6.ƏDƏBİYYAT
Bu islam-türk dövlətlərində ədəbiyyat və şeir böyük gəlişmə göstərmişdir. İran ədəbiyyatının ünlü şairləri: Ünsüri, Fərruxi, Əscədi, Mənuçöhri, Qəzairi və başqaları Qəznəvi Mahmudun himayəsində yetişmişlər. Bugünkü ədəbi farsçanın təməlini atan məşhur “Şahnamə” şairi, Firdövsi də bunlar arasında idi95. “Sindbadnamə” yazarı Zahiri-Səmərqəndi qaraxanilərdən Qılıc Tamğaç xanın inşa divanının rəisi idi. O dövrdə farsça yazan şairlərin ən böyüklərindən biri olub şiirlərində bir çox türkcə kəlmə işlədən Suzəniyi- Səmərqəndi qaraxanilər sarayının sayğıdəyər siması idi və o, əski uyğur dilinin islam təsiri altında qarluq, yağma, çigil kimi türk boyları ləhcələri ilə qarışmasından meydana gələn qaraxani türkcəsi (Mahmud Kaşğari buna “xaqaniyyə" deyir) ilə də -Mənuçöhrinin dediyi kimi- şeirlər yazırdı. Türk dilinin Hindistanda getdikcə yayıldığını söyləyən Fəxrəddin Mübarəkşah öz tarixində türkcə misralar qeyd etmişdi96.
Dehli sarayında da şairlər, xüsusilə Əlaüddin Xalac dövründə - qəznəvilərdə və səlcuqlularda olduğu kimi- "məvacibi-şairi" (şairlik ödənəyi) alırdılar. Sultan Balabanın oğlu Məhəmmədin işraf divanı rəisi şair Fəxrəddin Lubəkı, Hindistanın "Sədi”si deyilən Həsən Səncəri və daşkəndli şair Bədrəddin sultanlardan və bəylərdən himayə görürdülər. İslam Şərqinin ən böyük şairlərindən biri olan Əmir Xosrov Dəhləvi (ölümü 1325) türk idi, anası da Balabanın ariz ül-məmalik (hərbiyyə naziri) olan Timur xanın qızı idi. Türk olmaqla öyünən Dəhləvi Sultan Balaban, Əlaüddin Xalac və Qiyasəddin Tuğluq dövrlərini dilə gətirmiş və sonuncu adına bir “Xəmsə” yazmışdı. Gözəl əsərlərindən biri də Əlaüddin Xalacın oğlu Xızır xan ilə racələrdən birinin qızının həqiqi eşqinə həsr edilmişdi97. Hind-türk hökmdarları əski hind əsərlərinin tərcümələrinə də yardım etmişdilər. Bunlar arasında ən mühümü "Kəlilə və Dimnə" deyə tanınan əxlaq kitabı "Pançatantra"nın qəznəvi sultanı Bəhramşah (ölümü 1157) adına farsçaya tərcüməsidir98. Sonra Qiyasəddin Tuğluğun münşilərindən (katib) Məhəmməd Sədr Abdusi hind nağıllarını “Bəsatin ül-Üns" adı ilə farsçaya və xalac ailəsinin son illərində Mübarəkşahın sarayında şair Ziyaəddin Nəhşəbi "Tuti-namə"ni sanskritcədən farscaya çevirmişdilər. Şeir və ədəbiyyat sahəsində böyük irəliləmələr qeyd edilən səlcuqlu dövründə xüsusilə fars ədəbiyyatı çox inkişaf etmişdir. Türk sultanlarının maddi, mənəvi himayələri sayəsində İran ədəbiyyatının ən seçkin simaları bu çağda yetişmişdilər: Ömər Xəyyam, Ənvəri, Müizzi, Lamii Cürcani, Əbül-Məali Nəxxas, Əbu Tahiri-Xatuni, Əbivərdi, İbn ül-Xəbbariyə, Əzraqi. Digər tərəfdən ərəb ədəbiyyatında mühüm bir mövqe tutan Bahərzi (ölümü 1072) və ünlü “əl-Əhkam üs-Sultaniyyə” müəllifi Qazil-quzat əl-Mavərdi (ölümü 1051) və başqaları bu dövrün şəxsiyyətləridir. Fikir həyatı və ədəbiyyat yönlərindən həm atabəyliklər, həm də türkmən bəylikləri böyük inkişaf içində idilər. Fars ədəbiyyatının təsiri altında olan eldənizlilər ölkəsində Nizami Gəncəvi (ölümü: 1214?), Xaqani (ölümü: 1199?) və salğurlu bəyliyində Sədi (ölümü: 1292) kimi İran ədəbi dilinin ən böyük üstadları yetişmişdi99.
Bu dövrdə türk ədəbiyyatı, bilindiyi kimi, Anadoluda gəlişmişdir. Malazgirt zəfərindən bəri əski oğuz mənqibələrini, bozqırların dastani mövzular ilə süslənmiş qəhrəmanlıq hekayələrini qopuz çalaraq söyləyən türkmən xalq şairlərinin XII-XIII əsrlər Anadolusunun qəza və fəth ruhuna uyğun islami gələnəklərini (Əbu Müslim, Hz. Həmzə, Hz. Əli ətrafında hörülən əfsanələr və s.) türkcə tərənnümləri ilə başlayan bu ədəbiyyatda “Danişməndnamə”100, Battal Qazi dastanı, Sarı Saltuk mənqibəsi101 kimi məhsullar yanında, yəsəvi şairlərinin təsiri ilə sufiyanə türk ədəbiyyatı cığırı açılmışdır. Eyni zamanda Sultan Vələd aracılığı ilə Gülşəhrini və Aşıq Paşa kimi klassik türk şeirinin təmsilçilərini hazırlayan bu cığırda ünlü türkmən şairi Yunus Əmrə (ölümü 1320) əsrlərcə yetişilməsi mümkün olmayan bir zirvəyə yüksəlmişdir102.
Dostları ilə paylaş: |