Dövlətin milli-inzibati ərazi quruluşu (və ya sadəcə “dövlət quruluşu”) dedikdə dövlətin milli-ərazi bölgüsünü səciyyələndirən, mərkəzi və yerli hakimiyyət orqanları arasında qarşılıqlı münasibətləri xarakterizə edən daxili strukturu başa düşülür. Dövlət quruluşunun 3 forması mövcuddur: unitar, federativ və konfederativ dövlət quruluşu.
Unitar dövlətdə vahid konstitusiya, parlament, hökumət və vətəndaşlıq mövcud olur. İnzibati ərazi vahidlərində isə yalnız icraedici hakimiyyət fəaliyyət göstərir. Bu hakimiyyət or-qanları isə ya mərkəzin tam hakimiyyətində, ya da ikili tabelikdə – mərkəzi və yerli nümayəndəli orqanların tabeliyin-də olurlar. Unitar dövlətin parlamentinin palataları federasi-yalardakından fərqli olaraq ölkənin regionlarından xüsusi nümayəndəliyə malik olmurlar.
Federativ dövlətdəümumi konstitusiya, parlament və hökumət olmaqla yanaşı, ayrı-ayrı inzibati ərazi vahidlərində də konstitusiya, parlament və icraedici hakimiyyət fəaliyyət göstərir, vətəndaşlıq mövcud olur və həmin ərazi vahidləri idarəçilikdə müəyyən müstəqilliyə (suverenliyə, muxtariyyətə) malik olurlar. Federasiya ilə onun subyektləri arasında səlahiyyətlər ümumfederativ konstitusiya ilə və ya mərkəzlə subyektlər arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Dövlətdə ali hakimiyyət dövlət hakimiyyətinin ali (federativ) orqanlarına məxsus olur. Federasiyalara iki və daha çox palatalı parlament səciyyəvidir. Palataların birində federasiya subyektlərinin mənafeləri təmsil olunur. Federativ dövlətlərdə ərazi federasiyası (yalnız məhdud suverenliyə malik ərazi vahidlərinə görə) və milli federasiya (əhalinin etnik tərkibi nəzərə alınmaqla) fərqləndirilir.
Konfederativ dövlət bir neçə dövlətin ümumi məqsədlərlə (ekoloji, siyasi, hərbi və s.) ittifaqa girməsi nəticəsində yaradılır. Burada ittifaq orqanları yalnız birləşmənin məqsədi ilə bağlı məsələlər üzrə dövlətlərin fəaliyyətini əlaqələndirir. Konfederasiyada ümumi idarəetmə aparatı, vahid pul sistemi adətən mövcud olmur, dövlətlər öz müstəqilliklərini saxlayırlar. Konfederasiya adətən müəyyən müddət üçün yaradılır. Qarşıya qoyulmuş məqsədlər həyata keçirildikdən sonra isə konfederasiya ləğv oluna və ya federasiyaya çevrilə bilər.