Turac Qəhrəmanova
Elektron hökumət portalının analitik təhlili
(e-gov.az)
Kompüter və internet şəbəkəsinin meydana gəlməsilə dünyada dövlət və hökumətlərin qarşısına qoyulan vəzifələrdən biri də artdı: funksiyaların effektivliyini təmin etmək üçün İKT-dən yararlanmaq. Bu effektivliyin yaradılması və yüksəldiməsi üçün isə bir sıra ümumi problemlərin həlli zərurəti meydana gəldi: ümumi problemlərin həlli üçün müxtəlif strukturların qarşılıqlı əlaqəsinin təmin edilməsi, vətəndaşların maraqlarının təmin edilməsi, özəl sektor təmsilçilərinin dövlətlə münasibətlərinin əlavə vaxt və vəsait itkisi olmadan təşkili. Bütün bu amillər həm də elektron hökumət və onun rəsmi resursunun fəaliyyət prinsiplərini təyin edən amillərdir.
Azərbaycan Respublikasının elektron hökumətinin internet portalı olan e-gov.az-da elektron hökumətin əsas fəaliyyət prinsipləri aşağıdakı kimi müəyyənləşdirilir: “
● Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
● İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
● İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
● Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü. ” (https://www.e-gov.az/content/?i=7&title=elektron-hokumet-haqqinda-umumi-melumat&s=4)
Müasir dövrdə İKT-nin inkişafı bəşəriyyətin həyatı üçün ən önəmli amilə çevrilməkdədir. İKT-nin müxtəlif sahələrə geniş nüfuzu reallığı dəyişir, ona yön verir, sosial, iqtisadi, mədəni sahələrdə ciddi irəliləyişlərə səbəb olur.
İKT-nin aktuallığını şərtləndirən qlobal tendensiyalar arasında aşağıdakıları qeyd etmək lazımdır:
-
Dövlət idarəçiliyinin təkmilləşdirilməsinin hərəkət verici qüvvələrindən birinə çevrilən İKT-dən məqsədyönlü istifadə prosesləri Qərb ölkələrində eyni zamanda bir neçə on illik əvvəldən başlayıb və bir çox hallarda qloballaşma üçün zəmin rolu oynayıb.
-
İnternet istifadəçilərin sayı ildən-ilə çox böyük sürətlə artır
-
Müasir şəraitdə mərkəzləşmiş qurumlar ətrafdakı dəyişikliklərə lazımi sürətlə cavab vermir, zamanın son dərəcə önəmli olduğu bir dövrdə dövlət xidmətlərinin daha elastik və mobil olması qaçılmazdır.
Bütün bunların nəzərə alınması e-gov.az resursunun önəmini bir daha gözlər önünə sərir. Və resursun materiallarını dövlət qurumlarının saytlarına verilən keçidləri təhlil edərək, müşahidələrimizi maddələr halında təqdim etmək istərdik
e-gov.az portalının əhalinin xidmətinə verilməsi işlərin effektivliyini artırır:
İKT məlumatların emalı ilə bağlı məsələlərin həllində effektivliyi artırmak imkanı yaradır. Getdikcə daha çox qurumun fəaliyyətinin burada təmsil olunması istehlakçılara verilən informasiya-kommunikasiya xidmətlərinin sayının artmasına səbəb olur.
Portalın xidmətlərin keyfiyyətinin artmasına xidmət edir:
Portalın yaradılmasında mərkəzi elementin istehlakçıya istiqamətlənmiş xidmət növünü təşkil etmək olduğu bəllidir. Yəni, burada vətəndaşın, istehlaçının tələblərini başa düşülür. Bunu bir misalla göstərmək olar:
Elektron hökumət portalı konkret nəticələr əldə etməyə yardımçı olur:
İnternet bütün maraqlı şəxslərə öz ideyalarını, infomasiyasını yaymağa özü haqqında vacib informasiyanın çatdırılmasına, toplanmasına yardımçı olur. Məsələn, səhiyyə nazirliyinin vahid informasiya bankının yaradılması kimi olduqca önəmli bir işin inkişaf etdirilməsi zəruridir. Bu istiqamətdə aparılan işlər ayrı-ayrı pasientlər – vətəndaşlar haqqında məlumat toplanmasından tutmuş, dövlətin səhiyyə islahatlarının istiqamətinə qədər bir çox hallar üçün əlverişli ola bilər.
e-gov.az resursunun tam gücü ilə işləməsi müxtəlif iqtisadi məsələlərin reallaşmasına töhfə verəcəkdir.
Elektron hökumət portalının işinin keyfiyyətli təşkili daha effektiv proqramların tətbiqi, inzibati tənzimlənmənin sadələşməsi sayəsində məhsuldarlığın artmasına səbəb olacaq, habelə inkişaf etməkdə olan informasiyacəmiyyəti və İKT industriyasının dəstəklənməsində təkanverici amilə çevriləcəkdir.
Portalın fəaliyyəti hökumət və vətəndaşlar arasında etibar və etimad münasibətlərinin yaradılmasına, dəstəklənməsinə yardımçı olacaqdır. Münasibətlərdə etibar və etimad dövlət idarəçiliyi üçün olduqca önəmlidir və İKT vətəndaşları açıq cəmiyyətin qurulmasına, korrupsiyaya qarşı mübarizə aparılmasına cəlb edərək buna yardımçı ola bilər. Düzdür, bütün bunlarla biz heç də bu internet resursunun yaxın gələcəkdə ənənəvi qurumların fəaliyyət dairəsini məhdudlaşdıracağını deməyə çalışmırıq, amma “vahid pəncərə” siyasəti artıq bütün dünyada aktuallığını bərqərar etməkdədir.
Bəs istifadəçilərin maraq oyatması üçün saytın fəaliyyəti ilə bağlı hansı işlər görülüb və bunları necə qiymətləndirmək olar?
Məsələyə, bir jurnalist və gələcək alim olaraq yanaşmağa çalışaq:
-
Sayta giriş. Sayta daxil olmaq olduqca asandır və burada yüklənmə, texniki nasazlıq halları yox deyiləcək qədər az olur. Lakin getdikcə bütün xidmətlərin on-line rejimə keçməsi zəruridir.
-
Vətəndaşların aktiv iştiraka cəlb edilməsi məsələsi. Sosial şəbəkələrdə portal barədə məlumat verən səhifələrin təşkili və uğurla idarə olunması, artıq onların görülən işlə yaxından tanış olması yolunda görülən böyük bir işdir. Bu istiqamətdə işlərin davam etdirilməsi və geri əlaqənin təmin edilməsi ilə vətəndaşlarda proseslərin bilavasitə iştirakçılarına çevrildiklərinə inam yaratmaq bu yolda qarşıya qoyulan növbəti məqsəd olmalıdır.
-
Konfidensiallıq. Saytın bazasındakı informasiyanın qorunması üçün əlahiddə tədbirlər görülməlidir, çünki burada artıq insan hüquqlarının qorunması və insan azadlıqlarına müdaxilə məsələsi aktuallıq qazanır. Konfidensial informasiyanın kimlərinsə əlinə keçməsi, informasiyanın aid olduğu şəxslərin hüquqlarının kobud pozulması deməkdir.
Beləliklə, e-gov.az vətəndaş və dövlət münasibətlərində olduqca vacib yerdə durur. Artıq bütün qurumlar bir şəxs və ya instansiya qismində təmsil olunmağa başlayır. Məsələn, sayt vasitəsilə Dövlət Sosial Müdafiə fonduna müraciət edən vətəndaş sığorta edənin uçot nömrəsini öyrənməyə çalışdıqda “bu bizim şöbənin səlahiyyətində deyil”, “səlahiyyətli şəxs yerində yoxdur” və s. kimi ifadələrdən ibarət cavablar almayacaq, əlaqə üçün telefon nömrəsi axtarmayacaq, müvafiq şöbəyə getməyə, orada gərəkərsə, növbə gözləməyə məcbur qalmayacaq. Artıq vətəndaş üçün bu qurum vahid, unifikasiya olunmuş bir ünvandadır (portalda https://www.e-gov.az/e-services/?i=citizen səhifəsində). Bu nümunələri təbii ki, sonsuz sayda artırmaq olar.
Fikirlərimizi yekunlaşdırarkən bildirək ki, portalın tətbiqi və istifadəyə verilməsi hökumətin vaxt kateqoriyasına diqqətinin sübutudur, amma burada zamanın başqa bir önəmi də var. Başqa sahələrdən fərqli olaraq, texnologiyalar sürətlə dəyişdiyindən, çox tez də köhnəlirlər. Bu gün qurumların İKT sahəsindəki qərarları əsasən gələcəyə hesablandığından, çox kiçik səhvlər çox böyük maliyyə itkilərinə səbəb ola bilər.
Günümüzün reallığını belə ifadə etmək olar: ənənəvi dövlət idarə etməsi tədricən informasiya inqilabına hazırlaşır və onu qarşılaşdığı çoxsaylı çağırışlardan biri, dövrün tələbi kimi qəbul edir.
Hazırda elektron hökumət, ənənəvi hökumət və vətəndaş münasibətlərinin belə demək mümkünsə keçid dövrünü yaşayırıq. Çünki vətəndaş onların hər ikisi ilə təmasda olur. Bu baxımdan dövlətin İKT siyasətini həyata keçirərkən, tez-tez müxtəlif sorğular, monitorinqlər keçirməsi və saytın fəaliyyəti barədə vətəndaşların rəyinin öyrənilməsi, nəzərə alınması vacibdir. Və nəhayət bu sayt vasitəsilə xidmətlərin göstərilməsi, hüquqi-normativ sənədlərin əhaliyə tam həcmdə çatdırılması elektron hökumətin potensial funksiyalarının əsas hissəsini təşkil etsə də, eyni zamanda daha çox vətəndaş və işgüzar dairələrin dövlət qərarlarının qəbul edilməsi prosesinə cəlb edilməsi məqsədilə ilə İKT sahəsinə verilən önəmin azalmaması, o cümlədən, bu sahədə irəliləyişlərin davamlı olması, portalın texniki bazasının daima yenilənməsi (yeni çıxan müxtəlif baza və platformalı informasiya –kommunikasiya vasitələri üçün olan versiyaların yenilənməsindən tutmuş, dizaynın sadələşdirilməsinə kimi ən müxtəlif amillərin nəzərə alınması) bu prosesin uğurunu təmin edəcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda analitik məqalə müsabiqəsi üçün.
Dostları ilə paylaş: |