The Eurasia Foundation



Yüklə 144,67 Kb.
tarix17.11.2018
ölçüsü144,67 Kb.
#82688
növüYazı

Aydın Xan (Əbilov),

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,

yazıçı-kulturoloq


Dünyaya kulturoloji baxış

Ədəbiyyat – Vətən, poetik söz – sənsən…
"Mədəniyyət" qəzeti, 20.03.2009, N 20 (637)
Kimsə bunları deyib, ya da yazıb: yox, əgər söyləməyiblərsə, qoy mən demiş olum...

Gənc ədəbiyyat nümunələriylə yaxından tanış olarkən, özümün müdrik düşüncələrim kimi də yuxarıdakı sadə, lakin fəlsəfi düşüncə ifadəsini improvizə etmək keçdi intellektimdən.

Ötən çərşənbə axşamı n (haradasa martın əvvəllərində), doğrudan da günün sonunda – saat 17 00-da Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən yaradıcılıq fakultəsinin bir qrup tələbəsiylə mənim bir tanışlıq-kulturoloji görüşüm oldu. Nə çox, nə də az, düz 120 dəqiqəyə yaxın zaman ərzində məni diqqətlə dinləyən yazar, şair, esseistlərdən ibarət yaradıcı gəncliyin fəal nümayəndələri ilə neçə min sivilizasiya tarixinə, mədəniyyət yoluna, ədəbi-bədii sözün mürəkkəb dövrlərlə əhatələnmiş proseslərinə baş çəkdik, maraqlı ekskurslar etdik, qəribə nəticələrə gəldik, bənzərsiz fikirlər irəli sürdük. Əslində mən onlara bir qədər də həsəd aparırdım: heç kimə sirr deyil ki, dövlətimiz tərəfindən gənc yazarlara, ümumiyyətlə, yaradıcı cavanlara xüsusi qayğı var, illik Prezident təqaüdü ayrılıb, xüsusi yaradıcılıq fakültəsi fəaliyyətə başlayıb, AR Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi kimi Gənc Ədiblər Məktəbi təsis edilib, illik gənclər mükafatları verilir, müxtəlif sənət yarışmaları keçirilir, büdcədən maliyyələşdirilən ədəbi orqanlarda işıq üzü görən yazılarına qonorar ödənilir, AR Gənclər və İdman, eləcə də Mədəniyyət Turizm Nazirlikləri tərəfindən ya almanax şəklində, ya da ayrıca kitabları nəşr olunur. Mən hələ ictimai və özəl qurumlar, KİV-lər, həmçinin İnternet şəbəkələrində yaradılan imkanlardan yazmıram...

Yeni ədəbi nəslin nümayəndələrinə isə yalnız əsl sənət nümunələri yaratmaq, ədəbiyyatçı kimi tanınmaq, milli ədəbi-bədii düşüncəmizi zənginləşdirmək, onu dünyada yaymaq kimi məsuliyyətli vəzifələri layiqincə yerinə yetirmək qalır. Deyəsən, yazımın bu hissəsi çox rəsmi alındı, odur, keçirəm əsas mətləbə...

Bir gün dəli bir istəklə İnternetin innovativ imkanlarından bəhrələnərək, “Mədəniyyət” qəzetinin saytında iki ən yeni imza sahibinin yazdıqlarına diqqət yetirdim. (Əslində, bu yazının qeyri-rəsmi variantında “diqqət yetirdim” kəlmələri əvəzinə, “zövqümü zorladım” gedib: readktorumuz etiraz etməsə, o cümlənin sonunu hər iki variantda verərdim, baxır insafına...) İki gənc (oxu: ətcəbala) qələm sahibi – Feyziyyə ilə Fəridin yazdığı nəsr və poetik əsərləri oxuyarkən, maraqlı nəticələr əldə etdim ki, onları oxucularla bölüşmək fikrinə düşdüm, yaxud fakir mənim beynimə atıldı.

Söz yox, əgər Fəridi tanımadığımı yazsam, səmimiyyətdən uzaq düşər: o mənim hazırda ən real ədəbiyyatçı dostlarımdan biridir. Daha dəqiq ifadə etsəm, təsadüfi – təsadüfimi? – tanışlığın axarında (sonunda yox, məhz axarında) güldən, bülbüldən şeir guppuldadan bu qəribə gənc oğlanı, sözün poetik və fəlsəfi mənasında, “sındırıb” əsl söz sənəti ilə nəfəs alanların sırasına qoşduğuma görə nə onun kədər hopmuş ömrü (atasını tez itirib), nə tarix (qağa, XXI əsr ədəbiyyat dövrü deyil!), nə də həyat yəqin məni heç vaxt bağışlamayacaq. Bunu dəqiq bildiyimdən, mətləbdən uzaqlaşmadan əsas məsələyə istiqamətlənmək istəyindəyəm...

Doğrusu, yaşlaşdıqca qartımağımdan irəli gəlir, yoxsa fəhmim mənim vicdanıma pıçıldayır, bilmirəm, hər halda, indiyə qədər yaradıcılıqları barədə xoş sözlər işlətdiyim, hətta bəziləri barədə yazdığım, çox zaman isə şişirtdiyim Rövşən Naziroğlu, Səfa Rəşid, Ramal, Azər Məmmədov və daha neçə-neçə ədəbi mühit adlı bağçada artıq çürümüş yeni qələm pöhrələrindən sonra növbəti gənc nəslin istedad saçan nümayəndələrinin bədii-poetik məhsullarını reklam etməyi – tərifləməyi, tanıtmağı deyəsən, həqiqətən yadırğamışam. Sözsüz, haqqına vaxtilə həvəslə yazdığım, indinin özündə də hər yeni əsərini ədəbi-kulturoloji süzgəcdən keçirərək ədəbi-mədəni ictimaiyyətə tanıtdığım Elçin Hüseynbəyli, Qulu Ağsəs, Nərgiz Cabbarlı, Səlim Babullaoğlu, Şərif, Həyat Şəmi, Rəsmiyyə Sabir, İlqar Fəhmi, Aqşin Yenisey, Zahir Əzəmət kimi onlarla istedadlı cavan imza sahiblərinin cərgəsində yer almayan o kəslərə görə özüm əsər yazan deyiləm ki...

Olsun, hər halda, bu cavanların istedad qanadlarını örtsəm belə, bugünkü oxuduqlarımın enerjisi itməsin deyə, onları sözə çevirib hamı ilə paylaşmaq istəyimi boğa bilmədim...


Feyziyyə
Məni anti-genderizmdə suçlamasınlar deyə, ilkcə Feyziyyənin “Mədəniyyət” qəzetinin 8 noyabr 2008-ci il tarixli sayındakı “Avtomat qəssab bıçağı” qorxulu, yaxud da dəhşət-hekayəsindən başlamaq istəyirəm.

Başlamaq heç də asan olmasa da, hərnədirsə, fikirlərimi polemikalaşdırmağa çalışıram: əvvəla onu vurğulayım ki, bütün dil və üslübi dolaşıqlığa baxmayaraq, xanım yazarın bədii nəsrin ən incə – çətin janrlarından sayılan kiçikhəcmli hekayəyə qələm çevirməsi sevindirici haldır.

“O, konduktor (əlbəttə, qəzetdəki redaktədən sonra konduktor əvəzinə bələdçi sözü daha uğurlu alınardı, - A.X.) işləyirdi. Kabinəsinin (nəyin? - A.X.) – arxa tərəfi qara şüşə ilə bağlı olduğundan (yəqin, qapandığından ifadəsi daha təsirli səslənərdi) sürücü görünmürdü…”

Bu minvalla şəhərdəki insanları avtobusa mindirib onların bədən əzalarını kəsən, qanlarını şüşə qablara yığanlarla bağlı hekayətləri oxucu teletamaşaçı simasında XX və XXI əsr ABŞ-da istehsal olunmuş saysız-hesabsız dəhşət-filimlərdə dəfələrlə seyr edib. Bir qədər də dərinə gedib, mən hələ Edqard Ponun qorxulu novellalarından tutmuş, Patrik Züskindin “Ətriyyatçı”sına, ta bizim Çingiz Abdullayevin siyasi detektiv romanlarının səhifələrinə səpələnmiş qan-ölüm qoxusu barədə təmtəraqlı cümlələr yazmaqla özümü çoxbilmiş, zəngin dünyagörüşlü, hərtərəfli mütaliəçi, bilgitoplayıcı intellektual kimi öyünməkdən vaz keçirəm...

Fəqət bütün bu qeydlərimə rəğmən – onu da əlavə edim ki, xanım yazarın xarici ədəbiyytdan bəhrələnməyi təqdirəlayiq hal sayılsa da, milli bədii söz kodlarından, kulturoloji genlərdən yan qaçması qayğılandırıcı göründü mənə: axı dünyaya yeni Aqata Kristi, yaxud köhnə Vladimr Sarokin lazım deyil, əksinə, təp-təzə Orxan Pamuk gərəkdir… – Feyziyyənin hekayəsində qəribə bir estetik sehrin cazibəsinə düşmək olar. Bu cəhət isə yenicə yazmağa girişən yazardan ötrü ən ilkin amil sayılır.

Lap dərinə gedərək gənc ədəbi pöhrəni qurutmaq azarına tutulanlardan olmadığımdan, yazar xanıma bir tərif də ismarıclamaq istəyirəm: bundan sonra mənim tərəfindən imzasına diqqət ayıracağım bir ad da var – Feyziyyə...


Fərid
Boynuma alıram, yazmasam da, onsuz da bu qeydlərimdən anlayacaqsız: indiyə qədər hər şey barədə bilgi toplayan, öyrənməkdən ötrü sino gedən dostum Fəridin varlığı onun yazdıqlarından daha maraqlıydı məndən ötrü. Son bir ildə hər atüstü görüşlərimizdə intellektimdəki kodları bu gəncə ötürməkdən xüsusi zövq alırdım: sanki yeni bir varlıq yaradırdım. Amma onun “Mədəniyyət” qəzetinin 8 noyabr 2008-ci il tarixli sayındakı Feyziyyənin hekayəsi oxuduğum səhifədə verilmiş və haçansa mənə də oxuduğu şeirlərini təkrarən duyğularıma qatdıqca, içimdəki bu istedadlı insan dəyişdi: yaratdığımdan yaradıcıya çevrildi...
Buludlar sonuncu mərtəbədə,

Təyyarə bir mərtəbə aşağı.

Daha sonra quşların mənzilləri.

Quşlardan aşağıda elektrik dirəkləri

Biz birinci mərtəbədə yaşayırıq –

Köhnə, çirkli mərtəbədə…


Mən bilmirəm, bəlkə də heç gənc dostumun özü də duymur, fəqət tam məsulliyyətimlə söyləmək içimdən keçir: ona Azərbaycan şerində çevriliş etməkdən ötrü yaradıcı səlahiyyət verilib. O başqa problemdir ki, bir yazar olaraq Fərid bu ağır yükü istedadına, sonra isə intellektinə yığmaq iradəsindədir, ya yox...
Mən səni bütöv sevirəm axı.

Niyə hissə-hissə qopursan məndən!?


- bu cüt misranı oxuyanların çoxu ağız əyəcəklər, amma hədər yerə, öncə qoy o şeri bütöv halda ürəklərinə yükləsinlər. Gənc şair hərtərəfli ədəbi təsirlər məngənəsindədir. Bu sadə faktı danmaq üçün gərək ya Fəridin düşməni olasan, ya onun dünyaya göz açdığı Kürdəmirdəki kənd ədəbiyyat müəllimi, ya da nadan…

Gənc qələmdaşım bu qeydlərimdən xəstəhal olmamalıdır, bizim hamımız lap indinin özündə də kimlərdənsə bəhrələnmiş, ya da ustad imza sahiblərinin təsirinə düşmüşük. Doğrudur, əgər yaradıcılığının bütün mərhələsində bu ədəbi-estetik “təsiri” hansısa sənətkara “sevgimizlə” izah etməyə, özümüzə yalandan təsəlli verməyə, dolayısı ədəbiyyatı, müqəddəs sözü aldatmağa çalışırıqsa, onda böytük mənada yanılırıq. Hər halda, ədəbi ünümüzün Biləcəridən üzü o yana gedib çıxmamasının əsas səbələrindən biri, bəlkə də yeganəsi də məhz budur. Fəqət, əgər bütün yaradıcı ömrünü bu özünüaldatmalara sərf edəcəksə, elə indinin özündə Fəridi mən də, başqaları kimi, dahi adlandırmağa hazıram…

Fəridin yaratdıqlarını çağdaş poeziyamızda, ədəbiyyatımızda başqalarına nisbətən yeni – günümüzün Azərbaycan ədəbi prosesi üçün maraqlı fakt kimi qiymətləndirməyimdə iki cəhəti vurğulamaq istəyirəm. Birincisi, onun öz həyatındakı kimi, şeirlərində də fəlsəfi səmimiyyət, eləcə də məntiqi sadəlik, ikincisi isə milli və dünya ədəbiyyatı ilə acgözlüklə tanış ola-ola öz istedadına intellekt qatmağı mənim bəyəndiyim tərəflərdir. Sona qədər belə getsə, Fərid çağdaş Azərbaycan ədəbiyyatının dünyaya ürəklə çıxara biləcək imzalarının qabaqcıllarından biri olacaq: necə deyərlər, yaşayarıq-görərik...
P.S. Redaksiyanın tapşırığını – Aydın, mümkünsə, köşə yazılarını qısa elə!!! – bu dəfə də yerinə yetirə bilmədim: nə etməli, böyük ədəbiyyat barədə qısa yazmaq, sadəcə, mümkün deyil…
E-mənbə / link: http://artyazar.azeriblog.com/2009/03/30/aydin-xan-ebilov-dunyaya-kulturoloji-baxish-edebiyyat-veten-poetik-soz-sensen

Rəbiqə Nazimqızı

"Mənim Nobelim"
Hekayə

Onun ilk cümləsi mənə sillə kimi dəydi:

- Sizə müsahibə verəcəyimlə bağlı vədi xatırlamıram. Doğrudanmı, içkili olmuşam?!..

Əlbəttə, mən güclü cinsin nümayəndəsi olsaydım, bunu ona xatırlatmağın yolunu tapar, üstəlik, yağışın altında gözlədiyim yarım saatın da acığını çıxardım. Amma mən qadın idim, deməli, fiziki güc tətbiq etməkdən söhbət gedə bilməzdi. Ikincisi, bilirdim ki, kişilər sərxoşluq zamanı verdikləri vədi daha çox yadda saxlayırlar, nəinki ayıqlıqda. Tərslikdən, günün böyük hissəsini içki şüşələri ilə keçirdiyi söylənilən bu əcnəbi yazıçı srağagün şef redaktorumun yanında tamamilə ayıq idi və söz vermişdi ki, nə olursa-olsun, suallarımı cavablandıracaq. Sual deyəndə ki məndən qeyri-adi heç nə tələb olunmurdu. Şəhərimizdə özünü necə hiss edir, burada çoxmu qalacaq - bunları soruşacaqdım. Sıradan bir partiya qəzeti üçün əcnəbi yazar - çoxtirajlı kitablar müəllifi kimi maraqlı deyildi və bizim qəzetdə heç kəs bilmirdi ki, Nobeli ona niyə veriblər. Dünyanın ən ünlü yazarından - Nobel mükafatçısından eksklüziv müsahibə götürmək, daha doğrusu, onunla bir neçə kəlmə kəsmək lazım idi.

Onun əsərlərini bəyənmirdim. Hər dəfə kitabı açanda sətirlərin arasından üzümə gülən özündənrazı üslub məni dəli edirdi. Ah, bu özündənrazılıq... Bu azmış kimi müsahibəni məhz mən almalıydım...

- Bilirsiz... - Onsuz da səhər yuxudan erkən durduğum üçün kefim yox idi, bu dəqiqə ədəbiyyatı da, redaktoru da, yağışlı havanı da söyməyə hazır idim - özündənrazı yazıçıya dərs verməyə hazırlaşırdım ki, o, sözümü kəsib:

- Belə havada qəşəng xanımla kofe içmək pis başlanğıc deyil. Özü də yad şəhərdə heç kəsi tanımırsansa...

Sonuncu dəfə əcnəbi ölkələrdən birinin keçmiş prezidentiylə müsahibəm redaksiyada əməlli-başlı qasırğa qoparmışdı, “ölkənizdə nə baş verir?” sualımı redaktor milli münasibətləri qızışdırmaq kimi qiymətləndirmişdi. Bu müsahibə də alınmasaydı, işsiz qalmalı olacaqdım. Əlbəttə, kiçik redaksiyaların birində müxbirlik edə bilərdim, amma maaş qaneedici olmayacaqdı.

İlk sualı fikirləşdim ki, hiss etdiyim gərginlik aradan qalxsın. Həmişə müsahibə ərəfəsində narahatlıq hiss edəndə bu üsul köməyimə çatır.

- Çay, yoxsa kofe? - səsimi eşidib diqqətlə üzümə baxdı, gülümsündü və gözlərində nəsə doğma qığılcım görünüb itdi.

- Yox, belə tezliklə olmaz, qız. - Yəqin, səsimin tonundan hiss etdi ki, bu çay və ya kofe içəcəyimizi dəqiqləşdirməkdən daha çox, ilk sualdır...

- Onsuz da ofisiant bu sualı verəcək.

- Sən nə istərdin?

Bu o deməkdi ki, söhbət alınmır. Amma belə tezliklə geri çəkilmək olmaz:

- Nə olsa... yağışlı havadan zəhləm gedir....

- Bəs romantika?.. Pəncərə şüşəsindəki göz yaşına bənzəyən damlalar, onların süzülərək uzun zolaq əmələ gətirməsi, sonra da aşağı axıb getməsi?.. - onun danışığında açıq-aşkar istehza hiss edirdim və bu məni qıcıqlandırırdı.

- Belə havada ayaqqabısız qalanları, evinin damı axıdan bədbəxtləri düşünmək lazımdı - Heç bilmirəm bu fikir ağlıma haradan gəldi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, qəzəbli olanda adamları sancmaq üçün çox düşünməli olmuram. Hər şey elə bil öz-özünə alınır.

- Maraqlıdı, həm də humanist yanaşmadı... - Dünyanın ən məşhur yazarı gözlərimin düz içinə baxdı və orada nəsə gizli bir qüssə hiss etdim.

O mənim səmimiyyətimə inanmırdı və bu anda mən növbəti, daha sərt hücuma keçmək tələb olunurdu:

- Axı siz də bir vaxtlar məktəbə ayaqqabısız getmisiniz.

- Bunu sizin kimi müxbirlər uydurub. Mən həmişə yaxşı geyinmişəm...

Buradaca onun geyiminə fikir verdim. Velür, qəhvəyi pencək, cins şalvar, idman ayaqqabıları - bu geyim üslubunu sevirdim. Yaşı qırxa qədər olardı. Ən aşağısı, 37-38 vardı. Bunu avtobioqrafiyasından bilirdim, amma ona 35 yaş verməzdin. Yaraşıqlı idi, həm də tərs kimi sarışındı...

Əlbəttə, müsahibə alınmadı. Amma bu artıq məni narahat etmirdi. Niyə görəsə mənə elə gəlirdi ki, dünyadakı bütün bədbəxtliklərin günahkarı odur - həyatla pivə bardağı arasında heç bir fərq görməyən bu yazar. Bir halda ki bu fürsət əlimə düşüb, niyə bütün düşündüklərimi üzünə deməyim. Əslində, mənim kefim yox idi. Yoxsa onun nə günahı var ki - yəqin, bir az yolda “tıxaca ilişib”, bir az da zarafat etmək istəyib: vədələşdiyimizi unutması da inandırıcı deyil. Yağışı da məlum məsələdir ki, o yağdırmayıb...

Mobil telefonumu söndürdüm, ev telefonunu şəbəkədən ayırdım, həmin gün redaksiyaya qayıtmadım. Səhərsi işə gələndə onu binanın qarşısında gördüm. Dünənki gün üçün üzr istəyirdi. Çiyinlərimi çəkdim. Nobel mükafatçısı olanda nə olar, qadınla davranmağı bacarmaq yaxşı şeydi.

- Məni düz başa düşün, bütün bunlar... - Bu gün o “siz”lə danışırdı, gülümsəməyə çalışırdı, amma hiss olunurdu ki, əsəbidi.

- Bezdiricdidir, hə?

- Elədir.

- Deyəcəksiz ki, ən sürətli yelləncəklərə minmək, dənizkənarı parkda balıq tutmaq, şəhərdə qızlara söz atmaq istəyirsiz 18 yaşlı oğlanlar kimi?

- Hə... Adamın yaşı 40-a çatanda...

- Bir də deyəcəksiz ki, ədəbiyyat boş şeydir, əsas adamlardır?

- Siz hər şeyi bilirsiz...

Səsindəki yumşaqlıq mənə də sirayət etdi:

- Mənim də nə vaxtsa qırx yaşım olacaq.

- Amma sizə, yəqin ki, Nobel verməyəcəklər...

O da sancmağı bacarır. Bunu düşünməliydim.

- Təəssüf etmirəm...

- Səmimiyyətinizə inanıram...

Əslində, dünən mən də səmimi deyildim. Yağışı sevmədiyimi onu qıcıqlandırmaq, ya da orijinal görünmək üçün demişdim.

- Bəzən belə olur, gün alınmır... sizlik bir şey yoxdu ki.

- Məndə də deyəsən bu gün alınmır...

Hiss olunurdu. Üstəlik, bütün bunlar tanış idi. Bir azdan etiraflar başlayacaq. Sonra bir-birimizə öyrəşəcəyik. Sonra?...

Hətta onunla müsahibəyə gedəndən bilirdim ki, bu baş verəcək. Belə məsələlərdə hissiyyat məni aldatmır. Məni qıcıqlandıran da buydu...

Universitetdəki mühazirəyə artıq müxbir kimi qulaq asmırdım. Sonra kafedə çay içəndə bunu ona demək istədim. İlk dəfə idi ki, mənim etirafıma qulaq asmırdılar, o sözümü kəsib gülümsədi və ilk görüşümüzdəki cümləni xatırlatdı - “Belə tezliklə olmaz, qız”. Xətrimə dəymədi... Sonra o getdi. Yeni əsərini yazmağa...

Müsahibə yazmadım, reportaj hazırladım, amma bir günün içində -adətən olduğu kimi - qəfildən işimi dəyişmək qərarına gəldim. Daha ora-bura qaçmıram. Indi institutlardan birində ixtisasım üzrə elmi işçi işləyirəm - hə, deməyi unutmuşdum, mən özüm də ədəbiyyatçıyam axı. Arada onu oxuyuram. O hərdən mənə yazır. Ən çox da ölkəsindəki yağışlardan. Yazır ki, söhbətlərimizin hamısını lentə alıb, yeni romanına daxil edəcək.

Mən gözləyirəm. Təkcə romanı yox, həm də onun özünü. Bəs necə, o vəd verib. Vəd verib ki, mənə ən çox arzuladığım və gözlədiyim şeyi sürpriz edəcək. Əlbəttə, təxmin edirəm, bu nədi. Çünki təklif elə mənim özümdən gəlib. Deyəcəksiz, bu necə sürprizdi? Deyim də, ona belə bir ideya vemişəm: “Mənə evlənəcəyimizi demə! Qoy sürpriz olsun!”.

Hə, bir sirri də açım, amma heç kimə deməyin, mənim də ona sürprizim var - onun yaradıcılığı ilə bağlı monoqrafiya yazıram. Hazır olan kimi çap etdirəcəm. Əlbəttə, mən nobelçi olmayacağam. Amma Nobel həmişə mənim yanımda olacaq. Məncə, bu daha yaxşıdı...


E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3600

Natiq Məmmədov
"Xoşbəxt adamla bədbəxt adamın söhbəti"
Hekayə

Tak-taraq, tak-taraq, tak-tarak…

Bu nə duzsuz adamdı, yekə kişidi, dişləri ağara qalıb, barı boyundan utanmır. Kişi xeylağı belə əzilib-büzüldüsə heç nə… O cibindəki nədi e, yol boyu başımı xarab eləyib, elə ona baxıb hırıldayır. Yəqin arvadının şəklidi, yüz faiz o da bunun kimi quşbeyinin biridi, boş yerdən deməyiblər ha taylı tayın tapmasa bağrı yarılar. Bir də hırıldasa, dədəmin ölmüşünə, deyəcəyəm «ə bəri bax, kişi ağır olar e. Arvad nə olan şeydi şəklini üstündə gəzdirirsən, dəqiqə başı da çıxardıb marıtlıyırsan…»

Bu nə qaraqabaq adamdı, nə vaxtdandı yol gəlirik, bir kəlmə də kəsmir, mısmırığın sallayıb oturub, sanki dəryada gəmiləri batıb. Qaşlarını da çatıb elə qəzəblə baxır ki, elə bil Afrikadakı aclığın, Asiyadakı «quş qripi»nin səbəbkarı mənəm. Neçə dəfə ordan-burdan söz salıram, bir balaca eynimiz açılsın, dərdləşək, heç vecinə də almır. Gör dünyada nə qədər cansıxıcı adamlar var, beləsi ilə yol getmək müsibət imiş. Nə yaxşı Sima var, heç olmasa şəklinə baxıram. Onsuz da şəhərə bir şey qalmayıb, ax evə çatan kimi basacağam onu bağrıma. Yəqin mənim gözəl Simam da darıxıb, qoy bir də baxım, doymaq olmur ki…

…Tak-taraq, tak-taraq, tak-tarak…

- Ə bəri bax, kişi ağır olar e. O nədi dəqiqə başı çıxardıb marıtlıyırsan?

- Mənim Simamın şəklidi, baxmaq istəyirsən?

- Ə lazım deyil, sənin Simandan mənə nə! Ayıbdı qoy cibinə…

- A… ayıb niyə olur ki?..

Ə bu lap xoşqeyrət imiş ki, durub arvadının şəklini yad kişiyə göstərir. Özü də deyir ayıb deyil. Pah atonan! Hardadı köhnə kişilər, atlarını minib hara getdilər? Gör meydan kimlərə qaldı, bundan törəyən nə olacaq? Yad kişi başqasının külfətinə gözünün ucu ilə baxdı nədi, yortardılar onu. Adına bax - Sima, lap mənim Simuzərimə oxşayır. Ona da qız vaxtı elə deyirdilər axı, nə zamankı evə ayaq basdı, dedim qurtardı sənin Simalığın. Yoxsa bunun kimi əfəl oğlu əfəl. Bədbəxti də…

A… deyəsən bu kişinin başında nəsə o söz. Yox, yüz faiz bunun psixi problemi var, bəlkə telefon verim tanış bir həkimin yanına göndərim, savab olar. Əşi, nəyinə lazım, görmürsən necə aqressivdi, elə bil hissiyyatı da ölüb, şəkil göstərirəm, deyir ayıbdı. Bununla yol getmək belə müsibətdirsə, gör ailəsi nələr çəkir. Arvadının günün göy əsgiyə bükər ki… Amma adamın üstündə Allah var, sifətindəki zəhrimarı çıxsaq, yazıq adama oxşayır, görünür, o qədər əziyyət çəkir ki, normal adam görəndə stressə düşür. Görəsən, ona necə kömək eləyə bilərəm? Yaxşı olar ki, Simadan danışım, bir az eyni açılsın. Bədbəxti də…

- Bilirsən, ay qardaş, bu Sima mənə çox əzizdir, heç üç il deyil almışam, amma o qədər şirindi, o qədər doğmadır ki, elə bil ömrü boyu bir yerdə olmuşuq. Bax, yemək yeyirəm, yanımdadı, televizora baxıram, gəlib oturur qucağımda, yatanda da özümü ondan ayrı təsəvvür eləmirəm, uzanır yorğanımın üstünə başlayır nazlanmağa…

Allahu Əkbər! Bu dəqiqə əlimdən xata çıxacaq. Ə, bu, nə binamus adamdı, belə şeyləri də yad kişinin yanında danışarlar? Necə yəni «oturur qucağımda», bu məni nə hesab eləyir. Yoxsa elə bilir ki mən də bunun tayıyam, bəlkə birdən soruşdu, bəs sənin Siman neyləyir. Əstəğfürullah lap beynim çöndü, bu dəqiqə səsini kəsməsə durub atacam pəncərədən bayıra… Bəlkə buna bir xox gəlim. Gözünün odun almasam, səsini kəsməyəcək.

- … elə mehriban baxışları var, mən də onu sığallayıram, deyirəm Simacan, səninlə elə xoşbəxtəm ki…

- Ə, qurtar də bu söhbətləri. Bilirsən mən 4 il yatıb çıxmışam, başım belə şeyləri götürmür.

- Bağışlayın, dedim yol gedirik bir az eynimiz açılsın, ona görə Simadan…

- Yenə başladın…

… Tak-taraq, tak-taraq, tak-tarak…

- Üzr istəyirəm, nə üstə tutulmuşdunuz?

- Davaya düşmüşdüm. Məhəllədə biri varıydı, ilişirdi mənə, çəkdim tinə, yortub uzatdım yerə. Bəxti gətirdi, həkimlər yaşatdılar onu.

- Təəssüflənirəm.

- Mənsə heç təəssüflənmirəm, əcəb eləmişəm. Yerini biləydi. Mənə bax, sən heç bilirsən dava nədi? Bircə demə ki, Simayla cırmaqlaşırsan.

- Simayla niyə, mən boks üzrə üç qat Avropa çempionuyam, zədə almışam, indi müalicədəyəm. İnşallah, ayın axırı təzədən məşqlərə başlayacağam. Ancaq hər halda mən sizin yerinizə təəssüflənirəm…

Bu nə danışır ə, üç qat Avropa çempionu! Dayan-dayan, deyirəm axı sifəti mənə tanış gəlir. Pah atonan! Əşi, bu rinqə çıxanda pələngə oxşayır, ancaq bir arvadın əlində əsir-yesir qalıb. Doğru deyiblər, qadın böyük qüvvədir! Amma xoruzlanmağım heç yaxşı olmadı, özü də kimin yanında, Avropa çempionunun. Gedim bir siqaret çəkim, qayıdanda söhbəti dəyişərəm.

- Siqaret çəkmirsiniz?

- Yox, mən heç onun dadını bilmirəm.

- Onda mən birini tüstülədib gəlim.

Hə, bu yüz faiz bədbəxt adamdı. Çırtma vursan, nokauta düşər, mənə davadan danışır. Bir də ki, belə adamlara heç əl bulamağa dəyməz, onları elə həyat özü nokauta salıb, sadəcə bunu başa düşmürlər. Yəqin adi bir söhbətə görə məhəllə uşağını bıçaqlayıb türməyə girib. Görəsən, mənə hər vurduğum yumruğa görə iş kəssələr, neçə il edər? Hər halda bir ömür yetməz. Eh, gör nələri fikirləşirəm, ah mənim Simam, kaş indi yanımda olaydın…

… Tak-taraq, tak-taraq, tak-tarak…

- Simaya baxırsan? Allah saxlasın. Mənimkinin da adı Simadı.

- Nə?!

- Əsil adı Simuzərdi, qızlıq vaxtı Sima deyirdilər.



- Necə?!

- Amma tay mən sənin kimi dəli-divanə deyiləm dərdindən. Görürəm sən çox istəyirsən, ayrı dura bilmirsən. Amma mən heç özümü sındırmıram yanında, nə gizlədim, hirslənəndə bir-ikisini çəkirəm də. Yaman deyingəndi, ağzının üstündən vurmasam səhərə qədər üyüdüb-tökər…

- Danışır! Necə?

- Pah, danışır da sözdü. Arada bir görürsən içib gəlirəm evə, səsini atır başına, yeddi arxa dönənimi yuyub tökür çölə. Bilirsən, qardaşım, mənim bu məhəbbətdən-zaddan başım çıxan deyil. Beynim çönəndə gözümə heç nə görsənmir, kəmərimi çıxardıb cumuram üstünə, ta səsini kəsənə kimi palanına çırpıram. Deyirəm, ay it qızı, sus də, susmur ki, elə bil mənim acığıma qışqırır. Hələ bir dəfə…

Aman tanrım, bu ki arvadından danışır?! Qadına əl qaldıran kişi dünyada şərəfsizin yekəsidir - bunun başqa adı ola bilməz. Nahaq bu bədbəxtə yazığım gəldi çəkdim söhbətə, gərək eləcə mısmırığını sallayıb oturaydı yerində. Amma heç dil-qəfəsə qoyana oxşamır, danışdıqca vəcdə gəlir. Mənimsə lap əllərim gicişir, durub ağzının üstündən bir yumruq vursam canı çıxacaq. Lənət şeytana… bircə şəhərə tez çatsaydım.

- … gecə yarısına kimi çırpdım, qonşular zorla əlimdən aldılar. Elə bilirsən sakitləşdi, ayağa qalxan kimi atamın goruna söydü… Nə isə, ailədə belə söz-söhbətlər olan şeydi, özün bilirsən də…

- Mən ailəli deyiləm.

- Bıy, bəs?..

- Sima mənim pişiyimdi, al bax…

… Tak-taraq, tak-taraq, tak-tarak…

E-mənbə / link: http://almaqezeti.com/index.php?mod=view&id=4735

Fərid Hüseyn
Təzadlar
(Poetik düşüncələr)

Düşüb əlimdən sındı

Eyib göstərən güzgü.

“eybi yoxdur” dedilər.

* * *

Qatil dedilər mənə



Bir-iki ümid öldürmüşdüm.

Bir-iki arzu doğuldu ürəyimdə

“Ana” demədilər.

* * *


Dilimi dişlədim.

Bir-iki sözüm kəsildi.

* * *

Hara aparır bizi,



Ayaq adlı bu maşın?

* * *


Sən günəşsən mən ayam

Çoxdandır görüşmürük.

Neyləyək, düzgün bölünməyib

Məhəbbətin iş saatları.

* * *

Arxamca su atan qız,



Ayağımın izlərini yuyur

Ömrünün çığırlarından.

* * *

Dünən bir ulduz axdı,



Sən də öldün mənimçün.

* * *


Avtobusda yatan fəhlənin

yuxusunun adı - YORĞUNLUQ.

* * *

Daha mən danışmıram.



Qoy gözlərin ürəyini boşaltsın.

* * *


Bir saat əvvəl əzizlənən uşaq,

Bir saat sonra döyüləndə

Anladı ki, sevgi müvəqqətidi.

* * *


Doqquz iqlimi var ölkəmizin,

Amma hərdən havam çatmır.

* * *

İnsanın taleyi alnına yazılıbsa,



Falçılar niyə, ovcuna baxırlar, Nitşe?!

* * *


Xanım sözündə XAN var.

Bəy sözündə ancaq BƏY var.

Deməli xanımlar adlarında da

Kişi daşıyırlar.

* * *

Səhvimi bağışlayasan deyə



Mesaj yazdım

Mesajdasa adını kiçik həriflə

Bağışla...

* * *


Əgər bu şəhərdə,

sevdiyin qızın yaşadığı evin yerini bilmirsənsə,

Bütün pəncərələrdən sual yağacaq gözlərinə,

“Görəsən, o haradadır”.

* * *

İşıqlar mərtəbə-mərtəbə dırmanır binaya,



Hər mərtəbə işığın bir pilləkənidi

* * *


Avtombil qəzasında ölmüş

Bu cavan oğlanın qəbri.

Qəbiristanlığın yanından sürətli keçən

Avtomobillərdən nigarandı.

* * *

Üstündə səməni çürüyən qəbir,



Novruz bayramın mübarək olsun!

* * *


Dünyanın ən sözəbaxan uşaqları

Balaca qızların kuklalarıdır.

O kuklalarsa qızların analıq arzusudur.

* * *


Alnımızda qırış,

əlimizdə çat.

Alnımızda güllə,

Əlimizdə avtomat

* * *

Sən üstümə su töküb sevinirsən ki,



onu islatdım.

Mənsə, fikirləşirəm ki,

yuyuldu günahlarım.

* * *


Hamıya qartopunu

yavaş atırsan,

Mənə, çatandasa,

elə bil şeytana daş atırsan.

* * *

Dünyanın mübarizəsiz qəhrəmanları - ağaclar



sizi doğulduğunuz gündən torpağa gömürlər

* * *


Başını o gecə çiynimə qoydun

Duydum məhəbbətin ağırlığını

* * *

Mənim gözlərimdə çox uçurum var.



Mənim gözlərimdən çox insan düşüb.

* * *


Mən deyirəm:

Yaxşı ki, ona oxşayan qızlar çoxdu bu şəhərdə

O, deyir:

Yaxşı ki, ona oxşayan oğlanlar yoxdu bu şəhərdə.

Biz bir-birimizi belə sevirik.

Məktubları tullama ha!

* * *

Telefonsuz vaxtlarımızın mesajlarıdı onlar



* * *

Yazdığım məktubları heç bilmirsən hardadı.

Eybi yox incimirəm,

sözlərim yadındadı!

* * *

Yayda qar arzulamaqdı səni sevmək



elə mən də qar arzulayıram.

* * *


Qadının dırnaqları arasındakı çirk,

dünyanın kirliliyindən xəbər verir..

* * *

Ağ bənizli qızın qara bəxti,



dünyanın ən əcaib təzadı.

E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3601

Kəramət Böyükçöl
Yeni şeirlər
Əliqulu müəllimin dərsində…
Hər gün mühazirədə,

Sən yatan otağın havasından

udmaq,

ya da sən oxuyan kitabın



səhifəsi olmaq,

Və ya şəkil olub

palazınızın altında gizlənmək,

haqqında düşünürəm.


Hər sevgi romanının içindən

sən çıxırsan,

İçində sən olan hər şeyi

əzbər bilirəm,

Tələbəliyim səni əzbərləmək

və bir də

hər səhər yolunun üstündə durub

sənə salam vermək qədər

şirin keçdi.

Bütün kəsirlərim sənə görədi,

Saçlarımın pırtdaşıqlığı,

tör-töküntülüyüm də.

Dərslərimdən aldığım ikilər kimi

indi,


başını aşağı dikib

iyirmi iki yaşım,

utandığından,

ya da sənin ağırlığından.


Dodağında söz olmaq arzusu

yıxılıb küçədə ölmək kimidi,

İlişib barmağında qalmaq istəyi,

adımın üstündə sürünməyi,

arzuya çatmaq kimidi,

Ay aman!


Oturduğum seminar dərsi,

Qulaqlarımda toy səsi kimidi indi.


Xatirə soyqırımı
K+İ=Love

yazdığımız divarı

söküblər indi,

Plana düşmüşdü

həmin ev.

Üstünə söz yazdığımız

ağac da qurudu,

Sözümüz söz olmadığından.

Susdu ağaclar,

yarpaq dodaqlarında…

Küləklər susdu

dənizin


dalğa yanaqlarında…

Küləklər yudu küçələrdən

ayaq izlərimizi.

Boş-boşuna əsir küləklər,

Yad adamlara dəyir indi

bizə dəyən küləklər

Qoşa şəhid şəkili kimi

asılı qalıb havanın divarından

biz əyləşən skamya,

Sərçə dimdiklərinin ümidi idik,

Uçub getdilər

Dönərimizə şərik çıxan pişiklər

küsüb getdilər

Yanımıza qaçıb gələn

dilənçi uşaq,

Hər gün pusur yollarımızı

Ümidli gözləri ilə.

Küçələr acından öldü

ayaq izlərimiz üçün.

Boyadılar bu şəhərin üzünü,

Boyadılar.

Qaldı altında xatirələrimiz.


Bir az ağlamaq…
Bacım gəlin köçüb,

Anam azalda bilmir

Qazandan bir tikəni…

Evimiz müvazinətini itirib elə bil…

Atam eynək axratışında,

Anam iynəni tapa bilmir.

Balaca qardaşım da vur çartdasın,

Çal oynasında…

Araz aşığıdan,

Kür topuğundan.

Deyən yoxdu:

Televizorun səsini al.

Hər səhər professor soruşur məndən:

- Niyə dərsə gecikirsən?

- Necə deyim ki,

Yuxudan oyadanım yox.

Sanki evimiz bir ağac idi,

Töküb yarpaqlarını.

Bacım gəlin köçüb,

Çıxmır evimizdən

Bir stakan yeri,

Bir boşqab yeri

Boş qalıb evimizdə

bir stul yeri…

Hər gün susuruq

Boş yerlərin önündə…

Bacım gəlin köçüb,

Gedib evimizin dincliyi

Televizoru,

Mətbəxi,


Tozsoranı,

Ət çəkəni

Gedib evimizin

Gülü,


Çiçəyi

Anam darıxdığından

gəlin axtarır.

Mən də Vüqdor Hüqonun

“Səfilləri” ni…

E-mənbə / link: http://eeeeh.net/?p=612#comments


Cavidan
Sənin olmaq
Səndən mənə nə az, nə çox,

Yüz iyirmi dörd min dəfə xəbər gəlib,

İnan, bundan bir fayda yox,

Yüz iyirmi dörd min xəbər hədər gəlib...

Yüz iyirmi dörd min rəngdə

Yollar durub gözlərimin önündəcə,

Hər ləhcədə, hər ahəngdə

Dualar var sözlərimin önündəcə,

İblis gəlir, Mələk gəlir

Sənə olan Tək Eşqimi almaq üçün,

Hərə bir cür kələk gəlir

Mənim üçün sadəcə Sən olmaq üçün...

Mən ruhumu gizləmişəm,

Yüz iyirmi dörd min alov yandırmasın,

Mən Tək Səni gözləmişəm,

Bu səbrimi heç bir qüvvə sındırmasın...

Nə imanım, nə dinim yox,

Belə qalmaq istəyirəm, Tanrım mənim,

Yüz iyirmi dörd minin yox,

Sənin olmaq istəyirəm, Tanrım mənim...


E-mənbə / link: http://cavid-an.blogspot.com/


ESSE
Fərid Hüseyn
Necəsən, Nitşe?
Esse
Hər şey əzabdanmı yoğrulub, Nitşe?

Əzab insanların iç üzünü açır? İnsanın çöl üzü onsuz da taybatay açıqdı.

Həyat qanunlarının tərkibində daim bu əcaib dialektika olmalıdırmı? Ramiz Rövşənin demişkən, "Özünə qayıdır, hər şey özünə".

Hərdən düşünürəm ki, ən müqəddəs rəqəm ikidir. Bir ruh+bir bədən, bir sən+bir mən, bir ata+bir ana, bir sağ+bir sol, bir əvvəl+bir son bərabərdi iki...

Bir rəqəmi də gözəldir, bir ata, bir ana, bir ölüm, bir doğuluş. Birin müqəddəsliyini pozan bir şey var, o da sən, yəni özün. Çünki bir daxilində sənin təkliyin yoxdur, sən həmişə özünləsən, yəni bir+bir=iki. İnsan tək qalmır, özü-özüylə qalır. Ona görə də digər şəxslərə sən yox, «o» sözüylə müraciət edirsən. Ətrafındakılar hamısı "O" dur. Yeddi rəng var deyə yeddini müqəddəs saymayın, çalışın sizin də öz müqəddəsləriniz olsun.

Dünya bir qədər çevrəyə bənzəyir, burada əvvəl həm də son deməkdir. Burada öndəkilər bəzən sonda da ola bilərlər. Xətt kimi daha çox perpendikulyardı dünya, burda bərabərlik, yəni paralellər ola bilməz, çünki pul var. O da parçalayıb bərabərliyi.

Avtobus dayanacağında fikrə dalıb gözləyən qız avtobusu gözləmir, sadəcə avtobus hər gün gəlib onu işə, getmək istəmədiyi yerə aparır. Onu fikirləşdiyi yerə bircə fikri apara bilər, fikrinsə dayanacağını tapa bilmir. Fikir əlverişli nəqliyyat deyil, heç kimi mənzil başına çatdıra bilmir.

Rayonumuz çox isti olur, Nitşe, saat 12:00-dan axşamüstü 18:00-dək canını sevənlər küçəyə çıxmırlar, dincəlirlər. Hə, bizlərdə isti yay günlərində məhz belə dincəlir kasıb qadınlar və kişilər. Başında zənbil daşıyan xalanın beynində zənbilin izi qalır, qarnındasa heç nə. Deməli, bütün əziyyətlərin sonu heçdir.

Qeybdən gələn səs: Necəsən, Nitşe, həyat dözülməzdir?

Nitşe: "Deyirsiniz "həyat dözülməzdir". Onda sizin gündüzkü qürurunuz, axşamkı itaətiniz nəyə gərəkdir?"

Qeybdən gələn səs: Heç nəyə.

Bağışla, Nitşe, sualına geniş cavab verə bilmirəm, çünki burda cavabı ancaq "atalar" verə bilərlər. Atalarsa üçdən deyib. İş tapmayan dostlarım evdə ona görə də iki söz də deyə bilmirlər.

Ata: İş tapdın, oğul?

Oğul: Yox.......

Axtalanmış qoyun ətinin bəlasına keçir, insan dilinin. Deməli, Allah bəlaları bədənimizə yerləşdirib.

Qeybdən gələn səs: Nitşe, bizim axırımız necə olacaq?

Nitşe: "Amma rastlaşacağınız ən qəvi düşmən həmişə sən özün olacaqsan, keçdiyin meşələrdə hər dəlmə-deşikdə özün öz pusquna düşəcəksən.

Nitşe, özünü öldürən adam, deməli, özündən öz günahlarının qisasını alır, Allah bizə ayaq verib, ayaqsa ardımızca qaçır, deməli, biz heç zaman özümüzdən qurtula bilmirik.

Görəsən, biz bu qədər ağrılara hələ nə qədər dözəcəyik, Nitşe?

"Həyat dözülməzdir, özünüzü nərmə-nazik göstərməyin siz də. Biz hamımız qəşəng yük eşşəkləriyik".

Qeybdən gələn səs: Daha sus, Nitşe! Burda atalar üçdən deyib. Sən də üç dəfə danışdın. Artıq söz dəyənək tək baş yarar.

Bir şah olur, sonra həmin şahın yerinə başqası padşah gəlir, sonra digəri. Bir gün növbəti şah ölür. Daha heç vaxt şah yaranmır. Bu nağılı nəvələrinizə, balalarınıza danışın. Çünki bu nağıl heç vaxt olmayıb və heç vaxt olmayacaq. Nağılları bizim tək kasıb bəndələr yazıb, amma hər şey şahların haqqındadır.

Çox istəyərdim ki, yazıçılar toy günü ayna qarşısında fırlanan qızın keçirdiyi hissləri yazsınlar, amma aynanın dilindən. Qayıqlar haqqında əsər yazılsın, amma dənizin dilindən. Arı pətəyinə çöp soxan uşağın qərəzini bilmək lazımdır.

Üzünü ovcuna qoyub ağlayan qızın dərdi ona görə azalmır ki, göz yaşları yenidən öz bədəninə, əllərinə hopur. Bakıya hamı şeir yazır, amma Bakının yazdığı şeirin əlifbasını bircə bomj bilir. O da oxumaq istəmir alın yazısını. Hər səhər saat altıda oyanan dostum sevgilisi qədər yuxuya həsrətdi. Yazıçılar bilirsinizmi bomjlar haqqında niyə yaxşı əsər yaza bilmirlər? Çünki küçədə yatmayıblar? Bomjlar onlarçün Van Qoqun əsərləri kimi anlaşılmazdır. Bomjlar onlarçün portretdir. Şəklə baxılıb yazılan şeir və əsərlər də ruh yox, ən yaxşı halda uğurlu təsvir ola bilər.

Buralardakı təmizliyi bircə adını bilmədiyim qoca düzgün ifadə eləyir. O da sözlə yox, hərəkətlə. Hər gün eynəyini tüpürüb silir.

Buralarda hamı evinin mərtəbəsi boydadı. Birincilər daha balacadılar. Sonuncular ən böyük.

İnsanın taleyi alnına yazılıbsa, falçılar niyə ovcumuza baxırlar, Nitşe?

Anası ölmüş qız saçlarını, anası ölmüş oğul çırıq və boş cibinin üstündən dizlərinə döyürdü. Həyat ölümün əvvəlidir, ölüm həyatın sonu? Bəs bizim yaşamağımız yaşamaqdımı? Bizim ölümümüzün əvvəli hanı?

Doqquz iqlimi olan ölkədə havam çatmır, desəm, yəqin inanmazsınız. Amma bütün inanclara and olsun ki, bəzən belə olur.

Bu şəhərdə şeir yazmayanlar da misra-misra ölür. Əsl şairlərsə heca-heca.. Biz şair xalqıq axı.

Bizim yaş dövrlərimiz də şərtidir. Biz uşaq, yeniyetmə, gənc, qoca olmuruq. Biz pulumuz olanda şən uşaq, olmayanda atılmış qocalar kimi oluruq. Gənclik, yeniyetməlik bizə görə deyil..

Nə isə, Nitşe. Sən bir qədər bığlarını sığalla, mən saçımı... amma başqalarının əvəzinə.

...Oldu...

Farid-001@inbox.az


E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3554



Mən niyə yazıram?
Esse
Daim öz-özümə verdiyim bir sual var: Niyə yazıram? Mən yazmalıyammı? Nə vaxtsa bu bəladan xilas ola bilərəmmi? Mən də başqa yaşıdlarım kimi dilənçiylə məzələnə bilərəmmi? Yaxud bomja bədbəxt deyə bilərəmmi? Yaxud bəzi həmyaşıdlarım kimi siqaret çəkib, çay gillədib, söyüş söyüb, davaşıb küçə-küçə qız dalınca düşə bilərəmmi? Niyə ölənlərlə ölürəm, niyə zəifəm və nə etməliyəm? Şeir nədir? Roman, esse, hekayə nədir? Onların mövcudluğu bizi nələrdən uzaqlaşdırır, yaxud onlar nəyi dəyişdirir? Yuxularımız hekayədirmi? Anam, bacım, qardaşım ədəbiyyatsız, sözsüz necə yaşayırlar?

Sualları artırmaq da olar. Amma mən o sualların hamısına cavab verməliyəm? Təəssüf ki, mən o sualların cavabını bir mətn daxilində verə bilmərəm. Bununla yanaşı, mənim cavabını tam yəqinləşdirmədiyim suallar var, həmin sualların içində. Niyə yazıram? Bu suala Nobel nitqində Orxan Pamuk belə cavab verir. ”İçimdən gəldiyi üçün yazıram. Başqaları kimi normal bir iş görə bilmədiyim üçün yazıram. Hamıya və hər kəsə hirsləndiyim üçün yazıram. Unudulmaqdan qorxduğum üçün yazıram. Heç cürə xoşbəxt olmadığım üçün yazıram? Xoşbəxt olmaq üçün yazıram”.

Bəzi məqamları təbii ki, qeyd etmədim. Gəlin baxaq, istədiyinə görə yazmaq əgər insanı sakitləşdirmək üçün arqument sayıla bilərsə, insan istədiyni öz-özünə, yaxud yaxınına danışa da bilər. Bu aspektdən yanaşsaq, görərik ki, yazmaq sırf istək deyil. Amma Orxan Pamukun fikri ilə digər tərəfdən razıyam ki, yazı ilkin halda sənin öz-özünə dediyin, amma başqalarına demədiyin şeydir. İkinci səbəb də tam uyğun sayıla bilməz. Yazıçı ən azından nəsə sata, yaxud bələdçi və növbətçi işləyə bilər. Üçüncü səbəblə də tamamilə razılaşmaq olmur. Hirslənən adam yazı yazmasa, qarşısındakını söysə, daha çox rahatlıq tapar, amma yazıçı hirsini boğmaq istəyən yox, hirsini danışmaq istəyəndi. Sonra unudulmaqdan qorxduğu üçün yazır. Bu isə qismən şöhrətpərəstlikdir ki, hər kəsdə var. Fəqət bu arqument bu işə təzə-təzə başlayan adamlarda olmur. Xoşbəxt olmaq üçün yazmaq da, inandırıcı deyil, yazı insanı xoşbəxt eləmir, yazılmışlar xoşbəxt eləyir. Xoşbəxt olmamaq üçün yazmaq bir qədər inandırıcı deyil. Onda bütün bədbəxtlər yazardı. Göründüyü kimi, fikirlərin çoxunun cavabı iki tərəflidir. Biz adi adam olmadığımız üçün yazırıq. Biz xəstəliyə tutulduğumuza görə yazırıq. Biz həmişə yazıdan - şöhrət, pul, oxucu, nə isə güddüyümüz üçün yazırıq. Biz gücsüz olduğumuz üçün yazırıq. Güclü adam dərdini kağıza yox, ona dərd verənə deyər. Biz utandığımıza görə yazırıq. Biz başqa yerlərdə utancaq olduğumuza görə yazı masasında yazırıq. Öz fikrimi inkar eləsəm də, deməliyəm ki, biz az da olsa nələrisə dəyişdirməyə görə yazırıq, həm də dəyişdirə bilmədiyimiz üçün yazırıq. Biz anamızın, atamızın, qardaşımızın, bir sözlə, adamların yanında da daim tək oluruq. Biz öz təkliyimizi doldurmaq üçün yazırıq. İlkin halda daha çox yaradıcılığa başlayan adamlar sevgilərinin hiddətini bildirmək üçün yazır. Deməli, başlanğıcda biz daha çox sevdiyimizi büruzə vermək üçün yazırıq. Bəzilərimiz ailəmizi dolandırmaq üçün yazırıq.

Bugünlərdə Elçinin “Beş dəqiqə və əbədiyyət” adlı 1984-cü ildə nəşr olunmuş kitabının ön sözündə oxudum: “Bir dəfə mən atamın, xalq yazıçısı İlyas Əfəndiyevin iş otağında oturub onunla söhbət edirdim. Birdən atam əli ilə divar boyu düzülmüş kitab dolablarını, rəfləri göstərib dedi:

- Dünyada ki bu qədər böyük yazıçılar var, bu qədər böyük əsərlər yazılıb, biz nə üçün yazırıq? Biz ki, onlardan artığını yaza bilməyəcəyik”.

Düzü kitabı oxuduğum müddətdə tez-tez yenidən ta əvvələ qalib həmin yeri bir də oxuyurdum? Görəsən, İlyas Əfəndiyev niyə belə deyib.

Elçin qeyd edir ki, atamın həmin sualı o anlarda məni yaman sarsıtmışdı. Düzünü desəm, İlyas Əfəndiyev kimi ədəbiyyatdan istər vəzifə, istər şöhrət, istər övlad, istərsə də şəxsiyyət kimi dəyərini almış adam niyə belə desin? O xalq yazıçısı idi. Ona nə lazım idi? Bəlkə də, insanlar öz dövründə dahi adlandırılmadığına görə məyus olur? Bu sual sübut edir ki, əsl sənətkar ədəbiyyatdan ancaq birtərəfli xeyir görmür. Səbəb biz itirdiyimiz vaxtın əvəzinin təkcə ordenlə, vəzifəylə ödənilməsinə razı olmamağımızdı. Bəlkə də, biz səhv edirik, amma bizim içimizdəki ummaq eşqi birinci halda dahiliyin qapısının ağzından keçir. Bu sualı, bəlkə də, çox yazıçılar özlərinə verir. Amma heç kəs ayaq açıb yeriyə bilmir özündən uzağa (Salam Sarvan).

Biz daim evə qaçmağa çalışırıq. Dostlarımızın yanında oturanda ağlımıza gələn misranı yazmaq üçün. Biz şeir ilə dostlarımızı aldadırıq. Biz bir künc, otaq axtarırıq və bu an anlayırıq ki, anamız, atamız, qardaşımız, sevgilimiz də bizə doğma deyil. Biz yazı ilə - sevimli məşuqəmizlə, yatağımızla, yəni yazı masamızla tək qalmaq istəyirik. Və bu intim sevgi vərəqə köçəndən sonra bütün inanclara and olsun ki, bizim sevincimizin səbəbi təkcə o olmur ki, biz nəsə yazdıq, biz həm də rahatlıq tapdığımıza görə sevinirik. Yazı bizi anadan, atadan, ailədən hətta bizə görə hamıdan gözəl olan sevgilimizdən belə ayırır. Bizi küncə sıxır, əlimizə qələm kağız verib “yaz” deyə əmr verir. Bəli mən bilirəm ki, bu heç də yaxşı bir şey deyil, mən həm də bir şeyi çox yaxşı bilirəm ki, bu bir bədbəxtlikdir. Mən bir şeyi də daha yaxşı bilirəm ki, bu bizim rahatlığımızla bağlı ən gözəl bəladır. Biz buna görə Allaha asi ola və Allaha qarşı çıxa bilmərik. Çünki heyvan ətinin bəlasına gəlir, insan dilinin, deməli, bizim də yazılarımızla nə vaxtsa, tarix, ədəbiyyat tarixi, mənim, sənin, onun tanımadığı bığsız kişilər, ipək saçlı qızlar, kitab oxumağı sevən analar, nazlı sənəmlər, utancaq yeniyetmələr məşğul olacaqlar. Onda bizim bəzilərimizin heykəlləri olacaq, kimsə yanından ötəndə rəhmət oxuyacaq, bomjlar tum çırtlayacaq yanında, hansımızınsa kitabı kiminsə sevgilisinin balışının altında olacaq, bəzimizin kitabına tum büküb satacaqlar. Mən əminəm ki, bunlar bizim başımıza gələcək. Mən həm də ona əminəm ki, biz hamımız bunu bilirik. Biz haradasa təhtəlşüur səviyyəsində babalarımızın taleyini yaşayırıq. Hansısa dahi çox gözəl deyib, “Əgər uşaq atası kimi yaşayırsa, deməli, o doğulmayıb”. Biz həm də əbədi babalarımızdan fərqlənməliyik. Biz unudulmağa, sevilməməyə, kitabları yandırılmağa, eyni zamanda kitabları yandırılmamağa və sevilməyə öyrənməliyik. Biz öz əllərimizi buraxmalıyıq. Bizi kimlərinsə əli tutacaqmı sualına da, hə yoxsa, yox deyən qızlar kimi çiynimizi çəkərək “BİLMİRƏM” deməliyik.

Bilirəm, əvvəldə deyilənlərdən belə çıxır ki, mən bir qədər başımdan böyük danışıram. Mənim imzam hələ ədəbiyyatda təsdiqlənməyib. Ədəbi aləmin hər üzünü görmüş müdriklər kimi, danışdığı kimi dünyanın hər üzünü görmüşəm. Amma mən təkcə gördüklərimi danışmaq istəmirəm, həm də hiss etdiklərimi, daxilimdəki gözümün-ürəyimin gördüklərini dilə gətirdim. Mars planetini də, çoxlarımız görməyib, amma onun mövcudluğuna az qala Günəş qədər inanırıq. Oxuduqlarım, gördüklərim sübut edir ki, bunlar belədi. Necə? Məhz belə. Yəni, biz istəmədiyimiz kimi, bizdən asılı olmayaraq.

Bir gecə yuxumda bir qadın görmüşdüm, ağlayırdı. Mən necə qaçaraq evdən çıxıb ağlamağımı və o qadını küçə-küçə axtardığımı, sonrakı gecələr onu görüb niyə ağladığını soruşum deyə Allaha yalvardığımı sizə desəm, artıq dedim də, bəlkə də, mənə yazığınız gələrdi. Amma əgər həmin yuxunu qardaşım, dostum, qohumlarım görsəydi, ən uzağı, deyərdilər: “Allah axırını xeyir eləsin!” və bununla da hər şey qapanardı. Amma biz yazarlar Nitşe demişkən, özgənin dərdini çəkən “yük eşşəkləriyik”. Biz küçədəki dilənçi uşağın qucağındakı uşaqları alıb sevə-sevə oynadarıq. Amma adi adamların çoxu deyər “O tərəfə apar onu”. Biz bu mənada bədbəxtik. Uşaq vaxtı həmişə dünya haqqında fikirləşəndə saatlarla gözüm yol çəkərdi və bu qədər fikirli olduğumu görən sinif yoldaşlarım deyirdilər: “Ə, yenə nə fikirləşirsən, nə olub, sən canun nolub?”. O vaxt bu pərtlikdən utanardım. İndi isə fikirləşirəm ki, mənim düşündüklərimi həmin dostlar ömür boyu düşünməyiblər və bundan sonra da, yəqin ki, düşünməyəcəklər. Görürsünüzmü, bu mənada biz həm xoşbəxtik (düşündüyümüzə görə), həm də bədbəxt.

Yazının əvvəlində bu sual da var idi: Şeir nədir? Bax elə bu yazını yazmaq üçün fikir-xəyal edəndə... Ey indi bizim küçəmizin başında dayanıb sevdiyi qızı gözləyən oğlandır şeir. İndi sənin üçün şeir heç nədir. Amma sən özün şeirsən. Bax bunu bilmədiyinə görə bədbəxt, amma sevib-sevildiyinə görə sənə xoşbəxt deyirəm. Bu baxımdan insan heç vaxt xoşbəxt olmur. Xoşbəxtliyində içində bizim tükümüzü tərpətməyən, bizim hiss etmədiyimiz bədbəxtlik yatır. Yuxun şirin olsun. Şeir kimə görəsə şöhrətdi, kimə görəsə özünüifadədir, kimə görəsə gözəllikdir, kimə görəsə əllaməçilikdi. Amma mənə görə əvvəlcə adi bir adama da deməyə utandığım, sonrasa hamıya deməyi xoşladığım sözlərdi. Şeir, qadın və yuxu - hər üçü gözəldi. Şeiri vaxtında yazmasan, yazdığın şeir kiminsə yanında danışdığı, sənin yaşamadığın hadisədi. Qadınla vaxtında ünsiyyət qurmasan, o öz kəpənək qanadlarını işə salaraq uçacaq. Yuxu da beləcə. Vaxtında yatdınsa, yatdın, yatmadınsa, vay o gecənin halına.

E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3506


BƏDİİ TƏRCÜMƏLƏR


BƏDİİ TƏRCÜMƏ

Frans Kafka. “Aforizmlər”

Bu aforizimləri Frans Kafka 1917-1920-ci illər arasında yazıb. Təəssüf ki, digər yazıları kimi bu aforizmlər də yarımçıq qalıb. Aforizmləri yazdığı dövr F. Kafkanın həyatının ən ağır və çətin günləri hesab olunur. Çünki o vaxt F.Kafka vərəm olduğunu təzəcə öyrənmişdi, nişanlısından da ayrılmışdı. Eyni zamanda uzun illər işlədiyi sığorta şirkətindən də xəstəliyi ilə əlaqədar olaraq icazə almışdı, valideynləri onun evlənməyini istəmirdilər və onu məşhur yazıçı kimi qəbul etmirdilər. Kafkanın xüsusi bir diqqətlə aforizmləri yazmağı sübut edir ki, o, bu yazıları çap etdirmək, yaymaq istəyib. Əgər Kafkanın oxuculara vəfalı, Kafkaya görə isə vəfasız sayılan dostu Brod olmasaydı, onun aforizmləri və əsərləri bu gün oxucuların ixtiyarında olmayacaqdı. Bu baxımdan Brodun "xəyanətini" alqışlamaq lazımdır. Çünki Kafka ölüm ayağında bu sözləri demişdi: "Brod, dünyada yazıçı olduğuma dair heç bir iz qalmasın"...

* * *


Özünü insanlığa baxaraq sına. Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq.

Şəhvani eşq ilahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça ilahi eşq olduğuna görə də eləyə bilər.

Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə tələ qurmaq üçündür.

Ölüm sinif divarından asılmış "İsgəndər müharibəsi" kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.

Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.

Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.

Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.

Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.

Dünya ilə öz müharibən vaxtı dünyanın tərəfində ol.

Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil.

İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməllikdi, yəni hərəkətsizlikdir, ikincisi başlanğıcdır, yəni hərəkətdir.

İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və tənbəllik. Səbirsiz olduqlarına görə cənnətdən qovuldular, tənbəl olduqlarına görə qayıda bilmirlər. Amma, bəlkə də, insanların əsas bir günahı var: səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbirsizlyə görə də qayıda bilmirlər.

Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu, qadınlarla aparılan müharibəyə bənzəyir - axırı yataqda qurtarır.

Qəfəslərin biri quş axtarmağa gedib.

Ayaq basdığın yerin, ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.

Müsbət hərəkət eləməyi bizdən xahiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir.

Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünki göy üzü qarğaların yoxluğu deməkdir.

Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər.

İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salar.

Çevirəni: Fərid HÜSEYN


E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3340

Xulio Kortasar
"Kiçik cənnət"
Hekayə
Tərcümə etdi: Aysel Yaqubqızı
Xoşbəxtliyin müxtəlif növləri var, buna təəccüblənmək lazım deyil ki, general Oranqunun idarə etdiyi ölkənin əhalisi qanlarına qızıl balıq yeridilən gündən xoşbəxtlik tapıblar.

Əslində, bu balıqlar qızıl deyil, sadəcə qızılı rəngdədirlər, amma bircə dəfə onların çırpınaraq necə parıldadıqlarını görmək kifayətdir ki, bu balıqları əldə etmək həvəsi yaransın. Bir gün bir təbiətçi tərəfindən tutulan balıqların əlverişli mühitdə tez bir zamanda çoxaldıqlarını görən hökümət, bunun yararlı olacağını dərhal başa düşdü. Mütəxəssislərə Z-8 kimi məlum olan qızıl balıq çox kiçik ölçülüdür. O dərəcədə kiçikdir ki, əgər biz toyuq və milçəyi müqayisə etsək, o zaman bu balıq növü milçək boyda olar. Ona görə də məmləkət sakinlərinin 18 yaşı tamam olanda balığı onların qanlarına yeritmək heç bir əziyyət tələb etmir; göstərilən yaş və prosedur qanun tərəfindən təyin olunub.

Beləcə, bütün gənc qızlar və oğlanlar xüsusi tibbi mərkəzə buraxılacaqları günü səbirsizliklə gözləyirlər; onlar ailələrinin müşayiəti ilə mərkəzə gedirlər. Orada onların qol damarına borucuq bərkidilir. Bu borucuq, damara 20 kiçik qızıl balıq buraxılan fizioloji məhlulla dolu şəffaf boruların bir hissəssidir. İltifat göstərilərək, gəncin ailəsinə icazə verilir ki, balıqlar biri-birinin ardınca hərəkətsiz, hürkək vəziyyətdə işartı ilə damara gedənə qədər, istədikləri qədər balıqların boruda oynaşmalarına baxsınlar. Yarım saat ərzində vətəndaş bütöv qızıl balıq komplekti qəbul edir. Sonra isə gənc əldə etdiyi bu xoşbəxtliyi bayram kimi qeyd etmək üçün mərkəzi tərk edir.

Əgər diqqət yetirsək, aydın olar ki, sakinlər reallıqla bilavasitə üz-üzə gəlib məyus olmaqdansa, öz təxəyyülləri sayəsində xoşbəxtlik əldə edirlər. Halbuki qızıl balıqları qana yeridildikdən sonra görmək mümkün deyil, amma hər biri bilir ki, onlar bütün damarlar və arteriyalar boyunca dolaşırlar və hər bir gəncə yuxu öncəsi gözlərini yumduğu zaman elə gəlir ki, göz qapaqlarında bu balaca balıqlar yaranır və yoxa çıxır, parıldayaraq üzdükləri çayların qırmızı fonundan seçilirlər. 20 qızıl balığın eyni anda çoxalmağı haqqında fikir xüsusi həyəcan verir. Buna görə sakinlər onları bədənlərinin hər yerində saysız və parıltılı kimi təsəvvür edirlər: balıqlar necə onların başında üzür, necə barmaqlarının ucuna qədər hərəkət edir, necə omba arteriyalarında, boyunduruq damarında yığılırlar və ya necə ustalıqla bədənin ən gizli yerlərinə soxulurlar. Ən çox sevinc verən isə balıqların periodik olaraq ürəkdən keçmələri idi. Çünki, orada, onların oymaşması və bir-biri ilə ünsiyyətə girməsinin rahat olmağı üçün sərt döngələr, göl və sıldırımlar var. Və əlbətdə ki, məhz bu böyük və səs-küylü portda qızıl balıqlar tanış olur, özlərinə partnyor seçir və talelərini ona bağlayırlar. Gənc oğlan və ya qız aşiq olanda onlar əmin olurlar ki, ürəklərində hansısa bir qızıl balıq öz yarını tapıb. Hətta, bəziləri qıdıq hisslərini qızıl balıqların münasib yerlərdə çütləşməsi ilə izah edirlər. Xaricdə olan əsas həyat ritmləri daxildəki ilə üst-üstə düşür. Məgər bu cür böyük harmoniya ilə ifadə olunan başqa xoşbəxlik varmı?

Bu gözəl mənzərəni yalnızca bir hadisə, qızıl balıqlardan birinin ölümü pozur. Onlar uzunömürlü olsalar da, elə bir gün gəlir ki, onlardan biri ölür və qan axınına düşən cəsəd arteriyadan venaya və ya venadan hər hansısa bir damara keçidi tıxayır. Ölkə sakinlərinə bunun əlamətləri çox yaxşı bəllidir. Ümumiyyətlə, əlamətlər sadədir: nəfəs almaq çətinləşir, bəzən isə baş da gicəllənir. Əgər bu baş verirsə, dərhal, inyeksiya üçün ampuladan istifadə edirlər – onları məhz bu hadisə üçün evdə saxlayırlar. Ampulanın tərkibində olan dərmanın təsiri ilə ölü balıq qısa bir müddətdə qana sovrulur və qandövranı yenə də normal vəziyyətə düşür. Qızıl balıqların tez çoxaldığı və ölülərin sayının artdığı nəzərə alınaraq, hər bir kəsə rəsmi olaraq ayda 3 ampula işlətmək icazəsi verilir.

General Oranqunun höküməti ampulanın qiymətini 20 dollar elan edib ki, bu da bir il ərzində bir neçə millyon gəlir gətirir. Əgər xarici müşahidəçilər buna ağır vergi kimi baxırsa, ölkə sakinləri bunu başqa cür qəbul edirlər. Çünki hər bir ampula onlara xoşbəxtlik bəxş edir. Xoşbəxtliyə görə pul vermək isə tam ədalətlidir. Söhbət dərmansız ailələrə gəldikdə, bu isə tez-tez olur, hökümət onlara ampulaları, son hesabda ikiqat qiymətə kredit yolu ilə əldə etmək imkanı verir. Bu isə tamamilə məntiqlidir. Əgər bu cür əlverişli şərtlərə baxmayaraq yenə də kimsə ampulasız qalsa, o, ampulanı böyük uğurla qara bazardan əldə edə bilər. Hökümət insanların ehtiyacını anlayaraq və onlara kömək etmək arzusu ilə qara bazarın, xalqın və bir neçə generalın xeyrinə çiçəklənməsinə icazə verir. Və nəhayət, hər bir kəsin qızıl balıqları olduğu halda kasıbçılıq heç bir məna daşımır. Və qızıl balıqlar bir-birinin ardınca yeni-yeni nəsillərə ötürüləcək, yenə də bayramlar keçiriləcək, yenə də rəqslər ediləcək və mahnılar oxunacaq!


Kortasar haqqında:


Argentinalı nasir Xulio Kortasar 26 avqust 1914-cü ildə Brüsseldə anadan olub. O, Argentinada boya-başa çatıb. Buenos-Ayresdəki pedoqoji kolleci bitirərək (1935) orta məktəbdə müəllim işləyib. 1951-ci ildə X.D. Peronun diktaturasından canını qurtarmaq məqsədi ilə Argentinanı tərk edib. Arabir Argentinanı ziyarət edib, amma daimi yaşayış yeri Paris şəhəri olub. YUNESKO-da tərcüməçi işləyib.
Onun ilk nəşri “İştirak etmə” (1938) adlı sonetlər kitabı olub. Onun sonrakı yaradıcılığında mühüm elementlər olan – reallıq və fantaziyanın qarşılıqlı əlaqəsi, mükəmməllin axtarışı, insan və kainat arasında harmoniyanın axtarışı kimi elementlər öz başlanğıcını bu kitabdan götürür.
Sonra, Minotavr haqqında mifin parafrazı olan “Krallar” (1949) adlı dramatik poeması işıq üzü görür.
Ədəbi şöhrət yazıçıya yalnız “Bestiariya” (1951) adlı hekayələr kitabı çap olunduqdan sonra gəlir. Bu kitabda insan və heyvanat aləmi arasındakı qarşılıqlı münasibətdən söhbət açılır.

“Oyunun sonu” (1956) məcmuəsi gündəlik həyatımızda yer tutan xırdalıqların simvolik mənalarını açır.


“Gizli silah” (1956) kitabındakı hekayələr həyatın durğunluğu və yaradıcılığın azadlığı kontrastı üzərində qurulub.
Özünün ilk “Uduşlar” (1960) romanında Kortasar, ənənəvi obraz olan – “axmaqlar gəmisi” obrazını yaradaraq, insanların daimi məmnuniyyətsizlik probleminə toxunur.
“Klass oyunu” (1963) tənqidçilər tərəfindən “ilk böyük Latın Amerika romanı” kimi qiymətləndirilir. Əsər elə qurulub ki, sankı bir neçə romanı özündə birləşdirir və oxucuya istədiyi variantı seçmək imkanı verir.
“62. Quraşdırma modeli” (1968) romanı “Klass oyunu”ndakı bir bölmə üzərində qurulub.
“Xronoplar və famlar haqqında hekayə” (1969) kitabında yazar diqqəti insan həyatındakı mənasız şərtiliyə yönəldir.
“Bütün alovlar – alovdur” (1973) məcmuəsində aparıcı mövzu müxtəlif zaman və məkan çərçivəsində müxtəlif ölkələrdə baş verənlərin oxşarlığının ön plana çəkilməsidir.
“Manuelin kitabı” (1973) siyasi məzmunludur.

Xulio Kortasar 12 fevral 1984-cü ildə Paris şəhərində dünyasını dəyişib.


E-mənbə / link: http://kultaz.com/2009/08/01/xulio-kortasar-kicik-cennet/





Yüklə 144,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin