XXVII fəsil
Təqsirləndirilən şəxs qismində cəlb etmə
Maddə 223. Təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası və qaydası
223.1. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur.
223.2. Bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.
223.3. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:
223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar;
223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti;
223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri;
223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü;
223.3.5. məsuliyyəti ağırlaşdıran hallar.
223.4. Qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir.
223.5. Təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilir.
223.6. Qərarın surəti onun qəbul edildiyi andan 24 saat müddətində müstəntiq tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
Dostları ilə paylaş: |