Maddə 268. Ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxsin hüquqları
268.1. Müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxs aşağıdakı hüquqlara malikdir:
268.1.1. protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq;
268.1.2. ekspertə etiraz etmək;
268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin edilməsi barədə vəsatət vermək;
268.1.4. öz təşəbbüsü ilə və öz hesabına alternativ ekspertiza aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək;
268.1.5. rəy alınması üçün müstəntiq tərəfindən təyin edilmiş ekspert qarşısında əlavə suallar qoymaq;
268.1.6. müstəntiqin icazəsi ilə ekspertizanın aparılmasında iştirak etmək, bu zaman tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etmək və ekspertə izahlar vermək;
268.1.7. ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək;
268.1.8. onun vəsatəti üzrə aparılan ekspertin dindirilməsində iştirak etmək.
268.2. Sadalanan hüquqlar həmçinin ruhi vəziyyəti imkan verdikdə haqqında məcburi xarakterli tibbi tədbirlərin tətbiqi üzrə icraat aparıldığı şəxsə də məxsusdur.
Maddə 269. Ekspert idarəsində ekspertizanın aparılması
269.1. Müstəntiq ekspertiza təyin edilməsi haqqında qərarını, tədqiqat obyektlərini, zəruri hallarda isə cinayət işini rəy verilməsi üçün ekspert idarəsinin rəhbərinə göndərir. Ekspertiza ekspert idarəsinin əməkdaşı tərəfindən aparılır. Qərarda ekspertizanın kim tərəfindən keçirilməsi göstərilmədikdə ekspert idarəsinin rəhbəri ekspertizanın aparılmasını həmin idarənin əməkdaşlarından birinə və ya bir neçəsinə tapşırır və bu barədə ekspertiza təyin etmiş şəxsə məlumat verir.
269.2. Ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparıldıqda həmin tərəf ekspertiza idarəsinin rəhbərinə suallar siyahısını və tədqiqat üçün obyektləri göndərir.
269.3. Ekspertiza idarəsinin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirir:
269.3.1. ekspertə onun bu Məcəllənin 97.4 və 97.6-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;
269.3.2. ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edir və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparır;
269.3.3. ekspertizanın aparılmasını təşkil edir;
269.3.4. tədqiqat obyektlərinin qorunub saxlanılmasını təmin edir;
269.3.5. ekspertizanın qurtarma müddətini müəyyən edir.
269.4. Ekspert idarəsinin rəhbəri ekspertə tədqiqatın gedişi və onun gəldiyi nəticələri əvvəlcədən həll edən göstərişlər vermək hüququna malik deyil.
Maddə 270. Ekspert idarəsindən kənarda ekspertizanın aparılması
270.1. Ekspert idarəsindən kənarda ekspertiza aparıldıqda, müstəntiq ekspertizanın təyin edilməsi haqqında qərar çıxardıqdan sonra aşağıdakı tədbirləri görür:
270.1.1. ekspertiza aparılmasının tapşırıldığı şəxsi çağırır;
270.1.2. onun şəxsiyyətinə və səlahiyyətinə əmin olur;
270.1.3. ekspertin şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və cinayət prosesinin digər iştirakçılarına münasibətini müəyyənləşdirir və ekspertə etiraz üçün əsasların olub-olmamasını yoxlayır;
270.1.4. ekspertiza təyin edilməsi haqqında qərarı ekspertə təqdim edir;
270.1.5. ekspertə onun bu Məcəllənin 97.4 və 97.6-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;
270.1.6. ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edir;
270.1.7. ekspertin müraciətlərini və xahişlərini qeyd edir;
270.1.8. bu Məcəllənin 270.1.2—270.1.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq hərəkətlərin aparılması barədə ekspertizanın təyin edilməsi haqqında qərarla ekspertin tanış edilməsi haqqında protokolda qeyd edir.
270.1.9. ekspertin xahişinin təmin və ya rədd edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.
270.2. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidin bədəninin və ya ruhi vəziyyətinin tədqiqatı zərurəti olduqda, yaxud həmin şəxslərin ekspertizanın aparılmasında iştirakı zəruri hesab edildikdə, müstəntiq göstərilən şəxslərin ekspertin yanına çatdırılmasını təmin etməlidir.
270.3. Ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparıldıqda ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.
Maddə 271. Ekspertin rəyi
271.1. Ekspertiza təyin edilməsi haqqında müstəntiqin qərarının ekspertə daxil olduğu və ya ekspertlə müdafiə tərəfi arasında müqavilənin bağlandığı vaxtdan 1 (bir) aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq edir və dərhal ekspertizanı təyin etmiş şəxsə və ya müdafiə tərəfinə göndərir.
271.2. Ekspertin rəyində aşağıdakılar göstərilir:
271.2.1. ekspertizanın aparıldığı tarix, vaxt və yer;
271.2.2. ekspertizanı aparan şəxsin soyadı, adı, atasının adı, təhsili, ixtisası, ixtisas üzrə iş stajı, elmi adı və elmi dərəcəsi, tutduğu vəzifə;
271.2.3. bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinin ekspertə məlum olmasını təsdiq edən qeyd;
271.2.4. ekspertizanın aparılması üçün əsaslar;
271.2.5. ekspertizanın aparılmasında iştirak etmiş şəxslər haqqında qeyd (soyadları, adları, atalarının adları və ev ünvanları);
271.2.6. ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd.
271.3. Ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilir.
271.4. Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapmalıdır.
271.5. Ekspertin rəyi ekspertizanı aparmış şəxslər tərəfindən imzalanır (bu imzaların həqiqiliyi ekspertiza idarəsində idarənin rəhbəri tərəfindən təsdiq edilir).
Maddə 272. Ekspertin dindirilməsi
272.1. Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə ekspertin tətbiq etdiyi üsulları və ya istifadə olunan terminləri dəqiqləşdirmək zərurəti yarandıqda müstəntiq eksperti dindirmək hüququna malikdir.
272.2. Ekspertin çağırılması və dindirilməsi bu Məcəllənin 226, 227 və 230-cu maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq aparılır.
272.3. Ekspert rəy təqdim edənədək onun dindirilməsi yolverilməzdir.
XXXVI fəsil
Tədqiqat üçün nümunələrin götürülməsi
Maddə 273. Tədqiqat üçün nümunələrin götürülməsinin şərtləri
273.1. Müstəntiq tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətini aşağıdakı hallarda apara bilər:
273.1.1. nümunələr hər hansı insanın, heyvanın, insan meyitinin, heyvan cəsədinin, habelə əşya və ya maddələrin xassələrini əks etdirdikdə;
273.1.2. nümunələr cinayət təqibi üçün əhəmiyyətli olduqda.
273.2. Tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətinin aparılması üçün müstəntiq əsaslandırılmış qərar çıxarır. Həmin qərarda aşağıdakılar göstərilməlidir:
273.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
273.2.2. müstəntiqin soyadı, adı, atasının adı və vəzifəsi;
273.2.3. tədqiqat üçün nümunələrin götürülməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması;
273.2.4. tədqiqat üçün nümunələri götürməli olan şəxsin soyadı, adı və atasının adı;
273.2.5. tədqiqat üçün nümunələrin götürülməli olduğu şəxsin soyadı, adı və atasının adı;
273.2.6. tədqiqat üçün hansı nümunələrin və hansı miqdarda götürülməli olduğu;
273.2.7. tədqiqat üçün nümunələrin götürülməsi üçün şəxsin nə vaxt və kimin yanına gəlməli olduğu;
273.2.8. tədqiqat üçün nümunələr götürüldükdən sonra onların nə vaxt və kimə verilməli olduğu.
273.3. Tədqiqat üçün nümunələr həmçinin bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş hallarda və qaydada baxış, axtarış, götürmə, əmlak və ya yazışma üzərinə həbs qoyulması zamanı da götürülə bilər.
273.4. Zəruri hallarda başqa şəxslərin hüquqlarını pozmamaq şərti ilə tədqiqat üçün nümunələr ekspert tərəfindən də götürülə bilər.
273.5. Tədqiqat üçün nümunələrin götürülməsi üsulundan asılı olmayaraq onların insana əzab verən, onun həyatına, səhhətinə və ya bədən bütövlüyünə təhlükə törədən üsulla götürülməsi qadağandır.
Maddə 274. Tədqiqat üçün götürülən nümunələrin növləri
274.0. Tədqiqat üçün aşağıdakı nümunələr götürülə bilər:
274.0.1. qan, sperma (məni), tük, dırnaq kəsintisi, bədənin xarici örtüklərinin mikroskopik qazıntısı;
274.0.2. tüpürcək, tər və orqanizmin digər ifrazatları;
274.0.3. dəri naxışının (nəqşəsi), dişlərin və əl-ayağın izləri;
274.0.4. əlyazmalar, düyünlər, məmulatlar və insan bacarığını əks etdirən digər materiallar;
274.0.5. səsfonoqramı;
274.0.6. material, maddə, xammal və hazır məhsulun nümunələri;
274.0.7. alətlər, güllə və gilizlər;
274.0.8. digər maddələr və əşyalar.
Maddə 275. Müstəntiqin qərarı əsasında tədqiqat üçün nümunələrin götürülməsi
275.1. Tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müstəntiq nümunələr götürülən şəxsi çağırış vərəqəsi ilə öz yanına çağırır və ya onun olduğu yerə gəlir.
275.2. Təqsirləndirilən və ya şübhəli şəxsdən tədqiqat üçün nümunələr götürüldükdə onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi tədqiqat üçün nümunələrin götürülməsində iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.
275.3. Müstəntiqin dəvəti ilə tədqiqat üçün nümunələrin götürülməsində, həmçinin mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edə bilər.
275.4. Tədqiqat üçün nümunələrin götürülməsindən əvvəl müstəntiq bu istintaq hərəkətinin aparılmasında iştirak edən bütün şəxsləri imza etdirməklə tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərarla tanış edir, onların hüquq və vəzifələrini izah edir.
275.5. Tədqiqat üçün nümunələrin götürülməsində müstəntiq foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmək hüququna malikdir.
275.6. Müstəntiq və ya onun göstərişi əsasında digər şəxs zəruri hərəkətləri aparır və əks cinsdən olan şəxsin soyunması ilə bağlı hallar istisna olmaqla, bu istintaq hərəkətinin aparılmasında iştirak edən digər şəxslərin yanında tədqiqat üçün nümunələri götürür. Sənədlər istisna olmaqla, tədqiqat üçün götürülmüş nümunələr qablaşdırılır və möhürlənir.
Maddə 276. Nümunələrin götürülməsi protokolu
276.1. Nümunələri götürdükdən sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:
276.1.1. nümunələrin götürüldüyü tarix, vaxt və yer;
276.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
276.1.3. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;
276.1.4. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;
276.1.5. tədqiqat üçün nümunələrin götürülməsinin xüsusiyyətləri, o cümlədən tədqiqat üçün nümunələrin götürülməsi zamanı hansı nümunələrin və hansı yolla götürüldüyü, habelə tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilib-edilməməsi barədə qeyd;
276.1.6. yerinə yetirilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi üçün görülmüş tədbirlər, tətbiq edilən elmi-texniki üsul və vasitələr, habelə nümunələrin özünün təsviri;
276.1.7. müşahidə edilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi zamanı bütün aşkar olunanlar (nümunələrin götürülməsinin halları və nəticələri təfərrüatı ilə göstərilir).
276.2. Tədqiqat üçün nümunələrin götürülməsi protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.
276.3. Protokola tədqiqat üçün götürülmüş nümunələr əlavə edilir. Tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.
XXXVII fəsil
Cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi
Maddə 277. Cinayət işi üzrə icraatın dayandırılması qaydası
277.1. Cinayət işi üzrə icraat bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə dayandırılır.
277.2. Cinayət işi üzrə icraatın dayandırılması barədə qərarda aşağıdakılar göstərilməlidir:
277.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
277.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
277.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;
277.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar,
277.2.5. İbtidai istintaq zamanı müəyyən edilmiş hallar;
277.2.6. cinayət işi üzrə icraatın dayandırılması üçün motivlər;
277.2.7. bu Məcəllənin 53.1-ci maddəsində göstərilən hallardan birinə və ya bir neçəsinə istinad edilməklə müstəntiqin cinayət işi üzrə icraatın dayandırılması barədə qərarının əsaslandırılması;
277.2.8. müvafiq hallarda barəsində cinayət işi üzrə icraatın dayandırıldığı şəxsin soyadı, adı və atasının adı;
277.2.9. cinayət işi üzrə icraatın dayandırılması ilə əlaqədar görülməli tədbirlər.
277.3. Cinayət işi üzrə icraatın dayandırılması barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
277.4. Müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. Bu Məcəllənin 53.1.4—53.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə icraat dayandırıldıqda bu barədə həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi də məlumatlandırılır.
277.5. Cinayət işi üzrə icraat dayandırıldıqdan sonra müstəntiq özü və ya təhqiqat orqanı vasitəsilə aşağıdakı hərəkətləri yerinə yetirir:
277.5.1. bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş halda—təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün tədbirlər görür;
277.5.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş halda—təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi üçün tədbirlər görür;
277.5.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş halda—istintaqdan gizlənmiş təqsirləndirilən şəxsin axtarışı üçün tədbirlər görür.
277.6. İcraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmir.
Maddə 278. Təqsirləndirilən şəxsin axtarışı
278.1. Təqsirləndirilən şəxsin axtarışı müstəntiq tərəfindən cinayət işi üzrə ibtidai istintaq aparılması zamanı və ya cinayət işi üzrə icraatın dayandırılması ilə eyni vaxtda elan edilə bilər.
278.2. Təqsirləndirilən şəxsin olduğu yer məlum olmadıqda və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanından gizləndikdə müstəntiq öz qərarı ilə onun axtarışını müvafiq təhqiqat orqanına tapşırır.
278.3. Təqsirləndirilən şəxsin axtarışı onun olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün tədbirlər görülməsini nəzərdə tutur.
278.4. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxs barəsində aşağıdakı tədbirlər tətbiq edilə bilər:
278.4.1. məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs və ona alternativ olan qətimkan tədbirini seçə və ya dəyişə bilər;
278.4.2. müstəntiq icraatında olan cinayət işi üzrə həbs və ona alternativ qətimkan tədbirləri istisna edilməklə, digər qətimkan tədbirlərini seçə və ya dəyişə bilər.
Maddə 279. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi
279.1. Cinayət işi üzrə dayandırılmış icraat müstəntiqin qərarı ilə aşağıdakı hallarda təzələnir:
279.1.1. cinayət işi üzrə icraatın dayandırılması üçün bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdıqda;
279.1.2. təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün plan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti olduqda.
279.2. Cinayət işi üzrə icraatın təzələnməsi barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
279.3. Cinayət işi üzrə icraat, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarına əsasən, müstəntiqin iş üzrə icraatın dayandırılması haqqında qərarı ləğv edilməklə təzələnə bilər.
279.4. Müstəntiq cinayət işi üzrə icraatın təzələnməsi barədə təqsirləndirilən şəxsə və müdafiəçiyə, habelə zərər çəkmiş şəxsə, onun nümayəndəsinə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verməlidir.
Maddə 280. İbtidai istintaq zamanı cinayət işi üzrə icraata xitam verilməsi qaydası
280.1. Cinayət işi üzrə icraata müstəntiqin əsaslandırılmış qərarına əsasən bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verilir.
280.2. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:
280.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
280.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
280.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;
280.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar;
280.2.5. ibtidai istintaq zamanı müəyyən edilmiş hallar;
280.2.6. cinayət işi üzrə icraata xitam verilməsinin məcburiliyini şərtləndirən hallar;
280.2.7. bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində göstərilən müddəalardan birinə və ya bir neçəsinə istinad edilməklə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın əsaslandırılması;
280.2.8. cinayət işi üzrə qətimkan tədbirinin, əmlak üzərinə qoyulmuş həbsin və maddi sübutların taleyi barədə qeyd.
280.3. Cinayət işinin icraatına xitam verilməsinin əsasları ayrı-ayrı cinayət hadisələrinə və ya ayrı-ayrı şəxslərə şamil edilirsə, cinayət işi üzrə icraata yalnız onlara aid hissədə xitam verilir.
280.4. Cinayət işi üzrə icraata bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.11 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqədar xitam verildikdə barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin təqsirsizliyini şübhə altına alan müddəaların qərara daxil edilməsinə yol verilmir.
280.5. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın çıxarıldığı vaxtdan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
Maddə 281. Cinayət işi üzrə icraata xitam verildikdən sonra müstəntiqin hərəkətləri
281.1. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir.
282.1-1. Bu Məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir.
281.2. Bu Məcəllənin 281.1-ci maddəsində göstərilən şəxslərə cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan şikayət etmək qaydası izah olunur.
281.3. Bu Məcəllənin 281.1-ci maddəsində göstərilən şəxslərin cinayət işinin materialları ilə tanış olmaq hüququ bu Məcəllənin 284—286-cı maddələrində nəzərdə tutulmuş qaydada təmin olunur.
Maddə 282. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət
282.1. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər.
282.2. Cinayət işi üzrə icraata xitam verilməsi ilə əlaqədar şikayətin təmin edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun imtina etməsindən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər.
Maddə 283. Cinayət işi üzrə xitam verilmiş icraatın təzələnməsi
283.1. Cinayət işi üzrə icraat yalnız ona xitam verilməsi barədə qərar ləğv edildikdə və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətləri keçmədikdə təzələnir.
283.2. Cinayət işi üzrə icraatın təzələnməsi barədə şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yazılı məlumat verilir.
XXXVIII fəsil
İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi
Maddə 284. İttiham aktının tərtib edilməsindən əvvəl cinayət işinin materilları ilə tanış etmə
284.1. İttiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir:
284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir;
284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir.
284.2. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır.
284.3. Təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi və ya nümayəndə bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçi, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə isə başqa nümayəndəyə malik olmaq imkan yaradılır.
Dostları ilə paylaş: |