İmamın xəttinin xüsusiyyət və hissələri
İmamın xəttinin müəyyən hissələri var. Mən burada imamın xətti və yolu haqda ən mühüm məqamlara toxunacağam. Xüsusən gənclərə deyirəm ki, imamın vəsiyyətnaməsini oxuyun. Dünyanı silkələdən imam bu vəsiyyətnamədə əks olunan, bu əsər və sözlərdə görünən imamdır.
1. Əsl Məhəmməd (s) İslamı
İmamın fikirlərində birinci və ən əsas amil əsl Məhəmməd (s) İslamı məsələsidir; yəni zülmlə barışmayan, ədalətsevər, mübariz, məzlum, məhrum və yoxsulların hüququnun müdafiəçisi olan İslam. İmam bu İslama qarşılıq olaraq bizim siyasi leksikonumuza "Amerika İslamı" terminini daxil etdi. Amerika İslamı formal İslam, zülm və məzlumların hüququna təcavüz qarşısında laqeyd qalan, hegemonlara və güclülərə kömək edən, onların hamısı ilə razılaşan İslamdır. İmam bu İslama belə ad qoydu: "Amerika İslamı".
Bizim böyük imamımız daim əsl İslam haqda düşünürdü. Bu yalnız İslam Respublikası dövrünə məxsus deyildi, lakin İslam hakimiyyəti və İslam quruluşu olmadan əsl İslamın həyata keçməsi imkansız idi. Əgər ölkənin siyasi quruluşu İslam şəriətinə və təfəkkürünə əsaslanmasa, İslamın dünyanın və bir cəmiyyətin zalım və hegemonları ilə həqiqi mübarizəsi mümkün deyil. Buna görə imam İslam Respublikasını qorumağı ən vacib iş bilirdi; ən vaciblərdən biri yox, ən vacib iş. Çünki həqiqi İslamı qorumaq İslamın siyasi quruluşunu qorumaqdan asılıdır. Siyasi quruluş olmadan mümkün deyil.
İmam İslam Respublikasını İslam hakimiyyətinin timsalı bilirdi. Buna görə İslam Respublikasını istədi, onun üçün çalışdı və qüdrətlə onun arxasında dayandı. İmam şəxsi hakimiyyətini, özünün hakimiyyət başında durmasını istəmirdi, onun istədiyi İslam idi. Buna görə də İslam Respublikası təfəkkürü üzərində dayandı və bu modeli bütün dünyaya təqdim etdi.
İslam Respublikasında ən mühüm məsələ dünyada özünü müxtəlif formalarda göstərən hegemon qüvvələrlə mübarizədir. Diktator və avtoritar hökumət yalnız şah hökuməti deyil. Bu, diktatura rejimlərindən biridir. O zaman bəzi ölkələrdə təkpartiyalı diktatorluq olan solçu diktatorluqlar vardı. Onlar xalqa qarşı istədiklərini edirdilər və heç kim xalq qarşısında cavabdehlik daşımırdı. Əslində xalq məhdud bir azlığın əlində dustağa çevrilmişdi. Bu da bir növ diktatorluq idi. Bir növ diktatorluq da zahirdə demokrat olan liberal-demokratik quruluşlarda görünən kapitalistlərin diktatorluğudur. Bu da bir növ diktatorluqdur, lakin çox ağıllı və dolayı diktatorluq. Bu, kapitalistlərin və multimilyarderlərin diktatorluğudur. İmam İslam Respublikasını bu bəşəri tağutların qarşısında yaratdı, xalqa, xalqın iradə və istəyinə arxalanan İslamiyyəti bu quruluşun əsas meyarı seçdi. Odur ki, İslam Respublikası həm respublikadır, yəni xalqın iradəsini əks etdirir, həm də İslam quruluşudur, yəni ilahi şəriətə əsaslanır. Bu yeni bir modeldir. İmamın xəttində əsas meyarlardan biri budur. Kim İslam Respublikası quruluşuna dair bunun əksini düşünsə, imamın düşüncəsinə zidd getmişdir və imamın ardıcılı olduğunu iddia etməsin. İmamın fikri budur. Bu, imamın ən aydın düşüncə xəttidir.
2. İslamın cazibə və dafiə meyarı olması
İmamın proqramında, xəttində və düzgün yolunda başqa bir meyar onun cazibə və dafiə məsələsidir. Böyük insanların cazibə və daifəsi geniş sahəni əhatə edir. Bu hamıda var. Öz rəftarınızla biri sizi sevir, biri isə sizdən inciyir. Bu, cazibə və dafiədir. Böyük insanların cazibə və dafiəsi isə böyük bir sahəyə şamil olur.
İmamın cazibə və dafiəsinin meyarı da məktəb idi, İslam idi. Bu eynilə İmam Səccadın (ə) Səhifeyi-Səccadiyyənin ramazan ayının girişinə dair duasında Allah-Taalaya dediyi kimidir. Dəfələrlə demişik ki, İmam Səccadın (ə) duaları İslam təlimlərinin həqiqətən ən dəyərli xəzinələrindəndir. Bu dualarda elə bilgilər var ki, insan onları hədis kitablarından əldə edə bilmir. Bu dualarda isə açıq şəkildə bəyan olunmuşdur. Səhifeyi-Səccadiyyənin ramazan ayının girişinə dair 44-cü duasında o həzrət Allah-Taaladan ramazan ayı üçün bəzi diləklər istəyir. Bu diləklərin birində deyir ki, İlahi, Səndən istəyirəm bütün düşmənlərimlə barışım və sülh bağlayım. Sonra dərhal deyir ki, Sənə görə düşmənlik etdiyim və Sənin yolunda düşmən olduğum şəxslərdən başqa. Yəni biz belə bir düşmənlə heç zaman barışmarıq.
İmam da belə idi. Onun heç kimlə şəxsi ədavəti yox idi. Şəxsi kin-küdurəti olsaydı da, ona göz yumurdu. Amma məktəbdən ötrü düşmənlik imam üçün çox ciddi məsələ idi. 1962-ci ildə hərəkat başlayanda xalqın arasında mövcud olan müxtəlif düşüncəli insanlara belə qucaq açan, hər bir milliyyətdən, hər bir qrup və məzhəbdən olan insanları qəbul edən imam inqilabın əvvəlində bəzi qrupları özündən uzaqlaşdırdı. Kommunistləri açıq şəkildə kənarlaşdırdı. İmamın bu işi inqilabın əvvəlindən mübarizədə olan bizlərin çoxuna qəribə görünürdü. İmam inqilabın əvvəllərində kommunistlərin qarşısında açıq mövqe bildirdi, onları özündən ayırdı, liberalların, Qərb quruluşlarını və Qərb mədəniyyətini istəyənlərin qarşısında qətiyyət göstərdi, onları da özündən ayırdı. O bu işdə heç bir şeyi nəzərə almadı, heç nədən çəkinmədi. İlahi həqiqətləri və İslam hökmlərinin Quran ruhunu qəbul etmək və böyük dəyişikliyi qəbul etmək istəməyən mürtəceləri də özündən kənarlaşdırdı. İmam mürtəceləri dəfələrlə ağır və acı sözlərlə qınadı. İmam özünün İslam əsasları və İslam düşüncəsi dairəsində olmayanları uzaqlaşdırmaqda zaman gözləmədi. Halbuki onlarla şəxsi düşmənliyi yox idi.
Siz imamın vəsiyyətnaməsinə baxın. İmam bu vəsiyyətnamədə daxildə cinayət törədib xaricə qaçmış kommunistlərə müraciət edir. Orada imamın danışıq tonuna diqqət yetirin. İmam onlara deyir ki, ölkəyə qayıdın, qanunun və ədalətin sizə verəcəyi cəzanı qəbul edin; yəni özünüzü ilahi əzabdan xilas etmək üçün gəlin edamı, həbsi, yaxud digər cəzaları qəbul edin. Onlarla qayğıkeşliklə danışır, buyurur ki, gəlib cəzanızı çəkmək cəsarətiniz yoxdursa, ən azı orada yolunuzu dəyişin və tövbə edin, İran xalqı və İslam quruluşu ilə mübarizə aparmayın, istismarçı və hegemonların piyadası olmayın.
İmamın heç kimlə şəxsi davası yox idi, amma məktəb dairəsində öz cazibə və dafiəsini tam qətiyyətlə işə salırdı. Bu, imamın həyatında və məktəbində əsas meyardır. İmama görə, siyasətdə dostluq və düşmənlik də İslam və din əsaslarına uyğun olmalıdır. İnsan burada da meyarı belə seçməli, Allahın ondan nə istədiyinə baxmalıdır.
İmamın seçdiyi, sözlərində və əməllərində əks etdirdiyi bu üsula əsasən, insan özünü açıq şəkildə imam və İslamla mabarizə bayrağını ucaldan şəxslərlə bir cəbhədə tərif etdiyi halda, həm də imamın ardıcılı hesab edə bilməz. Qəbul etmək olmaz ki, Amerika, İngiltərə, CİA, MOSSAD, şah tərəfdarları və münafiqlər bir şəxs haqda razılığa gəlsinlər, bir mərkəz ətrafında toplaşsınlar, o şəxs və o mərkəz də imamın xəttində olduğunu iddia etsin. Belə olmaz və bu məqbul deyil.
Hər kəslə və hər əclafla blok yaratmaq olmaz. Görək imamın dünənki düşmənləri bizim qarşımızda hansı mövqeyi seçirlər. Əgər hegemon Amerikanın, işğalçı sionizmin, müxtəlif muzdurların, imamın, İslamın və inqilabın müxalif və düşmənlərinin bizi təriflədiyini, bizə hörmət etdiyini görsək, mövqeyimizə şübhə ilə yanaşmalı və düzgün yolla getmədiyimizi bilməliyik. Bu bir meyardır. İmam da dəfələrlə bunun üzərində təkid göstərirdi. İmam buyururdu ki, bizi tərifləyirlərsə, deməli, xəyanətkarıq. Bu, imamın yazılarında və dəqiq sənədlərdə mövcuddur. Bu çox mühüm məsələdir.
Bəzi adamlar imama əks xətdə hərəkət edir, Qüds günündə Fələstin məsələsinə dair bəlli mövqe seçir, Aşura günü bəlli rüsvayçılığı törədirlər, biz də imamın əsaslarına və yoluna açıq müxalif olanlarla həmrəylik nümayiş etdirir, özümüzü onların yanında göstərir, yaxud onların qarşısında sükut edirik. Eyni zamanda imamın ardıcılı olduğumuzu iddia edirik. Bu mümkün və məqbul deyil. Xalq da bunu gözəl dərk edir, görür, bilir və anlayır.
3. Qərarlarda mənəvi meyar
İmamın xəttində və rəftarında çox mühüm olan başqa bir meyar mənəvi və ilahi məsələləri nəzərə almaqdır. İmam öz qərarlarında, işlərində mənəvi məsələlərə birinci dərəcəli əhəmiyyət verirdi. Bu nə deməkdir? Yəni görmək istədiyi hər bir işdə insanın məqsədi birinci növbədə Allahın razılığını qazanmaq olsun, qələbə çalmaq, hakimiyyətə gəlmək və kimlərinsə yanında hörmətli olmaq yox. Birinci məqsəd Allahın razılığı olmalıdır. Bu bir məsələ. Sonra da Allahın vədinə inansın, etimad etsin. İnsanın məqsədi Allahın razılığı olanda ilahi vədə də inanır. O zaman daha məyusluğun, qorxunun, diqqətsizliyin və qürurun mənası olmur.
İmam yalqız olanda qorxuya düşmədi, məyus olmadı. İran xalqı hamılıqla bir səslə onun adını çəkəndə, hətta digər xalqlar da ona eşq bəsləyəndə və bunu bildirəndə də qürurlanmadı. Xürrəmşəhr iraqlı təcavüzkarlar tərəfindən alınanda imam məyus, bizim əsgərlərimiz öz qəhrəmanlığı və fədakarlığı ilə onu azad edəndə də məğrur olmadı, buyurdu ki, Xürrəmşəhri Allah azad etdi; yəni biz heçkimik. Rəhbərliyi zamanı baş verən bütün müxtəlif hadisələrdə imam belə idi. Yalqız olanda qorxmadı, hakimiyyətdə olanda məğrur olmadı və heç nəyi unutmadı. Bu, Allaha etimaddır. Allahın razılığı olanda belə olur.
İlahi vədə inanmaq lazımdır. Allah-Taala Fəth surəsində buyurur: “(Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə, nə də möminlərə kömək edəcəkdir - deyə) Onun barəsində bədgüman olan münafiq və müşrik kişi və qadınları əzaba düçar etsin”1. Münafiqin və müşrikin xüsusiyyətlərindən biri Allaha bədgüman olmaq, ilahi vədi qəbul etməmək, ona inanmamaqdır. Allah-Taala “Allah Ona (Onun dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”2 deyə buyurursa, mömin insan bunu bütün vücudu ilə qəbul edir, münafiq isə qəbul etmir. Allah buyurur: “Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. (Allah) cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis yerdir!”3 Allaha bədgüman olanların vəziyyəti belədir.
İmam Allahın vədlərinə əmin idi. Biz Allah üçün mübarizə aparır, Allah üçün addım atır, çalışırıq. Nəticəni Allah-Taala vəd etdiyi kimi həyata keçirəcək. Biz vəzifəmizi yerinə yetirmək üçün çalışırıq, Allah-Taala bunun ardınca ən yaxşı nəticəni də verəcək. Bu, imamın rəftarının və xəttinin xüsusiyyətlərindən biridir. İnqilabın düzgün yolu budur.
4. Bütün fərdi və ictimai məsələlərdə təqva
Bu sahədə mövcud olan məsələlərdən biri imamın bütün işlərdə təqvaya gözəl şəkildə əməl etməsi idi. Şəxsi məsələlərə nisbətən ictimai, siyasi və ümumi məsələlərdə təqva çox çətin, əhəmiyyətli və təsirlidir. Biz dostlarımıza və düşmənlərimizə qarşı nə deyirik? Burada təqva təsirlidir. Siz birinə müxalif və düşmən olanda onun haqqında necə mühakimə yürüdürsünüz? Mühakimənin obyektiv olmaması təqva yolundan çıxmaq deməkdir. Əvvəldə qeyd etdiyim şərafətli ayəni təkrar edirəm: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!”4 Biz belə danışmalıyıq. Mən əziz gənclərimizə, imamı sevən, danışan, yazan, çalışan inqilabçı və mömin gənclərimizə demək istəyirəm ki, buna tam riayət edin. Kiminləsə müxalif olmaq bizi həddimizi aşmağa, ona zülm etməyə vadar etməsin. Xeyr! Zülm etmək olmaz. Heç kəsə zülm etmək olmaz.
Mən imamdan bir xatirə danışım. Biz bir gecə imamın yanında idik. Mən bizə yaxın dövrdə İslam dünyasının məşhur şəxsiyyətlərindən biri olan, hamının tanıdığı və barəsində eşitdiyi bir şəxsin adını çəkib imamdan soruşdum ki, sizin onun haqqında fikriniz nədir? İmam bir qədər fikirləşib dedi ki, tanımıram. Sonra da o şəxs haqda məzəmmətli bir cümlə dedi və mövzu bağlandı. Ondan bir, yaxud iki gün sonra səhər çağı imamla işim var idi. Onun yanına getdim. Mən oturan kimi imam həmin şəxs haqda söhbətimizi yada salıb dedi ki, cavabım elə "bilmirəm"dir. Yəni bu sözdən sonra dediyi məzəmmətli cümləni sildi. Baxın, bu çox mühüm məsələdir. Həmin məzəmmətli cümlə nə söyüş idi, nə təhqir; xoşbəxtlikdən mənim də tam yadımdan çıxıb. Bu ya imamın mənəvi kəramətindəndir, ya də mənim yaddaşımın zəifliyindən. Hər halda, bu qədər xatırlayıram ki, məzəmmətli bir cümlə idi. Həmin gecə o cümləni dedi, bir-iki gün sonra isə sözünü geri götürüb dedi ki, "bilmirəm" qədərincə qəbul elə. Baxın, bunlar örnəkdir: “Həqiqətən Allahın Rəsulu sizin üçün gözəl örnəkdir!”1.
Qəbul etmədiyiniz biri haqqında iki cür danışa bilərsiniz: biri tam haqqa uyğun şəkildə, biri də haqsızlıqla birgə. İkincisi pisdir. Ondan çəkinmək lazımdır. Haqq və doğru olan, Allahın ədalət məhkəməsində açıqlama verə biləcəyiniz düzgündür. Onu deyin, artıq söz danışmayın. Bu, imamın hərəkətinin və xəttinin əsas səciyyələrindən biridir. Biz bunu yadda saxlamalıyıq.
5. Xalqın roluna diqqət
İmamın xəttinin əsas səciyyələrindən başqa birisi xalqın həm seçkilərdə, həm də müxtəlif ictimai məsələlərdə roludur. Seçkilərdə imamın xalqın roluna verdiyi əhəmiyyət həqiqətən möhtəşəm idi. İyirminci əsrin birinci yarısı müxtəlf inqilablar dövrüdür. Dünyanın şərqində və qərbində müxtəlif formalarda çoxlu inqilablar baş vermişdir. Bu inqilabların heç birində qələbədən iki ay sonra hakimiyyət növünü və quruluşu seçmək üçün referendum keçirilməmişdir. Amma imamın səyi nəticəsində İranda bu baş verdi. Hələ inqilabdan bir il ötməmişdi ki, konstitusiya yazıldı və qəbul olundu. İlk aylarda, hələ konstitusiyanın yazılmadığı və işin gecikdiyi zaman imam bizi çağırdı və biz Quma getdik. Onda hələ Qumda yaşayırdı. O narahat şəkildə dedi ki, konstitusiyanı tez yazın. Sonra Dini Ekspertlər Məclisinin seçkiləri keçirildi və xalq konstitusiya yazmaq üçün ekspertlər seçdilər. Konstitusiya yazılandan sonra onu ümumi səsverməyə çıxardı, referendum keçirildi və xalq konstitusiyaya səs verdi. Sonra da prezident və parlament seçkiləri keçirildi. Tehranın bombalar altında olduğu ən çətin dövrdə də seçkilər tətil olmadı. Bu günə qədər İranda seçkilər bir gün də təxirə düşməmişdir. Dünyada belə demokratiya görmüsünüzmü? İnqilablar heç, amma demokratik ölkələrdə də belə diqqətlə, vaxtında seçki keçirilmir. Bu, imamın xəttidir.
Seçkilərdən başqa məsələlərdə də xalq dəfələrlə imamın diqqət mərkəzində idi, imam onların roluna aydın işarə vurur, bəzən də açıq şəkildə söyləyirdi. Bəzən deyirdi ki, məmurlar görməli olduqları filan işi görməsələr, xalq özü meydana atılıb bunu edəcək.
6. İslam inqilabını qlobal saymaq
İmamın xəttinin aydın nöqtələrindən daha birisi hərəkatın qlobal olmasıdır. İmam hərəkatı qlobal sayır və bu inqilabın bütün müsəlman, hətta qeyri-müsəlman xalqlara məxsus olduğunu deyirdi. İmam bundan çəkinmirdi. Bu, ölkələrin işlərinə qarışmaq deyil. Biz bunu etmirik. Bu, inqilabı dünənki müstəmləkəçilərin üsulu ilə ixrac etməkdən fərqli bir şeydir. Biz bu işi görmürük, belə adamlar deyilik. Bunun mənası odur ki, bu ilahi hadisənin gözəl ətri dünyaya yayılmalı, xalqlar vəzifələrinin nə olduğunu anlamalı, müsəlman xalqlar kimliklərinin necə və harada olduğunu bilməlidirlər. Bu qlobal baxışın bir nümunəsi imamın Fələstin barədə mövqeyidir. İmam açıq-aşkar buyurdu ki, İsrail bir xərçəng vəzisidir. Xərçəng vəzisini nə edirlər? Vəzini kəsməkdən başqa müalicə yolu varmı?! İmam heç kəsi nəzərə almadı. Onun məntiqi bu idi. Bu, şüar deyil, məntiqli sözdür. Fələstin tarixi bir ölkədir. Tarix boyu Fələstin adlı bir ölkə mövcud olmuşdur. Dünyanın zalım qüvvələrinin dəstəyi ilə bir qrup gəlib bu xalqı ən kobud və ən şiddətli yolla ölkədən çıxarıb; öldürüb, sürgün edib, işgəncə verib, təhqir edib və bu milləti qovub. Bu gün işğal olunmuş Fələstinə qonşu ölkələrdə və digər yerlərdə əksəriyyəti düşərgələrdə olmaqla bir neçə milyon fələstinli qaçqın yaşayır. Əslində gəlib ölkəni coğrafi səhnədən sildilər, xalqı bütünlüklə sıradan çıxardılar. Onun yerinə zorla qondarma və yeni bir inzibati vahid yaradıb adını İsrail qoydular. Görün məntiq nə tələb edir? Bizim Fələstin haqda sözümüz şüar deyil, tam məntiqli bir sözdür.
Əvvəllər başında İngiltərənin durduğu, sonra da Amerikanın qoşulduğu və ardınca Qərb ölkələrinin gəldiyi qüdrətli bir qrup deyir ki, Fələstin ölkəsi və Fələstin xalqı məhv olmalı, onun yerinə İsrail adlı bir ölkə və İsrail xalqı adlı qondarma bir xalq yaranmalıdır. Bu bir sözdür. Bunun qarşısında başqa bir söz də var. O, imamın sözüdür; deyir ki, xeyr, bu qondarma və zorla yaradılmış dövlətə son qoyulmalı, onun yerinə əsl xalq, əsl ölkə və əsl inzibati vahid iş başına gəlməlidir. Bu iki sözün hansı məntiqlidir? Süngüyə və məhvə söykənən, siyasi bir sistemi, bir neçə minillik keçmişi olan tarixi bir bölgəni bütünlüklə xəritədən çıxarmaq istəyən söz məntiqlidir, yoxsa onun qalmasını, qondarma və zorla yaradılmış inzibati vahidin məhv olmasını deyən söz? İmam bunu deyirdi. İşğalçı İsrail və Fələstin məsələsi barədə ən məntiqli söz budur. İmam bunu açıq söylədi. İndi kimsə bu sözü işarə ilə desə, imamın xəttinin iddiaçısı olan bir qrup deyəcək ki, nə üçün bu söz deyildi. Bu, imamın sözüdür. Bu, imamın düzgün məntiqidir. Dünyanın bütün müsəlmanları, bütün azadlıqsevər insanları və bitərəf xalqlar bu sözü qəbul etməlidirlər. Bu düzgündür. Bu, imamın mövqeyidir.
7. Fərd və qrupların keçmişdəki yox, indiki əməlinin meyar olması
Sonda bir məqama da toxunmaq istəyirəm. Siz əziz qardaş və bacılar isti havada dözdünüz. Allah sizə əcr versin! İmamın xətti və yolu haqda başqa bir əsas məsələ də budur: İmam dəfələrlə buyurdu ki, şəxslər haqda mühakimə üçün onların indiki vəziyyəti meyar seçilməlidir, keçmişi deyil. İndiki vəziyyət bəlli olmayanda keçmişə baxılır. İnsan keçmişə baxıb deyir ki, əvvəl belə olub, indi də yəqin belədir. Əgər insanların indiki halı keçmişdəkinin əksinə olsa, daha keçmişin etibarı yoxdur. İmam Əmirəlmöminin (ə) cənab Təlhə və cənab Zübeyrlə belə rəftar etdi. Siz bilməlisiniz ki, Təlhə və Zübeyr kiçik adamlar deyildilər. Əmirəlmömininin (ə) səhabələri arasında az adam Zübeyr kimi parlaq keçmişə malik idi. Cənab Əbu Bəkr xəlifə seçiləndən sonra ilk günlərdə onun minbər etdiyi zaman bir neçə səhabə qalxıb etirazlarını bildirdilər və dedilər ki, siz haqlı deyilsiniz, Əli ibn Əbu Talib (ə) haqlıdır. Bu şəxslərin adı tarixdə qeyd olunmuşdur. Bunu yalnız şiələr nəql etməmişlər, bütün tarix kitablarında vardır. Cənab Əbu Bəkrin minbər etdiyi zaman qalxıb Əmirəlmömininin (ə) hüququnu müdafiə edənlərdən biri də Zübeyr idi. Bu, Zübeyrin keçmişidir. Həmin gündən onun Əmirəlmömininə (ə) qarşı xəncər çəkdiyi günə qədər 25 il ötmüşdür. Əhli-sünnə qardaşlar Təlhə və Zübeyri üzrlü sayıb deyirlər ki, onların ictihadları belə nəticə vermişdir. Çox gözəl! Hər halda, mövzu bu deyil. Biz onların Allah-Taala qarşısında hansı vəziyyətdə oluğunu araşdırmırıq. Bəs Əmirəlmöminin (ə) bunlarla necə rəftar etdi? Vuruşdu. Əmirəlmöminin (ə) Təlhə və Zübeyrlə vuruşmaq üçün Mədinədən qoşun yığıb Kufəyə və Bəsrəyə sarı yollandı. Yəni həmin keçmiş məhv oldu, bitdi. İmamın da meyarı bu idi.
Bəziləri Parisdən İrana imamla bir təyyarədə gəldilər, amma elə onun dövründə xəyanətə görə edam olundular. Bəzi adamlar imamın Nəcəfdə olduğu və sonra Parisə getdiyi zamandan onunla əlaqədə idilər, inqilabın əvvəlində imam onlara hörmət də edirdi. Amma sonra rəftar və mövqeləri səbəbindən onlardan üz çevirdi və vəzifələrindən kənarlaşdırdı. Meyar bugünkü vəziyyətdir. Əgər Allah eləməmiş, əmmarə nəfs və şeytan mənim yolumu yayındırsa, mühakimə ayrı cür olacaq. İslam quruluşunun əsası budur və imam belə etdi.
İmamın yolu və xətti haqda digər məsələləri də bəyan etmək olar. Qeyd olunanlar ən mühüm və ən təsirliləri idi. Yaxşı olar ki, qardaşlar, gənclər, düşüncə və tədqiqat adamları, hövzə və universitet tələbələri bu əsaslar üzərində fikirləşsinlər, işləsinlər, yalnız mətn şəklində qalmasın və onlar düzgün izah olunsun.
İmam Xomeyninin məqbərəsində Tehranın cümə namazı xütbələrindən: 2010.
Dostları ilə paylaş: |