növlərindən biri-nəfəslə səsləndirilən qavalı da şeirlərində vəsf edir. Bu alətin də adına ədəbi mənbələrimizdə, demək olar ki, rast gəlinmir. Bu baxımdan Müşfiq yaradıcılığında çalğı alətlərini izlədikdə maraqlı məqamlar ortaya çıxır.

Müşfiqin mənəvi aləmi şeir idi. O, şeirlə yaşayır, şeirlə nəfəs alırdı. Həyata, insanlara, hər şeyə şeirin gözü ilə baxırdı. Müşfiq az yaşadı, qısa sürən həyatında bir şair kimi xalqına sədaqətlə xidmət etdi.

Belə bir sənətkarın yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Bu işdə kitabxanalarda keçrilən tədbirlərin rolu böyükdür.

Keçirilən maraqlı tədbirlərdən biri icmallardır. Müşfiqin “Seçilmiş əsərləri”nin icmalının keçirilməsi oxucular üçün maraqlı olur.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 20 yanvar 2004-cü il sərəncamı ilə M.Müşfiqin “Seçilmiş əsərləri” “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdur.

Müşfiqin əsərlərilə oxucuları tanış etmək üçün kitab sərgisinin təşkili də maraqlı olur. Sərgidə şairin şəkili, kitabları, onun haqqında olan kitablar və qəzet-jurnal materialları əks olunur. Sərgiyə aşağıdakı başlıqları vermək olur: “Nakam şair”, “Romantik şair”, “Səni kim unudar”, “Ölməz şairimiz”, “Lirika ustası” və s.

Dahi şairi oxuculara tanıtmaq üçün sual-cavab gecələri də təşkil etmək olar. Orta və ali məktəblərdə dahi şairin həyat və yaradıcılığı tədris olunur. Gənc nəslin şair haqqında biliklərini yoxlamaq üçün test tərtib edilməsi də məqsədəuyğundur. Şair haqqında ədəbi-bədii gecə keçirilməsi də oxucuların marağına səbəb olur.

Tədbirlər sırasında görüşlərin keçirilməsi də məqsədəuyğun sayılır. Belə görüşlərə şairlərin, yazıçıların, ədəbiyyatşünasların dəvət edilməsi tədbirin daha maraqlı keçməsinə səbəb olur.

Həyata bağlılıq, həyatın nemətlərindən zövq almaq, sevib-sevilmək, yaşayıb-yaratmaq himni kimi səslənən “Həyat sevgisi” şeirində şair böyük həsrətlə demişdi:

Ah, mən gündən-günə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çırpınan göylə əlləşən,

Dostdan, aşınadan necə əl çəkim?

Bəli, şair həyatı sevirdi. Ürəyinin bütün tellərilə həyata bağlıydı. O, hələ çox yaşamaq, yazmaq, yaratmaq istəyirdi.

Müşfiqin məşhur “Əbədiyyət nəğməsi” şeirinin hər bəndinin axırında təkrar olunan və təkcə bu şeirin deyil, şairin bütün yaradıcılığının leymotivi olan belə bir şah misra vardır:

Kainat olduqca şeir olacaq!

Şairin özünəməxsus bir inamla söylədiyi bu gözəl sözlərinə biz də əlavə etmək istərdik:

Şeir olduqca şeir olacaq!

Bəli, Müşfiq yaşayır. Müşfiq yaşayacaq! Çünki canından artıq sevdiyi xalq ona öz öz ürəyində əbədi yer vermişdir. Axı, bu, onun arzusu idi. Əvəzsiz arxadaşı, daimi müsahibi və məsləkdaşı olmuş şeirində dediyi sözləri unudan olarmı heç:

Hər kəs bilir həyatın sonu ölümdür,

Ah bu qəmli dəyişmə yaman zülümdür.

Şeirim! Bu gülünc oyun bəllidir yarın

Bizi də bəklər;

Sən də öl mənim kimi, fəqət məzarın,

Olsun ürəklər!

Müşfiqin şeiri də, özü də ürəklərdədir! Ürəklərdə!



Vəsaitin məzmunlu olması üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmuşdur.

  1. M.Müşfiq “Seçilmiş Əsərləri”. Maarif nəş. Bakı. 1983.

  2. Gülhüseyn Hüseynoğlu “Mikayıl Müşfiq”.İşıq nəş.Bakı.1999.

  3. Gülhüseyn Hüseynoğlu “Müşfiq”. Azərbaycan Dövlət nəş.Bakı.1968.

  4. Məktəblinin ədəbiyyat lüğəti. Ayna Mətbu evi.Bakı.2007.

  5. Təqvim.2018.

Hazırladı: Metodika biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə, informasiya-resurs şöbəsinin müdiri Nəcəfova Züleyxa, sistem inzibatçısı Əhmədova Sahibə
Yüklə 26,45 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin