Mən kəpənəkləri uçanda,
Çiçəkləri açanda sevirəm.
Mən uçuşu qanadsız anlamam,
Çiçəyi yarpaqsız düşünməm.
Uçuşa qanad, açışa topraq gərək.
Aça çörək kimi, Diriyə ürək kimi...
Mən hər nəyi uçanda
Və açanda sevirəm... (12)
Əgər ayağının altında Vətən torpağı olmazsa, özgür deyilsənsə, demək qanadın yox-dur, uça bilməzsən, çiçək olsan da yarpağın yoxdur, yarpaqları olmadan çiçək açsa da, gözəlliyi qısıtlı olar, yaşarılığı isə şübhəli... Və bunlar Tanrının yaratdığı hər bir insanın acına “çörək, dirisinə isə ürək kimi...” gərəkdir... Maral xanımın həm siyasi, həm də fiziksəl baxımdan vurğuladığı həqiqət budur: Vətənsiz, Ana torpaqsız insanın yaşamı qanadsız quşun həyatına bənzər, əəgər quş uça bilmirsə, axı, o quş deyil, sadəcə canlı bir varlıqdır, çiçəklərin açdığı budaqların üstündəki yarpaqlar isə insanın yaşaya bilməsi üçün oksigen qazını-nəfəsini təmin edir... Kiçik bir şeir nə qədər dərin məna qatına malikdir!.. Əsl poeziya, şeiriyyət budur!..
Bu gün Güneyin çağdaş qadın yazarlarının əsərlərini oxuduqda onların ailədaxili sıxıntılardan, gündəlik həyatda mövcud olan bir sıra çatşmazlıqlardan, ən adi qadın hüquq-larının pozulmasından başlayan bu etirazının artıq məişət çərçivəsindən çıxaraq daha geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə və despotizm rejiminə qarşı ünvanlandığının şahidi oluruq. Gənc yazar Lalə Cavanşirin çağdaş dövr İran cəmiyyətində qadının, xüsusilə Azərbaycan qadınının bütün sahələrdə hüquqlarının pozulmasını təsbitləyən açıqlaması bu durumu daha dəqiq açıqlayır, qadınların mövcud hüquqi çətinliklərinə ayna tutur. O, İran İslam Respublikasında Azərbaycan qadınlarının üzləşdikləri hüquq pozuntuları təkcə siyasi sferaya deyil, iqtisadi, sosial statusa da sirayət edir və qadınların mütəmadi şəkildə alçaldılmasının əsasında totalitar diktatura, teokratik rejim və cəmiyyətdə əsrlərdən bəri daşlaşmış patriarxal münasibətlər dayanır. İranda mövcud şəriət qanununun qədim zamanlardan miras qaldığını və qadınları əzən bir funksiya daşıdığını qeyd edir. Belə ki, “1979-cu il İslam İnqilabından sonra fundamentalist prisniplərin hüquqi müstəviyə tətbiq olunması qadınların bir çox hüquqlarını əllərindən almış, onları de-yure və de-fakto ikinci dərəcəli vətəndaşlara çevirmişdir. Ölkə qanunvericiliyində əksini tapmış boşanma və boşanmadan sonra uşaqla əlaqəli qanunları, irs qanunu və bir çox başqa qanunlar, əslində bu gün İranda yaşayan bütün qadınları məhdudlaşdırır, ancaq qeyri-fars qadınlar əlavə çətinliklərlə də üz-üzədirlər, yəni məhkəmələrdə fars dilini bilməyən qadınlar daha artıq problemlərlə üzləşirlər.” Lalə Cavanşir söylədiklərinə örnək olaraq İran İslam Respublikası tərəfindən daş-qalağa məhkum edilən Təbrizli Səkinə xanım Məhəmmədinin adını çəkir və bəyan edir ki, Səkinə Məhəmmədinin vəkilinin sözlərinə görə, Səkinə xanım farsca bilmədiyi üçün məhkəmədə ona oxunan sənədi yaxşı anlamadan imzalamışdı. Lalə xanım Cavanşir İslam rejiminin qadınlarla bağlı məhdudlaşdırıcı qanunları ilə birlikdə cəmiyyətdə geniş yer alan folklor və xalq ədəbiyatında mövcud bəzi düşüncələri basqılara rəvac verən faktorlar kimi dəyərləndirir və bildirir ki, “Ərimdir, döyər də, sevər də,” və “Qızını döyməyən dizini döyər”, (bu izaha “Döyülməyən düyüdən aş olmaz”, “Qızı özbaşına buraxsan, ya halvaçıya gedər, ya da zurnaçıya”, “Qız yükü, duz yükü” məsəllərini də əlavə etsək, mənzərə tam aydındır) kimi deyimlər qadınların ikinci dərəcəli insan olması haqda təsəvvürlərdən xəbər verir. Habelə “qeyrətli kişi” və “sərt kişi” konseptlərinin (məfhumlar) cəmiyyətdə müsbət qarşılanması da qadınlara qarşı vacib sayılan məhdudlaşdırıcı təfəkkürdən qaynaqlanır.” Yaxın şərq mədəniyyətləri üzrə tədqiqatlar aparan araşdırmaçı xanım Azərbaycan türklərinin müsəlman aləmində proqressiv (mütərəqqi) düşüncənin daşıyıcıları olduqlarını, İranda yaşayan Azərbaycan türklərinin Quzey və Türkiyə vasitəsi ilə Qərb mədəniyyətini daha yaxından tanıdığını və buna görə də İranda qadın hüquqları ilə bağlı hərəkatın önündə getdiklərini də vurğulayaraq İranda qadınların seçib-seçilmək haqqını ilk dəfə 1945-46-ci illərdə Azərbaycan Milli Höküməti dövründə qullandıqlarını nümunə gətirir. Təkcə Lalə Cavanşirin deyil, digər qadınların da bu məsələlərə qarşı etiraz notları, üsyankar fikirləri poetik təfəkkürlü xanım şairlərin təsəvvürlərindən əsərlərinə köçür. Xanım yazarların bu motivlərə söykənən, etiraz duyğuları ilə yoğrulan ictimai məzmunlu, fəlsəfi tutumlu dəyərli əsərləri bu gün böyük oxucu məhəbbəti qazanmışdır. Ziba Kərbasınin nümunə gətirdiyimiz bu şeirində həmin etirazın nidaları birbaşa deyil, sətiraltı mənalarda duyulmaqdadır:
Dostları ilə paylaş: |