Qafqaz cümhuriyətlərinin müstəqilliyi
(1918 may)
Türk ordularının irəliləyişi və qələbələri Xəlil bəyin güclü mövqedən çıxış etməsinə səbəb olmuşdu. Qafqaz və Türküstanla bağlı planları olan Osmanlı müdafiə naziri Ənvər paşanın israrı üzərinə Xəlil bəy mayın 26-da Çxen Keliyə bir ultimatum təqdim etdi. Xəlil bəy 72 saat ərzində daha öncə adıçəkilən ərazilərlə bir yerdə Aleksandropol və İrəvanın bəlli nahiyələrinin Türkiyəyə verilməsini Çxen Kelidən istədi. Xəlil bəyin istədiyi ərazilər Brest-Litovsk müqaviləsində Türkiyəyə buraxılan ərazilərin iki qatı idi. Ayrıca, türklər Bakıya uzanan yolun da türk ordusunun güvəncəsi altında olmasını istəyirdilər. Bu da Qafqazı Rusiyadan ayırıb öz kontrolunda saxlaya bilməsi üçün Türkiyəyə imkanlar sağlayırdı. Qafqazın təbii qaynaqlarına, özəlliklə Bakının petroluna çox dəyər verən Almaniya türk ordusunu bu bölgədən uzaqlaşdırmaq istəyirdi. Almaniya türk ordusunun Mesopotamiyada ingilislərlə savaşmasından yanaydı. Bu üzdən Brest-Litovskdə üzərində durulan sınırların qorunmasından yanaydı. Ancaq Almaniyanın müdaxiləsi türklərin iradəsinə heç bir təsir göstərmədi. Onlar konferansı tərk edib və Berlinə dönmək yerinə gizlicə Potiyə getdilər. Bu zaman ilk alman dəniz donanması Potiyə çatmışdı. Almanlar ayrıcalıqlı şəkildə gürcülərlə müamiləyə başlamışdılar.
Konferans başladıqdan sonra pərdə arxasında da gizlin danışıqlar gedirdi. Rəfibəyov və Sultanov Türkiyənin yardımı ilə Azərbaycanın müstəqilliyini elan etmək istəyirdilər. Türkiyə və Almaniya arasındakı ziddiyyətdən gürcülər ustalıqla istifadə edib Gürcüstanın bağımsızlığını Almaniyanın yardımı ilə elan etdilər. Yalnız ermənilər ortada qalmışdı. Çünkü ermənilərin xarici ölkələrin diqqətini çəkəcək nə təbii qaynaqları var idi, nə də arxalarında güclü bir dövlət dayanmaqda idi. Mayın 26-da Türkiyənin ultimatum sunduğu zaman Akaki Sereteli Seymin son toplantısında bəyan edir ki, əslində qafqazlılar arasında heç bir birlik söz qonusu deyildir. Artıq Qafqaz birliyindən danışmağın bir anlamı yoxdur. Bu durumda gürcülər üçün öz müstəqilliklərini elan etməkdən başqa bir yol qalmamışdır. Ermənilərin etirazlarına baxmayaraq menşevik-müsavat birliyi ilə Qafqaz hökümətinin ləğvi bəyan edilir: “Qafqaz qövmləri arasında savaş və barışla bağlı olan müxtəlif nəzərlər mərkəzi bir iqtidarın oluşmasını əngəlləmişdir. Bütün qövmlər tərəfindən qəbul ediləcək mərkəzi iqtidar qurula bilməmişdir. Bu durumda Qafqaz höküməti öz varlığını ləğv edir.”1 Bu bəyaniyədən bir neçə saat sonra Gürcüstan milli şurasının rəisi Jurdaniya alman imperatorunun nümayəndəsinin hüzuru ilə Gürcüstanın müstəqilliyini elan edir. Onun başçılığında qurulan yeni və bağımsız Gürcüstan dövlətində Çxen Keli xarici işlər naziri və Ramişvili daxili işlər naziri təyin edilir. Çxedze milli məclisin sədri olur. Mayın 28-də Potidə Çxen Keli Almaniya ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayır. Bu müqavilə əslində gürcüstanı Almaniyanın himayəsi altına almaqdadır. Mayın 27-də müsəlman fraksion Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlir. Bir gün sonra Tiflisin “Uryan” hotelində toplaşan müsəlmanların milli şurasının icraiyə komitəsi Azərbaycanın istiqlalını elan edir. “Azərbaycanın ərazi sahəsi daha sonra Qafqazın cənub və şərqini ehtiva edəcəkdi.” Ermənilər çarəsiz qalmışlar və tələskən bir bəyaniyə ilə onlar da mayın 28-də öz bağımsızlıqlarını elan edirlər: “Qafqazın siyasi birliyinin pozulması və Gürcüstanla Azərbaycanın öz müstəqilliklərini elan etmələri səbəbi ilə erməni milli şurası da özünü erməni bölgəsinin dövləti olaraq elan edir.” Hər halda neçə əsrdən sonra müstəqil bir erməni dövləti qurulur. Türkiyə iyunun 4-də yeni Qafqaz dövlətləri ilə barış müqaviləsi imzalayır. İrəvan və Sivan gölü* ətrafında yerləşən erməni dövləti sadəcə 9000 kvadrat kilometri təşkil edirdi. Ermənistan və Türkiyə arasında imzalanan dostluq müqaviləsinin 4-cü maddəsinə görə Ermənistanın istəyi üzərinə Türkiyə Ermənistana hərbi yardım etməyi öz üzərinə götürür. Ermənistan dövləti də öz üzərinə öhdəlik götürür. Müqavilənin 5-ci maddəsinə görə Ermənistan dövləti bütün silahlı dəstələri silahsızlandırmalıdır. 6-cı maddəyə görə Ermənistan ərazisində yaşayan müsəlmanlara dini azadlıq haqqı tanınmalıdır. Bu müqaviləyə görə Ermənistan ölkədə düzən sağlayacaq hərbi birimlərin dışında bütün ordusunu ləğv etməlidir. Müqavilənin 1-ci maddəsinə görə Ermənistanda düzən sağlayacaq olan hərbi gücün miqdarını da Türkiyə dövləti təyin edəcəkdi. 3-cü maddəyə görə Ermənistan bütün yollarını türk ordusunun sərbəst hərəkəti üçün açıq tutmalıdır. Bu müqaviləni ermənilər tərəfindən Ruben Xaçaznuni, Aleksandr Xatisyan və Mikayıl papacanov, Türkiyə tərəfindən isə, Xəlil bəy və Vahab paşa imzalayırlar.2
Eyni tarixdə Gürcüstanla bağlanan müqavilə daha yumşaqdır. Gürcüstan torpağının altıda biri qoparılıb Türkiyəyə verilsə də, buna qarşılı 10 min nəfərlik alman ordusu Gürcüstanda barınmaqdadır və bu da Türkiyənin Gürcüstana saldırısını önləməkdədir. Ayrıca, bu durum menşeviklərin bolşevikləri qətl edib yox etmələrinə imkan yaradır. Bu tarixdən öncə fevral ayında bolşevik qəzetlər qapadılmışdı.
İlk dəfə olaraq özlərini “azəri” adlandıran müsələmanlar daha çox imtiyaz qazanırlar. Bakı bolşeviklərin əlində olsa da, Türkiyə oranı azad etməyi öz üzərinə götürür. Fətəlixan Xoyski* başçılığında qurulan azərilərin höküməti bu zaman Gəncədə yerləşməkdədir.
Batumidə imzalanan müqavilə türkləri məmnun etsə də, almanlar bu müqavilədən heç də məmnun deyillər. Almaniya bu müqaviləni Qafqaziyadakı mənafeyinə qarşı görməkdədir. Onlar bu müqaviləni yumşaltmaq üçün planlar hazırlayırdılar.
* * *
Istiqlalın elanından sonra Ermənistan hökümətinin təşkili Tiflis Ermənilər Şurasına həvalə edildi. Bu zaman Tiflisdə durum çox ağırdı. Xalq aclıq səviyəsindədir. Şura kualisiya höküməti qurmaqda zorluqlarla qarşılaşır. Popolistlər daşnakları suçlayırlar və durumun bu qədər kötüləşməsinə onların səbəbkar olduqlarını deyirlər. Bu üzdən daşnaklarla hesablaşmaq istəyirlər. Inqilabçı sosialistlər və sosial demokratlar popolistlərin adlarını da eşitmək istəmirlər. Çünkü onları burjua olaraq tanımlayırlar. İrəvanda diktator iqtidarın başında duran Aram və Tiflisdə erməni şurasının rəisi olan Xaçaznuni bu durumdan o qədər incimişdilər ki, istefa etmək fikrinə düşmüşdülər. Sonunda daşnaklardan oluşan hökümət təsis edildi. Xatisyan xarici işlər naziri, Karçikiyan iqtisadiyat naziri və Aram daxili işlər naziri oldular. Heç bir partiya üzvü olmayan Allahverdiyan müdafiə naziri təyin edildi. Tiflisdə qurulan erməni höküməti iyulun 20-ə qədər İrəvana daxil ola bilmir. Şura üzvlərindən oluşan erməni məclisi çox çətin durumla qarşı-qarşıya idi. 9000 kvadratkilometr sahədə 750 000 erməni yaşamaqdadır. Zəngin Arart ovası türklərin işğalında qalmışdı. Bu cəmiyyətin 300 000 nəfəri türklərin saldırısından fərar edən qaçqınlardı. Qıtlıq və xəstəlik erməni toplumunu ayaqdan salmaqdadır. Ayrıca, sayıları bölgədə çox yüksək olan müsəlmanlara qarşı da məclisin savunma planı olmalıdır.
* * *
Bolşeviklər bir mayda söz verdikləri islahatı sürətlə həyata keçirməyə çalışırlar. Düşünürlər ki, Onların bu islahatı zəhmətkeş xalq arasında tərəfdar toplamalarına səbəb olacaq. Balıqçılığı və ticari gəmiləri milliləşdirirlər. Pambıq inhisarını öz əllərinə keçirib Moskvaya göndərirlər. Neft sənayesinin böyük qismi yabancı sərmayədarlara aiddir. Bolşeviklər iyunun 2-də neft sənayesini milliləşdirdiklərini duyururlar. Moskva Bolşeviklərin nefti milliləşdirmələrini dəstəkləmir. Çünkü Moskva xarici ölkələrlə münasibətdə Bakı neftindən yararlanaraq dəngə politikası qurmaq fikrindədir. Ərazilərin kəndlilərin arasında paylaşımı iyun ayının 18-də bir fərmanla duyurulur. Ancaq bütün bu islahat müsəlman işçi və kəndlilərə təsir göstərmir. Azərbaycan içşi və kəndliləri daha çox müsavatçılara və türklərə meyllidirlər. Çünkü onlar müsəlman bir dövlətin quruluşu yolunda çalışırlar. Onların təbliğ etdikləri milli və dini duyğular bolşeviklərin təbliğ etdikləri sinfi duyğuları üstələməkdədir. Bolşeviklərin Bakıya girişi ilə bu şəhəri tərk edən Mikoyan olayları bu şəkildə açıqlayır: “ Burjuaların və feodalların Bakı işçiləri və kəndliləri arasında oluşdurduqları əngəli ərazi inqilabının dalğaları devirə bilmədi.”3
Tələsik tətbiq edilən islahat burjuaziyanın və müxalif partiyaların etirazı ilə qarşılaşır. Xam mal qıtlığı üzündən duraxsayan istehsal tamamən durmuşdur. 1917-ci ildə petrol sənayesində çalışan işçilərin sayı 47000 nəfər idi. İndi isə, 38000 nəfərə enmişdi. Neft istehsalı 12 milyon tondan 7 milyon tona enmişdi. Dağıstanda ortaya çıxan problemlər üzündən ciddi ərzaq qıtlığı meydana gəlmişdi. Mayın 15-də əski bolşevik Stepaninin başçılığında ərzaq kommisionu təşkil edilir. Komision bir bəyaniyə yayaraq xalqı sovet düşmənlərindən saqındırır. Bəyaniyədə deyilir ki, düşmənlər qıtlıqdan yararlanaraq inqilaba zərər vermək istəyirlər.4 İnqilabçı sosialist partiyalar, menşeviklər və daşnaklar Bakını əllərində bulundurmaqdadırlar. Bolşeviklərin əlində olan Həştərxandan ərzaq və silah ala bilmək üçün bir-birləri ilə əməkdaşlıq etmək zorunda qalmışlar.
İyun ayının 1-də əkinçilər nümayəndələrinin sovetində Şaomiyan önəmli bir nitq söyləyir. Ona görə o günə qədər çox gərgin olan Qafqazın durumu artıq faciəvi vəziyətə çatmışdı. O, Qafqazın müstəqil dövlətlərini məhkum edərək deyir: “Biz erməni burjuaziyasından və müsəlman xanlardan və feodallardan qorxmayan uluslar arası şura iqtidarı təsis edə bilərik. Qafqazda təsis ediləcək olan bu demokrat qurum heç çəkinib qorxmadan Batumidə Türkiyə və Almaniya təhdidinə qarşı çıxa bilər. Ancaq biz belə bir iş görmürük. Gürcüstanın müstəqilliyinin elan edilməsi menşeviklərin növbəti xəyanətidir. Menşeviklərin bu xəyanəti vəziyyəti daha da gərginləşdirmiş. “Müsavat” Qafqazda ən zəif partiya idi. Gürcüstan olayları və milliyətçilərin müsavata dəstək vermələri onu ən güclü partiyaya dönüşdürmüşdür. İnqilabın gerçəkləşməsində bu partiyanın heç bir rolu olmamışdır. Son günlərdə Almaniya və Türkiyənin bizə saldıracaqları xəbərləri ortalıqda dolaşmaqdadır. Biz ya onları məğlub edib öz iqtidarımızı qorumalıyıq, ya da gücümüz onların gücünə bərabər olmasa, şərəfli bir savaşa girib savaşaraq şəhid olmalıyıq. Durum bu şəkildədir və biz savaşa hazır olmalıyıq.”5
Menşevilər Brest-Litovsk müqaviləsinin imzalanmasında bolşevikləri suçlayırdılar. Şaomiyan onlara cavab olaraq dedi ki, Lenin savaşı durdurmağı işçilərin və əkinçilərin yararına görmüşdü. Şaomiyan daşnakları erməni burjuaziyası ilə işbirliyi etməklə suçlayırdı.6 Eyni gün Bakı “Sovnarkom”u Qafqaz işçilərinə və kəndlilərinə bir məsaj göndərib onları Türkiyəyə və əks-inqilabçılara qarşı savaşa çağırdı: “Rusiyadan uzaqlaşdırıldıqdan sonra Qafqazda yerləşən Sereteli, Ramişvili, Çxidze kimi gürcü aristokratları, xanlar və erməni millətçiləri və daşnaklarla birləşərək bölgəmizin zəhmətkeşlərinə qarşı cinayətkaranə siyasət təqib etməkdədirlər. Onların bu xəyanətləri üzündən türklər Qafqaza girdilər. Menşeviklər və müsavatçılar bizi inandırmağa çalışırlar ki, türk ordusu müsəlmanların güvənliyini sağlamaq üçün gəlmişdir. Bunların hamısı yalan sözlərdir. Türklər xanları və feodalları yenə də sizlərə hakim edəcək, torpaqlarınıza sahib çıxacaqlar.”7
İyun ayının 1-4 arasında qəbul edilən qətnamədə inqilab qarşıtları ilə savaş zərurəti vurğulanırdı. “İnqilabçı böyük Rusiyanın yardımı ilə Qafqazda sovet rejimi qurulacaqdır”8 Şaomiyan Leninin də diqqətini Türkiyə təhdidinə yönəltmişdi. Mayın 23-də Leninə bu məzmunda bir teleqram göndərdi: “Olaylar çox sürətlə gəlişməkdədir. Türklərin əsas hədəfi Bakını işğal etməkdir.”9 Başkəndləri öz əllərində olmayan müsavatçılar 1918-ci il iyunun 14-də Gəncədə yerləşdirlər. Türklər də Bakıya böyük saldırı düzənləmək üçün ordularını Gəncədə bir araya gətirmişdilər. Mayın 27-də Nuru paşa 7000 əsgəri ilə Gəncədə yerləşmişdi. Iyunun 19-da Mürsəl paşa komutanlığındakı Çanaqqala ordusu da nuru paşaya qatılmaq üçün Gəncəyə gəldi. İyunun 19-da türklər və azərilər işğal etdikləri ərazilərdə fövqəladə vəziyyət elan edirlər. Fətəlixan Xoyski iqtidarı, Azərbaycanda səfərbərlik elan edir. Azəriləri “vəhşi ordu” ilə bir yerdə türk ordusu komutanlarının əmrinə tabe olurlar. Bu savaşa dini don geyindirmək üçün Bakıya saldıracaq olan ordunun adını “İslam ordusu” qoyurlar. İslam ordusunun 20 min savaşçısı və bir topçu dəstəsi var idi. Alman topçuları da İslam ordusunu savunmaqda idi. Bakıya saldırmaq üçün bütün hazırlıqlar tamamlanmışdı. Türkiyə üçün petrol şəhri olan Bakı çox önəmli idi. Bakını ələ keçirməklə Türkiyə öz əski xəyallarını gerçəkləşdirə biləcəkdi. Türkiyənin amacı bütün Qafqaz müsəlmanlarını öz rəhbərliyi altında birləşdirmək idi. Ruslar da Qafqazı kontrol etmək Bakını kilid bölgə sayılırdılar. Ayrıca, Sovet Rusiyası bakının petroluna möhtac idi. 1918-ci ilin ilk dörd ayında ruslar Baködan 1/3 milyon ton petrol əldə etmişdilər. Müttəfiq güclər Rusiyanın hər yerində inqilaba qarşı olanlara yardım edirdilər. Lenin onlarla savaşmaqla məşğul idi və Bakı sovetinə yardım edə biləcək gücdə deyildi. Türklərin və almanların Qafqazda irəliləmələrinin qarşısı alına bilməyəcəkdi. Ayrıca, Lenin Rusiyaya qarşı Qafqazda yeni bir savaş cəbhəsinin ortaya çıxmasından əndişələnirdi. Lenin bu əndişələrini mayın 21-də “İzvestiya” qəzetində dərc olan məqaləsində bu sözlərlə dilə getirirdi: “Qafqazı kim ələ keçirsə, böyük zənginliyə qovuşacaq və Hind-Bəsrə körfəzi arasındakı irtibat yollarını öz kontrolunda saxlayacaqdır. İki imperialist qruplar, yəni Almaniya və Türkiyə bizim düşmənimizdir. Almanların və türklərin Qafqazda irəliləmələri Rusiyada sovet rejiminin çöküşünə səbəb ola bilər.”10
Batumi müqaviləsini rəsmiyətə tanımayan bolşeviklər, Brest-Litovsk müqaviləsinə istinadən türklərin irəliləmələrini durdurmaq üçün diplomatik manevralara əl atırlar. Çünkü bu müqavilədə Bakının işğalı ilə bağlı bir bənd yox idi. Bakı haqqında özünəməxsus görüşləri olan Almaniya Qafqazda yetərincə hərbi gücə sahib deyildi. Balkanlardan yardımçı alan təqviyə gücünün gəlməsini bəkləyirdi. Bulqaristanda durum dəyişdikdən sonra bu təqviyə güc Qafqaza gedə bilmədi. Moskvadan ümidləri kəsilən Bakı soveti türklərin və azərilərin saldırıları qarşısında bütün imkanlarını səfərbər etməyə başlayır. İyun ayının 6-da müdafiə komiserliyi “Qafqaz qızıl ordu əsgərləri”nə xitab edərək bir bəyaniyə yayır. Bəyaniyədə deyilir: “Əsgər yoldaşlar, işçilərin və əkinçilərin inqilablarının aqibəti sizlərin əlindədir. Hər kəs gözünü Bakı proletariyatına və onun qızıl ordusuna dikmişdir. Bu ordu qurtuluşu sağlayacaqdır. Ermənistan və Gürcüstan dağlarında xanlara qarşı savaşan qəhrəman savaşçılar var. Onlar menşeviklərin və daşnakların xəyanəti nəticəsində zəif duruma düşmüşlər. Müsəlman, erməni və gürcü əkinçilərin yardımı ilə əkin yerlərini xanlardan geri ala bilsəniz, sizin qarşınızda heç bir güc müqavimət göstərə bilməz. Qanlı, ancaq ədalətli və müqəddəs savaş üçün irəli!”11
Bolşeviklər 14000 könüllü toplamışdılar. Bunların çoxunun hərbi eyitimi yox idi. Bakı soveti neçə min rus əsgər və dənizçisinə, bir də qızıl orduya qatılmış ermənilərə güvənirdi. “İslam ordusu”na qarşı bolşeviklərin saldırısı iyun ayının əvvəllərində üç istiqamətdən başladı. Şimaldan Dağıstana tərəf, Cənubdan Xəzər boyunca, özəlliklə türk ordusunun ümdə birikim yerləri olan Bakı-Tiflis dəmir yolu istiqamətində saldırılar davam edirdi. Başlanğıcda bolşeviklərin saldırısı uğurla irəliləyirdi. İyun ayının 12-də Kürdəmir qərargahını bolşeviklər ələ keçirdi. İyunun sonlarında Gəncənin 150 km yaxınlığına çatdılar. Lenin bu savaşın almanları təhrik edəcəyindən qorxurdu. Şaomiyan düşünürdü ki, savaşda üstünlük qazansalar, daha çox könüllü tərəfdar toplayacaqlar. Ancaq Lenin Almaniyanın müdaxiləsindən qorxuduğundan bolşeviklərin Qafqazdakı saldırılarının yavaşıtılması üçün Volqa cəbhəsinin hərbi komiseri olan Stalinə əmr verdi. İyun ayının 8-də Stalin Şaomiyana belə bir teleqram göndərir: “Sizin uğurlarınız bizi sevindirir. Ancaq Almaniya ilə qarşı-qarşıya gəlməmək üçün Gəncədən ötəyə keçməmənizi istəyirik.”12 Bu məntəqə Gürcüstanın sınırındadır. Gürcüstanın da müstəqilliyi Almaniya tərəfindən tanınmışdı. Gürcüstana qarşı hər hansı bir saldırı Almaniyanı savaşa soxa bilərdi.
Türklər belə dirənişlə rastlanacaqlarını bilmirdilər. Azərbaycanın xarici işlər naziri Hacinski Azərbaycan nümayəndə heyyətinin rəisi olan və bu sıralarda İstanbulda bulunaraq rəsmi görüşlər keçirən M.Ə. Rəsulzadəyə yazır: “Cəbhədə durumumuz yaxşı deyil. Biz irəliləyə bilmirik. Türkiyə dərhal bizə yardımçı təqviyə güc göndərməlidir. Yoxsa biz Bakını itirə bilərik.”13 Nuru Paşa yardımçı güc tələbi ilə savaş naziri Ənvər paşaya müraciət edir. Yardımçı güc qısa zamanda Qafqaza gəlir. İyun ayının sonlarında “İslam ordusu” qarşı hücuma keçir. Qızıl gücləri Bakının 100 km yaxınlığında yerləşən Qaraməryəmə qədər püskürdürlər. Bu irəliləmələr nəticəsində inqilabçı sosialistlər və daşnaklar İranın şimalında olan ingilislərdən yardım istəməyi təklif edirlər. Ayın 16-da bu mövzunu müzakirə etmək üçün Bakı soveti fövqəladə toplantı keçirir. Bolşeviklər bu təklifə qarşı çıxırlar. Ancaq durum çox gərgin olduğundan general Biçraxovun 1200 qazağını cəbhəyə göndərmə qərarı alınır. Bu general vaxtı ilə rusların İrana göndərdiyi ordunun komutanı idi. Rusiyada inqilab olduqdan sonra ingilislərlə əməkdaşlıq etmiş və general Danstervillə işbirliyinə getmişdi. Danstervil bolşevikləri uzaqlaşdırmaq istəyən inqilabçı sosialistlərlə əlaqə saxlayırdı.14 İyun ayının 7-də Bakının 60 km uzaqlığında olan Elyatı´da 1200 qazaq gəmidən enir. Bakı soveti bunu qəbul etməsə də, görməzlikdən gəlir. Ancaq Bakı soveti müxaliflərinin hiylələri ilə iqtidardan uzaqlaşdırılmaqdan qorxur. Bu üzdən də Ukraina cəbhəsindən intiqal edən polkovnik Petrovun əmrində olan 780 nəfərlik alayın Həştərxandan Bakıya gələməsini istəyirlər. Bu alay ayın 20-ə qədər Bakıya çata bilmir. İyunun 25-də keçirilən Bakı sovetinin ikinci fövqəladə toplantısında inqilabçı sosialistlər, daşnaklar və menşeviklər ingilislərdən təcili yardım tələbində bulunma təklifini yenidən irəli sürürlər. Şaomiyan yenə də bu təklifə qarşı çıxır və Bakı sovetinin 5-ci konqrəsinin qətnaməsini oxuyur. Bu qətnamə yabancı ölkələrin Bakıya müdaxiləsini rədd edir. Uzun müzakirədən sonra məsələni səsə qoyurlar. İngilislərdən yardım istəmə məsələsində 259 müvafiq və 236 müxalif səs verir. Bolşeviklər azlıqda qalırlar. Bu vəziyyət sovetin dağılmasına səbəb olur və “Sovnarkom” istefaya gedir.
Müxaliflərin birləşməsi ilə yalnızlaşan şaomiyan iyul ayının 27-də Leninə bir teleqram göndərir. İki gün sonra inqilabın rəhbəri Şaomiyanın teleqramını yüksək səslə bütün Rusiyanın sovetləri qarşısında oxuyur: “Bakının sağçı partiyaları ingilisləri dəvət etmək istəyirlər. Hərbi komutanlıqda onları dəstəkləyən var. Onların əsgərlər arasında tərəfdarları çoxdur. Bu da bizim əsgərlərdə ruh düşgünlüyü yaradır. Durum get-gedə çətinləşir. Bizim güclər geri çəkilmək üzrədir. Sovetlərin 5-ci konqrəsinin qərarına və yoldaş Stalinin teleqramına görə ingilislərdən yardım istəmək rədd edilmişdir.15 Müxaliflərimizin ingilislərdən yardım tələblərini rədd etdim. Bakını qorumaq Rusiya üçün həyati önəm daşıyır. Hərbi yardımların göndərilməsi zəruridir.”16 Ancaq şaomiyanın bu məsajı boşuna idi. Iyulun 29-da Lenin Şaomiyana qısaca cavab göndərir: “Hərbi yardım göndərməyə çalışacağıq. Ancaq buna kəsin olaraq söz verə bilmərik.”17 Bütün Rusiyada bolşeviklərin durumu get-gedə pisləşməkdə idi. Bakının durumundan xəbərsiz olan qızıl ordu komutanı Bakıdakı bolşevik güclərini cəbhənin başqa bölgələrinə daşımaq istəyirdi.
İyulun 30-da türk ordusunun baş komutanı Şəfqət paşa Bakının təslim edilməsini bolşeviklərdən istəyir və bəyan edir: “Türklər vəhşi deyillər. Türklər müsəlman xalqı zalimlərin zülmündən azad etmək üçün gəlmişlər.”18
Xalq Komiserləri Şurasının (SOVNARKOM) iyul ayının 31-də istefa etməsi səbəbi ilə Stalin Şaomiyanı bu sözlərlə tənqid edir: “Siz bu işinizlə bizim müxaliflərimizə yardım etdiniz.”19 Məlum deyil ki, Stalin bu sözləri söylərkən Bakının durumu ilə bağlı bilgisi var imiş, yoxsa Leninin yanında çox etibarı olan Şaomiyanı gözdən salmaqmı istəmişdi?20
* * *
1918-ci il avqust ayının əvvəlində Sadovski başqanlığında inqilabçı ssosialistlərdən, menşeviklərdən və daşnaklardan oluşan yeni orqanizm təşkil edilir. Bu orqan “Mərkəzi Xəzər Heyyəti Müdirliyi” adı ilə SOVNARKOMun yerinə keçib iqtidarı ələ alır. İyulun 25-də Çiçerin Berlinə etiraz məsajı göndərir və eyni məsajı avqustun 2-də təkrar Almanıyanın Moskvadakı səfirliyinə göndərir. Məsajda türklərin Qafqazdakı irəliləmələrinə işarə edir. Hər iki məsaja anlaşılmaz cavablar gəlir. Sovetlərin iqtidarı Bakıda devrildikdən sonra inqilabçı sosialistlər və daşnaklarla irtibatı olan İngiltərənin əlinə fürsət düşür. Bundan sonra Bakı uğrunda Türkiyə və İngiltərənin arasında savaş gedəcəkdi. General Danstervil bir alay oluşdurub povkolnik Stuks başçılığında Bakıya göndərir. İngilis gücləri İranın Ənzəli limanından gəmi ilə yola düşür. Bu arada qızıl güclərin məğlubiyəti ilə erməni əsgərlər cəbhədə yalnız qalmışlar və türklərin qarşısında yenilərək geri çəkilmək zorundadırlar. İngilis briqadası, sadəcə 1800 əsgərdən ibarətdir. Bu üzdən də bu savaşda önəmli tərəf sayılmamaqdadır. Bu haqda Krasnovodskdən Fransa konsulluğunun avqustun 12-də Bakının gərgin durumu ilə bağlı göndərdiyi reportajı gətiririk: “Avqustun 2-də türklər şəhərin Qərb çevrəsinə çatdılar. Bolşevik rəhbərlər Bakını tərk etməyə hazırlaşırlar. Ancaq Xəzər dənizi donanmasının əsgərləri xalqın yardımı ilə bolşevik hökümətinin üzvlərini yaxaladılar. Düzənləri dağılmış olan rus və erməni əsgərlərinin artıq önəmi qalmamışdır. İngilis əsgərlərinin də sayı yetərincə deyil. Ancaq müsəlmanların düzənsiz güclərinin sayı çoxdur. Bakı mühasirə altında olan bir şəhəri xatırladır.”21
Xəzər dəniz donanmasının bolşeviklərə qarşı çıxmasından lenin xəbərsizdir. Dəniz donanmasının bolşeviklərə qarşı çıxması Bakının Rusiya ilə irtibatını tamam kəsmişdi. Bakı xəbərləri Moskvaya çatmırdı. Stalin bu zaman Volqa cəbhəsindədir. Lenin Stalindən soruşur: “Şaomiyan hardadır? Bakı hökümətinin başında indi kim vardı? Mənim Şaomiyana tam olaraq güvəndiyimi bilirsinizmi?”22
Moskvadan yardım gəlməyəcəyini görən bolşeviklər avqustun 12-də Bakının əldən çıxacağını açıqca hiss edirlər. Şəhəri boşaltmaq qərarına gəlirlər. Onlara hələ də bağlı qalan əsgərlərin yardımı ilə 17 gəmiyə, o cümlədən “İvan Kulsnikov” savaş gəmisinə minirlər. Bu gəmi daha öncə komiserləri və onların ailələrini daşıyırdı. Dənizdə sərt tufan olduğundan gəmilər çox uzaqlaşa bilmirlər. Cilovlu adasına yaxın bir yerdə Mərkəzi Xəzərə aid olan bir neçə kiçik savaş gəmisi onları mühasirə edib Bakıya dönməyə məcbur edirlər. Bolşevik əsgərlər gəmilərdən enər-enməz silahsızlandırılırlar. Bakı sovetinin 35 üzvü, o cümlədən Şaomiyan və Caparidze yaxalanıb həbs edilirlər. Onlar vətənə xəyanətlə ittiham edilirlər. Məhkəmədə sorqulanmalıdırlar.
Bakının qurtuluşu üçün Moskva son bir təşəbbüsdə bulunur. Avqust ayının 19-da Çiçerin Berlinə üçüncü məsajını göndərir: “Almaniya dövləti Bakının işğal edilməyəcəyi ilə bağlı güvəncələr vermişdi. Ancaq bunlara rəğmən türklər Bakıya doğru irəliləməkdədirlər.”23 Moskva Berlindən yardım ummanın anlamsız olduğunu görüb hiyləyə əl atır. Avqustun 28-də Almaniya təklif edir ki, əgər Almaniya Türkiyənin Bakını işğal hərəkətini durdursa, Bakı petrolunun dörddə birini Almaniyaya verməyə hazırdır. Ancaq Almaniya Bakıya müdaxilə üçün gərkən imkanlara sahib deyildi. Ayrıca, Almaniya Bakının İngiltərənin əlinə keçməsini də istəmirdi.
Bolşeviklərin yenilgəsindən sonra menşeviklər yeni sovet seçmək istəyirlər. Əski yandaşlarını cəlb edərək yeni və geniş birlik oluşdura biləcəklərini sanırlar. Ancaq avqustun 28-də keçirilən seçkidə, yalnız 20 faiz seçici iştirak edir. Bolşeviklər 27 kürsü qazanır və SOVNARKOMun əski üzvlərinin sərbəst buraxılmalarını istəyirlər.
Bu zaman türklərin Bakını mühasirə dairəsi getdikcə daralmaqdadır. İngiltərə Bakının türklər tərəfindən işğal ediləcəyini görüb məntəqəni tərk edir. Avqustun 15-də gəmilərlə Ənzəliyə dönürlər. Bir daha Almaniya və Türkiyənin İkinci Dünya Savaşəndakı yenilməsindən sonra Noyabr ayında geri dönürlər. Bu üzdən Lenin sovetlərin 6-cı konqrəsində deyir: “İndi Türkiyədən sonra İngiltərə Bakını bizim əlimizdən almışdır. Onların amacı bizi Bakı neftindən məhrum edərək məğlub etməkdir.”24 Bakını ən son savunanlar olaraq erməni birimlərinin komutanı general Baqratuni gəmiyə minib şəhəri tərk edir. 1918-ci il sentyabrın 16-da türklər Bakıya girirlər. Bakıda erməniləri qətl etməyə başlayırlar. Türklərin Bakıya girişindən sonra Azərbaycan dövlətinin mərkəzi Gəncədən Bakıya daşınır.
Ancaq Bakının düşməsindən öncə bolşeviklərin başına nələr gəldi? Bolşeviklərin bir qismi yaxalanmış komiserlərini azad etməyə çalışdılar. Bolşevik partizanların rəhbəri Əmirov, Mikoyanı qaçırır. Mikoyan “türkmən” gəmisinə minib Krasnovodskə qaçmaq istəyir. Krasnovodsk inqilabçı sosialistlərin əlindədir. Bolşeviklər gəmini Həştərxana aparmaq istəyirlər. Ancaq müvəffəq ola bilmirlər.25 Gəmi sentyabrın 17-də Krasnovodskə çatır. Şaomiyanın və Çaparidzenin də içlərində bulunduğu 26 komiser Hindistana sürgün ediləcəklərini sanırlar. Ancaq onlar Eşqabada göndərilirlər. Eşqabadın 500 km şərqində Qaraqum çölündə inqilabçı sosialistlər ingilis zabit Tig-Conzun yardımı ilə 26 komiseri edam edirlər. Sovetlər bu faciəni Paris kommunasına bənzədir. Hər il 26 komiseri anma günü düzənləyirlər.
1917-ci ilin martından başlayaraq Bakıda baş verən olayları Petroqrad olayları ilə qiyaslamaq mümkündür. Lenin bolşevikləri Petroqradda hakim qıldı, ancaq Şaomiyan Qafqazdakı millətlərin milli duyğuları qarşısında yenildi. Ingilislərdən yardım istəmək doğrumu idi? Bu yardım istəməkdən amac, sadəcə Bakını savunmaqdanmı ibarət idi? Inqilabçı sosialistlər və daşnaklar ingilislər vasitəsi ilə rəqibləri olan bolşeviklərin kökünü qazmamı istəyirdilər? İngiltərə isə, çox ehtiyatlı davranır və Rusiya torpaqlarında başını dərdə soxmaq istəmirdi. Qazana bilməyəcəyi savaşdan çəkinməyə çalışırdı. Bu, sovet tarixçilərinin savunduqları iddiadır.
* * *
Almanların və türklərin Qafqazı işğal etmələri uzun sürmədi. Almaniyanın dünya savaşındakı məğlubiyyəti Türkiyənin də təslim olmasına səbəb oldu. İngiltərənin “Ağamemnun” adlı savaş gəmisində 1918-ci il oktyabrın 31-də tərki-savaş müqaviləsi imzalandı. Müqaviləni Türkiyə tərəfindən savaş naziri Hüseyn Rauf və İngiltərə tərəfindən admiral Kaltorp* imzaladı. Bu müqavilənin 11-ci maddəsinə görə türk orduları İranı və Qafqazın Cənub Qərbi istisna olmaqla bütün Qafqazı tərk etməli idi. İngiltərə Qaradənizə girmək üçün diqqətini boğazlara yönəltdiyindən Türkiyənin Qafqazı tamamən boşaltmasına önəm vermədi. İqtisadi və stratejik mülahizələrə görə Bakının və Batuminin işğalı ilə yetindi. Bütün Anadoluya dağılmış olan türk ordusu müttəfiqlərin silahsızlandırma istəklərinə tabe olmurdu. Bu da 1919-cu ildə türklərin yenidən toparlanmasına səbəb olacaqdı. Bir çox türk zabiti Azərbaycanda qalmışdı. Onlar Azərbaycan ordusunda təlim keçirdilər.
Noyabrın 17-də İngiltərə hərbi birlikləri Fransa və Amerikanın hərbi nümayəndələri ilə birlikdə general Tampsonun komutanlığında Xəzərdən Bakıya girdilər. Bu zaman Biçraxov yenicə general-leytnant olmuşdu. O da Rusiyanın hərbi təmsilçisi kimi Bakıda idi. Tampson müttəfiqlərin Qafqazın daxili işlərinə qarışmayacaqlarını bəyan etdi. Qafqazı almanların və bolşeviklərin istilasından azad etmək üçün işğal etdiklərini duyurdu. Dekabrın 23-də ingilis dəniz donanması Qaradənizə girərək Batumidə dəmirləndi. Bu məntəqənin hərbi höküməti general Kalisə tapşırıldı.
Müttəfiqlər Qafqaz cümhuriyətlərini hələ rəsmiyyətə tanımamışdılar. Bu üzdən Qafqazın gələcəyi ilə bağlı münasibət bildirmədilər. Sadəcə özlərini bolşevik hərəkətin ziddi kimi tanıdırdılar. Antibolşevik hərəkəti dəstəkləyir və liberal düzəni təbliğ edirdilər. Bu üzdən də İngiltərənin münasibəti Qafqaz dövləti ilə çox da asan və sadə deyildi.
* * *
Almaniya və Türkiyə Qafqazı tərk etdikdən sonra Ermənistan, Gürcüstan və Azərbaycan arasında ərazi iddiaları baş qaldırdı. Noyabr ayında bu iddialar silahlı qarşıdurmalara dönüşdü. Sınır nahiyəsi olan Lorunu türklər tərk etdikdən sonra ilk dəfə olaraq qanlı savaş ortaya çıxdı. Müttəfiqlərin hərbi müdaxiləsi bu savaşı durdurdu. Loru Gürcüstanla Ermənistan arasındakı sınır bölgədir. Hər iki ölkə Loru üzərinə haqq iddia edirdi. Başqa bir savaş da Qarabağda Ermənistan və Azərbaycan arasında ortaya çıxdı. Azərbaycan və Ermənistan arasında yerləşən bu dağlıq bölgənin 85 faizi erməni idi.* 1918-ci il oktyabr ayında Qarabağ Türkiyənin yardımı ilə azərilər tərəfindən işğal edilmişdi. Ermənilər yenilsələr də, təslim olmamışdılar. Naxcıvanda türklərlə savaşan Andranik partizanları ilə birlikdə Qarabağa sığınmışdı. Qarabağda erməniləri örgütləndirirdi. Qarabağda bəzi uğurlar qazanır. İngiltərə hərbi nümayəndəsinin israrı üzərinə geri çəkilir.
General Denikinin başçılığında bolşeviklərə qarşı savaşan ruslar Soçini işğal edirlər. Rusiya ilə Gürcüstan arasında yeni savaşlar başlayır. Bu savaşda müttəfiqlərin müdaxiləsi ilə son bulur. Nəhayət Azərbaycan və Gürcüstan arasında Zakatala bölgəsi ilə bağlı anlaşmazlıqlar ortaya çıxır. Bu arada ingilislər gah bir tərəfin, gah da digər tərəfin yararına davranırdı. Bu da İngiltərənin etibarını Qafqaz millətləri arasında zədələyirdi.
Dostları ilə paylaş: |