O, çox yaraşıqlıdır. Həm də çox mədənidir.
-Mən dəfələrlə Romada olmuşam. Roma qədim və antik mədəniyyətin ən canlı ən bariz nümunəsidir.
O, çox mədənidir. Hərəkətləri, danışığı, gülüşü, müraciət forması...İdeal! məgər sən bunu istəmirsən,Çinarə? Sənin həmişə mədəni insanlardan xoşun gəlib.
-Mən çox istərdim ki, sizinlə Romaya gedək. Roma sevgililər şəhəri...Romantika...
Nurlan haqlıdır. Insanlar müstəqildir. Nurlan haqlıdır. “Happy End” deyilən bir şey yoxdur. Nurlan haqlıdır. Insanların qorxusu onların faciəsidir. Insan istəsə komediya yaza bilər, ama faciə yazır.
-Fransa da çox gözəl bir ölkədir. Istəsəniz Parisə də gedə bilərik. Mən Parisdə də olmuşam.
O, həm yaraşıqlı, həm mədəni, həm də varlıdır. Ağıllı, mənalı baxışları var. Ondan sənə çox gözəl bir sevgili olacaq, Çinarə. Həyatını yaşa! Vaxtını xoş keçir. Bu həyat sənindir. SƏNİN həyatın. Onu göz yaşları və əzab içində keçirmə! Sev onu, Çinarə! Sevmək üçün əsl ideal adamdır. Sev onu , Çinarə!
-Siz hansı şəhərlərə getmək istərdiniz?
Sev onu, Çinarə. Əbədi Sevgi deyilən bir şey yoxdur. Sadiq qalmaq, namus, sevgi –bütün bunlar boş şeydir! Vaxtını xoş keçir! Olmayan bir şey uğrunda mübarizə aparmaq nəyə lazım? Nurlan həyatını istədiyi kimi yaşamaq istədi və yaşayır da. Sənə nə düşüb? Sən niyə hansısa ölmüş sevgini yaşatmalısan? Sən artıq onun həyatında yoxsan! O, var idi ama indi yoxdur. Insanları azad buraxmaq lazımdır. Və mən də azadam!
-Hansı şəhərlərə getmək istəsəniz, deyərsiniz, sizi ora apararam –Elvin gözlərini süzdürdü.
Sev onu, Çinarə. Lənətə gəlsin, bu qəlb niyə çağırışıma cavab vermir? Qəlb! Zibilə qalmış qəlb! Insana əzab verməkdən başqa heç bir işə yaramayan qəlb! Qəlbi beyin tərbiyələndirir. Beyin, dəyiş qəlbi! Ona başa sal ki, Əbədi Sevgi yoxdur! Sev onu, Çinarə. Sev onu! Zibilə qalmış ,qəlb, niyə susursan????
Çinarənin göz bəbəkləri qəfildən genişləndi. O, şokdaymış kimi donuq gözlərlə Elvinə baxdı.
-Bilirsiniz?.....Mən Nurlanı sevirəm! mən onu çox sevirəm.
-Nə? –Elvin təəccüblü baxışlarla Çinarəyə baxdı. Bu nə sözdür? Nurlan kimdir, görəsən? bu qız niyə qəfildən bu sözü dedi ki?
-Nurlan....Bilirsiniz Nurlan kimdir?-Çinarənin çöhrəsində məsum təbəssüm yarandı:- Nurlan – bu elə mənəm. mənim ikinci adım Nurlandır. Siz heç Sevgini görmüsünüz? Nurlan mənə Sevgini göstərdi! Əgər siz Nurlanın qəlbinin içini görə bilsəydiniz, mənə haqq verərdiniz. Bilirsiniz? Mən heç onu tanımamışdan da onu sevirdim. Mən həmişə onu xəyal edirdim. Mən həmişə istəyirdim ki, həyatımda ancaq 1 nəfər olsun. Və o da mənim qəhrəmanım olsun. Ancaq 1 insana sevgi ilə baxım, ancaq 1 insana toxunum, ancaq 1 insanı qucaqlayım...Allah bu arzumu gördü. Və mən gələcək həyat yoldaşımla qarşılaşmamışdan əvvəl də , mən bilirdim ki, o, kim olacaq. Bilirsiniz necə? Bir gün yuxuma bir qadın gəldi. Və mənə dedi ki, sənin bir qismətin var və adı Nurlandır. Və mən o yuxudan sonra ancaq və ancaq Nurlanı gözlədim. Çünki mən yuxulara inanırdım. Çünki mən inanırdım ki, saf Sevgilər, nağıllar, möcüzələr var. Allah məni özgə sevgilərdən qorumaq üçün bir nişanə göndərdi. Və mən o nişanəyə ömrü boyu sadiq qaldım və qalacam da...-Çinarənin gözləri yaşarmışdı. Elvin hələ də Çinarənin
Nitqini dərk etməyə çalışırdı.
-Sizcə mən bütün bu möcüzələri heçə saya bilərəm? axı hər insanın həyatında möcüzələr baş vermir. Axı hər insana Sevgini görmək nəsib olmur. Mən bütün bunlar heç olmamış kimi davrana bilmərəm. mən Sevgini görmüşəm. onu görməmişəmmiş kimi davrana bilmərəm.
Çinarə çantasını götürüb, ayağa qalxdı.
-Bağışlayın məni. Mən heç özüm də başa düşə bilmirəm ki, niyə sizə zəng etdim. Gərək heç zəng vurmayaydım. Üzr istəyirəm.
Çinarə qəti addımlarla restorandan çıxdı. küçə boyu addımlayırdı. Addımladıqca üz-üzə gələn insanlar həm ağlayan, həm də üzündə təbəssüm olan bu qadına təəccüblə baxırdı. Çinarə məğrur addımlarla yeriyirdi. O, özü ilə fəxr edirdi. Öz sevgisi ilə fəxr edirdi. O, elə zənn edirdi ki, sevgisi artıq ölüb. Ama sən demə, sağ imiş və əvvəlkindən daha möhkəm idi. Yaralanmışdı, ruhunda çapıqlar, yara –qan izləri. Ama daha iradəli və daha əzmkar olmuşdu. Onun Sevgisi qalib gəldi. O, sevinirdi. Sevgisinin bu qədər dəyanətli və cəsur olduğu üçün sevinirdi.
Bir az bundan əvvəl restoranda qəlbini dəyişməyə, özünü öz sadiqliyini pozmağa təhrik edəndə, qəlbi qulağına pıçıldamışdı:
-Niyə məni kimləsə doldurmağa çalışırsan? Axı mən boş deyiləm. Niyə mən boşammış kimi davranırsan? Mən heç vaxt boş olmadım. Həmin yuxunu xatırla! Axı siz insanlar niyə bu qədər unutqansınız? Sən bilmirdin, ama Allah sənin qəlbini həmin yuxudan sonra doldurdu –sevgi ilə, sənin qəhrəmanının sevgisi ilə. Məgər sən deyildinmi Allahdan ancaq öz qismətini, öz sevgi payını istəyən? məgər Allahın izni ilə həmin sevgi sənə qismət olmadımı? Kim göstərdi sənə Sevgini? –Nurlan! Məgər Sevgini görmək hər insana nəsib olur? Kim tamamladı sənin yarımçıq ruhunu? Kim yaşatdı sənə o doğmalıq hissini? Məgər başqa insanlarda o duyğunu tapacağını düşünürsən? Niyə unudursan Nurlanın sənin həyatındakı əməllərini? O, sənə Sevgini göstərdi. Başqa heç kimin göstərə bilməyəcəyi Sevgini! Siz insanlar! Siz insanlar...Nifrəti və qəzəbi ucbatından əsl Sevgini qurban verən cılız, iradəsiz, kinli insanlar! Unutqan varlıqlar! Sizə edilən yaxşılıqları bir andaca silən vəfasız məxluqlar! Sən nə istəyirsən et! Ama mənə toxunma! Mən heç vaxt dəyişməyəcəm. və onun adını həmişə özümdə qoruyub saxlayacam!
“Heç vaxt bu qədər fəxr etməmişdim sevgimlə. Ağlamaq istəyirdim. Uşaqlar kimi hönkür-hönkür ağlamaq. Özümdən utanırdım. Onun sadiqliyinə isə heyran qalmışdım. O, səni o qədər çox sevir ki...Bütün qapı və pəncərələrini bağlayıb. Hətta mənim üzümə belə! Qaranlıqda yaşamağa razıdır. Təki səni itirməsin. Və fəxr etdim. Mənim Sevgim güclü çıxdı. mənim Sevgim təmiz çıxdı. mənim Sevgim sadiqdir. Nurlan, hansı söz ifadə edə bilər hisslərimi? Hansı cümlədə gizlənib o sehrli sözlər? Sən bir mələk idin. Mən uşaqlıqdan möcüzələrə inanırdım. Allah da səni mənə yolladı. Yolladı ki, sən mənə Sevgini göstərəsən. göstərəsən və bir gün gedəsən. gedəsən ki , mən Sevginin nə olduğunu dərk edim. Gedəsən ki, mən bu Sevgini haqq etdiyimi sübut edim. Mən səni sevirəm, Nurlan. Bu danılmaz həqiqətdir. Və həqiqətlər qarşısında hamı acizdir...”
***
Çinarə binanın qarşısında dayananda bütün bədəninin necə titrədiyini hiss etdi. Səmaya baxdı və gülümsədi. iri və qəti addımlarla binaya daxil oldu. liftlə 12-ci mərtəbəyə qalxdı. Liftdən çıxdı və qonur rəngli qapıya yaxınlaşdı. Gözlərini yumdu, açdı və qapını döydü. Onun orada –bu qapının arxasında olduğunu bilirdi.
Qapı açıldı. Və Çinarə bütün cisminin necə soyuduğunu hiss etdi. Soyuq tər onu əsir almışdı. Nurlan qapıdan dayanmışdı. Onun qarşısında. Nurlan! 6 hərfdən ibarət söz! Nurlan! Sevgi! Məsumluq! Mərhəmət! Möcüzə! Nağıllar!
-Axşamın xeyir, Nurlan –Çinarə sevgi dolu baxışlarla qarşısında dayanan insana baxdı.
Adi insan. Hamı kimi, 2 gözü, 2 əl –ayağı olan adi insan. Bəs bu qədər sevgi niyə?
-Axşamın xeyir, Çinarə -Nurlan təəccüblü deyildi. Üzündə təbəssüm vardı. Ilahi məsumluğa malik təbəssüm. Gözləri...Bu qədər saf baxışlar ola bilərmi? Ola bilər! Bəs bu qədər sevgi niyə?
-Nurlan, mən bura ona görə gəlmişəm ki....
Vəssalam. Hər şey yaddan çıxdı. halbuki bura gəlməmişdən əvvəl Çinarə nitqini çox məşq etmişdi. Yaxşı nitq hazırlamışdı. Yığcam, lakonik danışmaq, ama əsas olanları danışmaq. Artıq sözlərə yer verməmək, emosiyanal olmamaq, qətiyyən ağlamamaq, soyuqqanlı və güclü görsənmək. Ən azından bütün bunlar Nurlanı görməyənə kimi belə idi. Indi isə onun qarşısında Nurlan dayanmışdı. Nurlan!
-Nurlan kimdir?-beyin sual verir.
Qəlb cavab verir: -Bu mənəm.
Nurlan sevgidir. Bəs sevgi nədir? Sevgi? Sevgi –bu Nurlandır. Çinarəyə görə bu Nurlandır. Ayselə görə bu Camaldır. Səbinəyə görə bu Anardır. Əminəyə görə bu Bəşirdir. Və sairə sairə...
Sevgi –bu, qəlbin öz adını dəyişməsidir.
Sevgi –bu, beynin qəlbə təslim olması ilə onun da öz adını dəyişməsidir.
Sevgi –bu, damarlada axan qanın da beynə təslim olması və onun da öz adını dəyişməsidir.
Sevgi –bu dəyişmələr nəticəsində sənin büsbütün dəyişməyin və sənin də öz adını dəyişməyindir.
Çinarə -bu, elə Nurlandır!
-Çox yaxşı nitq hazırlamışdım. Heyf, ama hamısı yaddan çıxdı.-Çinarə güldü.
Nurlan da gülümsədi.
Bəli, dəyər! Bu qədər əzab çəkməyə, göz yaşı tökməyə, isterika keçirməyə dəyər! Bu təbəssümü görmək üçün dəyər! Bu təbəssümü qazanmaq üçün dəyər!
-Etiraf etməliyəm ki, bu mənim üçün çox ağır oldu. birdən –birə yuxudan ayılmaq, möcüzələrdən oyanmaq, birgə getdiyin yolda yarıda qalmaq...Çox çətin oldu. mənsə davam etməliydim. Hər nə olursa olsun, davam etməliydim. Qismətdən qaçmaq olmaz! heç kim özünü ayrılıqdan sığortalamayıb. Hər şey ola bilər həyatda. Məncə, həyatın məğzi elə budur –hər nə olursa olsun, davam etmək! Mən davam etməliydim...Çox yollara əl atdım. Təcrübəmdəki bütün üsullardan istifadə etdim: heç nə olmamış kimi davranmağa çalışdım. Soyuqqanlı olmağa çalışdım. Yeni hobbilər tapmağa çalışdım.
Pozitiv düşünməyə çalışdım. Zaman –zaman depressiyaya düşdüm, isterikalar keçirdim. Nələrisə cırıb atdım. Nələrisə atdım həyatımdan! Yoqaya başladım. Fransız dilini öyrənməyə başladım. Səyahətə çıxmağı planlaşdırdım...Davam etmək üçün mən dəyişməliydim. Və dəyişdim də. Nurlan, mən dəyişdim. Beynimi dəyişdirdim. Qəlbimi isə dəyişdirməyə ehtiyac yoxdur. Onu dəyişə bilmərəm. çünki həyatda elə şeylər var ki, onlar sənin iradənin xaricindədirlər. Onlar səndən asılı deyil. Fərqi yoxdur, səninlə ya sənsiz! Mən bu yolu gedəcəm. dəyişmiş beyinlə ama eyni qəlblə. Nurlan, mən Sevgini gördüm. Onu mənə sən göstərdin. Yox, əsla, düşünmə ki, mən bura özümü acındırmağa gəlmişəm. ya da səndən münasibətimizi zorla davam etdirməyi xahiş etməyə gəlmişəm. yox! Əsla! Əgər bir münasibət bitibsə, bitib! Bunu davam etdirməyin mənası yoxdur. Mən sadəcə...
Çinarə hiss etdi ki, boğazında düyünlənib qalmış nəsə var və o, bir az da davam etsə, bu düyün göz yaşları ilə çözüləcək.
-Mən sadəcə səni...çox ama çox sevirəmmmmm-deyib, qəfildən Nurlanı qucaqladı. Bərk-bərk qucaqladı. Və birdən onu öpdü. Uzun və möhkəm öpdü. Və elə qəfildən də Nurlandan aralanıb, heç geriyə baxmadan sürətlə pilləkənləri düşdü. Gözləmədi. Nurlanın nə cavab verəcəyini, necə reaksiya göstərəcəyini gözləmədi... sürətlə 2-2, 3-3 pilləkənləri düşürdü. Ağlayırdı...hıçqırıqlarla ağlayırdı...İndi artıq ağlaya bilərdi....
“Mən adımı dəyişəcəm, ama sənə olan sevgimi dəyişməyəcəm. mən yaşadığım şəhəri dəyişəcəm. ama sevgimin şəhərini heç vaxt dəyişməyəcəm. mən telefon nömrəmi dəyişəcəm. ama telefonumun ekranındakı sənin şəklini heç vaxt dəyişməyəcəm. mən beynimi dəyişəcəm. ama qəlbimi heç vaxt dəyişməyəcəm....”
Bəzən ən doğru seçim –sadəcə geriyə baxmadan getməkdir.
Bəzən ən böyük acı –dönməyəcəyini bilə -bilə dəyər verdiyin birini yola salmaqdır.
Bəzən bütün arzuların bir uğursuzluğa görə puç olur.
Bəzən davam etmək üçün xəyallarını özün öldürməli olursan.
Bəzən anlayırsan ki, sən artıq unudulmusan.
Bəzən ən uzun məsafəni ölçmək üçün kilometrlərlə məsafəyə qət etməyə ehtiyac olmur. Ayrılmış iki insanın arasındakı məsafəni ölç, yetər....
***
-Aysel xanım, sizə o qədər minnətdaram ki,-rayonun sakinlərindən biri –Nazilə gülümsəyərək dedi.-Siz mənim ailə həyatımı xilas etdiniz. Əgər siz olmasaydınız, sizin psixoloji yardımınız olmasaydı, mən indi iki uşaqlı ərsiz-başsız qalacaqdım. Kaş ki ağsaqqallarımız, ağbirçəklərimiz də sizin kimi düşünəydi.
-Mən heç nə etmədim.-Aysel gülümsədi. –Mən sadəcə sizin öz sevginizi özünüzə qaytardım.
-Mənim xalam qızının da ailəsində problemlər var. Ümid edirəm ki, ona da kömək
edəcəksiniz.
-Çalışaram...
-Çox sağ olun, Aysel xanım. Sizi bura Allah göndərib. Əminəm ki, sizin evlənəcəyiniz adam dünyanın ən bəxtəvər adamı olacaq.
-Hmm-Aysel qayğılı baxışlarla gülümsədi.
-Sağ olun- deyib, qadın otaqdan çıxdı.
-Sağ olun- Aysel gülümsədi.
Aysel! Çinarənin yeni adı! Çinarə yeni adına çox tez və asanlıqla öyrəşdi. Yeni adla, yeni mühitdə, yeni insanlarla...
Bəzən elə filmlər olur ki, insanın həyatına təsir edir.
Məsələn, “180” adlı bir hind filmi...
Filmdə baş qəhrəman xöşbəxt, sevdiyi qızla evli olan həkim Acaydır. Bir gün Acay öyrənir ki, o, xərçəng xəstəsidir və 6 ay (180 gün) ömrü qalıb. Bu, onun psixikasına və həyatına çox pis təsir edir. Özünəqapanır, sevdiyi qızdan uzaqlaşır, ona durmadan qışqırır, və gözünə daim onu təqib edən qara adam görünür. Acay başa düşür ki, o, istəmədən sevdiyi qıza əzab verir. Həmişə deyib-gülən şıltaq qız artıq gülmür, qorxur, ağlayır və əzab çəkir. Və bir gün Acay telefonunu suya ataraq, maşının çayın kənarında buraxaraq ( hər kəs onu çayda boğulub öldü bilsin deyə), heç kimə heç nə demədən çıxıb gedir. Başqa bir ölkəyə, tamam başqa bir adla. Burada hamı onu sevir, hamı onu Mono adı ilə tanıyır. Və o, son qalan günlərini yaxşılıq etməklə keçirir. Daha sonra bəiz səbəblərə görə öz şəhərinə qayıtmalı olur. Istəyir həyat yoldaşının yanına qayıtsın. Ama bunu etmir. Uzaqdan həyat yoldaşına baxır və görür ki, qız həminki şıltaq, gülərüz qızdır. Anlayır ki, əgər köhnə həyatına qayıtsa, yenə dərdləri ilə o qıza əzab verəcək. Və başqa bir ölkəyə -Brazilyaya Xose adı ilə gedir...
Indi Çinarə həmin qəhrəmanın həyatını yaşayırdı. O, adını dəyişmişdi. O, yaşadığı şəhəri dəyişmişdi. O, telefon nömrəsini dəyişmişdi. Hər kəs onu burda Aysel adı ilə tanıyırdı. O, baş həkimin “ rayonlarda işləmək” təklifini qəbul etmişdi. Ancaq 1 şərtlə: Heç kimə Çinarənin hansı rayona getdiyi deyilməyəcəkdi. Valideynləri, yaxınları , hətta yaxın rəfiqəsi Aytəkin də Çinarənin dəqiq harada olduğunu bilmirdilər. Klinikadan onlara Çinarənin işlə bağlı Türkiyəyə getdiyini demişdilər. Və hər kəs Çinarəni Türkiyədə bilirdi. Əslində isə Çinarə Azərbaycanın cənub rayonlarından birində idi. Aysel adı altında yaşayırdı. Artıq Çinarə yox idi. O, Türkiyədə idi və telefon nömrəsinə zəng çatmırdı. Ayselin isə təzə nömrəsi vardı və bu rayonda onu çox sevirdilər. Çinarə yenidən doğulmuşdu: burda Aysel adı ilə. Və Ayselin həyatında hər şey sıfırdan başlamışdı. Bircə şey dəyişməmişdi: Aysel də Çinarə kimi, Nurlanı sevirdi. Yeni adla, yeni mühitdə, ama əbədi dəyişməz qalan Sevgi ilə...
“Mənim Nurlanım...İndi bilmirəm haradasan, necəsən, nə edirsən. ama hər gün sənin yaxşı və xöşbəxt olmağın üçün Allaha dua edirəm. məncə, sevmək üçün zaman və məkan yaxınlığı önəmli deyil. Mənim indi səndən heç xəbərim yoxdur. Ama mən səni hələ də çox sevirəm. səndən uzaq, eyni zamanda sənə ən yaxın olan mən...Mən getməliydim, Nurlan. Sənə yaxınlaşdıqca sevgimi itirməkdənsə, səndən uzaqlaşıb
sevgimi qorumalı idim. Mən hələ də səni əvvəlki tək sevən səfeh, ulduzlara baxıb səni xəyal edən o balaca qızam. Sənə olan sevgim günü gündən artır. Bilmirəm bu nə deməkdir. Ama bir şeyə əminəm ki, mən bu sevgiylə ömrümün sonuna kimi yaşaya bilərəm. Allahın və sənin Sevgin ilə. Sən həmişə deyirdin ki, insan təmənnasız sevməlidir. Mən o zaman tam anlamırdım ki, sən nəyi nəzərdə tutursan. Çünki insan ona görə sevir ki, o sevəndə insanda bəzi xoş duyğular və rahatlıq yaradan hormonlar ifraz olunur. Ona görə sevir ki, sevəndə özünü özəl hiss edir. Deməli, burada təmənna var. Insan kimisə ona görə sevir ki, həmin hisslər onun özünə xoşdur. Ama yenə də sən haqlı çıxdın. Sən məni atdın. Səbəb gətirmədən belə, çıxıb getdin. Ama mən sənə nifrət etmək əvəzinə, səni daha da çox sevirəm. çünki Sevgini görən bir insan istəsə belə, nifrət edə bilmir. Sevginin qarşısında nifrət elə cılızdır ki...
Mənim sevimli qəhrəmanım...Hərdən səni elə yaxınımda hiss edirəm ki...Əl uzatsam, sənə çatacaqmışam kimi...Sən həmişə deyirdin: Ürək bağları bu həyatda hər şeydən möhkəmdir. Sən indi mənim yanımda deyilsən. sənə toxuna bilmirəm. gözlərinə baxıb, səni qucaqlaya bilmirəm. ama səni hiss edirəm. sinəmin sol tərəfində döyünürsən...Elə bərk-bərk döyünürsən ki...
Yeri gəlmişkən, qəlbimlə dostlaşmışıq. Ondan üzr istədim, səhvlərimi etiraf etdim. O, da məni bağışladı. Indi hərdənbir onunla pıçıltılı söhbətlərimiz olur. Onu elə çox sevirəm ki...Çünki içində Allahın və sənin sevgin var...Çünki içində hələ çoxlarının kəşf edə bilmədiyi Sevgi var...”
-Aysel xanım, olar?-içəri orta yaşlı bir qadın daxil oldu.
-Buyurun-deyib, Aysel yazdığı dəftərçəni kənara qoydu.
-Mənə dedilər ki, kömək eləsə, ancaq siz mənə kömək edə bilərsiniz.
-Buyurun, danışın, eşidirəm.
-Mənim ərim alkaşdır. Heç yerdə işləmir. Hirsini də mənim və uşaqlarımın üstünə tökür.-qadın ağlamağa başladı.
-Sıxılmayın xanım, ürəyiniz istədiyi qədər ağlayın. Sakitləşəndə davam edərik...
***
-Həyat bizə 2 seçim verir: Nifrət və Sevgi! –Aysel sakit, təmkinli , ama qəti səs tonu ilə seansa başladı. Qarşısında problemli ailələrin üzvləri, qohumlar, qaynatalar, qaynanalar oturmuşdu. Hər kəs diqqətlə, eyni zamanda təəccüblü nəzərlərlə Ayseli dinləyirdilər.
-Həyat bizə 2 seçim verir:Yaxşı və ya Pis insan olmaq! Nifrət və pis insan olmaq asan, sevgi və yaxşı insan olmaq isə əzablı və çətindir. Və biz insanlar asan olanını seçirik. Məsələn, bir insana nifrət etmək üçün istənilən qədər nöqsan tapa bilərəm.-deyib, Aysel əli ilə oturanlar arasında ortayaşlı 1 kişini göstərdi:-Məsələn, siz! Siz çox əsəbi insansınız. Eyni zamanda kobud və mədəniyyətsizsiniz. Həyat yoldaşına hər kəsin içində qışqırır və bunu kişilikdən sayırsınız. Əslində isə bu cahilliyin əlamətidir. Siz səhv hərəkət edirsiniz və dəyişmək istəmirsiniz. Özünüzü haqlı sayırsınız və sizin fikrinizcə hamı səhvdir, bircə siz düzgünsünüz. Siz hamının içində boğazını arıtlayıb yerə tüpürən və bunu normal hesab edən xudbin insansınız. Siz ali təhsilli deyilsiniz. Və Aristoteli oxumamısınız...Görürsünüz? sizə nifrət etmək üçün yetərincə dəlil və səbəb gətirə
bilərəm.
həmin kişi yarı pərt, yarı təəccüblü halda Ayselə baxırdı.
-Ama mən sizi sevirəm.-Aysel gülümsəyərək dedi: -Çünki siz məni səbirlə dinləyirsiniz. Və bu gün seansa gəlməyi qəbul etmisiniz. Siz qəbul etməyə, gəlməyə, qulaq asmaya da bilərdiniz. Və mən sizin bu hərəkətinizi qiymətləndirirəm.
Kişinin üz ifadəsi dəyişdi. Bu dəfə daha mülayim görünürdü.
-Təsəvvür edin ki, sabah dünyanın sonudur.-Aysel davam etdi:-Siz nə edərdiniz?
Otağı dərin sükut bürüdü. Heç kimdən səs çıxmadı.
-Təsəvvür edin ki, sizə deyirlər ki, sabah dünyanın sonudur. Və hamımız 1 nəfər kimi məhv olacağıq. Dərhal qorxmağa və heyfslənməyə başlayırıq. Çünki bu həyatı lazımınca yaşamadığımızı bilirik. Bilirik, ama etiraf etmək istəmirik. Hər birimiz bilirik ki, biz nələrsə edə bilərdik, ama etmədik. Biz yaxşı insan ola bilərdik, ama olmadıq. Biz Sevgini kəşf edə bilərdik, ama Nifrəti kəşf etdik. Qəlb qırdıq, höcətləşdik, dalaşdıq, ev üstündə bir-birimizi qırdıq, özümüzdən böyüklərə əl qaldırdıq, münasibətlər korlandı, aradakı pərdələr yırtıldı. Yəni Nifrət qalib gəldi. Təsəvvür edin ki, sizə bir gün bir film göstərəcəklərini deyirlər. Sizi televizorun qarşısında əyləşdirirlər və pultu əlinizə verib deyirlər: -İndi öz filminə baxacaqsan. Sənin həyatından çəkilmiş bir filmə.
Həmin filmə baxmaq istərdinizmi?
Yenə də heç kimdən səs çıxmadı.
-Özünüzə kənardan baxın. Hərəkətlərinizə kənardan, başqa bir adamın gözüylə baxın. Mən əminəm ki, heç kim nifrət dolu bir filmə baxmaq istəməz. həyat bizə seçim verir. Səhvsiz insan yoxdur. Hər kəs səhv edə-edə düzgün olmağı öyrənir. Ama öyrənmək istəyir və öyrənir, dəyişmək istəyir və dəyişir. Hər bir insanın cahil dövrü olur. Hər şeyi öz beyniylə, dar düşüncəsiylə ittiham etdiyi dövrü olur. Ama, əgər o, 60 yaşında da 18 yaşındakı kimi düşünürsə, hələ də 18 yaşın cahil, dar düşüncəli yeniyetmə beynini daşıyırsa, deməli, o, heç vaxt inkişaf etməyib. Heç kim deməsin ki, “ mənim xasiyyətim budur. Mən buyam!” Xasiyyət dəyişə bilər. Insan mənən inkişaf etməlidir. Həyat sadəcə pul qazanmaq və onu xərcləməkdən ibarət deyil. Həyat həm də müsbətə doğru dəyişməkdir. Insanları başa düşmək lazımdır. Hər şeyə, hər kəsə öz prizmanızdan deyil, onların prizmasından baxın.
-Prizma nədir? –oturanlardan biri soruşdu.
-Ayə, o üçbucaq formalı şey dana –kişilərdən biri cavab verdi.
Təzəcə kariyerasına başlamış, gənc psixoloq həkim Ceyhun pıçıltı ilə Ayselin qulağına dedi:
-Məncə, siz burada əbəs yerə vaxt itirisiniz. Əbəs yerə bu insanlara nəfəs tükədirsiniz. Onlar heç vaxt dəyişməyib və dəyişməyəcəklər də. Onlar hələ sizin nə dediyinizi belə, anlamırlar.
-Məncə, səhv məndədir.-Aysel eyni pıçıltı ilə dedi:-Mən gərək daha sadə dildə danışım.
Ceyhun susdu.
-İnsan doğulanda cahil doğulur. Ama həyat ona seçim verir: ağıllı olmaq seçimi. Əgər insan dünyanı dərk etməyə çalışmırsa, ən azından özünü dərk etməyə çalışmırsa, o elə cahil olaraq da ölür. Əgər siz kiməsə nifrət edirsinizsə, deməli, siz heç də o nifrət etdiyiniz adamdan fərqlənmirsiniz. Nifrət etmək cahil insanların işidir. Mübahisə,
münaqişə cahil insanların işidir.
-Həkim, indi siz bizə cahil deyirsiniz?-oturanlardan biri soruşdu.
-Seçim sizindir- Aysel bic-bic güldü.
Seans bitdikdən sonra Ceyhun Ayselə yaxınlaşıb dedi:
-Məncə bu seanslar əbəsdir. Onların beyinlərini dəyişmək üçün direl lazımdır. Bu insanlara heç vaxt mədəni olmağı, savadlı olmağı, insani münasibətləri öyrədə bilməyəcəyik.
-Əgər siz indidən belə pessimist notlarla başlamısınızsa, çətin ki, siz nikbin nəticə əldə edəsiniz. Ama sizi qınamıram. Siz işinizdə yenisiniz. Mən də əvvəllər deyirdim ki, insanlar heç vaxt mədəniyyəti kəşf etməyəcəklər. Ama sonra anladım ki, insanlar mədəniyyəti ona görə kəşf etmirlər ki, onlara mədəni olmağı göstərmirlər. Çoxları deyir ki, “ Mədəni insanla mədəni ol, mədəniyyətsizlə mədəniyyətsiz ol!” axı belə olanda mədəniyyətsiz heç vaxt bilməyəcək ki, nə olan şeydir mədəniyyət. Axı biz mədəniyyətsizlə mədəniyyətsiz olsaq, onda fərqimiz nə olacaq? Mədəniyyət nədir? Söz, yoxsa hərəkət və davranışlar? Əslində isə mədəniyyətsizlə də mədəni olmaq lazımdır. Mədəni olmaq lazımdır ki, qoy o da mədəniyyətin nə demək olduğunu görsün. Biz pis və kobud insanlardan dərhal uzaqlaşırıq. Niyə? çünki biz özümüzü onlara yaraşdırmırıq. Əslində isə biz onları dəyişdirmək qabiliyyətində olmadığımızı bildiyimiz üçün onlardan uzaqlaşırıq. Onlara yaxşını göstərmək istəmirik, onları sevgi ilə düz yola gətirmək çətin və hövsələ tələb edən işdir. Bizsə bu işdən boyun qaçırırıq. Əslində bir az səy göstərsək, görərik ki, müsbət nəticələr əldə oluna bilər. Inan buna!
-Aysel xanım, sizdə bu qədər inam və güc haradandır?-Ceyhun heyranlıqla soruşdu.
-Mən Sevgiyə inanıram, Ceyhun. Inanıram ki, gec-tez Sevgi qalib gələcək. Insanlar bir gün dərk edəcəklər ki, onlar indiyə qədər əbəs yerə bir-birilərinə nifrət ediblər. Çünki Sevginin yanında nifrət cılız və gücsüzdür. Əgər öz dediklərimə inanmasam, o zaman dediklərim boş kitab cümlələrindən başqa heç nə olmaz. Əgər istədiyin nəticəni əldə etmək istəyirsənsə, inanmalısan! Biz insanları ancaq İnam və Sevgi xilas edə bilər.
-Aysel xanım, mən hələ sizdən çox şey öyrənməliyəm.-Ceyhun həmin heyranlıqla Ayselə baxdı.
-Hmm.-Aysel gülümsədi...
***
Hava buludlu və sakitdir. Çox sakitdir. Dərin, fəlsəfi, insana huzur verən ilahi sakitlik...
Aysel əlində dəftərçəsi ilə evinin həyətinə çıxdı. onun burada yaşadığı ev 2 balaca otaqdan və geniş həyətdən ibarət idi. Ev alçaq təpəlikdə yerləşirdi və həyətdən kəndin çox hissəsi görünürdü. həyətdən aşağı, yoxuşla əsas yola çıxan dar yol vardı. Və Aysel həyətdəki taxta skamyada oturub, buradan kəndə baxmağı xoşlayırdı.
Bənövşəyi rəngli şalına bürünüb, skamyada oturdu. Havanı acgözlüklə ciyərlərinə çəkib, təbəssümlə səmaya baxdı:
-Səni sevirəm ,Allahım. Bu qədər gözəllik yaratdığın üçün. Möhtəşəm və müdrik olduğun üçün. Sevginin bu qədər böyük olduğu üçün...Onu da sevirəm. bilirsən, kimi deyirəm...-Aysel səmaya gülümsəyərək göz vurdu.
Dəftərçəsini açdı və qələmini götürüb yazmağa başladı:
“ Mənim sevimli qəhrəmanım. Bura elə maraqlıdır ki...Təbiəti elə möhtəşəmdir ki...Düzdür, işim tələb edir ki, heç də xoş olmayan hadisələrə -ailə davalarına, qırğınlara, göz yaşlarına şahid olum. Ama mən möhkəm olmalıyam. Insanlara kömək etməliyəm. onlara Sevginin var olduğunu sübut etməliyəm. onları inandırmalıyam. Müsbət nəticələr var artıq. Və hər müsbət nəticə mənim gücümü daha da artırır. Hərdən düşünürəm, sən olmasaydın mən neyləyərdim? Necə dəyişə bilərdim? Necə Sevgini görə bilərdim? Sən məni dəyişdin. Sən məni adi, hər şeydən küsən, ərköyün qızdan müdrik,, ağıllı, səbrli, düzgün nəticə çıxara bilən birinə çevirdin. Sən mənə Sevgini göstərdin. Və indi mən də insanlara Sevgini göstərirəm. axı Sevgi birdən birə qazanılmır. Insanlardan insanlara ötürülür...
Mən yaxşıyam. Və səni sevirəm. bilmirəm indi neyləyirsən. ama qoy sevgim səni pis şeylərdən qorusun. Qoy gözlərin həmişə gülsün. Əgər sənin gözlərin gülürsə, deməli mənimkilər də gülür. Əgər sənə yaxşıdırsa, deməli, mənə də yaxşıdır. Hərdənbir yuxuma gəlib, məni qucaqlasan bəsimdir. Sən özü.....
Çinarə bir anlıq qələmini saxladı və yoxuşla birisinin onun həyətinə tərəf çıxdığını gördü. Qeyri-ixtiyari baxışlarını həmin siluetə zillədi. və qələmi əlindən yerə düşdü...Bir andaca bədənindən isti cərəyan keçdiyini hiss etdi. Iflic olmuş bədənində ancaq gözləri hərəkət edirdi.
Bu hiss. Həmin bu hiss. Onu necə adlandıraq? Tutaq ki, sən gözləmədiyin anda və gözləmədiyin məkanda ən çox görmək istədiyin, ama nə vaxtsa görəcəyinə inanmadığın birini görürsən. qəfildən. qarşında. Bu hissi necə adlandıraq? Şok? Yox, bu tam ifadə etmir. Həyəcan? Yox! Sevinc? Yox! Qəzəb? Yox! Bu hissin heç bir adı yoxdur. Çünki elə hisslər var ki, onlara ad tapmaq mümkünsüzdür. Indi Çinarə də həmin adsız hisslərin içində idi. Aysel dərhal Çinarəyə çevrildi.
Ona doğru bir siluet yaxınlaşırdı. Və bu Nurlan idi. Çinarə qeyri-ixtiyari ayağa qalxdı. Ətəyinə qoyduğu dəftərçə də yerə düşdü. Çinarə sinəsinin sol tərəfindəki atılıb-düşməni hiss edirdi. Içindəki balaca qız sevincdən atılıb-düşürdü:
-O gəldi. Qəhrəmanın gəldi! Sevgin gəldi!
Çinarə anladı ki, o, indi, bu məqamda danış bilməyəcək. Ən azından həmin balaca qız atılıb-düşməyi dayandırmalı, sakitləşməlidir.
Dostları ilə paylaş: |