Maddə 197. Tələb sahiblərinin növbəliyi
Əgər tələb sahibi eyni tələbin güzəşti barədə bir neçə şəxslə şərtləşərsə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, tələb onun sahibinin daha əvvəl münasibətlər yaratdığı şəxsə keçir. Bunu müəyyənləşdirmək mümkün olmadıqda, tələb, haqqında borcluya daha əvvəl məlumat verilmiş şəxsə keçir. Eyni qayda gələcəkdə yaranan tələblərə də şamil edilir.
Maddə 198 . Yeni kreditorun tələblərinin sübutu
198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.
198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.
Maddə 199 . Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları
199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
199.2. Əgər borclu borc öhdəliyi barədə sənəd vermişsə, borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girməsi və onların təsdiqi yalnız görüntü yaratmaq üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna təşkil edir.
Maddə 200. Yeni borclunun vəzifələri – çıxarılmışdır.
Maddə 201. Borc keçirildikdə təminat vasitələrinə xitam verilməsi – çıxarılmışdır.
Maddə 202. Qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən tələbin güzəşti
Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur.
Dostları ilə paylaş: |