Sevgi Naminə



Yüklə 283,52 Kb.
səhifə4/5
tarix20.10.2017
ölçüsü283,52 Kb.
#6947
1   2   3   4   5

Nurlan çaşqın halda Çinarəyə baxırdı.

-Nurlan, sən Bakıdasan?-Çinarə hələ də şokda idi.

-Artıq 2 həftədir ki, Bakıdadır. –Nurlanın əvəzinə iş yoldaşı Rövşən cavab verdi.

-2 həftə?-Çinarənin nitqi kəsilmişdi. Bir anlıq bu 8 ay ərzində yaşadıqlarını xatırladı: keçirdiyi isterikalar, sıxıntılar, göz yaşları, əsəb travmaları, yaranan ümidlər, yenidən sönən ümidlər, boşa çıxmış terapiya cəhdləri, durmadan təhlil və analizlər aparmaq, ətrafdakı insanların reaksiyası, vurulan mənəvi baltalar, zərbələr, hər şeyə və hər kəsə rəğmən vuruşmaq, vuruşmaq, vuruşmaq, ayaq üstə qalmağa çalışmaq, yıxılmamağa çalışmaq....Nəyə görə? Kim üçün? 2 həftədir Bakıya gələn, ama bircə dəfə belə, bunu xəbər etməyən insan üçün?

Çinarə bir anlıq əlindəki ümidin necə aciz və yalançı olduğunu aşkarladı. Yalaçı ümid: o, boşanaq yox, ayrılaq dedi. Yəni nə vaxtsa yenidən bir yerdə olmaq ehtimalı adlı ümid! Qırıq, sınıq-salxaq, yerlərdə sürünən yalançı ümid!

Çinarə emosiyalarını idarə edə bilməməkdən ehtiyat edərək, Nurlana: -Bir dəqiqəlik çölə çıxaq-dedi boğuq səslə.

Çinarə ilə Nurlan zaldan foyeyə, oradan da restoranın eyvanına çıxdılar. Mart ayı idi. Və hava çox soyuq idi. Çinarənin əynində nazik ziyafət paltarı vardı. Və o, tir-tir titrəyirdi.

Ama onu titrədən havanın soyuqluğu deyil, keçirdiyi şok, həyəcan, xəyal qırıqlığı idi. Çinarə hiss edirdi ki, o, çətin və tez-tez nəfəs alır. Sinəsi qalxıb enir. O, başa düşürdü ki, bu anda, o, əsəbini , qəzəbini cilovlamalı, düzgün cümlələrdən, düzgün intonasiya ilə istifadə etməlidir. Ama indi, bu məqamda, hal-hazırda, o, heç nəyi düşünəcək və nəzərə alacaq halda deyildi.

-Səni başa düşə bilmirəm, Nurlan!-Çinarənin səsi titrəyirdi.

-Nəyi nəzərdə tutursan?-Nurlan qayğıkeş baxışlarla Çinarəyə baxdı.

-Sən artıq 2 həftədir Bakıdasan. Ama mənim bundan xəbərim yoxdur. Niyə, Nurlan? Bu qədər hörmətsizliyi qazanacaq nə etdim sənə? harada səhv elədim? Nə vaxt xətrinə dəydim? Yəni 1 mesaj, 1-cə mesajı belə qıymadın ki, mənə yazasan ki, mən Bakıdayam. Bu qədərmi nifrət edirsən mənə? bu qədərmi canını yandırdım?

Çinarə çox yüksək səslə olmasa da, qışqırırdı. Çinarə ağlayırdı. Çinarə üsyan edirdi. O, bu səhnəni –qovuşma səhnəsini tamam başqa cürə xəyal etmişdi. Onun xəyalınca Nurlan Bakıya gələn kimi onu qucaqlayacaqdı, ona onu necə çox sevdiyini və onun üçün necə darıxdığını deyəcəkdi. Və bir də onu heç bir yerə buraxmayacaqdı...

Bəzən həyat xəyal etdiyimiz kimi olmur...

Indi, bu məqamda Çinarə qışqırırdı ən çox sevdiyi insana. Ağlayırdı onu qucaqlamaq əvəzinə. Ittiham edirdi, onu necə çox sevdiyini demək əvəzinə.

Nurlan susurdu. Və onun bu susqunluğu Çinarəni daha da azdırırdı getdiyi müəmmalı yolda. Çinarə bilirdi ki, o, hər nə olursa olsun, xanım zərifliyini saxlamalıdır. Çinarə bilirdi ki, Nurlanın həyasız qadınlardan xoşu gəlmir. Ama indi o, bunları nəzərə alacaq halda deyildi. Onun canı yanırdı. Və onun canını yandıran da onun canı idi.

-Susma, Nurlan! Cavab ver! De, əgər qəbahətim, hansısa səhv işim varsa, de bilim. Axı bu qədər hörmətsizliyi qazanacaq nə etmişəm? yəni mənim sənin həyatında 1-cə qram belə yerim yoxdur ki, sən mənə Bakıya gəldiyini deməmisən? yəni bu qədərmi dəyərsizəm sənin üçün? Bu qədərmi nifrət edirsən mənə? axı neyləmişəm? həmişə səni başa düşməyə çalışdım. Özünəqapalılığını normal qarşıladım. Sənin qarşında heç vaxt şərt və tələblər qoymadım. Azadlığına heç vaxt təzyiq göstərmədim. Öz qanunlarımın, öz şəxsi maraqlarımın üstündən xətt çəkib, sənin qanunlarınla yaşadım. Axı mən pis nə etdim?

Çinarə danışdıqca, qışqırdıqca özünə nifrət edirdi. O, indi bu halı ilə özünə iyrənc görünürdü. həyasız, emosiyalarını idarə edə bilməyən qadın! Ama indi o, özü ilə bacarmırdı. Çətin və tez-tez nəfəs alır, durmadan ağlayırdı.

-Neçə-neçə həyasız qadınlar tanıyıram ki, camaatın içində ərlərinə nə gəldi deyirlər, ərlərinin qarşısına min cür şərt və tələb qoyurlar. Ama onların ərləri hələ də onların yanındadır. Mən bunu haqq edəcək nə etdim axı? Niyə? nəyə görə? Bu qədər can yandırmaq nəyə görə?

Çinarə yazıq və sual dolu baxışlarla Nurlana baxırdı.

Nurlan susurdu. Ama baxışları...Baxışları hər şeyi deyirdi...Həmin baxışlar...Çinarənin vurulduğu həmin baxışlar...

Arada sükut yarandı. Və bu sükut özü-özündə Çinarənin sualına cavab verirdi.

-Bağışla, bütün günahlar məndədir-Çinarə bu dəfə daha sakit və əzgin halda danışdı.

-Bağışla, mən hər şeyi səhv başa düşmüşəm. Əslində sən həmişə mənimlə dürüst

olmusan. Sən “ayrılaq” dedin. Mənsə “boşanaq” deyil, “ayrılaq” dediyin üçün, bundan ümid yaratdım. Cılız, balaca, yalançı ümid. Bağışla, mən sadəcə dərk etməmişdim ki, doğrudan da hər şey bitdi. Yəqin mədəni formada ayrılmaq buna deyirlər. Heç bir davasız, söyüşsüz, təhqirsiz...Bizim millət öyrəşib axı dava ilə ayrılmağa.-Çinarə güldü və göz yaşlarını sildi:-Bağışla, mən səhv başa düşmüşəm. bağışla, bir də səni narahat etməyəcəm- deyib, sürətli addımlarla eyvandan foyeyə çıxdı. qeyri-ixtiyarı foyedə pilləkənlərlə aşağı düşdü. 1-ci mərtəbəyə- qarderoba tərəf...Nömrəsini göstərib, gödəkcəsini almaq üçün...
O gün...O an...Mart ayı...Soyuq hava...Tutqun ay var idi səmada...O an...O ankı hava..O ankı hisslər. Beynin donması. Məntiqin donması. Əlindəki son ümidin ölməsi. Hara gedəcəyini bilməmək. Cavabsız sualların hücumu. Bundan sonra necə yaşayacağını bilməmək...

Çinarə həmin an anladı ki, insanın beynindən 1 saniyə ərzində minlərcə fikir keçə bilərmiş:

Intihar. Yox, həyata davam! Ama başqa cür. Nəyişə dəyişmək. Kimlərisə, nələrisə həyatından silmək. Yaddaşını təmizləmək. Qəlbdən imtina etmək. Yox, qəlbi atmamaq. Sadəcə içindəkiləri dəyişmək. əzab verən duyğulardan qurtulmaq. Qəlbi yeni sevgilərlə doldurmaq. Bura kimi yaşadığın həyatın tam əksini yaşamaq. Fahişəlik etmək. Qarşına çıxan ilk yaraşıqlı kişi ilə yatmaq. Siqaretə başlamaq. Ya da viskinin dadına baxmaq. Sərxoş olmaq. Gözünü açanda özünü başqa yataqlarda görmək. Xaricə getmək. Hər şeyə və hər kəsə tüpürüb getmək! Arxaya baxmadan, hamını və hər şeyi geridə qoyub getmək...Həyata davam, ama başqa şəhərdə, başqa tərzdə...

Çinarə çarə axtarırdı. Ruhunu qılınc kimi kəsən ağrıdan yaxa qurtarmaq üçün çarə axtarırdı.

Ruhun donması. Acıdan tərpənə bilməmək. Bütün bədənin iflic olması. Məntiqin dilemmalar içində ora –bura vurnuxması. Beynin düşünməkdən imtina etməsi. Qəlbin əbədiyyən susması...Yəqin mənəvi ölüm belə olur...

-Qızım, hara sürüm?

Çinarə oturduğu yerdən ona müraciət edən kişinin sualına cavab vermək istəyirdi. ama nə cavab verəcəyini, ümumiyyətlə hansı dildə danışmalı olduğunu bilmirdi. O, hərəkətlərini xatırlamağa çalışırdı. Ama məntiqi donmuşdu. Komputerə virus düşən kimi, beyni alt-üst olmuşdu. Etdiyi hərəkətləri ardıcıllıqla düzərək, nəticə çıxara bilmirdi. Xatırlaya bilmirdi ki, necə olub ki, pilləkənləri düşüb, qarderobdan gödəkcəsini alıb, geyinib, çölə çıxıb. Necə olub ki, taksiyə minib və indi taksi şoferinin sualına cavab verməkdə çətinlik çəkir.

-A...aa....aaa...bbb...ss...sss-Çinarə kəkələyirdi. sözün əsl mənasında kəkələyirdi. tir-tir titrəyirdi. və donuq gözlərlə ondan cavab gözləyən kişiyə baxırdı.

-Xanım, siz yaxşısınız? Su istəyirsiniz? –şofer plastik su butulkasını Çinarəyə uzatdı.

-Mən...mən....mən...-Çinarə cümlə qurmaq istəyridi. Ama keçirdiyi şok onu 2 yaşlı, cümlə qura bilməyən uşağa çevirmişdi.

Sudan 2 qurtum içdi. Əlləri titrəyə-titrəyə butulkanı şoferə geri qaytardı.

-Xanım, istəyirsiniz xəstəxanaya sürüm.-şofer Çinarənin halına görə çox qorxmuşdu.

-Yox,....ehtiyac...yoxdur...-Çinarə yavaş-yavaş özünə gəlirdi.-Sadəcə...sadəcə indi...indi

eşitdim ki...çox...çox yaxın bir adamım ölüb...adı ÜMİD idi...


***

Səhər. Deməli, yeni həyat! Hər yeni səhər yeni həyatın başlanğıcı deməkdir. Yeni səhifə. Yeni beyin və yeni ürək...

Çinarə əsəbi halda çantasını qarışdırırdı. Axtarırdı. 3 gün bundan əvvəl ona uzadılan, içində telefon nömrəsi olan kağız parçasını axtarırdı:

-Bu mənim telefon nömrəmdir. –onun yanına gələn pasiyentin dostu, həm də iş yoldaşı olan cavan, yaraşıqlı oğlan xüsusi intonasiya ilə demişdi: -Sizin zənginizi səbirsizliklə gözləyəcəm. –baxışlarına xüsusi məna qataraq gülümsəmişdi.

Çinarə isə buna əhəmiyyət verməyərək, kağız parçasının çantasına atmışdı. Indi həmin kağız parçasını axtarırdı. Nəhayət ki, tapdı. Kağızda yazılan telefon nömrəsini yığmağa başladı. Sadəcə 1 addım: “Yes” düyməsinə basmaq! Niyə də yox? Nurlan haqlıdır. Bir münasib bitibsə bitib. Nəyə gərək ona yas saxlamaq? Ya da “niyə bitdi?” deyib, səbəb axtarmaq, günahın kimdə olduğunu tapmaq. Nəyə lazım? Niyə insanlar bitmiş, məhv olmuş, çeynənmiş münasibətlərdən belə çox yapışırlar? Niyə insanlar asanlıqla yeni münasibətə başlamırlar? Kim deyir ki, Əbədi Sevgi var? Kim uydurub bu nağılı? Kim deyir ki, psixoloqların dediklərinə əməl etsən, ailən heç vaxt dağılmayacaq? Kim deyir ki, Əbədi Sevgi üçün qarşılıqlı hörmət və anlaşma lazımdır? Kim deyir ki, nikah heç vaxt ayrılmamağa zəmanət verir? Aytəkin haqlı idi. Anam haqlı idi. Bacım haqlı idi. Əbədi Sevgi yoxdur! Nağıllar yoxdur!

“Yes” düyməsi!

-Alo?

-Alo, salam.



-Salam.

-Elvindir danışan?

-Bəli.

-Mən psixoloq-məsləhətçi Çinarə xanım....


Dəbdəbəli, nəhəng çılçıraqları olan restoran. Çox şıkdır və parlaqdır. Qarşımda yaraşıqlı biri oturub. O, çox yaraşıqlıdır. Sadəcə 1 zəng! Salam, yeni həyat! Əlvida keçmiş! Namus? O kimdir? Tanış gəlmir. Namus Sinqapura getdi və öldü. Kim deyir ki qadın ancaq 1 kişiyə məxsus olmalıdır? Ancaq 1 kişini öpməli və toxunmalıdır. Bu qanunu kim çıxarıb?

O, çox yaraşıqlıdır. Adı Elvin. Ötən dəfə iş yoldaşını seansa gətirəndə mənə çox qəribə baxırdı və dayanmadan baxırdı. Mənsə səfeh kimi fikir vermirdim. Görəsən, niyə? nəsə. o, indi qarşımda oturub və danışır.

-İtaliya çox gözəl bir ölkədir.-Elvin onu daha da yaraşıqlı edən təbəssümü ilə gülümsədi.



O, çox yaraşıqlıdır. Həm də çox mədənidir.

-Mən dəfələrlə Romada olmuşam. Roma qədim və antik mədəniyyətin ən canlı ən bariz nümunəsidir.



O, çox mədənidir. Hərəkətləri, danışığı, gülüşü, müraciət forması...İdeal! məgər sən bunu istəmirsən,Çinarə? Sənin həmişə mədəni insanlardan xoşun gəlib.

-Mən çox istərdim ki, sizinlə Romaya gedək. Roma sevgililər şəhəri...Romantika...

Nurlan haqlıdır. Insanlar müstəqildir. Nurlan haqlıdır. “Happy End” deyilən bir şey yoxdur. Nurlan haqlıdır. Insanların qorxusu onların faciəsidir. Insan istəsə komediya yaza bilər, ama faciə yazır.

-Fransa da çox gözəl bir ölkədir. Istəsəniz Parisə də gedə bilərik. Mən Parisdə də olmuşam.



O, həm yaraşıqlı, həm mədəni, həm də varlıdır. Ağıllı, mənalı baxışları var. Ondan sənə çox gözəl bir sevgili olacaq, Çinarə. Həyatını yaşa! Vaxtını xoş keçir. Bu həyat sənindir. SƏNİN həyatın. Onu göz yaşları və əzab içində keçirmə! Sev onu, Çinarə! Sevmək üçün əsl ideal adamdır. Sev onu , Çinarə!

-Siz hansı şəhərlərə getmək istərdiniz?



Sev onu, Çinarə. Əbədi Sevgi deyilən bir şey yoxdur. Sadiq qalmaq, namus, sevgi –bütün bunlar boş şeydir! Vaxtını xoş keçir! Olmayan bir şey uğrunda mübarizə aparmaq nəyə lazım? Nurlan həyatını istədiyi kimi yaşamaq istədi və yaşayır da. Sənə nə düşüb? Sən niyə hansısa ölmüş sevgini yaşatmalısan? Sən artıq onun həyatında yoxsan! O, var idi ama indi yoxdur. Insanları azad buraxmaq lazımdır. Və mən də azadam!

-Hansı şəhərlərə getmək istəsəniz, deyərsiniz, sizi ora apararam –Elvin gözlərini süzdürdü.



Sev onu, Çinarə. Lənətə gəlsin, bu qəlb niyə çağırışıma cavab vermir? Qəlb! Zibilə qalmış qəlb! Insana əzab verməkdən başqa heç bir işə yaramayan qəlb! Qəlbi beyin tərbiyələndirir. Beyin, dəyiş qəlbi! Ona başa sal ki, Əbədi Sevgi yoxdur! Sev onu, Çinarə. Sev onu! Zibilə qalmış ,qəlb, niyə susursan????

Çinarənin göz bəbəkləri qəfildən genişləndi. O, şokdaymış kimi donuq gözlərlə Elvinə baxdı.

-Bilirsiniz?.....Mən Nurlanı sevirəm! mən onu çox sevirəm.

-Nə? –Elvin təəccüblü baxışlarla Çinarəyə baxdı. Bu nə sözdür? Nurlan kimdir, görəsən? bu qız niyə qəfildən bu sözü dedi ki?

-Nurlan....Bilirsiniz Nurlan kimdir?-Çinarənin çöhrəsində məsum təbəssüm yarandı:- Nurlan – bu elə mənəm. mənim ikinci adım Nurlandır. Siz heç Sevgini görmüsünüz? Nurlan mənə Sevgini göstərdi! Əgər siz Nurlanın qəlbinin içini görə bilsəydiniz, mənə haqq verərdiniz. Bilirsiniz? Mən heç onu tanımamışdan da onu sevirdim. Mən həmişə onu xəyal edirdim. Mən həmişə istəyirdim ki, həyatımda ancaq 1 nəfər olsun. Və o da mənim qəhrəmanım olsun. Ancaq 1 insana sevgi ilə baxım, ancaq 1 insana toxunum, ancaq 1 insanı qucaqlayım...Allah bu arzumu gördü. Və mən gələcək həyat yoldaşımla qarşılaşmamışdan əvvəl də , mən bilirdim ki, o, kim olacaq. Bilirsiniz necə? Bir gün yuxuma bir qadın gəldi. Və mənə dedi ki, sənin bir qismətin var və adı Nurlandır. Və mən o yuxudan sonra ancaq və ancaq Nurlanı gözlədim. Çünki mən yuxulara inanırdım. Çünki mən inanırdım ki, saf Sevgilər, nağıllar, möcüzələr var. Allah məni özgə sevgilərdən qorumaq üçün bir nişanə göndərdi. Və mən o nişanəyə ömrü boyu sadiq qaldım və qalacam da...-Çinarənin gözləri yaşarmışdı. Elvin hələ də Çinarənin

Nitqini dərk etməyə çalışırdı.

-Sizcə mən bütün bu möcüzələri heçə saya bilərəm? axı hər insanın həyatında möcüzələr baş vermir. Axı hər insana Sevgini görmək nəsib olmur. Mən bütün bunlar heç olmamış kimi davrana bilmərəm. mən Sevgini görmüşəm. onu görməmişəmmiş kimi davrana bilmərəm.

Çinarə çantasını götürüb, ayağa qalxdı.

-Bağışlayın məni. Mən heç özüm də başa düşə bilmirəm ki, niyə sizə zəng etdim. Gərək heç zəng vurmayaydım. Üzr istəyirəm.

Çinarə qəti addımlarla restorandan çıxdı. küçə boyu addımlayırdı. Addımladıqca üz-üzə gələn insanlar həm ağlayan, həm də üzündə təbəssüm olan bu qadına təəccüblə baxırdı. Çinarə məğrur addımlarla yeriyirdi. O, özü ilə fəxr edirdi. Öz sevgisi ilə fəxr edirdi. O, elə zənn edirdi ki, sevgisi artıq ölüb. Ama sən demə, sağ imiş və əvvəlkindən daha möhkəm idi. Yaralanmışdı, ruhunda çapıqlar, yara –qan izləri. Ama daha iradəli və daha əzmkar olmuşdu. Onun Sevgisi qalib gəldi. O, sevinirdi. Sevgisinin bu qədər dəyanətli və cəsur olduğu üçün sevinirdi.

Bir az bundan əvvəl restoranda qəlbini dəyişməyə, özünü öz sadiqliyini pozmağa təhrik edəndə, qəlbi qulağına pıçıldamışdı:

-Niyə məni kimləsə doldurmağa çalışırsan? Axı mən boş deyiləm. Niyə mən boşammış kimi davranırsan? Mən heç vaxt boş olmadım. Həmin yuxunu xatırla! Axı siz insanlar niyə bu qədər unutqansınız? Sən bilmirdin, ama Allah sənin qəlbini həmin yuxudan sonra doldurdu –sevgi ilə, sənin qəhrəmanının sevgisi ilə. Məgər sən deyildinmi Allahdan ancaq öz qismətini, öz sevgi payını istəyən? məgər Allahın izni ilə həmin sevgi sənə qismət olmadımı? Kim göstərdi sənə Sevgini? –Nurlan! Məgər Sevgini görmək hər insana nəsib olur? Kim tamamladı sənin yarımçıq ruhunu? Kim yaşatdı sənə o doğmalıq hissini? Məgər başqa insanlarda o duyğunu tapacağını düşünürsən? Niyə unudursan Nurlanın sənin həyatındakı əməllərini? O, sənə Sevgini göstərdi. Başqa heç kimin göstərə bilməyəcəyi Sevgini! Siz insanlar! Siz insanlar...Nifrəti və qəzəbi ucbatından əsl Sevgini qurban verən cılız, iradəsiz, kinli insanlar! Unutqan varlıqlar! Sizə edilən yaxşılıqları bir andaca silən vəfasız məxluqlar! Sən nə istəyirsən et! Ama mənə toxunma! Mən heç vaxt dəyişməyəcəm. və onun adını həmişə özümdə qoruyub saxlayacam!


Heç vaxt bu qədər fəxr etməmişdim sevgimlə. Ağlamaq istəyirdim. Uşaqlar kimi hönkür-hönkür ağlamaq. Özümdən utanırdım. Onun sadiqliyinə isə heyran qalmışdım. O, səni o qədər çox sevir ki...Bütün qapı və pəncərələrini bağlayıb. Hətta mənim üzümə belə! Qaranlıqda yaşamağa razıdır. Təki səni itirməsin. Və fəxr etdim. Mənim Sevgim güclü çıxdı. mənim Sevgim təmiz çıxdı. mənim Sevgim sadiqdir. Nurlan, hansı söz ifadə edə bilər hisslərimi? Hansı cümlədə gizlənib o sehrli sözlər? Sən bir mələk idin. Mən uşaqlıqdan möcüzələrə inanırdım. Allah da səni mənə yolladı. Yolladı ki, sən mənə Sevgini göstərəsən. göstərəsən və bir gün gedəsən. gedəsən ki , mən Sevginin nə olduğunu dərk edim. Gedəsən ki, mən bu Sevgini haqq etdiyimi sübut edim. Mən səni sevirəm, Nurlan. Bu danılmaz həqiqətdir. Və həqiqətlər qarşısında hamı acizdir...”
***

Çinarə binanın qarşısında dayananda bütün bədəninin necə titrədiyini hiss etdi. Səmaya baxdı və gülümsədi. iri və qəti addımlarla binaya daxil oldu. liftlə 12-ci mərtəbəyə qalxdı. Liftdən çıxdı və qonur rəngli qapıya yaxınlaşdı. Gözlərini yumdu, açdı və qapını döydü. Onun orada –bu qapının arxasında olduğunu bilirdi.

Qapı açıldı. Və Çinarə bütün cisminin necə soyuduğunu hiss etdi. Soyuq tər onu əsir almışdı. Nurlan qapıdan dayanmışdı. Onun qarşısında. Nurlan! 6 hərfdən ibarət söz! Nurlan! Sevgi! Məsumluq! Mərhəmət! Möcüzə! Nağıllar!

-Axşamın xeyir, Nurlan –Çinarə sevgi dolu baxışlarla qarşısında dayanan insana baxdı.

Adi insan. Hamı kimi, 2 gözü, 2 əl –ayağı olan adi insan. Bəs bu qədər sevgi niyə?

-Axşamın xeyir, Çinarə -Nurlan təəccüblü deyildi. Üzündə təbəssüm vardı. Ilahi məsumluğa malik təbəssüm. Gözləri...Bu qədər saf baxışlar ola bilərmi? Ola bilər! Bəs bu qədər sevgi niyə?

-Nurlan, mən bura ona görə gəlmişəm ki....

Vəssalam. Hər şey yaddan çıxdı. halbuki bura gəlməmişdən əvvəl Çinarə nitqini çox məşq etmişdi. Yaxşı nitq hazırlamışdı. Yığcam, lakonik danışmaq, ama əsas olanları danışmaq. Artıq sözlərə yer verməmək, emosiyanal olmamaq, qətiyyən ağlamamaq, soyuqqanlı və güclü görsənmək. Ən azından bütün bunlar Nurlanı görməyənə kimi belə idi. Indi isə onun qarşısında Nurlan dayanmışdı. Nurlan!

-Nurlan kimdir?-beyin sual verir.

Qəlb cavab verir: -Bu mənəm.

Nurlan sevgidir. Bəs sevgi nədir? Sevgi? Sevgi –bu Nurlandır. Çinarəyə görə bu Nurlandır. Ayselə görə bu Camaldır. Səbinəyə görə bu Anardır. Əminəyə görə bu Bəşirdir. Və sairə sairə...

Sevgi –bu, qəlbin öz adını dəyişməsidir.

Sevgi –bu, beynin qəlbə təslim olması ilə onun da öz adını dəyişməsidir.

Sevgi –bu, damarlada axan qanın da beynə təslim olması və onun da öz adını dəyişməsidir.

Sevgi –bu dəyişmələr nəticəsində sənin büsbütün dəyişməyin və sənin də öz adını dəyişməyindir.

Çinarə -bu, elə Nurlandır!


-Çox yaxşı nitq hazırlamışdım. Heyf, ama hamısı yaddan çıxdı.-Çinarə güldü.

Nurlan da gülümsədi.

Bəli, dəyər! Bu qədər əzab çəkməyə, göz yaşı tökməyə, isterika keçirməyə dəyər! Bu təbəssümü görmək üçün dəyər! Bu təbəssümü qazanmaq üçün dəyər!

-Etiraf etməliyəm ki, bu mənim üçün çox ağır oldu. birdən –birə yuxudan ayılmaq, möcüzələrdən oyanmaq, birgə getdiyin yolda yarıda qalmaq...Çox çətin oldu. mənsə davam etməliydim. Hər nə olursa olsun, davam etməliydim. Qismətdən qaçmaq olmaz! heç kim özünü ayrılıqdan sığortalamayıb. Hər şey ola bilər həyatda. Məncə, həyatın məğzi elə budur –hər nə olursa olsun, davam etmək! Mən davam etməliydim...Çox yollara əl atdım. Təcrübəmdəki bütün üsullardan istifadə etdim: heç nə olmamış kimi davranmağa çalışdım. Soyuqqanlı olmağa çalışdım. Yeni hobbilər tapmağa çalışdım.

Pozitiv düşünməyə çalışdım. Zaman –zaman depressiyaya düşdüm, isterikalar keçirdim. Nələrisə cırıb atdım. Nələrisə atdım həyatımdan! Yoqaya başladım. Fransız dilini öyrənməyə başladım. Səyahətə çıxmağı planlaşdırdım...Davam etmək üçün mən dəyişməliydim. Və dəyişdim də. Nurlan, mən dəyişdim. Beynimi dəyişdirdim. Qəlbimi isə dəyişdirməyə ehtiyac yoxdur. Onu dəyişə bilmərəm. çünki həyatda elə şeylər var ki, onlar sənin iradənin xaricindədirlər. Onlar səndən asılı deyil. Fərqi yoxdur, səninlə ya sənsiz! Mən bu yolu gedəcəm. dəyişmiş beyinlə ama eyni qəlblə. Nurlan, mən Sevgini gördüm. Onu mənə sən göstərdin. Yox, əsla, düşünmə ki, mən bura özümü acındırmağa gəlmişəm. ya da səndən münasibətimizi zorla davam etdirməyi xahiş etməyə gəlmişəm. yox! Əsla! Əgər bir münasibət bitibsə, bitib! Bunu davam etdirməyin mənası yoxdur. Mən sadəcə...

Çinarə hiss etdi ki, boğazında düyünlənib qalmış nəsə var və o, bir az da davam etsə, bu düyün göz yaşları ilə çözüləcək.

-Mən sadəcə səni...çox ama çox sevirəmmmmm-deyib, qəfildən Nurlanı qucaqladı. Bərk-bərk qucaqladı. Və birdən onu öpdü. Uzun və möhkəm öpdü. Və elə qəfildən də Nurlandan aralanıb, heç geriyə baxmadan sürətlə pilləkənləri düşdü. Gözləmədi. Nurlanın nə cavab verəcəyini, necə reaksiya göstərəcəyini gözləmədi... sürətlə 2-2, 3-3 pilləkənləri düşürdü. Ağlayırdı...hıçqırıqlarla ağlayırdı...İndi artıq ağlaya bilərdi....
Mən adımı dəyişəcəm, ama sənə olan sevgimi dəyişməyəcəm. mən yaşadığım şəhəri dəyişəcəm. ama sevgimin şəhərini heç vaxt dəyişməyəcəm. mən telefon nömrəmi dəyişəcəm. ama telefonumun ekranındakı sənin şəklini heç vaxt dəyişməyəcəm. mən beynimi dəyişəcəm. ama qəlbimi heç vaxt dəyişməyəcəm....”

Bəzən ən doğru seçim –sadəcə geriyə baxmadan getməkdir.

Bəzən ən böyük acı –dönməyəcəyini bilə -bilə dəyər verdiyin birini yola salmaqdır.

Bəzən bütün arzuların bir uğursuzluğa görə puç olur.

Bəzən davam etmək üçün xəyallarını özün öldürməli olursan.

Bəzən anlayırsan ki, sən artıq unudulmusan.

Bəzən ən uzun məsafəni ölçmək üçün kilometrlərlə məsafəyə qət etməyə ehtiyac olmur. Ayrılmış iki insanın arasındakı məsafəni ölç, yetər....
***

-Aysel xanım, sizə o qədər minnətdaram ki,-rayonun sakinlərindən biri –Nazilə gülümsəyərək dedi.-Siz mənim ailə həyatımı xilas etdiniz. Əgər siz olmasaydınız, sizin psixoloji yardımınız olmasaydı, mən indi iki uşaqlı ərsiz-başsız qalacaqdım. Kaş ki ağsaqqallarımız, ağbirçəklərimiz də sizin kimi düşünəydi.

-Mən heç nə etmədim.-Aysel gülümsədi. –Mən sadəcə sizin öz sevginizi özünüzə qaytardım.

-Mənim xalam qızının da ailəsində problemlər var. Ümid edirəm ki, ona da kömək

edəcəksiniz.

-Çalışaram...

-Çox sağ olun, Aysel xanım. Sizi bura Allah göndərib. Əminəm ki, sizin evlənəcəyiniz adam dünyanın ən bəxtəvər adamı olacaq.

-Hmm-Aysel qayğılı baxışlarla gülümsədi.

-Sağ olun- deyib, qadın otaqdan çıxdı.

-Sağ olun- Aysel gülümsədi.


Aysel! Çinarənin yeni adı! Çinarə yeni adına çox tez və asanlıqla öyrəşdi. Yeni adla, yeni mühitdə, yeni insanlarla...

Bəzən elə filmlər olur ki, insanın həyatına təsir edir.

Məsələn, “180” adlı bir hind filmi...

Filmdə baş qəhrəman xöşbəxt, sevdiyi qızla evli olan həkim Acaydır. Bir gün Acay öyrənir ki, o, xərçəng xəstəsidir və 6 ay (180 gün) ömrü qalıb. Bu, onun psixikasına və həyatına çox pis təsir edir. Özünəqapanır, sevdiyi qızdan uzaqlaşır, ona durmadan qışqırır, və gözünə daim onu təqib edən qara adam görünür. Acay başa düşür ki, o, istəmədən sevdiyi qıza əzab verir. Həmişə deyib-gülən şıltaq qız artıq gülmür, qorxur, ağlayır və əzab çəkir. Və bir gün Acay telefonunu suya ataraq, maşının çayın kənarında buraxaraq ( hər kəs onu çayda boğulub öldü bilsin deyə), heç kimə heç nə demədən çıxıb gedir. Başqa bir ölkəyə, tamam başqa bir adla. Burada hamı onu sevir, hamı onu Mono adı ilə tanıyır. Və o, son qalan günlərini yaxşılıq etməklə keçirir. Daha sonra bəiz səbəblərə görə öz şəhərinə qayıtmalı olur. Istəyir həyat yoldaşının yanına qayıtsın. Ama bunu etmir. Uzaqdan həyat yoldaşına baxır və görür ki, qız həminki şıltaq, gülərüz qızdır. Anlayır ki, əgər köhnə həyatına qayıtsa, yenə dərdləri ilə o qıza əzab verəcək. Və başqa bir ölkəyə -Brazilyaya Xose adı ilə gedir...



Indi Çinarə həmin qəhrəmanın həyatını yaşayırdı. O, adını dəyişmişdi. O, yaşadığı şəhəri dəyişmişdi. O, telefon nömrəsini dəyişmişdi. Hər kəs onu burda Aysel adı ilə tanıyırdı. O, baş həkimin “ rayonlarda işləmək” təklifini qəbul etmişdi. Ancaq 1 şərtlə: Heç kimə Çinarənin hansı rayona getdiyi deyilməyəcəkdi. Valideynləri, yaxınları , hətta yaxın rəfiqəsi Aytəkin də Çinarənin dəqiq harada olduğunu bilmirdilər. Klinikadan onlara Çinarənin işlə bağlı Türkiyəyə getdiyini demişdilər. Və hər kəs Çinarəni Türkiyədə bilirdi. Əslində isə Çinarə Azərbaycanın cənub rayonlarından birində idi. Aysel adı altında yaşayırdı. Artıq Çinarə yox idi. O, Türkiyədə idi və telefon nömrəsinə zəng çatmırdı. Ayselin isə təzə nömrəsi vardı və bu rayonda onu çox sevirdilər. Çinarə yenidən doğulmuşdu: burda Aysel adı ilə. Və Ayselin həyatında hər şey sıfırdan başlamışdı. Bircə şey dəyişməmişdi: Aysel də Çinarə kimi, Nurlanı sevirdi. Yeni adla, yeni mühitdə, ama əbədi dəyişməz qalan Sevgi ilə...

Yüklə 283,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin