Maddə 391. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması
391.1. Apellyasiya şikayətləri və ya apellyasiya protestləri apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq hakimlərin icraatına verilir. Apellyasiya instansiyası məhkəməsi 15 (on beş) gün müddətində (cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər) üç hakimdən ibarət tərkibdə və məhkəmə iclası katibinin iştirakı ilə məhkəmə iclasında apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxışını aparır. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər və apellyasiya instansiyasında ittiham tərəfi təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər. Həmin şəxslər müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilirlər, lakin onların gəlməməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılmasına mane olmur. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması üzrə məhkəmə iclasında iştirak etmək barədə müraciət olduqda apellyasiya instansiyası məhkəməsi həbsdə saxlanılan məhkumun gətirilməsi barədə qərar çıxarır.
391.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır:
391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını;
391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını;
391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını;
391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını;
391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini.
391.3. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
391.3.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında;
391.3.2. apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında;
391.3.3. apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında;
391.3.4. apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında;
391.3.5. apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında;
391.3.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında;
301.3.7. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında;
391.3.8. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında;
391.3.9. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında;
391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında.
391.4. Bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır.
391.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır.
391.6. Apellyasiya instansiyası məhkəməsi aşağıdakı hallarda cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:
391.6.1. birinci instansiya məhkəməsində icraat zamanı aparılmış məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və ya məhkəmənin katibi tərəfindən imzalanmadıqda;
391.6.2. hökmün surəti məhkuma və ya bəraət almış şəxsə verilmədikdə və ya onun ana dilinə, yaxud bildiyi dilə tərcümə edilmədən verildikdə;
391.6.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarı məhkəmə baxışında iştirak edən hakim tərəfindən imzalanmadıqda;
391.6.4. cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadıqda.
391.7. Bu Məcəllənin 391.6-cı maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı hərəkətlər yerinə yetirilir:
391.7.1. apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə göndərir;
391.7.2. birinci instansiya məhkəməsi təyin edilmiş müddət ərzində yol verilmiş pozuntuları imkan daxilində aradan qaldırır və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları apellyasiya şikayətinə və ya apellyasiya protestinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir.
391.8. Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:
391.8.1. birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə;
391.8-1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.
391.8.2. birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda;
391.8.3. birinci instansiya məhkəməsində məhkəmə baxışı məhkəmə aidiyyətinin qaydaları pozulmaqla keçirildikdə;
391.8.4. birinci instansiya məhkəməsində məhkəmə baxışı özü-özünə etiraz etmiş və ya etiraz edilmiş hakimin qanunsuz iştirakı ilə keçirildikdə;
391.8.5. birinci instansiya məhkəməsində məhkəmə baxışı hakimlərin tərkibinin dəyişilməzliyi barədə tələblər pozulmaqla keçirildikdə;
391.8.6. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə;
391.8.7. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin sərbəst bildikləri ana dilindən və tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması ilə keçirildikdə;
391.8.8. birinci instansiya məhkəməsində məhkəmə baxışı dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin iştirakına dair tələblərin pozulması ilə keçirildikdə;
391.8.9. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərər çəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirildikdə;
391.8.10. birinci instansiya məhkəməsində məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarı hakimlərin müşavirəsinin gizliliyi haqqında tələbin pozulması ilə çıxarıldıqda;
391.8.11. birinci instansiya məhkəməsində məhkəmə baxışı ittihamın hüdudları barədə tələblərin pozulması ilə keçirildikdə (ittihamın irəli sürüldüyü cinayətlə müqayisədə ittiham hökmü daha ağır cinayət üzrə çıxarıldıqda);
391.8.12. birinci instansiya məhkəməsinin hökm və ya qərarı hakimlər tərəfindən bu Məcəllənin 352.5 və 352.6-cı maddələrinin tələblərinə müvafiq surətdə imzalanmadıqda.
391.9. Bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə:
391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir;
391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir.
391.10. Bu Məcəllənin 391.6 , 391.8 və 391.8-1-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin yol verilmiş kobud pozuntularına dair xüsusi qərar çıxara bilər və həmin qərarı müvafiq olaraq aşağıdakı şəxslərə göndərməlidir:
391.10.1. dövlət orqanlarının vəzifəli şəxsləri barəsində tabeçilik qaydasında müvafiq yuxarı dövlət orqanının rəhbərinə;
391.10.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanın əməkdaşları barəsində—tabeçilik qaydasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbərinə;
391.10.3. prokurorlar və prokurorluğun müstəntiqləri barəsində—Azərbaycan Respublikasının Baş prokuroruna;
391.10.4. birinci instansiya məhkəməsinin hakimləri barəsində—apellyasiya instansiyası məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına.
391.11. Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir.
391.12. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.
Dostları ilə paylaş: |