Şirvani Ədilli Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə



Yüklə 70,26 Kb.
səhifə6/9
tarix10.01.2022
ölçüsü70,26 Kb.
#110236
növüYazı
1   2   3   4   5   6   7   8   9
İkincisi, ...köhnə hökumət üsul-idarəsinin yerində, ölkəni ağılla idarə edə biləcək yeni bir hökumət yaratmaq...

Üçüncüsü, uzun sürən müharibələr xalqı boğaza yığmışdı. Xüsusiylə xanların özbaşınalıqları, zülmləri və ölkədəki qanunsuzluqlar kəndliləri zinhara gətirmişdi. ...xalqın narazılıqları gün-gündən artır, yerlərdə kəndli üsyanları baş verirdi. Bu işləri yoluna qoymaq və hardasa xalqın ürəyini ələ almaq lazım idi.

Axırıncı, ən başlıcası isə ölkəni birləşdirmək, vahid, qüdrətli bir dövlət yaratmaq. Xanların bir çox hüquqlraını ləğv edərək bütün hakimiyyəti mərkəzləşdirmək.

Bütün bunları isə yalnız qılınc gücünə eləmək mümkün deyildi. O, nə qədər sərt və qəddar olsa da hərdən güzəştə getməyi də lazım bilirdi. ...Qacar onu da bilirdi ki, insan deyilən məxluq zülmə tabe olsa da, zülm çox çəkməz. Elə ki zülm ərşə dirəndi, xalqın qəzəbini heç bir qılınc boğa bilməz. Ona görə də şahənşah bəzən qılınc kəsməli olduğu şeyi ağıl ilə kəsirdi”.

Əsərdə Qacarın Nadir şahla müqayisəsi də verilir və dövlət idarəçiliyində Nadir şahın buraxdığı səhvləri Qacarın buraxmadığı göstərilir (1, s. 97):

Nadir şah ölməkdə olan İran imperiyasını yenidən dirçəltmiş, ucsuz-bucaqsız böyük bir dövlət yaratmışdı. Lakin Nadir şahın ölümüylə bu böyük dövlət parça-parça olmuşdu. Qacara görə əgər şahın ölümündən sonra dövlət məhv olurdusa, demək şah öz siyasətində hardasa hiss olunmayan incə bir səhv buraxıb. İndi Qacar Nadir şahın buraxdığı həmin səhvi təkrar etməmək üçün gecə-gündüz yollar axtarırdı. ...hələ ki, səhv gedişlər eləməmişdi”.

Romanda Ağa Məhəmməd şahın Qarabağa yürüşü bir yadellinin işğalçılığı kimi qiymətləndirilmir, əksinə bu yürüşün ölkənin bir hissəsində baş qaldırmış separatizmin qarşısını almaq, dövləti bütövləşdirmək və daha da güclü etmək məqsədi daşıdığı əsərin bir neçə yerində vurğulanır (1, s.192):

...Qacar təkcə qılıncla deyil, bacarıq və siyasət hesabına bütün maneələri dəf edərək tezliklə hakimiyyəti əlinə keçirmiş, parça-parça olan İranı birləşdirərək güclü bir dövlət yaratmışdı. ...Lakin Araz çayından yuxarı xanlıqlar heç cürə Qacara rahatlıq vermirdilər. Bu xanlıqların mənəm-mənəm çağları keçsə də, ...Qacarla birləşmək istəmirdilər. ...Bu xanlıqların Allahı bir idi özləri ayrı... Qacar da bu ayrı-ayrı xanlıqları birləşdirmək, bir bayraq altında yığmaq eşqiylə yaşayırdı. Onda Qacarın qarşısında heç bir dövlət duruş gətirə bilməyəcəkdi. Bunun ətraf ölkələrin hökmdarları da hiss eləmişdi. Ona görə də bütün gücləri ilə... araya nifaq salmağa çalışırdılar.”

Qacar şahının bu amalı onun öz dilindən də ifadə olunur (1, s.182):

Heç o boyda Tiflisi darmadağın edib, oda qaladım, bir belə adamım qırılmadı ki, bu xaraba Şuşada qırıldı. ...türk ki türk! Nə ölümdən qorxurlar, nə də Allahdan. Kaş onları da öz qoşunuma qata biləydim. Onda bir kimsə önümdə duruş gətirə bilməzdi. Eh, biçarələr, hardan bilsinlər ki, mən onlara nicat gətirmışəm. Görünür mənim adamlarım zəifdirlər, fikirlərimi xalqa yaxşı çatdıra bilmirlər. Mənim onlara məhəbbətim olmasaydı, Qarabağı da Tiflis kimi od qoyub odlayardım da. ...mən Qarabağı Azərbaycanın ən cənnət guşəsinə çevirmək istəyirəm. Şuşa mənim ikinci paytaxtım olmalıdır. Burdan baxanda bütün Azərbaycan görünür. ...Bütün Azərbaycansa mənə hay verməkdənsə mənimlə vuruşur. Kafirlər gəlib kəsdiriblər qulağımızın dibini, ...bunları Azərbaycandan qovub çıxarmaq lazımdır! Amma necə? Bu qoşunla onların qabağına çıxmaq olmaz, ...Gərəkdir ki, bütün səltənət mənim əlimdə cəmlənsin və vahid dövlət yaransın. ...Necə olur-olsun yaradacağam. Yanı Şah İsmayıl qılıncı mənimkindən kəsərliydi?! Yoxsa monqollar mənim döyüşçülərimdən igid olublar?! Ya ulu Teymur məndən ağıllıydı. Allah... Sən bu müsəlmanların ürəyinə işıq və məhəbbət sal ki, məni qoyub özgəsinin ətəyindən yapışmasınlar...”

Cəsur döyüşçü, Qarabağ qoşununun əsas sərkərdəsi olan Məmməd bəy Cavanşirin məhz Qacar ordusunun sərkərdəsi olmağa layiq olduğu və Qacarın bunu arzu etdiyi də əsərin bir neçə yerində vurğulanır (1, s.184):

...Yəqin ki, belə bir igid (Məmməd bəy nəzərdə tutulur – Ş.Ə.) onun sərkərdəsi olsa, qoşunlarını yürüşə aparsa, Qacarın zəfər döyüşləri saya gəlməzdi”.

Əsərdə Ağa Məhəmməd şah müharibədə düşmən tərəfin ailə namusuna toxunmayan mərd bir hökmdar kimi təqdim olunur. Belə ki, Şuşaya daxil olmuş Ağa Məhəmməd şah Qarabağ xanının qardaşı oğlu Məmməd bəyin könüllü təslim olmayacağı təqdirdə onun bacılarını sərbazlarının ixtiyarına verəcəyini deməsinə Məmməd bəyin özünün münasibəti bu cür olur (1, s.184):

Əslində Məmməd bəy çox yaxşı bilirdi ki, Qacar heç vədə namərdlik edib onun bacılarına qarşı binamus iş tutmaz, sadəcə olaraq Qacar onun damarını tutub, – qeyrət damarını. Məmməd bəyi yanına gətirmək üçün bundan yaxşı vasitə ola bilməzdi və bəy bunu çox gözəl başa düşürdü”.

Qacar şahının bu mənəvi keyfiyyəti onun öz vəziri ilə dialoqunda da özünü göstərir. Şuşaya daxil olmuş Qacarın qoşununa arxadan hücumlar edən və hətta əsgərlərinin qulaqlarını kəsən Məmməd bəy haqqında şah bu sözləri deyir (1, s.182):



...Mən mərdlik elədim, onun heç bir qohum-əqrabasına, əyalına toxunmadım bu da onun əvəzi...

Vəzir qorxa-qorxa dedi:

- Qibleyi-aləm, bacıları ki, sənin əlindədir!

Qacar ...üz-gözünü turşutdu:

- Oğraş-oğraş danışma!

Şahın qətlinin təsviri bu əsərdə də digər mənbələrdə olduğu kimi o qədər də həqiqətə uyğun görünmür. Belə ki, şah qoşun başçısı Sadıq xan Şəqaqini, təslim etdiyi Məmməd bəy Cavanşırı və iki saray adamını – Abbas bəyi və Səfərəli bəyi sabah öldürəcəyini deyir (hansı səbəbdən bu qərarı verdiyi bilinmir). Bunu təsadüfən eşidən Səfərəli bəy şahın dediyini ölümə məhkum olunmuş digər üç nəfərə çatdırır. Onlar isə sarayda nüfuz sahibləri olduqlarından asanlıqla şaha qarşı sui-qəsdi təşkil edirlər.

Beləliklə, demək olar ki, A.Abbas bu əsərində həm o dövrün tarixi hadisələrinin, həm də Ağa Məhəmməd şah Qacar şəxsiyyətinin layiqli qiymətini köklü bir şəkildə vermişdir. Bu cəhətdən əsər yüksək səviyyədə tərifəlayiq bir əsərdir.


Yüklə 70,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin