Maddə 298. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışının nəticələri
298.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı halında gəminin və ya inşa edilməkdə olan gəminin dövlət qeydiyyatına alınmış bütün ipotekaları, ipoteka saxlayanların razılığı ilə alıcının öz üzərinə götürdüyü ipotekalar istisna olmaqla, bütün girovları və digər növ yüklülükləri gəmiyə və ya inşa edilməkdə olan gəmiyə münasibətdə öz qüvvəsini itirirlər.
298.2. Gəminin və ya inşa edilməkdə olan gəminin həbsi və sonrakı satışı ilə əlaqədar çəkilən xərclər onların satışından əldə edilən məbləğdən birinci növbədə ödənilir. Belə xərclərə, xüsusilə, gəmi üzərinə həbs qoyulması anından gəminin və gəmi heyətinin saxlanılmasına, habelə əmək haqqına çəkilən xərclər və bu Məcəllənin 287.1.1-ci maddəsində göstərilən digər məbləğlər və xərclər aid edilir. Gəminin və ya inşa edilməkdə olan gəminin satışından əldə edilən məbləğin qalığı müvafiq tələblərin ödənilməsi üçün müəyyən edilmiş zəruri həddləri nəzərə almaqla bu fəsildəki qaydalara uyğun olaraq bölüşdürülür. İrəli sürülmüş bütün tələblər ödənildikdən sonra gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışından əldə edilən məbləğ, əgər o qalıbsa, gəminin və ya inşa edilməkdə olan gəminin mülkiyyətçisinə verilir və belə məbləğ sərbəst köçürülə bilər.
298.3. Dəniz üzgüçülüyü təhlükəsizliyini və ya dəniz mühitini çirkləndirmədən qorumaq məqsədi ilə liman idarəsinin qaldırdığı batmış gəminin məcburi satışı halında, gəminin qaldırılması üçün çəkilən xərclər, gəminin dəniz girovu ilə təmin edilmiş hər hansı bir tələbin ödənilməsinədək, gəminin satışından əldə edilmiş məbləğdən ödənilir.
Dostları ilə paylaş: |