Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


XII fəsil   Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərİn əməyi



Yüklə 105,01 Kb.
səhifə18/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
XII fəsil

 

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərİn əməyi, peşə təhsili və peşə hazırlığı

 

Maddə 95. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyə cəlb edilməsi



 

95.1. Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların əməyindən istifadə edilməsinə icazə verilməyən işlərin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

95.2. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər.

95.3. Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində təşkil olunur.

95.4. Məhkumların əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və vəzifələrin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

95.5. Məhkumların istehsalat fəaliyyəti cəzaçəkmə müəssisələrinin əsas vəzifəsinə, yəni məhkumların islah edilməsinə mane olmamalıdır.

95.6. Məhkumlara əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb olur.

 

Maddə 96. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əmək şəraiti



 

96.1. Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

96.2. Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işdən azad edilirlər.

96.3. Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, tərbiyə müəssisələri istisna olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot dövründə iş vaxtının müddəti qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox olmamalıdır.

96.4. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər.

96.5. Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Məzuniyyətdən istifadə vaxtı cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər etmək qaydası bu Məcəllənin 89.4-cü maddəsi ilə müəyyən olunur.

96.6. Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə işdən azad edilirlər.

96.7. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara əmək qanunvericiliyində nəzərdə tutulmuş əlavə məzuniyyət verilə bilər.

 

Maddə 97. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyinin ödənilməsi



 

97.1. Məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər.

97.2. İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əmək haqqının məbləği əməyin ödənilməsinin müəyyən olunmuş minimum miqdarından az olmamalıdır.

97.3. Natamam iş vaxtına görə əməyin ödənilməsi işlənmiş vaxta mütənasib və ya istehsaldan asılı olaraq həyata keçirilir.

97.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 98. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin haqqı ödənilməyən işlərə cəlb edilməsi



 

98.1. Məhkumlar mühafizə qurğuları istisna olmaqla, cəzaçəkmə müəssisələrinin və onların ərazisinin abadlaşdırılması, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə haqqı ödənilmədən cəlb edilə bilərlər.

98.2. Bu Məcəllənin 98.1-ci maddəsində göstərilən işlərə məhkumlar, bir qayda olaraq növbə ilə işdən azad vaxtlarda cəlb edilirlər. Belə işlərin müddəti ay ərzində səkkiz saatdan çox ola bilməz.

98.3. Məhkumlar mühafizə qurğularının bərpasına yalnız təbii fəlakət, yaxud digər fövqəladə hallar nəticəsində bu qurğulara zərər vurulduqda və ya onlar dağıldıqda haqqı ödənilmədən cəlb edilə bilərlər.

 

Maddə 99. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından tutulmalar



 

99.1. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır.

99.2. Məhkumların əməkhaqqından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlər tutulur. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır.

99.3. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir.

99.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, habelə bu Məcəlləyə uyğun olaraq cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara tutulmalı bütün məbləğlərdən asılı olmayaraq ümumi gəlirin ən azı altmış beş faizi verilir.

 

Maddə 100. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin peşə təhsili və peşə hazırlığı



 

100.1. Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı həyata keçirilir.

100.2. Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar peşə təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.

100.3. Tərbiyə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı məhkumların iş günü müddəti ərzində həyata keçirilir.

100.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar peşə təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.

100.5. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

100.6. Məhkumların peşə təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah edilməsi müəyyən edilərkən nəzərə alınır.

100.7. Peşə təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

100.8. ləğv edilmişdir.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin