Maddə 316. Məhkəmə baxışında mülki iddiaçının iştirakı və onun gəlməməsinin nəticələri
316.1. Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu Məcəllənin 89.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər.
316.2. Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir.
316.3. Mülki iddiaya dair məhkəmə:
316.3.1. mülki iddiaçının və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəmə baxışı zamanı mülki iddiaya onların məhkəmə iclasında iştirakı olmadan baxmalıdır;
316.3.2. bu Məcəllənin 181.7-ci maddəsinin müddəalarına müvafiq olaraq mülki iddia dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə, məhkəmə baxışı zamanı mülki iddiaya mülki iddiaçının və ya onun nümayəndəsinin gəlib-gəlməməsindən asılı olmayaraq baxmalıdır.
Dostları ilə paylaş: |