Torpağın genezisi, təsnifatı və coğrafi yayılma qanunauyğunluqları Plan:
Torpağın genezisi
Torpağın təsnifatı
Torpaqların coğrafi yayılma qanunauyğunluqları
Torpağın genezisi və onun öyrənilməsi problemini ilk dəfə V.V.Dokuçayev irəli sürmüşdür. Genezis - yunan sözü olub, mənşə, inkişaf, təkamül mənasında işlənir. V.V.Dokuçayev torpaq əmələ gəlmə prosesini bir-birilə qarşılıqlı əlaqədə və üzvi bağlı olan üç qrup hadisə ilə əlaqələndirir: torpaqəmələgətirən amillər, torpaqəmələgəlmə prosesi və torpağın xassəlıri.
V.V.Dokuçayev ilk dəfə olaraq torpağın, iqlimin ( su, temperatur, oksigen, karbon qazı və s.), dağ süxurlarının, bitki və heyvanlar aləminin, relyefin və torpağın yaşının birgə təsiri ilə müntəzəm dəyişməsinə bir təbii tarixi cisim kimi baxmışdır. Ondan sonra N.M.Sibirtsev təbiətdə torpaqəmələgətirən amillərin təbii qarşılıqlı əlaqəsi məsələsinin öyrənilməsi fikrini irəli sürmüşdür. Hazırda torpaqşünaslar bu məfhumu təbii-coğrafi landşaft adlandırırlar. N.M.Sibirtsev tərəfindən işlənib hazırlanmış bu təlimin torpaq təsnifatı və onun qiymətləndirilməsində böyük əhəmiyyəti vardır.
P.S.Kossoviç, V.R.Vilyams, K.K.Hedroyts, S.S Neustruyev, S.A.Zaxarov və başqa alimlər torpaqəmələgətirən amilləri aşkar edib, onun elmi əsaslarını , yəni torpaq tiplərinin coğrafi yayılma qanunauyğunluğunu ətraflı şərf etmişlər. Torpaqəmələgəlmə prosesində ayrı-ayrı amillərin rolu, onların qarşılıqlı əlaqəsi elmi əsaslarla sübüt olunmuşdur. Burada torpaqəmələgətirən amillərin hansının üstün olmasına görə onun genetik xüsusiyyətləri aydınlaşdırılır. İ.P.Gerasimov, E.N.İvanova,, N.N.Rozov, V.A.Kovda, H.Əliyev,V.R.Volobuyev və başqa alimlər torpaqəmələgəlmə prosesi və torpaqların təkamülü haqda qiymətli elmi mülahizələr irəli sürmüşlər. Onlar ekoloji amillərin təsiri ilə torpaqda gedən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin mexanizmi daha dəqiq öyrənmişlər. Respublikamızda torpaqəmələgəlmə prosesinin spesifik xüsusiyyətləri barədə isə H.Ə.Əliyev,V.R. Volobuyev, M.E.Salayev, R.V.Kovalov, Q.Ş. Məmmədov, M.P.Babayev, R.H.Məmmədov, Ş.G.Həsənov, İ.Ş.İsgəndərov dərin elmi tədqiqatlar aparmışlar, yəni torpağın genetik xüsusiyyətlərinə əsaslanaraq üzvi maddələrin əmələgəlməsi və onun fiziki, fiziki-mexaniki göstəricilərinə təsiri, torpaq boniteti və kadastrını, torpaq xəritələrinin, onların aqroistehsalat qruplaşdrılması kimi nəzəri və praktiki əhəmiyyətli məsələləri açkar etmişlər. Bu amillər kənd təsərrüfatı bitkilərinin zonalar üzrə ixtisaslaşdırılmasında yeni torpaq fondları müəyyənləşdirmişlər. M.P.Salayev, B.Şəkuri,A.B.Səfərov və V.H.Həsənov suvarma, çay vadisi və yüksək dağ şəraitində torpaqəmələgəlmə prosesinin xüsusiyyətlərinin və onların inkişafını öyrənmişlər.
Xassəsinə və mənşəyinə görə torpaqların qruplaşmasına təsnifat deyilir. Torpaqşünaslıq elmində təsnifat əsass məsələdir və hazırda da bir problem kimi təkmilləşdirilmədə davam edir. Təsnifatda torpaqlar mənşəyinə və xassələrinə görə qruplaşdırılır. Bu tədqiqat işi aşağıdakı tərkib hissələrdən ibarətdir:
1.Təsnifat prinsiplərinin dürüstləşdirilməsi
2.Əsas taksonomik vahidlərin müəyyən edilməsi ( tip, yarımtip, cins, növ və s.)
3.Torpaqların təsnifat sxeminin və sistematik siyahısının hazırlanması
4. Torpaq adlarının və ya nomeklaturunun tərtibi
5.Təsnifat əlamətlərinin dəqiq müəyyən edilməsi və ya torpağın diaqnostikası
İlk torpaq təsnifatı torpağın üst qatının fiziki-kimyəvi xassələrinə əsasən verilmiş və aqro-geoloji təsnifat adlandırılmışdır. Bu təsnifatda torpağın mineraloji tərkibi, yəni bərk fazanın xüsusiyyətləri əsas götürülmüşdür.V.V.Dokuçayev və N.M.Sibirtsev torpağa xarici amillərin kompleks təsiri ilə üzvi-mineral kütlə kimi baxmış və genetik torpaq tipi haqda orijinal elmi təlim yaratmışlar. Bununla onlar genetik torpaq təsnifatının əsasını qoymuşlar. Sonralar bir sıra alimlər genetik təsnifatı daha da inkişaf etdirmiş və təkmilləşdirmişlər, lakinhər torpaq təsnifatı təklif olunarkən bu və ya digər əlamətə üstünlük verilmişdir. Buda tədqiqatçılarda torpaq təsnifatı barədə fikir ayrılığına səbəb olmuşdur. Hazırda torpaq təsnifatlarını aşağıdakı kimi qruplaşdırırlar:
Torpaqların coğrafi-genetik təsnifatı – bunun əsasını genetik torpaq tipi haqda V.V.Dokuçayevin təlimi təşkil edir. Bu təsnifat sxemlərində genetik torpaq tipləri arasında əlaqə ancaq xassələrinə görə deyil, həm də coğrafi yayılmasına görə müəyyən edilir. Torpaqların coğrafi-genetik təsnifatı təbii qanunauyğunluqları ( torpaq xassəsi, torpaqəmələgəlmə rejimi və onların ətraf mühitlə əlagəsi) əks etdirir. Beləliklə, bu təsnifat kənd təsərrüfatı istehsalının tələbatına cavab verir və torpaq sərvətlərinin qeydiyyatında və qiymətləndirilməsində geniş istifadə edilir.
Genetik amillər üzrə təsnifat. Bu təsnifatda müxtəlif torpaq əmələgətirən amillərin ( iqlim, relyef, bitki örtüyü, torpaq əmələgətirən süxur) ayrı-ayrılıqda təsiri əsas prinsip kimi götürülür. Buradan belə hesab olunur ki, bir amil digərinin təsirini zəiflədə və ya tamam təcrid edə bilər. Bu təsnifatın əsasını məhşur torpaqşünas alimlərdən K.D.Qlinka, Q.N.Vısotski və S.A.Zaxarov qoymuşlar. K.D.Qlinka bütün torpaqları aşağıdakı qruplara bölməyi təklif etmişdir:
Xarici amillərin təsiri ilə torpaqəmələgəlməyə görə (ekzodinamorf )
Ana süxurların təsiri ilə torpaqəmələgəlməyə görə (endodinamomorf )
Q.N.Vısotski torpaqları 3 sinfə - zonal, intrazonal və inkişaf etmiş – bölmüşdür.
Xüsusi genetik təsnifat. P.S.Kossoviç torpağın əsas xüsusiyyətlərinə əsaslanaraq ilk dəfə onunxüsusi günetik təsnifatını vermişdir. O, bütün mövcud torpaqları 2 sinifə bölmüşdür:
Sərbəst genetik torpaq ( elyuvial )
Tabe və asılı genetik torpaq (ilyuvial )
Bu qruplaşmaya əsasən birinci sinfə aid torpaq tipləri, torpaqəmələgəlmə tiplərinə əsasən qruplaşdırılmışdır: səhra, bozqır-səhra, bosqır vəya qaratorpaq, podzol, tundra, laterid və s.
İkinci sinfə isə qrunt sularının təsiri ilə müntəzəm nəmlənən quru bozqır səhra, qaratorpaq, podzol,tropik və subtropik zonasının çəmən və bataqlıq torpaqları daxil edilmişdir. Bu qruplaşma mineral maddələrin çevrilməsinə, üzvi maddələrin toplanmasına və minerallaşmasına əsaslanmışdır.K.K.Hedroyts (1927) udulmuş əsasların tərkibinə və torpaqda gedən fiziki-kimyəvi proseslərin xarakterinə görə təsnifat təklif etmişdir:
Qara torpaq ( uducu kompleks Ca2+, Mg2+ kationları ilə doymuşdur )
Şoran və şorakət torpaqlar (uducu kompleksə Ca2+, Mg2+ kationları ilə bərabər Na+ kationu da daxildir)
Laterit torpaqlar ( uducu kompleksində H+ kationu iştirak edir)
Torpaqların təkamülünə əsaslanan genetik təsnifata ( bu təsnifatın əsasını P.S.Kossoviç və B.B.Polınov vermişdir) görə torpaqəmələgəlmə prosesi qələviləşmə mərhələsindən podzollaşma mərhələsinədək olan dövrə görə araşdırılır. Deməli əsas prinsip torpaqda gedən kimyəvi proseslərin mahiyyətinə əsaslanır.
Təbii tarixi genetik təsnifat. Bu təsnifatın əsasını V.R.Vilyams qoymuş və təbii amillərin zaman daxilində yer qabığının müntəzəm təsiri prinsipinə əsaslanmışdır. Bundan başqa, V.R.Vilyams “ Vahid torpaqəmələgəlmə nəzəriyyəsini ” irəli sürmüşdür. O. göstərirki, torpaq tipləri inkişafına görə vahid bir zəncir kimi bir-birinə bağlıdır, ona vahid tarixi prosesin mərhələsi kimi baxılmalıdır.
Torpaq təsnifatına dair digər ölkələrin alimləri öz təlimlərinin işləmişlər, bunlardan qərbi Avropa təsnifatını, Amerika təsnifatlarını qeyd etmək olar.
Müasir torpaq təsnifatının əsas prinsipləri. Bu təsnifat alimlərin fərdi və kollektiv əməkdaşlığı sayəsində yaradılmışdır. Qəbul olunmuş torpaq təsnifatında torpaqəmələgəlmə prosesinin hərtərəfli əhatə olunması, həmçinin torpaqların tarixi inkişafı və insanların təsərrüfatfəaliyyətinin əhatə olunmasına cəhd göstərilir (İ.P.Gerasimov, E.N.İvanova, N.N.Rozanov, V.A.Kovda, V.R.Volobuyev, H.Ə.Əliyev, Q.Ş.Məmmədov, M.F.Babayev, M.E.Salayev, M.A.Qlazovskaya, V.M.Fridlənd və b.). Müasir torpaq təsnifatı aşağıdakı prinsipləri özündə əks etdirməlidir:
Torpaqəmələgəlmə şəraiti, torpağın əsas xassələri və onlarda gedən proseslər
Təsnifat ciddi elmi taksonomik bölgülər əsasında qurulmalıdır
Təsnifatda insanın təsərrüfat fəaliyyəti nəticəsində qazanılmış xüsusiyyətlər nəzərə alınmalıdır
Təsnifat torpaqların istehsal xüsusiyyətlərini göstərməli, kənd təsərrüfatında və meşə təsərrüfatında istifadəsi tələblərinə cavab verməlidir.
Müasir təsnifat torpaq profilinin morfoloji və mikromorfoloji əlamətlərinə əsaslanmaqla yanaşı, maddələrin maddələrin bioloji dövranının daxili aşınma və torpaqəmələgəlməsinin energetikasını özündə əks etdirməlidir. Bütün bu əlamətlər torpaqda gedən prosesləri dərk etməyə, onları aqronomik cəhətdən qiymətləndirməyə imkan verir.
Müasir torpaq təsnifatının əsas taksonomok vahidi – torpaq tipidir. Torpaq tipinin xarakterik əlamətləri aşağıdakılarla müəyyən esilir:
Üzvi maddələrin toplanmasının, dəyişilməsinin və çürüməsinin eyni tipli olmasıdır
Mineral maddələrin parçalanmasının, mineral və üzvi-mineral birləşmələrin sintezinin eyni tipli olmasıdır
Miqrasiya və akkumulyasiua prosesinin eynitipliyi
Torpaq profilinin eyni tipli olmasıdır
Torpaq münbitliyinin artırılması məqsədilə aparılan tədbirlərin eyni tipli olmasıdır.
Təsnifatda torpaq tipindən sonra aşağıdakı taksonomik vahidlər istefadə olunur: yarımtip, cins, növ, nönmüxtəlifliyi, fəsilə.
Yarımtip – torpaq tipi daxilində əsas və yardımçı təzahürünə görə fərqlənməklə, tiplər arasında keçid mərhələsinin təşkil edir.
Cins - yarımtip daxilində ayrılır. Yerli şərait amillərinin kompleks təsirindən əmələ gəlir. Məsələn torpaqəmələgətirən süxurların tərkibi, qrunt suyunun minerallaşma dərəcəsi.
Torpağın növü - cins daxilində ayrılır, torpaqəmələgətirmə prosesinin inkişaf dərəcəsinin əks etdirir ( podzollaşma dərəcəsi, humuslaşma dərəcəsi və dərinliyi,şorlaşma, şorakətləşmə və s.).
Növmüxtəlifliyi - torpağın üst qatının və ana süxurun qranulometrik tərkibinə görə ayrılır.
Fəsilə - torpaqəmələgətirən süxurların genetik xüsusiyyətlərinə görə fərqlənir.Məsələn, bərk süxur, moren çöküntüləri, allyuvial çöküntülər, örtük-gillicə çöküntüləri.
Azərbaycan torpaqlarının son ( dəqiqləşdirilmiş) təsnifatı (M.E.Salayev, 1979) və sistematikası ( M.E.Salayev, Q.Ş.Məmmədov,M.P.Babayev, V.H.Həsənov) çox illik torpaq tədqiqatı materiallarına əsasən Azəerbaycan Respublikası Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən təklif olunmuşdur.
Torpaqşünaslıq elmində torpağın xassələri və təsnifat vəziyyəti ilə əlaqədar onun adının müəyyənləşdirilməsinə torpaq nomeklaturu deyilir. V.V.Dokuçayev və N.M.Sibirtsev ilk dəfə elmi-genetik nomeklatirin əsasını qoymuşlar və əsasən torpağın üst qatının rənginə ğörə rus adlarını torpaqşünaslıq elminə daxil etmişlər. O adlardan – qaratorpaq,podzol, qırmızı, boz-meşə, qonur və s. torpaq tiplərini göstərməkolar. Sonralar digər torpaqşünas alimlər tərəfindən bu adlar daha da zənginləşdirilmiş, boz, sarı, şabalıdı və qəhvəyi torpaqlar da əlavə edilmişdir. Hazırda aparılan tədqiqatlar nəticəsində torpağın xassələrini göstərən şoran, şorakət, solod, çürüntülü -karbonatlı və s. torpaq adları da ədabiyyata daxil edilmişdir. Müasir təsnifatda hər genetik torpaq tipi yarımtiplərə bölünür : tipik, adi, qəcli, qleyli, podzol, aşıq podzol, tünd podzol, açiq şabalıdı və s.
Qəbul olunmuş torpaq təsnifatında nomeklatura ciddi riayət etməklə torpağın tam adı belə gedir: tipin adı, sonra yarım tip, cins,növ, növmüxtəlifliyi və fəsllə. Buna misal: qaratorpaq (tip), adi ( yarımtip), şorakətli ( cins), orta humusli ( növ), ağır gillicəli ( növmüxtəlifliyi), lyöslu (fəsilə). Torpaqların taksonomik bölgülərə ayrılması üşün istifadə olunan xüsusiyyətlərinin cəminə torpaq diaqnostikası deyilir.
Torpağın coğrafi yayılması Yer kürəsində təbii amillərin yayılması ilə sıx əlaqədardır və onunla üzvi bağlıdır. Torpağın coğrafi yayılması aşağıda göstərilən təbii şəraitdən asılıdır: şaquli və üfüqi zonallıq,torpaq-iqlim qurşaqlarından, torpaq örtüyünün yekcins olmasından və s. Torpaq zonallığı haqda təlim V.V.Dokuçayevin torpaqəmələgəlmə prosesi haqda təliminin bir bölməsidir. O, ilk dəfə rus düzənliyində şimaldan cənuba hərəkət etdikcə torpaq tiplərinin qanunauyğun olaraq bir-birini əvəz etməsini göstərmişdir. Bunu aşağıdakı sxem kimi göstərmək olar: tundra torpağı -------- podzol torpaqlar -------- boz meşə torpaqlar ------- qaratorpaqlar ------ şabalıdı torpaqlar -------qonur yarımsəhra torpaqlar.
Torpağın coğrafi yayılması iqlim amilinin termik xüsusiyyətlərinə görə müxtəlif torpaq-iqlim qurşaqlarına bölünür ( qütb, boreal, subboreal, subtropik, tropik ), hər torpaq tipinin özünəməxsus torpaq tipləri vardır. Torpaq-iqlim qurşaqları öz növbəsində torpaq-bioiqlim vilayətlərinə bölünür ki, bunun da əsas göstəricisi atmosfer çöküntüsü və bitki örtüyü hesab olunur. Müxtəlif torpaq-bioiqlim vilayətləri bir-birindən aşağıdakı kimi fərqlənir:
rütubətli ( ekstra humid, humid), meşə, tayqa və tundra bitki örtüyü;
keçid ( subhumid və subarid ) bozqır kserofit meşə və savanna bitki örtüyü və s.
quru (arid və ekstra arid ), yarımsəhra və səhra bitki örtüklü.