Maddə 17-1. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətləri
17-1.1. Azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir.
17-1.2. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlara təyin edilmiş məcburi müalicə kursu başa çatdıqda, müvafiq icra hakimiyyəti orqanının həkim-məsləhət komissiyası (bundan sonra - həkim-məsləhət komissiyası) aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsini həyata keçirir. Aparılmış tibbi xarakterli məcburi tədbirlərin həkim-məsləhət komissiyası tərəfindən qiymətləndirilməsi qaydası bu Məcəllənin 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.
17-1.4. Cəzaçəkmə müəssisəsində cəza çəkən narkoloji xəstə məhkumların səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşması səbəbindən barəsində təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı ilə cəzanın çəkildiyi yer üzrə məhkəmə tərəfindən həll edilir.
17-1.5. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.
17-1.6. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.
17-1.7. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır.
17-1.8. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.
17-1.9. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı əsasında həyata keçirilir.
Maddə 18. Cəzaların icrasına müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti
Cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.
Maddə 19. Məhkəmə nəzarəti
19.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkuma təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə hökm çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.
19.2 Məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir.
19.3. Məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir.
Maddə 20. Məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı
20.1. İctimai təşkilatlar məhkumların islah edilməsində iştirak edir və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər.
20.2. İctimai təşkilatların məhkumların islah edilməsində iştirakı və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.
Maddə 21. Prokurorluğun cəzaların məqsədinə nail olunmasında iştirakı
Prokurorluğun məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirakı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılarkən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 22. Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi
22.1. Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər.
22.1-1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
22.2. Kütləvi informasiya vasitələrinin nümayəndələri və bu Məcəllədə göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər.
22.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.4. Cəzaçəkmə müəssisələrində məhkumlarla kino, foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən həyata keçirilir.
22.5. Məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |