Personajların psixoloji vəziyyətinin, xarakterinin dəyişməsini göstərmək məqsədi ilə antonimlərdən istifadə edilir. Belə ki, müəyyən şəraitdən asılı olaraq obrazın psixoloji vəziyyəti kəskin, gözlənilməz bir şəkildə dəyişə bilir. Surətlərin daxilində baş verən ziddiyyətli halları aşkara çıxarmaqda, qabarıq verməkdə antonim sözlər yüksək üslubi effektlilik nümayiş etdirir:
Hər şey adiləşib… Nə sevinc, nə qəm (193, 140); İndi düzü budur ki, qorxuram Qorxuram mən, Yalan desəm tanrıdan, doğru desəm bəndədən (194, 63); Şirin xatirələr gözüm önündən Gah ağlayıb keçir, gah gülüb keçir (181, 140); Heyranam toxuma, heyranam tuma, İçini görürəm, çölü görünmür (194, 69).
ç) Çox vaxt şair obrazların, fərdlərin müəyyən keyfiyyətlərini qarşılaşdırır. Müəllifin ustalıqla yaratdığı kəskin təzadlar obrazın xarici görünüşü, onun daxili aləmi haqqında oxucuda aydın təsəvvür oyadır. Surətlərin bu cur qarşılaşdırılmasına həm müəllifin nitqində, həm də personajların nitqində rast gəlirik.
O hələlik seyr edir sağını solun; Ürəyi Şərq ürəyi, ağılı Qərb ağlıdır…; (190, 90). Biz həmişə ucalmırıq Bir qalxanda; Bir enirik… Bu enişdən, bu yoxuşdan Yaşamağı öyrənirik; (190, 42) Hər qatarda Neçə vüsal Neçə intizar keçir; Kimimiz bal icər, kimimiz zəhər (193, 33).
Bal və zəhər sözlərinin əkslik münasibətində işlədilməsi onların öz mənalarına deyil, müvafiq maddələrin büruzə verdiyi keyfiyyətlərə söykənir (Müqayisə et: yuxarıda zəhrimar və can sözlərinin əkslik münasibətində işlənməsi).
Bəzən obrazın keyfiyyətləri, cəhətləri qarşı-qarşıya qoyulur.